İdmanın kütləviliyi uşaq və yeniyetmələrin fiziki-mənəvi
inkişafı üçün vacibdir
Azərbaycan üçün prioritet
sayılan idman növlərinin 2020-ci ilə
kimi İnkişaf
Proqramı hazırlanacaq
Güclənən Azərbaycanın digər sahələri kimi idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatının daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledci rol oynayıb. Bu gün ölkəmiz böyük quruculuq işlərinin həyata keçirildiyi məkana çevrilib.
Paytaxtla yanaşı, hər bir bölgədə bu quruculuq işlərini müşahidə etmək mümkündür. Həmin tikinti-quruculuq işlərinin tərkib hissəsi kimi Azərbaycanda böyük idman infrastrukturu formalaşdırılıb. 30-dan çox Olimpiya İdman Kompleksinin bölgələrdə inşa edilərək idmançıların ixtiyarına verilməsi dünya miqyasında görünməmiş olaydır.
Bu siyasətdə xüsusi məqam isə ondan ibarətdir ki, dövlət bu inkişafın paytaxtla məhdudlaşmasını istəməyərək onun bütün ölkəyə yayılmasını, idmanın kütləviləşdirilməsini təmin etdi. Güclü idman bazası həm paytaxtda, həm də bölgələrdə yaradıldı və bu proses davam etməkdədir. Azərbaycan gəncləri müasir Olimpiya İdman Komplekslərində idmanla məşğul olaraq sağlam nəsil kimi formalaşırlar. Layihə çərçivəsində təqdim etdiyimiz yazı gənc nəslin fiziki-mənəvi inkişafında böyük rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illəri əhatə edən Milli Strategiya ilə bağlıdır. Həmin strategiyada idmanın inkişafı, gənc nəslin fiziki-mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edən məqamlar yer alıb. Strategiyada bədən tərbiyəsi və idmanın inkişafının kadr təminatı və elmi bazasının yaradılması əsas yerlərdən birini tutur. Strategiyada bədən tərbiyəsi və idman sahəsində kadr siyasətinin təkmilləşdirilməsi, bu sahə üzrə kadrların hazırlanması imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Belə ki, 2020-ci ilə kimi bədən tərbiyəsi və idmanın inkişafı dinamikasına uyğun olaraq, ölkədəki kadr çatışmazlığı və ildən-ilə artan təlabatı nəzərə alaraq bədən tərbiyəsi və idman sahəsi üzrə mütəxəssislərin hazırlanması haqqında Dövlət Sifarişi hazırlanacaq. Ali təhsil müəssisələrinin məzunlarının təlabat və sifarişlərə uyğun regionlara, şəhər və rayonlara, xüsusən qəsəbə və kəndlərə dövlət təyinatı ilə göndərilməsi, dağ rayonlarına və kənd yerlərinə təyinat almış gənc kadrların əlavə əmək haqqı və yataqla təmin edilməsi məsələlərinin dövlət səviyyəsində həlli nəzərdə tutulur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində ən azı 50 nəfər müdavimi olan daimi respublika kurslarının təşkil edilməsi, Respublika Təhsil Problemləri İnstitutunun nəzdində fiziki tərbiyə və ibtidai hazırlıq bölməsinin yaradılması, “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi “Məktəblərdə bədən tərbiyəsi” bülleteninin nəşrinin bərpa edilməsi, Təhsil Nazirliyinin şəhər və rayon idarələrində bədən tərbiyəsi üzrə metodist vəzifələrinin yenidən təsis olunması, bədən tərbiyəsi və idman sahəsində ölkədə aparılmış elmi-tədqiqat işlərinin təcrübədə istifadə edilməsi üzrə əməli tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bədən tərbiyəsi və idman sahəsi üzrə aparılan elmi-tədqiqat işləri genişləndiriləcək. Bu sahə ilə bağlı əsas tədbir 2020-ci ilə kimi Azərbaycanda bədən tərbiyəsi və idman sahəsi üzrə Respublika Elmi-Tədqiqat İnstitutunun yaradılmasıdır. Müasir təhsil standartlarına uyğun olan dərsliklərin, ayrı-ayrı idman növləri üzrə dərs vəsaitlərinin, təlim-məşq proseslərinin təşkili və aparılması üçün digər əyani vəsaitlərin işlənib hazırlanması da nəzərdə tutulub. Milli Strategiya bədən tərbiyəsi və idman sahəsindəki hədəfləri müəyyən edir və bu hədəflərə çatmaq üçün tərəfdaşlıq şəraitində işləməyin yeni yollarını axtarır. Əsas hədəf yaşından, etnik mənşəyindən və ya sağlamlıq vəziyyətindən asılı olmayaraq hər kəsin idman fəaliyyəti dairəsinin genişləndirilməsi məsələsini həll etmək, idman və gənclər təşkilatlarının, klubların, məşqçilərin və könüllülərin dinamik şəbəkəsini yaratmaq və formalaşdırmaq, insanların idmanda qalması üçün davamlı infrastruktur yaratmaqdır. Bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək əsas məsələdir. İdmanın kütləviliyi uşaq və yeniyetmələrin mənəvi-fiziki inkişafı üçün vacibdir. Hazırda Azərbaycanda bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı təxminən 1.660.391nəfərdir. Bu əhalinin ümumi sayına nisbətdə 17.5%-ni, fəal yaş qruplarına (5-39 yaş) olan nisbətdə 29.1%-ni təşkil edir. Ölkədə bədən tərbiyəsi və idmanla məşğul olan qızlar və qadınların sayı isə 660.124nəfərə çatır. Bu göstərici qızlar və qadınların ümumi sayının 14.5%-ni təşkil edir. İdman bölmələrində daim idmanla məşğul olanların ümumi sayı 444.473nəfərdən ibarətdir. Bu göstərici əhalinin ümumi sayının 4.8%-i, bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayının isə 26.7%-i deməkdir. Bədən tərbiyəsi və idmanla məşğulluq üzrə göstəricilər bu gün ölkədə son dərəcə aşağı səviyyədədir. Xüsusən qızlar və qadınlar arasında bu göstərici daha da aşağı (14.5%) vəziyyətdədir. Bu problemi həll etmək üçün bir sıra tədbirlər həyata keçiriləcək. Ölkədə bədən tərbiyəsi və idmanın vəziyyəti dərindən öyrənilərək, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı üçün strateji planlaşdırma aparılacaq. Buna əsasən, bədən tərbiyəsi və idmanın inkişafının regionların sosial-iqtisadi inkişaf proqramına uyğun ərazi prinsipi üzrə (şəhər və rayonlar) planlaşdırılması aparılacaq. Bu konteksdə bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişafı və gücləndirilməsinin planlaşdırılması, idman təşkilatlarının bütün idman qurğularının müasir idman avadanlıqları ilə təchizi, idman sənayesinin yaradılması, bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması, idman təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiq edilməsi nəzərdə tutulub. Təhsil müəssisələrində bədən tərbiyə dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi və metodiki vəsaitlərin işlənib hazırlanmasına xüsusi diqqət ayrılacaq.
Ölkədə bədən tərbiyəsi
və idman hərəkatının idarə
olunması prosesi təkmilləşdiriləcək,
idman yönümlü
qurumların sayı artırılacaq, bələdiyyələrin,
yerli və regional
qeyri-hökümət orqanlarının bu
sahə üzrə fəaliyyətləri
canlandırılacaq. Bədən tərbiyəsi və
idmanın inkişafına ayrılan maliyyə vəsaitinin həcmi
ildən-ilə artırılır. Bu sahəyə
investisiya qoyuluşuna
özəl təşkilatların daha çox cəlb edilməsi, sponsorluq
fəaliyyətinin genişləndirilməsi və
stimullaşdırılması nəzərdə tutulur. Bədən tərbiyəsi və idman sahəsində Milli
Strategiyanın tələblərinə uyğun
olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normativ
sənədlərə yenidən baxılacaq. Yüksək
səviyyəli idmançıların hazırlıq sisteminin modernləşdirilməsi, təlim-məşq
prosesi və yarış fəaliyyətlərinin
effektiv elmi-metodiki
planlaşdırılması və
proqramlaşdırılmasının həyata keçirilməsi,
Olimpiya idman növlərinin,
xüsusən Azərbaycan üçün
prioritet sayılan idman
növlərinin 2020-ci ilə kimi İnkişaf
Proqramının hazırlanması və təsdiqi, prioritet idman növləri
üzrə respublika və regional
Olimpiya hazırlığı mərkəzlərinin
yaradılması və 2015-ci ilə kimi plan üzrə fəaliyyətlərinin təşkili,
milli yığma komandaların
hazırlığı ilə bağlı elmi-metodiki
işlərin təşkili və təkmilləşdirilməsi,
2016-cı ildən başlayaraq Olimpiya və Paralimpiya idman növləri üzrə milli
yığma komandaların nəzdində daimi
fəaliyyət göstərən və müvafiq
qurumlar tərəfindən maliyyələşdirilən
Elmi Kompleks Qruplarının
yaradılması və fəaliyyətlərinin təmin
edilməsi nəzərdə tutulur.
Anar Miriyev
Palitra.-2014.-25 iyul.-S.11.