“Dövlətimizin xanımların idman sahəsində daha da fəallaşmasına diqqət yetirməsi xüsusi haldır”
Nərgiz Xələf: “Bizə
verilən imkanlardan fiziki-mənəvi inkişaf
üçün maksimum dərəcədə istifadə etməyi
bacarmalıyıq”
Bugünkü Azərbaycan gəncliyi milli xüsusiyyətləri qorumaq şərti ilə dünyəvi düşüncə tərzinə, bəşəri dəyərlərin təbliğinə üstünlük verir. Bu cür Azərbaycan gəncliyi mənəvi inkişafın ən kamil zirvəsində qərar tutur. Bir çox QHT-lər kimi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) da öz ətrafına belə gəncləri toplayıb. AGAT gənclərin maarifləndirilməsi, Avropaya inteqrasiyası prosesində fəal iştirak, milli-mədəni irsin qorunması ilə bağlı bir sıra yerli və beynəlxalq layihələr həyata keçirməkdədir. Bu layihələrin əksəriyyəti gənclərin fiziki və mənəvi inkişafına xidmət edir. AGAT-ın sədr müavini Nərgiz Xələf də qəzetimizə müsahibəsində bu kimi məsələlərlə bağlı danışdı. Xatırladaq ki, N. Xələf orta məktəb illərində uşaq parlamentinin üzvi, daha sonralar sədri olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olub.
- Hazırda təhsilinizi
davam etdirirsizmi?
- Dünyanın müxtəlif fəlsəfi məktəbləri və fəlsəfi ideologiyalarını öyrənmək, məndə bu - elmdən də yüksək bir məfhum olan fəlsəfəyə və onun siyasi, ideoloji yönümünə sonsuz maraq yaratdı. İxtisasımı davam etdirmək qərarına gəldim.
İndi BDU-nun Sosial-siyasi fəlsəfə ixtisası üzrə magistr dərəcəsində təhsil alıram. Magistr işi kimi isə “Qərb-Şərq- müasirliyin mərkəzi problemi” mövzusuna üz tutmaq qərarına gəldim. Çünki Şərq və Qərb coğrafi bölgüdən daha çox, zaman bölgüsüdür. Qədimilik və ənənəvilik müasirliklə qarışır. Şərq dedikdə, insana əzəldən xas olan, onun mahiyyətini ifadə edən mənəvi-əxlaqi keyfiyyətlər, Qərb dedikdə, insanın yeni dövrdə əldə etmiş olduğu intellektual və texnoloji uğurlar yada düşür. Şərqlə Qərbin təmas nöqtəsində yerləşən, unikal mədəniyyətə sahib olan Azərbaycanı isə bu mövzuda araşdırmaq və şəxsi yanaşmamı ortaya qoymaq mənə çox maraqlı oldu. Gələcəkdə isə elə siyasi-sosial fəlsəfə üzrə doktorantlıq işimi Almaniyada müdafiə etməyi düşünürəm.
- Gənclərin
fiziki inkişafı ilə bağlı
atılan addımlar yetərincəmidir?
- Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq yeni bir mərhələyə qədəm qoyub. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və gənclərin fiziki inkişafına yönəlik, onların asudə vaxtını səmərəli keçirməsi ilə bağlı həyata keçirilən layihələr, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Təsadüfi deyil ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Belə ki, "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə”, daha sonra “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramları gənclərin inkişafına yönəldilən ən mühüm hadisələrdəndir. Əsas göstəricilərdən biri isə odur ki, ikinci proqrama ayrılan məbləğ birincidən 10 dəfə artıq olub. (Birinci proqrama 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama görə 80 milyon manat vəsait ayırıb). Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşünə malik yeni kreativ və fiziki sağlam nəsil gənclərin formalaşmasına xüsusi önəm verir.
Təsadüfi deyil ki, Bakıda 5 Gənclər Mərkəzi, 12 rayonda da Gənclər evləri fəaliyyət göstərir. Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bu Gənclər Evi region gənclərinin cəmiyyətdə gedən proseslərin aktiv bir hissəsinə çevrilməsinə, cəmiyyəti geri çəkən stereotiplərdən uzaqlaşmasına, daha böyük gələcək üçün planlar qurmasına və onları həyata keçirməsinə şərait yaradır.
- Bütün
bunlar gənclərin fiziki
və mənəvi inkişafına hansı formada
kömək olur?
- Bu gün Azərbaycanda milli şahmat, boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, hava və ekstremal idman növləri, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar fəaliyyət göstərir. Bu federasiyalar və daha adını sadalaya bilmədiklərim, gənclərimizin fiziki inkişafına xidmət edir, beynəlxalq yarışlarda iştirak edərək bayrağımızı qaldırmalarına şərait yaradırlar. Mənim üçün ən sevindirici hallardan biri də odur ki, artıq idman malları və xidmətlərinin yerli istehsalçıları da vardır. Mənim üçün önəmli olan bir məsələni də vurğulamaq istərdim ki, təşkilatımız AGAT-ın idarə heyətində daha çox xanımların çalışması səbəbindən və hər zaman xanımlarla bağlı olan stereotiplərə qarşı mübarizə apardığımızdan dövlətimizin məhz xanımların idman sahəsində daha da fəallaşmasına diqqət yetirməsi xüsusi haldır. Buna misal olaraq 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsini göstərə bilərəm. Azərbaycanın Olimpiya və Paralimpiya komitələrinin həyata keçirtdiyi fəaliyyətlər gənclərimiz arasında idmanın daha da məşhurlaşması ilə nəticələnir. Bu isə onların vaxtdan səmərəli istifadə etməsinə səbəb olur. Çünki bəzən asudə vaxtın çoxluğu gənclərin zərərli vərdişlərə qurşanmasına səbəb olur. Ancaq gənclərlə bağlı yürüdülən bu siyasət çərçivəsində, bölgələrdə inşa edilən Olimpiya İdman Kompleksləri məhz gənclərin asudə vaxtının səmərəli keçirilməsi, fiziki inkişaflarının təmin olunması üçündür.
Fiziki, əqli və mənəvi mənada insanların əksəriyyəti öz həyat potensialının çox məhdud bir dairəsində yaşayır. Hamımızın elə həyat qaynaqları var ki, onlardan nəsə götürmək xəyalımıza belə gəlmir. Bunu söyləməklə onu nəzərdə tuturam ki, biz-gənclər, bizə verilən imkanlardan fiziki-mənəvi inkişaf üçün maksimum dərəcədə istifadə etməyi bacarmalıyıq.
-AGAT olaraq gənclərin mənəvi
inkişafı istiqamətində hansı işlər görürsüz?
-2007-ci ildə
yarandığı və dövlət qeydiyyatından keçdiyi gündən AGAT -ın əsas məqsədi
Azərbaycan və Avropa ölkələri
arasında təməli qoyulmuş elmi-mədəni
və sosial-ictimai münasibətlərin
gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq
çərçivəsində daha
da inkişaf etdirilməsinə nail
olmaq, Avropa təşkilatlarının
strukturu və fəaliyyəti haqqında
maarifləndirmə işi aparmaq
və gənclərimizin Avropa təşkilatlarının
təqdim etdiyi proqram
və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından
köməklik göstərmək olub.
Ancaq bütün bunlarla yanaşı ideya olaraq biz hər zaman dərin və zəngin milli-mənəvi
dəyərlərimizi önəmsəməklə bu məqsədlərə nail
olmağı əsas götürmüşük.
Təşkilatımıza qoşulmağa
çalışan gənclərimiz, ətrafımızda olan insanlar da
bizim üçün
Azərbaycan tarixinin bizə qoyduğu mənəvi dəyərlərin nə
dərəcədə vacib olduğunu bilirlər. Avropaya
inteqrasiya istiqamətini önəmsəyən
gənclik olaraq, hər zaman
vurğulayırıq ki, inteqrasiya
milli identikliyin itirilməsi
deyil. Biz “alman olaq”,
“fransızlaşaq” yaxud “özümüzü
ingilis kimi aparaq” söyləmirik! Biz
“azərbaycanlı olaraq özünəməxsus
xüsusiyyətləri saxlayaraq
dünyanın sivil, inkişaf
edən bir parçası olaq”,
-söyləyirik. Gənclərimiz öz tarixinə, mədəniyyətinə dərin
yiyələnsələr, milli dəyərlərə
önəm versələr bu gün dünya
standartlarına cavab verən elmi-texniki biliklər vasitəsilə fərqli
gənclik statusuna malik
ola bilərlər. AGAT isə beynəlxalq
layihələr həyata keçirtməklə yanaşı, yerli - Azərbaycanın bölgələrini əhatə
edən təlimlər də icra edir. Yerli layihələr daha çox gənclərimizin şəxsi keyfiyyətlərinin,
liderlik qabiliyyətlərinin və ictimai fəallıqlarının
artırılması kimi məqsədlərə
xidmət edir. Şəxsi keyfiyyətlərin
artırılması isə özünüdərk prosesindən
keçir. Biz, təşkilat
olaraq gənclərimizə təlimlər
keçir, layihələr icra
edirik. Çünki gənclərin
özünüdərketmə mərhələsinə ciddi nəzər yetirməmək, mənəvi
böhrana gətirib çıxarır. Mənəvi
böhran isə dolayısı ilə cəmiyyətin
inkişafına mənfi təsir göstərir. AGAT da gənclərimizin özünüdərk prosesinə
xidmət edən layihələri durmadan icra edir. Uzun
müddət biz, “Azərbaycan Tarixinin Gizlinləri” silsilə təlimləri
həyata keçirdik. Təlimlərin
ekspertləri Firudin Ağasıoğlu, Bəxtiyar
Tuncay, Kərim Mahmudov
kimi araşdırmaçı alimlər,
tarixçilər olurdular. Təlimlər
çərçivəsində tariximizin
dərin köklərə söykənən, uzun
illər sovet hökuməti dövründə
xalqımızdan gizli saxlanılan məqamları
haqqında geniş məlumat verilirdi. Təşkilatımız durmadan bu yönümdə
layihələr və tədbirlər həyata keçirir.
Hətta AGAT-ın ofisində ən az həftədə
bir dəfə mənəvi inkişafa yönəlik təlimlər keçirilir. Son dönəmdə
isə gənclərimizin mənəvi inkişafına xidmət
etmək məqsədi ilə biz, o cümlədən AGAT-ın nəzdində “Animus - Azərbaycan Fəlsəfə
Akademiyası” yaratdıq. Bu akademiya çərçivəsində
gənclərimiz dünya fəlsəfi
ideyası, milli ideologiyamız, inkişaf strategiyası, milli-mənəvi dəyərlərə
önəm verilməsi, şəxsi və milli
identikliyin qorunması ilə bağlı
təlimlər alıb, öz məqalələrini
və ideyalarını sözügedən akademiyanın səhifəsində
bölüşə bilərlər.
Fuad Hüseynzadə
Palitra.-2014.-19 iyul.-S.11.