Olimpiya çempionları gənc nəslin fiziki-mənəvi inkişafında mühüm rol oynayır

 

Firdovsi Umudov: “Mötəbər turnirlər ərəfəsində təlim məşq toplanışlarının bölgələrdə keçirilməsi buradakı əla şəraitlə yanaşı, həm də region idmançılarının stimullaşdırılması, yeniyetmələrdə güləşə marağın oyadılması baxımından əhəmiyyətlidir”

 

Azərbaycan güləşçiləri dünya arenalarında uğurlu çıxışlarını davam etdirirlər. Ölkəmizi layiqincə təmsil edən pəhləvanlarımız planetin müxtəlif ölkələrində bayrağımızı ucaldır, himnimizi səsləndirirlər.

Layihə çərçivəsində təqdim etdiyimiz yazıda gənc nəclin idmana cəlb olunması məsələsinə toxunacağıq. Ötən ilin yekunlarına əsasən, iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda güləşçilərimiz ümumilikdə 92 qızıl, 71 gümüş və 135 bürünc medal qazanmışdılar.

Əlbəttə, Azərbaycan Güləş Federasiyası bu uğurlarla kifayətlənmək fikrində deyildi. Qurumun rəhbərliyi ötən ilin yekunlarına həsr olunan görüşdə idmançılara yeni mövsümdə daha böyük uğurlar qazanmaq tapşırığı vermişdi. 2014-cü il idmançılarımız üçün, böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ili olduğu əvvəlcədən məlum idi. Güləş qaydalarında və çəki dərəcələrində edilən son dəyişikliklərə uyğun hazırlaşmaq və qazanılan nailiyyətləri daha da artırmaq bütün növ güləş komandalarımızın qarşısındakı ən əsas məqsəd idi. Yaradılan şərait, maddi-texniki bazanın gücləndirilməsi, mütəmadi olaraq yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsi beynəlxalq arenada güləşçilərimizin uğurlu çıxışına imkan verir. Pəhləvanlarımızın 2014-cü ilin ilk 6 ayı ərzində qazandıqları uğurlara fikir versək, bu ilin həqiqətən də güləş tariximizdə yeni səhifə açacağını əvvəlcədən söyləmək olar. Yanvarın 1-dən iyul ayının 1-nə qədər olan müddətdə güləşçilərimiz ümumilikdə 229 medal qazanıblar. Bunların 47-si böyüklərdən, qalanı isə gənc və yeniyetmələrdən ibarət komandalarımızın payına düşür. Qazanılan medalların 80-nin əyarı qızıl, 59-u gümüş, 90-ı isə bürünc medallardır. Əlbəttə, qarşıda ilin hələ 6 ayının olduğunu da nəzərə alsaq, orta hesablamalara görə, idmançılarımızın qazanacaqları mümkün medalların sayı ötənilki göstəriciləri geridə qoymalıdır. Bir sözlə, 2014-cü ildə uğurların sayının daha çox olacağı gözlənilir. Yeri gəlmişkən, bu ilin may ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarında Azərbaycan milli komandası güləş tariximizdə yeni səhifə yazmağı bacardı. Güləşçilərimiz tarixdə ilk dəfə Dünya Kuboku yarışlarında 3-cü yeri tutaraq, bürünc medala sahib oldular. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İranFinlandiya komandaları ilə B qrupunda mübarizə aparırdı. Qrupun ikinci görüşündə Ermənistan komandası ilə yarışan təmsilçilərimizin hamısı rəqiblərini tam üstünlüklə məğlub edibgörüş komandamızın 8:0 hesablı darmadağını ilə başa çatıb.

 

İl ərzində keçirilən müxtəlif yarışlar yeniyetmələr arasında idmanın kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, perspektivli idmançıları aşkarlamaq və gənclərin fiziki-mənəvi inkişafına dəstək olmaq məqsədi daşıyır

 

Əlbəttə, Azərbaycan idmançılarının xaricdə uğurlu çıxış etməsi digər ölkələrin də diqqətini cəlb etməkdədir. Əgər xarici mətbuatda dərc olunan məqalələrə, mütəxəssis fikirlərinə nəzər salsaq görürük ki, artıq digər ölkələr Azərbaycan güləşçilərinin dünyanın ən güclüləri arasında yer aldığını qəbul ediblər. Qazanılan bu nailiyyətlərin əsasını isə, əlbəttə ki, ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğı təşkil edir. Məhz bu cür yüksək diqqətdən bəhrələnən güləşçilərimiz istənilən yarışda rəqiblərinə qarşı xüsusi motivasiya ilə mübarizə aparır və uğur qazanırlar. Elə bu qayğının nəticəsidir ki, ölkəmizdə yeni idmançı nəsli yetişir. Toğrul Əsgərov, Şərif Şırifov kimi güləşçilərimiz məhz bu şəraitin nəticəsində inkişaf edərək olimpöiya çempionu olublar. Toğrul Əsgərov 1992-ci il sentyabrın 17-də Gəncədə anadan olub. Olimpiya çempionumuzun ilk uğuru 2010-cu ilə təsadüf edib. O, həmin vaxt gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlib və Avropa çempionu adını qazanıb. 1 il sonra isə yenə gənclərin dünya birinciliyinə qatılıb və burada fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 60 kq çəki dərəcəsində mübarizə aparan qəhrəmanımız 2010-cu ildə böyüklərin də Dünya Çempionatında qüvvəsini sınayıb və burada da gümüş medala sahib olub (55 kq çəki dərəcəsində). Bu il Avropa çempionu adını qazanan Əsgərov 2011-ci ildə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin bürünc mükafatçısıdır. Toğrul Olimpiadaya Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində çempion olmaqla lisenziya qazanmışdı. O, Londonda isə müvafiq olaraq, Almaniya, Yaponiya, ABŞ və Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında Olimpiya çempionluğu sevinci yaşayıb. Olimpiya çempionu Toğrul Əsgərov həm də yeni rekordçu olub. London Olimpiadasının qızıl medalını 20 yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz bununla da ən gənc Olimpiya çempionumuz olub. Olimpiya çempionu Şərif Şərifov 1988-ci il noyabrın 11-də anadan olub. Olimpiya çempionumuz böyüklər arasında 2009-cu ildən fəxri kürsüdə yer almağa başlayıb. Həmin vaxt Dünya Çempionatının bürünc medalına sahib olub. 1 il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Pəhləvanımız həmin il həmçinin Avropa çempionatının bürünc, Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. London Olimpiadasına 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Çempionatında qalib olmaqla lisenziya qazanıb. Bu idmançılar yeniyetmələr üçün nümunədirlər. Ölkəmizin bayrağını ucaldan çempionlar yeni nəslin idamana cəlb olunmasında, onların fiziki-mənəvi inkişafında mühüm rol oynayır. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları keçirilir. Belə yarışların keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, klublarda çalışan məşqçilərin işini qiymətləndirmək, ehtiyat qüvvələri aşkarlamaq, perspektivli güləşçiləri aşkarlamaq və gəncləriin fiziki-mənəvi inkişafına dəstək olmaq məqsədi daşıyır. Belə yarışlardan biri də azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında “Gənc Olimpiyaçılar” Kubokudur. Yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyır. "Gələcəyin Olimpiyaçıları" adlı açıq respublika turniri də yeniyetmələrin idmana cəlb olunmasında mühüm rol oynayır. Turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir. Belə turnirlər yeni idmançıların üzə çıxarılması, gənc nəslin idmana cəlb olunmasında böyük rol oynayır. Həmin turnirlərdən biri iyulun 25-dən 27-dək bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsidir. Sərbəst güləş üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandaları Xaçmaz Olimpiya İdman Kompleksində birgə təlim-məşq toplanışı keçirlər. Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub. Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətində isə 15 güləşçi yer alıb. Bundan əlavə, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri - Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edirlər. Böyüklərdən ibarət komandamızın böyük məşqçisi Firdovsi Umudov mötəbər turnir ərəfəsində keçirilən təlim məşq toplanışının yarışda yüksək əyarlı medallar qazanılması üçün vacib olduğunu qeyd edib. O bildirib ki, məşqlərin bölgələrdə keçirilməsi buradakı əla şəraitlə yanaşı, həm də region idmançılarının stimullaşdırılması, yeniyetmələrdə güləşə marağın oyadılması baxımından əhəmiyyətlidir.

Anar Miriyev

Palitra.-2014.-18 iyul.-S.11.