“Heydər Əliyev və Azərbaycan mətbuatı“ mövzusunda dəyirmi masa keçirilib

 

Bu gün Yeni Azərbaycan Partiyasının(YAP) Mətbuat və ictimai əlaqələr komissiyasında "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda dəyirmi masa keçirilib.

İclasda YAP İdarə Heyətinin üzvü, komissiyanın sədri Nizami Xudiyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ( KİVDF) icraçı direktoru Vüqar Səfərli, Milli TeleviziyaRadio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar iştirak edib.

Komissiya sədri çıxış edərək deyib ki, Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib: "Doğrudur, Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı, amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu düz bir əsr boyunca meydana gəlmədi. Bunun səbəbləri isə hər kəsə bəllidir. Lakin sevindirici hal ondan ibarətdir ki, keçmiş SSRİ rəhbərliyinin, erməni daşnaklarının Azərbaycan xalqının "düşünən beynini" - ziyalılarını, alimlərini, yazıçılarını, mədəniyyət nümayəndələrini məhv etməsi prosesinin qarşısını alan Ümummilli lider Heydər Əliyev, eyni zamanda, cəmiyyətimizin "güzgüsü" olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdı.

Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində, xüsusilə, göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.

Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" Qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Təbii ki, nəzərə almaq lazımdır ki, nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmayıb, eyni zamanda, Azərbaycan regionun aparıcı dövləti kimi transmilli layihələr reallaşdırır, o qədər də ölkəmizə qarşı infohücumlar daha da artacaq. Bu mənada qeyd edilməlidir ki, hər bir jurnalist hər şeydən öncə vətənpərvər olmalıdır, sonra isə peşəkarlıq və məsuliyyətlə işinə yanaşmalıdır".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib: "Azərbaycan mətbuatının tarixini mütəxəssislər 4 mərhələyə ayırırlar - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövr, Cümhuriyyət dövrü, sovetlər birliyi dövrü və müstəqillik dövrü: "Azərbaycan mətbuatının bünövrəsi böyük maarifçi ziyalı alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Böyük maliyyə çətinliklərinə baxmayaraq, "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərib. Maliyyə çətinlikləri və təzyiqlərlə üzləşən Həsən bəy Zərdabi iki ildən sonra həmin qəzetin nəşrini dayandırıb. Bu müddət ərzində qəzetin cəmi 56 sayı işıq üzü görüb. "Əkinçi"nin nəşri dayandırılandan sonra da mətbuat tariximizdə önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı.

Müstəqillik dövründəki mətbuatın keçdiyi yolu isə iki hissəyə bölmək olar: 1998-ci ilə qədərki və 1998-ci ildən sonrakı dövr. Müstəqilliyin ilk illərində qəzetlərin çapında problemlər yaşanır, əsasən 4 səhifədə çıxırdı. Gündəlik qəzetlər çox az idi. Tədricən qəzetlərin sayı getdikcə artmağa, tirajı isə aşağı düşməyə başladı və beləliklə qəzet bolluğu yarandı. Həqiqətə uyğun olmayan informasiyaların artması isə oxucu sayının azalması ilə nəticələndi. 1998-ci ilə qədər mətbuat üzərində senzura var idi. çox vaxt qəzetlərin səhifələri çıxırdı. Mətbuat mətbəə çətinlikləri ilə üzləşirdi. Mətbəələrin azlığı, kağız qıtlığı qəzetlərin inkişafına öz mənfi təsirini göstərirdi. Demək olar ki, qəzetlərin əksəriyyəti "Azərbaycan" Nəşriyyatında çapdan çıxırdı. Artıq müstəqil qəzetlərin maliyyə problemləri yaşanmaqda idi. Yığılıb qalan borclar qəzetlərin bağlanması təhlükəsini yaratmışdı. Həmin dövrdə qəzetlərin "Azərbaycan" Nəşriyyatına 450 min dollar məbləğində borcu var idi. Belə bir zamanda qəzet redaktorları Ulu öndər Heydər Əliyevə müraciət etdilər və Ulu öndər onları qəbul edərək problemlərini dinlədi və qəzetlərin borcunun 3 il müddətinə dondurulması haqqında göstəriş verdi. Verilən müddət bitsə də borclar ödənilmədi və demək olar ki, bir az da artdı. 3 ildən sonra isə Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həmin borclar silindi. Bundan sonra da mətbuatın inkişafı daim dövlətin diqqət mərkəzində oldu. 2005-ci ildə mətbuatın yaranmasının 130 illiyi ilə bağlı 140-dan artıq mətbuat nümayəndəsi cənab Prezidentin Sərəncamı ilə fəxri adlar və digər mükafatlarla təltif olundu. Dövlət başçısı həmin ərəfədə "Əməkdar jurnalist" adını bərpa etdi. İllər keçdikcə mətbuatda yeni texnologiyalar tətbiq edilir. Əvvəllər qəzetlər bütün çap prosesini nəşriyyatda aparırdısa, indi hər bir redaksiyanın özünün kompüter mərkəzi var. Qəzetlərin mətbəələr baxımından da seçim imkanları var".

Qeyd edək ki, komissiyanın sədr müavini YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdir. Komissiyanın üzvləri YAP Siyasi Şurasının üzvləri- "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, Milli Məclisin deputatı Mirkazım Kazımov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Bakı şəhər İcra Hakimiyyətində memar Sədrəddin Əkbərovdur. Komissiyanın ekspert qrupunun üzvləri isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

 

Nigar

Palitra.-2014.-19 iyul.-S.6.