“Hazırda heç bir arxeoloji
qazıntılarda ixtisaslaşmış mütəxəssis iştirak etmir”
Müsahibimiz Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Hətəm oğlu Məmmədovdur:
- Kərəm müəllim, bu gün Azərbaycan tarixinin öyrənilməsində antropologiya elmi hansı rolu oynayır?
- Antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Bu termini ilk dəfə işlətmiş Aristotel, bu söz altında daha çox insanın ruhi təbiətinin öyrənilməsini nəzərdə tuturdu. Antropologiya sözünün insanın fiziki quruluşuna tətbiq olunmasına Maqnus Xundt tərəfindən yazılmış, 1501-ci ildə Leypsiqdə latın dilində nəşr olunmuş “İnsanın ləyaqət, təbiət və xüsusiyyətlərinin antropologiyası və insan bədəninin elementlərinin hissələri və üzvləri haqqında” əsərində rast gəlinir.
Antropologiyanın özü üç hissəyə ayrılır:
1. İnsanın morfologiyası
2. İnsanın mənşəyi haqqında təlim və ya antropogenez
3. İrqşünaslıq və ya etnik antropologiya
Morfologiya antropologiyanın insan orqanizminin bütün sistemlərinin və bütövlükdə bədəndəki dəyişkənliklərin qanunauyğunluqlarını öyrənən sahəsinə deyilir. O, müəyyən mənada insanın normal və müqayisəli anatomiyası ilə sıx bağlıdır. Lakin bütövlükdə bədənin və orqanların tipik quruluşunu öyrənən anatomiyadan fərqli olaraq , insanın morfologiyası insan bədənindəki ayrı-ayrı strukturların quruluşundakı əlaqəni, onların müxtəlif variantlarını, normal və patoloji dəyişkənliklərin hədlərini müəyyənləşdirir. Yəni əgər normal anatomiya insanın ümumiləşdirici şəklini öyrənərək, “orta” insanın cəmi xüsusiyyətlərini verirsə, morfologiya əsas diqqətini bu “orta həddən” yayınmalara, onların səbəblərini müəyyənləşdirməyə yönəldir. Qəbul olunmuş qaydaya görə insanın morfologiyası özü iki sahəyə - merologiya (qədim yunan dilində meros - hissə deməkdir) və somatologiyaya (qədim yunan dilində somatos - bədən deməkdir) bölünür.
Merologiya insanın orqan və toxumalarının çeşidlərini, onlar arasındakı qarşılıqlı bağlılığı öyrənir. Merologiyanın bəzi bölmələri çox genişdir. Məsələn , həm antropogenez, həm də irqşünaslıqda mühüm rol oynayan əlamətlərdən biri - insan kəlləsinin ölçülərinin hesablanması (kraniometriya) , sümüklərin uzunluqlarının ölçülməsi ilə məşğul olan osteometriya bu qəbildəndir.
Somatologiya bütövlükdə insan bədəninin dəyişkənliyini öyrənir. Onun tədqiqat dairəsinə bədənin çəkisi, forması, ölçüləri, antropologiyada “konstitusial habitus” adlanan bədən quruluşu, fiziki inkişaf , bədənin əsas komponentləri, yəni ondakı sümük , əzələ, yağ toxumalarının , ağırlıq mərkəzinin müəyyən edilməsi və s . daxildir. Somatoloji tədqiqatlardan təbabətdə və geyim istehsalında geniş şəkildə istifadə olunur. Məsələn, bəzi xəstəliklərin müəyyən edilməsində “konstitusial habitus” və orqanizmin fiziki vəziyyət durumu mühüm rol oynayır. Digər tərəfdən somatologiya insan bədəninin standartlarını, ölçülər kombinasiyasını müəyyənləşdirməklə ayaqqabı, geyim, əlcək, çarpayı və sairə kimi şeylər istehsalında mühüm əhəmiyyət kəsb edir.
Antropologiyanın II böyük bölümü olan Antropogenez, qazıntılar zamanı aşkar edilən insan qalıqlarının tədqiqi ilə məşğuldur. Avropa və bəzi ABŞ antropoloqları “antropogenez” yerinə daha çox “paleoantropologiya”, ya da “insanın paleontologiyası” terminlərini işlədirlər. III və IV dövrlərin geologiyası, ali əsəb fəaliyyətinin fiziologiyası, qədim daş dövrünün arxeologiyası, psixologiya bu bölmə üçün yardımçı rolunu oynayırlar.
Antropogenezdən fərqli olaraq antropologiyanın III böyük bölümü olan irqşünaslıq insan bədəninin quruluşundakı dəyişkənliklər zamanı deyil, məkan çərçivəsində öyrənir. Yəni irqlərin təsnifatı, Yer kürəsində məskunlaşmaları, irqlərin yaranma səbəbləri və irqi tiplərin dəyişmə qanunauyğunluqları ilə yanaşı sırf tarixi məsələlərin öyrənilməsi xalqların mənşəyi və qarşılıqlı qohumluqları, qədim zamanlarda onların uzaq yerlərə köçləri və sairə kimi məsələlər irqşünaslığın tədqiqat sahəsinə daxildir. Çox vaxt irqşünaslıqla yanaşı eyni mənada etnik antropologiya termini də işlədilir. Lakin əslində etnik antropologiya irqşünaslığın bir bölməsi olub, dünya xalqlarının antropoloji tərkibini və etnogenez problemlərini araşdırır.
Azərbaycanda antropologiya elmi o qədər də qədim ənənəyə malik deyil. Bizim antropoloji tədqiqatlara cəlb olunmamız ilk dəfə XIX yüzilliyin sonlarından başlayır. Bizim xalqın antropologiyasını Pantyuxov, İvanov, heç bir dəfə də olsun Azərbaycanda olmayan Fişer, Luşan kimi alimlər araşdırıb.
Sovet hakimiyyəti qurulduqdan sonra keçən əsrin 20-ci illərinin sonlarında azərbaycanlıları Anserova və Yarxo araşdırdı. Nəhayət, II Dünya müharibəsindən sonra Qafqaz xalqlarını araşdırmaq üçün böyük bir ekspedisiya yaradıldı. Çox təəssüf ki, o da yarımçıq qaldı. Çünki o ekspedisiyaya başçılıq edəcək Muğanlinski qəzaya düşür və Moskvadan dəvət olunan Debets də Moskvaya qayıdır. Sonradan Debets yazırdı ki, kimsə bu işə qəsdən mane oldu. Niyə qəsdən mane olunub, bunun da təbii ki, səbəbləri var. Çünki antropoloji tədqiqatlar erməniləri və gürcüləri Qafqazın aborigenləri elan etmiş sovet doktrinası ilə uyğun gəlmirdi.
- Arxeoloji qazıntılar zamanı antropologiyaya xüsusi diqqət ayrılırmı?
- Bir cümlə ilə onu qeyd edim ki, çox təəssüf ki, ayrılmır. Hazırda heç bir arxeoloji qazıntılarda ixtisaslaşmış mütəxəssis iştirak etmir.
- Səbəb?
- Birinci səbəb budur ki, indiyə qədər mütəxəssislərimiz yox idi. Sevindirici haldır ki, bu il artıq antropologiya ixtisası üzrə Bakı Dövlət Universitetinin Tarix fakültəsində 15 nəfər mütəxəssis yetişdi. Belə desək, bunlar bizim ilk qaranquşlarımızdır. Çox təəssüf ki, onlar bu sahəyə cəlb edilmir.
Arxeologiya elə bir elmdir ki, tapılan saxsı qabın yanında onu düzəldən insanın skeleti də tapılır.
- Cənubi Qafqazda yaşayan xalqların antropoloji tipi haqqında nələri deyə bilərsiniz?
- Bu gün Cənubi Qafqazın etnik mənzərəsinə baxsaq, buradakı xalqları linqvistik baxımdan üç böyük qola ayırmaq olar. Türk xalqları, İrandilli xalqlar və Qafqazdilli xalqlar. Türk xalqları dedikdə, daha çox azərbaycanlılar nəzərdə tutulur. Çox təəssüf ki, II Dünya müharibəsi illərində Ahısqa türkləri öz dədə-baba yurdlarından zorla köçürüldü.
Antropoloji cəhətdən daha yaxşı tədqiq olunmuş Qafqaz xalqları dörd irqi tipə aid olunurlar :
1. Xəzər dənizi (Kaspi) tipi
2. Assiroid tipi
3. Kavkasion tipi
4. Qara dəniz (Pont) tipi
Əsasən Azərbaycan türklərinin
aid edildikləri Kaspi antropoloji tipinin ağ irq
daxilində yeri ilə bağlı həm Qərb, həm də rus-sovet antropoloqları arasında müəyyən
fikir ayrılığı
vardır.
XX yüzilliyin ən
görkəmli antropoloqlarından
olan Fişer
1923-cü ildə Azərbaycan
türklərini və
türkmənləri oriental (şərq) irqə daxil edib.
Bu müəlliflərin işlətdikləri terminlərin
özlərində də
müəyyən ziddiyyət
vardır. Belə ki, ayrı-ayrı təsnifatlarda işlənən
“şərq”, “şərqi
Aralıq dənizi”, “Xorasan” və “Kaspi” terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi
səslənirdi. V.V. Bunak və eləcə
də digər antropoloqlar tərəfindən
təklif edilmiş bu terminlər etnik deyil, daha
çox coğrafi təsnifata əsaslanır.
Eyni zamanda bu terminlər
adıgedən antropoloji
tipin müəyyən
məkan daxilində yayılmasında göstərici
rolunu oynayır.
İstənilən halda
bu terminlərin mühüm ümumiləşdirici
cəhəti, adından
asılı olmayaraq, bu qrupun Xəzər
dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan,
eyni kökdən-oğuzlardan
törəyən Azərbaycan
türklərini və
türkmənləri özündə
birləşdirməsidir. Bir
hissəsi indiki İran İslam Respublikasının, bir hissəsi Əfqanıstanın,
az hissəsi isə Türkmənistan Respublikasının tərkibində
olan tarixi-coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Böyük Səlcuq İmperatorluğunun özülünü
qoyduqları bir bölgədir. Bunları nəzərə alaraq, eyni antropoloji
irqi əlamətlər
kompleksinə və etnik mənşəyə
sahib olan xalqların mənsub olduqları irq tipini Oğuz
tipi adlandırmaq daha düzgündür. Orta əsr
ərəb tarixçiləri
öz müasirləri
olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlılıqları,
yəni dolixokranlılıqları
ilə seçildiklərini
xüsusi olaraq vurğulayırlar. X yüzillikdə
də oğuzlar Mavərənnəhr və
Farsistanın braxikefal
əhalisindən başlarının
uzunluğuna görə
seçilirdilər.
(ardı var)
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-24 iyun.-S.13.