“Müəllimin əsas vəzifələrindən
biri gənc nəslin mənəvi inkişafına dəstək
olmaqdır”
Ruhiyyə
İbrahimova: “Müəllim olmaq yalnız məsələ,
misal həll etmək demək deyil, şagirdi həyata
hazırlamaqdır”
Uşaq və gənclərin mənəvi
inkişafında təhsilin və müəllimlərin
mühüm rolu var. İndi əsas məqsədin məhz təhsilin
keyfiyyətini yüksəltmək olduğunu deyən ölkə
başçısı bildirib ki, müəllimlərin cəmiyyətdə
rolu çox böyükdür və vacibdir: “Gənc nəslin
tərbiyə olunmasında, uşaqların yüksək bilik
almasında müəllimlərin rolu birincidir. Biz
elə etməliyik ki, bütün uşaqlarımız
yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar.
Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş
üçün, həm də ölkələr
üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, onların uğurları
təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii
ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və
bilik əsasdır. Çünki
dünyanın inkişafı elmi-texniki tərəqqi ilə
bağlıdır. Bunu əldə etmək
üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə
atırlar. Biz elə etməliyik ki, təhsilimizdə
ən qabaqcıl səviyyə təmin olunsun”. Ölkədə təhsilin inkişafı istiqamətində
həyata keçirilən müxtəlif islahatlar da məhz bu
istiqamətə yönəlib. Yeni təhsil
proqramının tətbiqi isə bu gün müəllimlər
tərəfindən birmənalı qarşılanmır.
Müsahibimiz Bakı şəhəri 188 saylı tam orta məktəbdə
riyaziyyat müəlliməsi Ruhiyyə İbrahimovadır:
- Bu gün bəzi hallarda
ağıllı lövhələr, kompyuter kimi yeni tədris
vasitələrindən istifadə qəbul edilmir. Buna münasibətiniz necədir?
- Əlbəttə ki, bu lazımdır. Dediyiniz problem
bir dəfə Təhsil Problemləri İnstitutunda (TPİ)
müzakirə edildi. Yeri gəlmişkən,
təşəkkür edirəm ki, TPİ-də bizim
üçün şərait yaradılır, fikir mübadiləsi
aparılır, işin yaradıcılarından öyrənirik.
Bir var ki, kənardan kimsə deyə bu fikirləri, bir də
var ki, mütəxəssislər desin. Məsələn,
institutda Ənvər müəllim “2020-Gələcəyə
baxış”, Yeni təhsil konsepsiyasının müzakirəsində
slaydlarla o qədər yaxşı izah etdi ki, həqiqətən
də yaradıcılardan öyrənmək xoş təsir
bağışlayır. Bəlkə də
10 ildir ki, TPİ bu işlə məşğul olur. Yəni, məlumatları toplayıblar, təcrübələri
öyrənib milli kurikulumun yaradılması üçün
əziyyət çəkiblər. Təbii
ki, çatışmazlıqlar, səhvlər də var.
İnsan nəyi bilmirsə, onu qəbul etmək istəmir.
Müzakirələrdə iştirak edən bəzi
müəllimlər etirazlarını bildirirdilər ki,
kurikulumda çatışmazlıqlardan biri də odur ki, həddindən
artıq vəsait tələb olunur. Müəllimə o
qədər iş düşür ki, işi ikiqat artır. Tapşırıqlar hazır vəziyyətdə
verilmir. Ancaq müəllimə nümunə
verilir. Yaradıcı müəllim əlində
olan standartı işlətməyi bacarmalıdır. Bu standartı əlində olan müəllimə nə
kitab dəsti, nə də əlavə vəsait
lazımdır. O əlindəki standartla nəticə
çıxarmağı bacarmalıdır. Standart,
dövlət tərəfindən qoyulmuş tələbdir.
Şagird bu dərsdə nəyi mənimsəməlidir.
Müəllim qiymətləndirmə
meyarlarına görə nəticə
çıxarmağı bacarmalıdır. Biz bu yeniliyi öyrənməliyik. Haradan öyrənməliyik? Kurslar
təşkil olunub. Məktəb bizi kurs
keçməyə göndərir. Məni
kursa göndərmişdi, gedib kurs keçdim. Kursdan sonra gəldim, işlədiyim müddətdə
gördüm əziyyət çəkirəm. Ondan sonra yenidən TPİ-ə müraciət etdim.
Orada təşkil olunan kursa təkrar yenidən
getdim. Bunu özüm üçün
etdim. Gördüm irad tutanlar vardı ki,
artıq kurs keçmişdin, yenidən nə ehtiyac vardı.
Hiss edirəm ki, çətinlik çəkirəm, kimə
sual verim. Burda mənim problemim var. Mən soruşmağa adam tapmıram. Deməli
özüm işləməliyəm. İnkar
etsən də axından geri qala bilməzsən. Mən yenidən kurs keçdim, amma nə qədər
öyrənsən azdır. Ancaq başa
düşdüm ki, əlimdə standart mənə bəs
edir və heç mənə dərslik lazım deyil. O
standartın məqsədi nədir. Həmin məqsədi
mətbuatdan götürərəm, internetdən
araşdıraram, məlumatı tapacağam. Əsas odur ki, məqsədin nədir, onu biləsən.
Yeni təhsil sisteminin əvvəlki ənənəvi
təhsildən üstünlüyü odur ki, məqsəd
qabaqda müəyyən olunur, nəticə ortaya qoyulur. Yəni, şagird 5-ci sinfin sonunda hansı
bacarıqlara nail olacaq. Nəticələr
əvvəlcədən müəyyən olunur və bunun əsasında
müəllim işini qurur. Artıq onun dərsin metodunu, iş üsullarını seçməsi,
təlimin vasitə üsulları, nə keçəcəyi
ilə bağlı da müəllim standarta qaçır. Mən baxıram dərslərə, əksəriyyəti
elə bil dərs deyil, şoudur. Çünki
standartlardır və elə bil mütləq belə
olmalıdır. Belə deyil axı. Əsas gərək məqsədi qoyasan, yəni
işin mahiyyətini başa düşmədiklərinə
görə belə olur. İşin gedişi
düzgün qurulanda müəllim nə etməli olduğunu
biləndə heç ona əvvəlcədən elan olunmasa
da “açıq dərs”dir, dinləniləcək, o dərs
istənilən vaxt alınır. Əsas odur ki,
müəllim öz üzərində işləməlidir.
Doğrudur, əməkhaqqı ilə
bağlı problemlər də var. Məsələn, mən
ödənişli kursun ikisinə gedə bilərəm.
Amma yenə getmək istəyirəm. Çünki baxıram ki, orada inkişaf var, yolum
oradan keçir. Bu çətinliklər
var. Kursların pullu olması kimi problemlər var, həmçinin
vəsaitlər müəllimin əlinin altında
olmalıdır.
Mənim yeni tədris ilində dərs keçəcəyim
7-ci sinifdə ilk dəfə kurikulum ilidir. Ancaq əvvəlki
siniflərin hamısında material qıtlığı
çəkmişəm. Artıq
kitabların əvvəlcədən sınaqdan keçirilməsi
nəzərdə tutulur. İndiyədək
belə deyildi. Birbaşa, səhvlərlə
dərc olunub. Uşaqların dərsliyə
qarşı inamı itir. Şagirdlərə
davamlı deyirik ki, orada səhv düşüb. İslahat qaçılmazdır, buna kömək etmək
lazımdır.
- Son illər bütün ixtisaslarda
abituriyentlər riyaziyyatdan imtahan verməlidir. Bunu
necə dəyərləndirirsiniz?
- İndi TQDK hələ o abituriyentlərlə işləyir
ki, onlar ənənəvi üsullarla təhsil almış
uşaqlardır. Yeni təhsil sistemi ilə təhsil alan
şagirdlər hələ 7-ci sinifdədir. Onlar 11-ci sinfə
çatdıqda fərq onda hiss olunacaq. Müəllimin
işinin çətinliyi də ondadır ki, nəticə həmin
vaxt görünmür. O uşaqlar gəlib
çatdıqda onda çatışmazlıqlar da,
üstünlüklər də görünəcək. Elm cəhətdən hər iki uşaq eyni səviyyədə
olsa da, fikrini çatdırmaq baxımından,
dünyagörüşü fərqlidir. Bu
gün 11-ci sinif şagirdi ilə 5-ci sinif şagirdinə eyni
mövzunu versək, görərik ki, hansı fikrini daha
gözəl ifadə edəcək. Çünki
bu nəticəyönümlü, şəxsiyyətyönümlü
təhsildir. İndiyədək şagird dərsi
danışdıqda “5” qiymət alırdısa, indi rəqəmli
qiymət yoxdur, onun fəaliyyətinə qiymət verilirdi.
“2” alan şagird əzab çəkir,
ancaq yeni sistemdə formativ qiymətləndirmədir. Şagird gündəlik olaraq qiymət alsa da rəqəmli
deyil. Kanadadan olan bir tanış
müəllimlə TPİ-də görüşümüz
oldu. O təhsil sistemindən danışdıqda fərqi hiss
edirsən. Şagirdə verilən sərbəstliklə
bağlı müzakirə aparıldı. Uşaqlara ibtidai sinifdən, bağçadan ona sərbəstliyi
təlqin etmək lazımdır. Şəxsiyyətin
inkişafında ən vacib olan bunlardır. Həm sərbəst olsun, həm yerini bilsin. İndi gəncləri qınayırlar, bunun
kökü ona gəlib çıxır ki, bağçadan,
məktəbdən, təhsil elə verilməlidir ki, o
şagird cəmiyyətə şəxsiyyət kimi gəlsin.
Bir sözlə, yeni təhsil sistemini həm valideyn, həm
də müəllim kimi dəstəkləyirəm. Çox
böyük ümidlə baxıram, yaxşı nəticələrini
gözləyirəm. Bu təhsil sisteminin
uşaqların mənəvi inkişafında mühüm rolu
var.
- İndi belə bir fikir səslənir
ki, əvvəllər xüsusilə də riyaziyyat fənnindən
daha savadlı müəllimlər vardı. Siz bir gənc müəllim kimi bu fikirlə
bağlı nə deyərdiniz?
-
Savadlı müəllim hər dövrdə olub, indi də
var. Gənclərimizin arasında da istedadlılar çoxdur,
mən fərqi onda görürəm ki, əvvəlki müəllimlər
daha çox peşələrinin vurğunu idilər, daha fədakar
idilər. Bu bugünkü nəsildə o qədərdə
hiss olunmur. Müəllimlik bir zaman ideal arzu idi,
bu gün isə sevərək bu sənətə gələnlər
barmaqla sayılacaq qədərdir. Düşünürəm
ki, bu da öz təsirini göstərir. Bu
peşənin perspektivləri genişlənir, artıq yeni təhsil
konsepsiyasında da bu öz əksini tapıb. Diferensial əmək haqqının müəyyən
olunması, məktəblərə sərbəstliyin verilməsi
həm kadr seçimində, həm də dərslərin təşkilində,
dərsliklərin seçimində gələcək
üçün yeni ümidlər yaradır.
- Bəlkə bugünkü gənclər
riyaziyyat fənninin çətinliklərindən qorxurlar?
- Deməzdim, çünki həqiqətən də savadlı gənclər həddindən artıq çoxdur. Amma ən savadlı riyaziyyatçıların təhsil sahəsindən uzaq düşməsi, müəllimlik peşəsinə üstünlük verməməsi bizim çox şey itirməmizə səbəb olur. Bildiyimiz kimi riyaziyyat və məntiq elminin qavranılması nisbətən oğlanlar arasında daha çoxdur. Oğlanlar isə gələcək ailə başçısı kimi daha gəlirli sahələrdə işləməyə üstünlük verirlər. Bu həm savadlı gənclərin məktəbdən uzaqlaşmasına həm də şagirdlərin yalnız xanım müəllimlərin tərbiyəsi, nəzarəti altında inkişaf etməsinə gətirib çıxarır ki, bunun da nəticələri ürəkaçan olmur. Tanıdığım çox savadlı müəllimlər var ki, fərdi və ya kurslarda şagird hazırlığı ilə məşğuldurlar, bu çox yaxşıdır. Amma yenə də bir müəllimin gələcək inkişafı üçün məktəb mühitinin yerini heç nə verə bilməz. Bu müəllimlərin məktəblərə cəlb olunması həm təhsilimiz, həm də o müəllimlərin pedaqoq kimi yetişməsi üçün çox gözəl nəticə verərdi. Mən həmişə deyirəm ki, müəllim olmaq yalnız məsələ, misal həll etmək demək deyil, şagirdi həyata hazırlamaqdır. Nə qədər yüksək səviyyəli qanunlar, konsepsiyalar hazırlansa da, son nəticədə bunu tətbiq edən müəllimdir.
Əlavə deyərdim ki, bu
gün məktəbin üzərinə düşən
yük çox böyükdür. Çünki cəmiyyətin
yetişməkdə olan nəslə təsiri daha çoxdur,
məhz burdakı mənfi təsirlərin minimuma endirilməsi
üçün məktəb, müəllim sistemli,
düzgün çalışmaq məcburiyyətindədir.
Bu işdə ailəni də nəzərdən
qaçırmaq olmaz. Bir zamanlar bu qədər
savadlı valideynlər yox idi, valideyn məktəbə etibar
edirdi və nəticə də ürəkaçan olurdu.
İndi valideynlər savadlı, dünyagörüşlü
olsalar da gənc nəslin tərbiyəsində çətinlik
çəkirlər, bu işdə mütləq peşəkar
dəstəyinə ehtiyacları olur. Müəllimin əsas
vəzifələrindən biri də qüsurları
vaxtında görüb valideynlə əlaqəni
sıxlaşdırmaq, şagirdin özü hiss etmədən,
onu incitmədən, qırmadan mənəvi inkişafına dəstək
olmaqdır. Nəzərə alsaq ki, bu gün əksər məktəblərdə
psixoloqların işi qənaətbəxş deyil, deməli
burada da əsas yük yenə də müəllimin
çiyinlərinə düşür.
Nigar Abdullayeva
Palitra.-2014.-17 iyul.-S.11.