Azərbaycanlı pianoçu
haqqında çəkilən film 3 min telekanalda göstəriləcək
Adilə
Əliyeva: “Azərbaycan, Fransa və
İsveçrə musiqiçilərindən ibarət bir müsabiqə keçirmək istəyirəm”
Dünya şöhrətli pianoçu Adilə Əliyevanı yəqin ki, Azərbaycanda çoxları tanımır. Artıq dünya musiqi aləmində özünü təsdiqləyən Adilə xanım 25 ilə yaxındır ki, Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və TV-lərdə haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib. Diaspor Jurnalistləri Birliyi də Adilə xanımın müsahibəsini öz həmyerlilərinə təqdim edir.
- Adilə xanım, soydaşlarınıza özünüzü tanıdın...
- Hələ 6 yaşım olanda radioda ilk dəfə ifam yazılıb. Simfonik orkestrlə isə ilk çıxışım 7 yaşımda Leo Qinzburqun dirijorluğu altında keçib. Bir də həmin ərəfələrdə “Dostluq melodiyaları” adlı sənədli kinofilmdə mən Niyazinin idarəsi ilə D. Şostakoviçin İkinci konsertini ifa etmişəm. BülBül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil oldum, oranı qırmızı diplomla bitirdim və aspiranturaya da qəbul oldum. Konservatoriyadan sonra sayını itirdiyim ölkələrdə unudulmaz konsertlər, müsabiqələr başlandı. Hətta 1980-86-cı illərdə Bakının o zamankı Oktyabr, indiki Yasamal rayonunun deputatı da olmuşam.
- Nə vaxtdan Fransada
yaşayırsız?
- Həyat yoldaşım Sergey Bespali ilə İsveçrəyə qastrola getmişdik. Yeri gəlmişkən, o da musiqiçidir - vokalçı və dirijordur. Səfərimiz elə vaxta təsadüf etmişdi ki, hər tərəfdə gərginlik hökm sürürdü. 90-cı il idi. Çıxışımız yüksək qarşılandığından bizə orda qalıb işləmək təklif etdilər. Beləliklə, əvvəlcə İsveçrəyə, sonra isə Fransaya köçdük.
- Azərbaycanın
məşhur bəstəkarlarından hansılarının əsərlərini
ifa edirsiz?
- Qürbətdə yaşasaq da bir an olsa belə özümüzü Azərbaycandan kənarda hiss etmirik. Demək olar, hər konsertimdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirəm. Azərbaycanlı bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini ifa edirəm. Mənim Vaqif Mustafazadə ilə dost münasibətim var idi. Biz onunla qonşu idik. Bir çox bəstələrinin ilk dinləyicisi olmuşam...
- Siz eyni zamanda musiqi tədris edirsizmi?
- Əlbəttə. Mən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoruyam, eyni zamanda orada pianinodan dərs deyirəm. Burada 100-ə yaxın tələbə dərs alır.
Bizə Fransada, ümumiyyətlə, Avropada böyük hörmət var. 1996-cı ildən Fransada hər iki ildən bir mənim adıma beynəlxalq müsabiqə keçirilir. Müsabiqə belə adlanır: “Adilə Əliyeva adına pianoçuların beynəlxalq müsabiqəsi”. Hər dəfə 255 nəfərə yaxın musiqiçi bu müsabiqədə iştirak edir. Qaliblərin ümumi mükafat fondu 26 min avrodur. Bunun bütün xərcini Fransa dövləti ödəyir.
- Azərbaycan musiqisinin dünyada
tanınması istiqamətində hansı işlər görürsüz?
- Bütün Avropa və Amerika ölkələrində
konsertlərim olur. Hətta mən Vatikanda konsert vermişəm. Orada Luçano
Pavarottinin də konserti olmuşdu. Çox böyük konsert idi. Azərbaycanın İtaliyadakı səfiri də konsertdə iştirak edirdi. Konsertdə kardinalla yanaşı,
eyni zamanda 40 yepiskop var idi.
- Fransadakı diasporumuzla əlaqələriniz necədir?
- Mənim işim həm də diaspor fəaliyyətidir. Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir. Mən özümü diaspor nümayəndəsi hesab edirəm. BMT-nin Cenevrədəki ofisində mənim konsertim olub. Orada 300-dən çox diplomat var idi. Hamısı məni ayaq üstə alqışlayırdı.
Bu çox böyük
bir uğur idi. Mənim diasporla çox
gözəl əlaqələrim
var. Hər bir tədbirlərinə dəvət
alıram.
- Sizcə, məşhur musiqiçi olmaq üçün insandan əsas nə tələb olunur?
- Çox gözəl sualdır. Tanınmış musiqiçi olmaq
üçün insandan
istedad və bacarıq tələb olunur. Bundan başqa isə
çalışmaq lazımdır.
Bir də güclü məktəb keçmək
lazımdır. Amma
şans, qismət də olmalıdır...
- Bəs, siz məşhur olmağınıza görə
kimə borclusuz?
- Birinci Allaha. Daha sonra isə valideynlərimə.
- Olurmu ki, Azərbaycan
üçün darıxasınız?
- Əlbəttə, olur.
- Belə vaxtlarda ürəyinizdən
hansı musiqini ifa etmək keçir?
- Belə zamanlarda Fikrət Əmirovun “Gözəlim sənsən”
musiqisini ifa edirəm. Bundan sonra da ağlayıb sakitləşirəm.
- Perspektivdə hansı layihələriniz
var?
- Azərbaycan, Fransa və İsveçrə musiqiçilərindən ibarət
bir müsabiqə keçirmək istəyirəm.
Mənim
haqqımda “Musiqidə
yaşamaq” adlı bir sənədli film çəkilib. Bu film dünyanın 3 min telekanalında
göstəriləcək. Çalışırıq
ki, bunun üçün sponsor tapaq.
Fuad Hüseynzadə
Palitra.-2014.-24 iyul.-S.7.