“Bakıda inşa edilən bir çox kompleks dünya memarlığına səs salan əsərlərdir”

 

Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən binaqurğular sistemidir. Bu, bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub. Hələ qədimdən başlayaraq Azərbaycanda müxtəlif memarlıq nümunələri mövcud olub. Müstəqillik qazanandan sonra da, Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılıb, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilib. Təsadüfi deyil ki, bu gün Azərbaycan memarlıq nümunələri dünyanın müxtəlif memarlıq müsabiqələrinin qalibləri sırasında olur. Hətta dünya mediasında həmin memarlıq nümunələri ilə bağlı çoxsaylı yazılar dərc edilir. Bu gün məşhur memarlıq nümunələri sırasında Heydər Əliyev Mərkəzi, “Baku Crystal Hall”, “Flame Towers” kimi nümunələrin adları var.

Qeyd edək ki, bir müddət öncə müasir dizayn arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) illik "Designs of the Year-2014" mükafatının qaliblərini açıqladı ki, “Arxitektura" nominasiyasında qalib Bakıdakı Heydər Əliyev Mərkəzi oldu. Münsiflər heyəti Heydər Əliyev Mərkəzini belə qiymətləndirib: "Bu, gözəldir, ilhamvericidir. Bu, xüsusi dahiliyin aydın görüntüsüdür biz düşünürük ki, bu, çox gözəl binadır". İtaliyanınFloornatureportalında Heydər Əliyev Mərkəzi ilə bağlı məqalə yerləşdirilmişdi.

Yazıda müasir Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha da gözəllik qatır. Bakının öz möhtəşəm memarlıq abidələri yeni tikililəri ilə seçildiyini vurğulayan müəllif bu şəhərin dünyanın müxtəlif ölkələrindən gələn turistlərin diqqətini cəlb etdiyini yazır. Heydər Əliyev Mərkəzi isə Azərbaycan paytaxtının müasir arxitektura tarixində yeni səhifənin açılmasına ən gözəl nümunədir.

Bundan başqa yazıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi, dünyada bənzəri olmayan “Baku Crystal Hall”dan, müasir incəsənətin rəmzi sayılanAlov qüllələrikompleksindən bəhs edilir. Bu kompleks beynəlxalq səviyyədə kütləvi-mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Kompleks 23 mindən çox adam tutur. Əlavə 16 min tamaşaçının isə zalda keçirilən çıxışlara bayırdakı böyük monitorlarda birbaşa efirdə baxmaq imkanı var. Son illərin ən maraqlı tikililərindən biri Ginnesin rekordlar kitabı" na düşmüş əzəmətli Dövlət Bayrağı Meydanıdır.

Bu gün maraq doğuran mühüm layihələrdən biri Bakının ekoloji cəhətdən ən yararsız, neft neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir böyük yaşayış mərkəzi olacaq şəhərlayihəsidir. Layihəyə əsasən burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq. şəhərlayihəsi Prezident İlham Əliyevin xüsusi fərmanı ilə təsdiq olunub. Artıq Dəniz vağzalından üzü Zığ qəsəbəsi istiqamətində yeni bulvar tikintisi üçün işlər başlayıb. Bakı Şəhərlayihəsinin bir hissəsi kimi hazırlanan yeni bulvar genişləndirilərək Dənizkənarı Milli Parkla birləşdiriləcək. şəhər bulvarı boyunca müasir Bakıda ilk dəfə olaraq tramvay xəttinin salınması gözlənilir. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır, onlardan sonra yerləşən 32-dən 45-ə kimi mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraqtamamlayacaq”. Bu layihə ictimaiyyətin diqqət mərkəzindədir.

Dünya mediasının diqqət mərkəzində olan Azərbaycan memarlıq nümunələrindən biri “Flame Towers”dir. Bakının mərkəzində yerləşən “Flame Towers” binalar kompleksi 2013-cü il üçün dünyanın on göydələni sırasına düşərək "Emporis Skyscraper Award" mükafatına layiq görülüb. “Flame Towers 2013-cü ilin dünya göydələnləri sırasında 6-cı yeri tutub.

Bakıya yaraşıq verən, cəlbedici memarlıq nümunələrinin sayı getdikcə artmaqdadır. Belə memarlıq nümunələrini memarlarımız da yüksək qiymətləndirirlər. Əməkdar memar, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Memarlıq və İnşaat Universitetinin Memarlıq və şəhərsalma fakültəsinin müəllimi, memarlıq doktoru, professor, Nəriman Əliyev də bildirdi ki, yeni memarlıq nümunələri paytaxtımızı daha da gözəlləşdirir: “İctimai quruluş dəyişəndə hər şey təzədən başlayır. Yəni, biz sosialist quruluşunda yaşayırdıq, indi isə dəyişib, kapitalizmdir. Müstəqil dövlətik, insanların düşüncələrində müəyyən dəyişikliklər baş verir. İndi sovetlər birliyinə deyil, özümüzə xidmət edirik. Ölkəmizdə möhtəşəm memarlıq nümunələri var. Ancaq binaların qiyməti dəyəri, təkcə ucalığı ilə müəyyənləşmir. Məsələn, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi var ki, o, 1940-cı illərdə kanvansara kimi tikilmişdi. 1941-ci ildə Nizaminin yubileyi ilə bağlı qərar qəbul olundu və N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yaradıldı. Cəmi 4 mərtəbədir, lakin onun mərtəbəsinin azlığına baxmayaraq Azərbaycan memarlığında ona bərabər bina yox idi. Çünki, Azərbaycan memarlığında ilk dəfə olaraq bir sintez yaradılıb. Orada bizim ədiblərin heykəlləri var. Onlar üzünü N.Gəncəvinin heykəlinə tutub. Hətta dünya memarlığında ikinci belə bir kompleks olmayıb”.

Professor deyir ki, dünya mediasının Azərbaycan memarlıq nümunələrini, tikililərini işıqlandırmasına biz çox sevinməliyik ki, onlar bizim binaları belə qiymətləndiriblər: “Məsələn “Alov qüllələri”ni göstərmək olar. O binalar ən çox dizayn həlli ilə yüksək dərəcələndirilib. Yəni orada reklam və memarlıq düşüncələri bir yerdədir. Hərdən orada Azərbaycan bayrağı öz əksini tapır. Bu artıq memarlıqdan kənara çıxıb. Bu, ölkə başçısının çox gözəl təşəbbüsüdür. Çox gözəl və yaraşıqlıdır”.

N.Quliyevin sözlərinə görə, belə binalardan biri də Heydər Əliyev Mərkəzidir: “Yalnız sevinməliyik ki, Azərbaycan memarlığında belə nümunələr yaranıb. Bakıda inşa edilən bir çox kompleks dünya memarlığına səs salan əsərdir. Söhbət konkret binalardan gedir, biz onları alqışlayırıq. Bunun tədqiqatına da ehtiyac yoxdur. Bu gün dünyadakı standartlar Azərbaycan xalqı üçün nümunə ola bilməz. Hər xalqın özünün standartı var. Azərbaycan memarlığında daş, kərpic memarlığı da var. Yəni, dünyada da hər xalqın düşüncəsi var. Məsələn, AMEA kompleksi tikiləndə görkəmli memarımız Mikayıl Hüseynov İsmailiyyə binasının üstündə qüllələr qoymuşdu, o vaxt SSRİ rəhbəri Xruşşov idi. O demişdi ki, bu, gözəlliyin ifratçılığıdır. Ancaq Azərbaycan memarlığında o anlayış yoxdur. Beləliklə həmin forma qaldı. Yəni konkret standart olmaz. Hər xalqın öz istəyi var”.

Professor onu da bildirdi ki, Azərbaycan memarlığında Bakının hər zaman həddindən artıq böyüklüyü, başqa şəhərlərin kiçikliyi verilib. Qeyri-mütənasib inkişaf gedib. Bakı böyüyüb, əhalisi 3 milyonu keçib. Amma digər şəhərlərin əhalisi hələ 100 minlərlədir. Elə etmək lazımdır ki, başqa şəhərlər də inkişaf etsin. Bu, təkcə memarların deyil, hamımızın problemidir. Mədəniyyət şəhərlərdə daha yüksək olur. Başqa şəhərləri daha da inkişaf etdirmək lazımdır. Əgər “şəhər” sözünün tərcüməsi mədəniyyət deməkdirsə, mədəniyyətimizi inkişaf etdirməliyik. Bakının inkişaf etməyə yeri var. Gözəl mütəxəssislər daha başqa yollar da tapa bilərlər. Hazırda inşa edilən memarlıq nümunələrimiz, tikililərimiz təqdirəlayiqdir”.

 

Nigar Abdullayeva

Palitra.-2014.-31 may.-S.5.