“Gənclərimizin mənəvi inkişafı istiqamətində QHT sektoru da aparmalıdır”

 

Nərgiz Xələf: “Bəzi gənclər dünyəviləşərkən, mənəvi inkişaflarına elə də önəm vermirlər”

Layihə çərçivəsində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələflə müsahibəni davam etdiririk

- Qarşıdan ilk Avropa Oyunları gəlir. AGAT olaraq bununla bağlı hər hansı layihəniz olubmu?

- Tarixdə ilk dəfə olaraq məhz Azərbaycanın paytaxtı Bakıda 2015-ci ilin iyununda, Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən, Avropa ölkələri arasında Olimpiya oyunlarının keçirilməsi böyük nailiyyətdir. Bu, bir daha bütün dünyanın nəzərini idmana, gənclərinin fiziki inkişafına önəm verən məmləkətimizə cəmləyəcək. O cümlədən bu hadisə ölkəmizin vətəndaşlarının idmana olan marağını daha da artıracaq.

Bəli, AGAT bu oyunların təbliğatını daim diqqətdə saxlayır. Belə ki, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə AGAT-ın üzvü Məryəm Tağıyeva tərəfindən icra olun layihə çərçivəsində hazırlanan videoçarx Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində gənclərdə idman ruhunu daha da qaldırmaq, Azərbaycanın zəngin idman mədəniyyətini təbliğ etmək məqsədi daşıyır. Qeyd edək ki, rejissoru Kamran Aydınov olan videoçarxda idman, sağlam və fəal həyat tərzi, azərbaycanlı çempionlar və medalçılardan, eyni zamanda gənc idmançıların uğurlarından bəhs olunur.

- Bu gün gənclər özlərinin mənəvi inkişafı üçün lazımi addımlar atırlarmı?

- Çox bəyəndiyim, tanınmış, irland əsilli Böyük Britaniya yazıçısı, dramaturq , ədəbiyyat üzrə Nobel mükafatı laureatı, ictimai xadim Corc Bernard Şounun maraqlı bir fikri yadıma düşdü. O söyləyir: “Həyat mənim üçün şam deyil, müvəqqəti olaraq mənə verilmiş məşəldir və mən istəyirəm ki, gələcək nəsillərə ötürdüyüm zaman o, daha gur yansın”. Bu dəyərli fikrə əsaslanaraq mən belə düşünürəm ki, biz həyatı elə yaşamalıyıq ki, özümüzə, ailəmizə, cəmiyyətimizə, millətimizə, xalqımıza və nəhayət dünyamıza faydalı olaq. Ən sevdiyim fəlsəfi, ideoloji cərəyanlardan biri olan praqmatistlərin söylədiyi kimi: “Yaşamaq fayda vermək deməkdir!”. Bu söylənilən dəyərli fikirlər elə insanın mənəvi inkişafına xidmət edən ünsürlərdir. Bu məqamlara hər zaman önəm verilməlidir, xüsusilə isə gənclərimiz tərəfindən. Söylədiklərim mübaliğədən uzaq olsun, amma yaşamaq özünüdəyişmə incəsənətidir. İnsanın şah əsəri onun öz həyatıdır. Onu elə yaşamaq lazımdır ki, əsər maraqlı, faydalı, gərəkli, strateji olsun. Burada mədəni, maddi dəyərlərlə yanaşı mənəvi dəyərlərdə önəm daşıyır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçiliriqtisadi, humanitar, sosial, idman tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda gənclərimiz dünyanın bir çox ölkələrində təhsil alır, müxtəlif beynəlxalq idman yarışlarında iştirak edir, həmçinin mədəniyyət sahəsində beynəlxalq müsabiqələrə qatılırlar. Bunlar hamısı gənclərimizin inkişafı üçün mühüm və lazımlıdır. Lakin sözün doğrusu, gənclərimizin özlərinin mənəvi inkişafında atdıqları addımlar elə də qaneedici deyil. Amma dünyada gedən proseslər, qloballaşma, kosmopolitləşmə elə güclüdür ki, bundan bir qədər mühafizə olunmağına da dəyər. Bəzi gənclər bu axına tam düşərək ənənəvi tərəfləri tamamilə unudurlar və dünyəviləşərkən mənəvi inkişaflarına elə də önəm vermirlər. Çünki bunun mahiyyətini anlamırlar. Bunun üçün ailə də vacib ünsürdür. Azərbaycanda ailə institutu güclüdür. Mənəvi dəyərləri aşılamaq bu ünsürə önəm verməyən gəncləri yönləndirməlidir. Dövlət gənclər siyasətində bu istiqamət də yer alır. Gənclərimizin mənəvi inkişafı üçün proqramlar həyata keçirilir. Bütün bunlarla yanaşı QHT sektoru da elə bu istiqamətdə aparmalıdır. Gənclərin bu yöndə də maarifləndirilməsinə xidmət etməlidir.

- Gənclərimiz nə dərəcədə ailə dəyələrinə sayğılıdırlar?

- Azərbaycan günbəgün, durmadan inkişaf edən bir dövlətdir. O cümlədən bu ölkə öz unikallığı ilə də seçilir. Azərbaycan, Şərqin qərinələrdən süzülüb gələn dəyərlərini, ənənələrini özündə saxlayan və Qərbin inkişaf modelini ehtiva edən bir məmləkətdir. Əslində, məncə, cəmiyyət inkişaf etdikcə stereotiplərdən uzaqlaşmalıdır. Ancaq öncə yaxşı olardı ki, stereotiplə dəyər anlayışlarının fərqinə varaq. Stereotip cəmiyyəti geri salan, inkişafına maneə olan, səbəbi bilinməyəntaboo”lar - qadağalar sistemidir. Məsələn: “Xanımlar daha çox evdə oturar, həkim, müəllim sənətinə yiyələnər, tez ailə quraraq ailəsinə baxar işləməz”. Bu, mənim, cəmiyyətimizdə olan stereotiplərə aid bir misalım idi. Əfsuslar olsun ki, misalların siyahını artırmaq da olar. Bu kimi qeyri-müəyyən qaydalar qadağalar cəmiyyəti geriyə aparır. Amma dəyər isə bir millətin illərlə yaratdığı mənəvi mədəniyyətdir. Bu mədəniyyət özünəməxsus gözəl olur. Həmin milləti, cəmiyyəti özəlliyi ilə digərindən müsbət mənada fərqləndirir. Azərbaycanımızın dəyərlərinə ən nümunəvi misal isə ailə dəyəridir. Mən dünya ölkələrinə hər dəfə səfər etdikcə bu ailə dəyərimizin necə güclü olduğunun bir daha təsdiqini tapıram. Xüsusi ilə isə Avropa ölkələrində ailə institutu demək olar ki dağılmaq üzrədir. Övladlar illərlə valideynlərinə baş çəkmirlər ən pisi isə odur ki, bu, onlar üçün normal haldır. Bəli, bir gənc kimi mən artıq yetkinlik yaşına çatmış şəxsin sərbəst həyata qatılmasının, öz problemlərinin öhdəsindən şəxsi keyfiyyətlərinin vasitəsilə gəlməsinin tam lehinəyəm. Amma həyatda özünü sərbəst təsdiq etmək istəyi ailə kimi dəyərli məfhumun unudulmasına dəlalət etmir axı?! Avropa cəmiyyətlərində bu məqamlarda aşınma hiss olunur. Mən müxtəlif Avropa ölkələrində səfərdə olarkən sadəcə bir azərbaycanlı olaraq davranıram o cəmiyyət tərəfindən müsbət mənada təəccüblə qarşılanıram. Səbəb isə sadəcə Azərbaycan dəyərlərinə sadiq davranışdır. Ona görə biz bu mənəvi dəyərlərimizə sahib çıxmağı bacarmalıyıq. Gənclərimiz isə müstəqil ölkənin vətəndaşlarıdırlar. Xarici ölkələrə səyahət edirlər, dünyanın müxtəlif ölkələrində təhsil alır, fəaliyyət göstərirlər təbii olaraq həmin cəmiyyətlərin xüsusiyyətlərindən xəbərdar olub, bəzən isə öz ətrafında tətbiq etməyə çalışırlar. Bu isə öz növbəsində yerli dəyərlərə zədə gətirir. Ancaq söylədiyim kimi Azərbaycanda ailə institutu özünü tənzimləyən, mükəmməl, sinergetik sistemdir. Hətta o gənclərimiz ki, özlərinimüasirhesab edərək, kosmopolit düşüncədən çıxış edirlər, yenə ailə dəyərlərimiz önündə dəyişməz qalırlar. Bir daha vurğulamaq istəyirəm ki, müasirlik dəyərlərin ziddinə getmək deyil! Müasirlik, dövrün tələblərinə cavab verən elm texnologiyaya yiyələnmək, savadlı intellektual olmaq, sivil dünyanın bir parçası olmaqdır. Ümid edirəm ki, Azərbaycan gəncliyi sözün əsl mənasında müasir olaraq dünyada xüsusi identiliyə sadiq qalacaq.

- Gənclərin özünə güvənməsi üçün əsas nəyə ehtiyac var?

- Bu sualı cavablandırarkən fikrimə qədim qədim Çin filosofu Konfutsinin fikri ilə başlamaq istərdim. O söyləyir: “Yaxşı adamlar dayanmadan özlərini möhkəmlədirlər”. Biz dayanmadan öz üzərimizdə işləməliyik. Dərin daxili seyr isə bizə özümüzü qiymətləndirməyə yardım edəcək. Gənclərimizin özünə güvənmələrini artırmaq üçün özünərəhbərlik incəsənəti haqqında məlumatlı olmaları gərəkir. Gənc olaraq bizi adım-addım daha cürətli, müvazinətli, tamlıq və sevinclə dolu həyata yaxınlaşdıran kitablar oxumağımız lazımdır. Əslində xoşbəxtliyin sirri çox sadədir. Görmək istədiyimiz, həqiqətən sevdiyimiz işi tapıb, bütün enerjini ona sərf etməyimiz lazımdır. Gücümüzüşüurumuzu doldurduqda, artırdıqda, bütün arzularımız sadə və asan yerinə yetəcək. Fəaliyyətimiz müddətində yanlışlığa yol verə bilərik, ancaq səhvlər yoxdur - dərslər var. Bəli, həyatda eniş məqamlarımız ola bilər. Amma uğursuzluğu şəxsiyyətimizin genişləndirilməsi və mənəvi inkişafı üçün imkan kimi qəbul etməliyik. Öz məqsədimizə doğru getməliyik. Məncə, elə həyatın məqsədi “məqsədli həyat” dır. Biz konkret şəxsi, peşə və mənəvi məqsədləri aydın qoymaq və onları həyata keçirmək üçün özümüzdə cürət tapmalıyıq. Hər bir insan dahilərin və uğurlu hesab etdiyimiz insanların nail olduqlarına çata bilər. Bu fikri britaniyalı ictimai xadim Uinston Çorçilin sözləri ilə davam edə bilərəm: “Əminəm ki, biz bu gün öz taleyimizin sahibiyik, qismətimizə düşən sınaqlardan çıxmaq gücündəyik, və əziyyətlərin yükünün çiynimə görə olduğuna şübhəm yoxdur! İşimizə möhkəm inandığımız və inamımızın sarsılmaz olduğu müddətdə, heç kim qələbəni bizdən ala bilməz”. Ancaq prosesə maneə olan müşkül, insanların çoxunun bəhanə azarına tutulmasıdır. Gənclər yaxşı olardı ki, nizamlı fəaliyyəti öz xasiyyətlərinin əsas ünsürü etsinlər. İradə hissi isə insanı həyatın ən yüksək ideallarına, şadlıq, həyatsevərlik və firavanlıq dolu gələcəyə aparan məqamdır. Bədii olaraq söyləsəm, “insan intizam və iradəsi azmış yolçu, son nəhayətdə gəmisi ilə birlikdə dənizin udacağı kompassız dənizçidir”. Çünki xarici uğur daxili uğurdan başlayır. Gənclərimiz uğur üçün doğulduqlarına inanan, parlaq, taktik, inadkar, enerjili, iradəli olmalıdır. Keyfiyyətli gənc olmağımız üçün, fikirlərimizin daha da keyfiyyətli olması üçün elmə, təhsilə güclü yiyələnməliyik. Çünki Azərbaycanımızın gələcəyi bizlərdən asılıdır.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-22 iyul.-S.11.