“Muzeylər çalışır ki, müxtəlif layihələrlə gənclərə mədəni oyanış hissini aşılasın”

 

Müsahibimiz Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılovadır:

-Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fəaliyyətində hansı ənənələr xüsusi yer alır?

- Teatr muzeyinin öz ənənələri var. Bir çox muzeylər üçün xarakterik olan bir ənənədir. Mədəniyyətimizin və incəsənətimizin inkişafında əvəzsiz xidmətləri olan böyük şəxsiyyətlərin, sənətkarların həyat və yaradıcılığını təbliğ etmək, öz maddi və mənəvi abidələrimizi gənclərimizə, eləcə də şəhərimizə gələn qonaqlara tanıtmaq əsas məqsədlərimizdən biridir. Bu ənənəyə sadiq olaraq, ilin əvvəlindən nəzərəarpacaq dərəcədə çox böyük işlərimiz olub. Əlbəttə ki, ölkəmizin ictimai-siyasi həyatı üçün əhəmiyyətli olan tarixi günlərimizi qeyd etməklə yanaşı, bir çox sənətkarlarımıza həsr olunmuş yubiley gecələri, anma və xatirə günləri də keçirmişik.

Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla əlaqədar ölkəmizdə bir sıra tədbirlər təşkil olunmuşdu. Teatr Muzeyibu tədbirlər sırasına qoşulub. Belə ki, şəhərimizdə yerləşən 189 N-li məktəbdə muzeyimizin əməkdaşları mühazirə saatı ilə çıxış etdilər. Həmçinin, muzeyimizin fondundan Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, qədim abidələri, eləcə də Naxçıvan Dövlət Musiqili Dram Teatrının tarixinə aid video çarxlar hazırlayaraq nümayiş etdirdilər.

Daha sonra muzeyimizdə teatr xadimi və təşkilatçısı Həsən Mirzəyevin 100 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi. Bu gün sənətin müxtəlif sahələrində çalışan tələbələri və sənət dostları Həsən Mirzəyevlə bağlı xatirələrini bu tədbirdə yada saldılar. Həsən Mirzəyevi tanıyanlar bir daha onun xatirəsini yad etdilər. Yeni nəsil gənclər onun yaradıcılığına yaxından bələd oldular.

Bizim Teatr Xadimləri İttifaqı ilə birgə bir tədbirimiz oldu. Xalq artisti Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan tədbir keçirtdik. Muzeyimizin fond materiallarına əsasən Lütfəli Abdullayevin həyat və yaradıcılığından bəhs edən video çarx da nümayiş etdirdik. Bildiyiniz kimi, Lütfəli Abdullayevin Musiqili Komediya Teatrında təntənəli xatirə gecəsi keçirildi və həmin gecədə muzeyimiz aktyorun yaradıcılığına həsr olunmuş səyyar sərgi ilə çıxış etdi.

Daha bir tədbirimiz isə Cəfər Cabbarlının ev muzeyi ilə birgə oldu. Bu tədbir dramaturqun 115 illiyinə həsr olunmuşdu. Qeyd edim ki, muzeyimizin təşkilində Cəfər Cabbarlının da böyük xidmətləri olub, muzeyimiz bu görkəmli dramaturqun adını daşıyır, həmçinin muzeyimizdə Cabbarlıya məxsus eksponatlar qorunub saxlanılır. Cəfər Cabbarlı dramaturgiyası Azərbaycan teatrına çox böyük töhfələr verib. Günü bu gün də Azərbaycan teatrında bu dramaturgiyaya müraciət olunur. Odur ki, bu yubiley tarixinə muzeyimiz biganə qala bilməzdi.

Hər il 18 may Beynəlxalq Muzeylər günü kimi qeyd olunur. May ayında “Muzeylər baharı” adı altında aksiyalar keçirilir. Bu tarixlər müxtəlif mövzular altında olur. Bu il də “Muzey kolleksiyaları ünsiyyət yaradır” devizi altında Bakı muzeyləri birləşdilər. Bu tədbir Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda keçirildi. Hər bir muzey heyəti öz tədbir proqramı ilə Xəzər Rayon sakinləri qarşısında çıxış etdilər. Bu günlə əlaqədar muzeyimizin özündə də sərgi təşkil olundu. Qeyd edə bilərəm ki, həmin gün muzeyimizə 1000 nəfərdən artıq tamaşaçı gəldi.

Muzeyimiz tez-tez səyyar sərgilər hazırlayır. Milli Teatr günü ilə bağlı Musiqili Komediya Teatrının yaradıcılıq yoluna həsr olunmuş sərgimiz də teatr sevərlər tərəfindən maraqla qarşılanmışdır.

Bu ilin tədbirlər proqramı silsiləsində Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyinə, Xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr ediləcək səyyar sərgilər üzərində işləyirik.

- Azərbaycan teatrının böyük tarixi var. Bu tarixin muzeyinizdə təbliğini necə qiymətləndirirsiniz?

- Peşəkar teatrımızın əsası 1873-cü ildə “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulub. Azərbaycan teatrı artıq 141-ci mövsümünü yaşayır. Bizim muzeyin eksponatları sırasında tarixi sənədlər içərisində məhz 1873-cü ilin ilk tamaşasının afişası da var. Həbib bəy Mahmudbəyovun başçılığı ilə ilk teatr truppasının üzvlərinin 1889-cu ilə aid olan fotosu muzeyimizin eksponatları sırasına daxildir. Həmin dövrləri əks etdirən fotolar, proqramafişalar teatr tariximizin təbliğində xüsusi rol oynayır.

- Muzey işinə gənclərin marağını necə vurğulayardınız?

- Muzeylərdə çalışanların əksəriyyətini gənclər təşkil edir. Buna da əsas səbəb insanın daxilində sənətə, mədəniyyətə, incəsənətə yaranan sevgidir. Bu gün çox gözəl, işıqlı, düşüncəli, məlumatlı, gəncliyimiz var. Görünür ki, muzeylərimizin özünə də məsuliyyət payı düşür. Bir qədər dövr dəyişib, gənclik daha sürətli inkişaf edir. Virtual məkanlar diqqəti daha çox özünə cəlb edir. Bu baxımdan muzeylər çalışır ki, müxtəlif layihələrlə gənclərdə mədəni oyanış hissini aşılasın.

Bununla əlaqədar qeyd edim ki, muzeyimizin 3D texnologiyası ilə hazırlanan veb-saytı var. Saytımızda virtual tur səyahəti imkanı yaratmışıq.

- Dünya teatr mədəniyyəti Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində təbliğ olunurmu?

- Bu elə balaca deyil. Bunun üçün araşdırma mərkəzi olmalıdır. Muzeyimizdə çalışan elmi işçilərin birbaşa missiyasına daxil bir deyil. Ümumiyyətlə, çox böyük məlumat, dünya görüşü, dil bilgiləri tələb edən prosesidir. Amma sırası gəldikdə hansısa işləri görürük.

Qeyd etmək lazımdır ki, son zamanlar ölkəmizdə mütəmadi olaraq, beynəlxalq teatr konfransları keçirilir. Həmin beynəlxalq teatr konfransları mədəni mübadilə ilə yanaşı hansısa ideyaların yaranmasına səbəb olur. Dünyanın müxtəlif ölkələrindən təşrif buyuran məşhur tədqiqatçılar, alimlər, sənət adamları bu sahədə yeni fikirlərlə çıxış edirlər. bizlər bu konfranslardan, muzey işçiləri üçün keçirilən treninqlərdən bəhrələnir yeri gəldikcə öz işimizdə tətbiq edirik.

Bizim üçün daha çox maraq kəsb edən sahələrdən biri dünya muzeylərin bugünkü təcrübəsidir. Sənət təmayüllü muzeylərdə sənətin necə təbliğ olunması - bax bu, bizim üzərində düşündüyümüz daha əsas məsələlər çərçivəsinə daxildir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-17 iyul.-S.12.