Qaxın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır

 

Əsrarəngiz təbiəti, mülayim və saf dağ iqlimi, zəngin fauna və florası, yeraltı və yerüstü su sərvətləri, çayları, şəlalələri, mineral bulaqları, meşələri, habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi ilə seçilən Qax rayonu ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Qədim tarixə, yüksək mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Prezident İlham Əliyev Qax rayonuna səfərlərindən birində ictimaiyyət nümayəndələri ilə görüşündə deyib: “Mənim yadımdadır, keçən dəfə burada olandaUludağturizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun. Yüksək səviyyədə olsa, dünyanın istənilən yerindən buraya turistlər gələcəkdir. Çünki belə təbiət az yerlərdə var. Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, təbii iqlim, hava - yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır. Siz Azərbaycanın belə, ən gözəl guşələrinin birində yaşayırsınız”.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər rayonda turizm infrastrukturunun yaradılması və genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turizm mərkəzlərində yerlərin sayı artırılaraq 700-ə çatdırılıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin məlumatına görə, 2013-cü ildə rayona gələn turistlərin sayı 20 min nəfəri ötüb. Cari ilin birinci yarısında isə rayona 4500 nəfərə yaxın turist gəlib. Turizm mövsümünün yenicə başlandığını nəzərə alsaq, ilin sonunadək bu göstəricinin xeyli artacağını proqnozlaşdırmaq olar. Bu rəqəmlər rəsmi statistikaya əsaslanır. Qeyri-rəsmi, yəni evlərdə qalan turistlərin sayını da bura əlavə etsək, bu göstərici daha da artacaq.

Bəs, görəsən, bu müəssisələr yeni turizm mövsümünə necə hazırlaşıblar, rayona gələn turistlər onlara göstərilən xidmətlərin çeşidindən keyfiyyətindən razıdırlarmı, qiymətlər onları qane edirmi?

AzərTAc-ın müxbiri bu suallara cavab tapmaq məqsədilə rayonun turizm istirahət mərkəzlərində olub, mövcud vəziyyətlə maraqlanıb.

İlk ünvan Azərbaycanın ən dilbər guşələrindən biri sayılan qədim İlisu kəndindəkiUludağturizm istirahət mərkəzidir. Kəndin yuxarı hissəsində, uca dağlarla əhatə olunmuş ərazidə yaradılan, 4 hektara yaxın ərazisi olan, 2006-cı ildə dövlətimizin başçısının xeyir-duası ilə açılan bu mərkəz ailəvi istirahət üçün nəzərdə tutulub. Kompleksdə istirahətçilər üçün hər cür şəraiti olan kottec tipli mənzillər, idman meydançaları, 3 hovuz çoxlu sayda əyləncələr fəaliyyət göstərir.

Turizm istirahət mərkəzinin direktoru Zabit Əhmədov bildirib ki, ilk mərhələdə mərkəz yalnız 50 nəfər turisti qəbul etmək imkanına malik idisə, hazırda yerlərin sayı artırılaraq 150-ə çatdırılıb. Yeni kotteclərin tikilməsi sayəsində yaxın illərdə istirahət mərkəzində eyni vaxtda 200 nəfərdən artıq turistin yerləşdirilməsi mümkün olacaqdır. Gələcəkdə obyektin ərazisində əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Bu məqsədlə Türkiyə şirkəti ilə ilkin razılıq əldə olunub. Mərkəzin rəhbərinin bildirdiyinə görə, “Uludağ”ın ən önəmli fərqli cəhətlərindən biri burada müalicə əhəmiyyətli vannaların olmasıdır. Bu məqsədlə İlisu kəndindən 6 kilometr aralıda yerləşən Hamamçay dərəsindən istirahət mərkəzinə boru kəməri ilə bir çox xəstəliklərin əlacı, möcüzəli termal bulaqların suyu gətirilib radon vannaları qurulub. Mərkəzdə qiymətlər münasibdir. Səhər yeməyi daxil olmaqla, bir nəfərin gün ərzində qalma xərci 30 manat təşkil edir.

Turistlərlə söhbətdən məlum oldu ki, onlar yaradılmış şəraitdən, bu yerlərin havasından, iqlimindən, təbiətindən çox razıdırlar. Bəziləri bir neçə günlük gəlsələr , geri qayıtmaq istəmir, qalma müddətini uzadırlar.

Kəndin girəcəyindəkiSəngər qalaistirahət mərkəzi arxitektura baxımından turistlərin diqqətini daha çox özünə cəlb edir. Mərkəz hələlik iaşə obyekti kimi fəaliyyət göstərir. Bənzərsiz arxitekturası ilə fərqlənən bu istirahət mərkəzində inşa edilən 45 mənzilli, 90 yerlik, 6 mərtəbəli otel binasının tikintisi artıq tamamlanmaq üzrədir tezliklə turistləri qəbul edəcək.

Kəndin aşağı hissəsində fəaliyyət göstərənİlisupansionatı bu ərazidə yaradılan ilk istirahət mərkəzlərindəndir. İki hektar ərazisi olan bu mərkəzdə kottec tipli 10 mənzil, habelə 3 əlavə bina yerləşir. Burada qiymətlər olduqca münasibdir. Gündə 3 dəfə yemək daxil olmaqla, bir nəfərin gün ərzində qalma xərci 30 manatdır. Burada ilk dəfə istirahət etdiklərini bildirən Bakı şəhərinin sakinləri Qüdrət Əliyeva Rəbiyyə Məmmədova yaradılmış şəraitdən ağızdolusu danışaraq hər il bura istirahətə gələcəklərini vurğulayırlar.

Kəndin ərazisində yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzi də yerlixarici turistləri daim özünə cəlb edir. Mərkəzdə 22 kottec, həmçinin hovuz, sauna, uşaq əyləncələri fəaliyyət göstərir. Digər obyektlərdə olduğu kimi, burada da bir nəfərin qalma xərci səhər yeməyi də daxil olmaqla 30 manat təşkil edir.

Kəndin ərazisində fəaliyyət göstərən “Ulu” istirahət mərkəzi isə bir aydan artıqdır ki, respublikanın müxtəlif bölgələrindən gəlmiş gənclərin ixtiyarındadır. Hazırda burada Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yay istirahət düşərgəsi fəaliyyətini uğurla davam etdirir.

2011-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resortotel kompleksirayonda turizmin inkişafına öz mühüm töhfələrini verməkdədir. Üçmərtəbəli, 110 yerlik kompleksdə ikidörd nəfərlik 52 lüks və VİP otaqlar fəaliyyət göstərir. Bütün otaqlar beynəlxalq standartlara cavab verir. Qonaqlar burada türkÇin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, idman meydançalarının, oyunkino zallarının, uşaq əyləncələrinin xidmətlərindən yararlanırlar. Qiymətlər mövsümə uyğun olaraq dəyişir. Hazırda oteldə bir nəfərin qalma xərci səhər yeməyi, habelə bütün əyləncələr daxil olmaqla, orta hesabla 64 manat təşkil edir. Ərazidə inşa edilən 82 yerlik yeni korpusun tikintisi də artıq başa çatmaq üzrədir. Bu korpusun avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Korpusun birinci mərtəbəsində boulinq mərkəzi, oyun və əyləncə otaqları, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcək.

Qaxa gələn turistləri təbiət gözəllikləri ilə yanaşı, qədim tarixi abidələr də özünə cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə, 48-i yerli əhəmiyyətli olmaqla, 68 tarixi abidə mövcuddur. İlisu kəndindəki “Sumuq qala”, “Ulu körpü”, “Beş bulaq” abidələri, qədim məscid və qalalar, Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə aid məbəd kompleksiQum kəndindəki V əsrə aid Alban məbədinin qalıqları, Ağçay kəndindəki “Oğlan qala, qız qala”, Oncallı kəndindəki Oğuz qəbiristanlığı, Qax şəhərinin “İçəribazar” məhəlləsindəki qədim tikililər, həmçinin rayon ərazisində yerləşən onlarla digər abidələr tarixilik baxımından turistlər üçün böyük əhəmiyyət kəsb edir. Turistlərin tarixi yerlərə, abidələrə səyahətlərini təşkil etmək üçün Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən 6 marşrut müəyyənləşdirilib. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanıb.

Rayona gələn turistlərin arasında sadə kənd evlərində qalmağa üstünlük verənlərin sayı da ildən-ilə artır. Belə evlərdə qalanlar yerli əhali ilə sıx ünsiyyət yaradaraq rayonun, kəndin adət-ənənələri ilə, yaşayış tərzi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. İlisu, Ağçay, Qaşqaçay, Qum, Çinarlı və digər kəndlərdəki xüsusi evlərdə hər il yüzlərlə ailə öz istirahət mövsümünü şən və mənalı keçirir. Turizmin bu növü həm də yerli əhalinin maddi vəziyyətinin, güzəranının daha da yaxşılaşmasını təmin edir.

Bir sözlə, Qax rayonu ilin bütün fəsillərində turistlər üçün əsil istirahət məkanıdır.

 

Cavidan

Palitra.-2014.-17 iyul.-S.10.