Qəbələ VI Beynəlxalq Musiqi Festivalı başlanıb

 

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

Tədbirdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanlandığı təbrik məktubu oxunub.

Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıb, festivalın işinə uğurlar arzulayıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub. Konsertdə Xəyyam Mirzəzadənin “Səməd Vurğun poemasına illüstrasiyalar”, Volfqanq Amadey Mosartın “Alleqro”, Qara QarayevinAlban rapsodiyası” və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar artist Gülşən Ənnağıyeva çıxış ediblər. Musiqi axşamında Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev dirijorluq edib.

Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

 

Tural

Palitra.-2014.-25 iyul.-S.10.