Heydər Əliyev Fondunun
uşaqlar üçün
nəcib missiyası
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fondun məqsədlərindən biri də uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməkdir.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən ay “Milli Məclis” jurnalına müsahibəsində bu istiqamətdə görülən işləri də xüsusi vurğulayıb: “Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.
Dinamik inkişaf edən Azərbaycanda gələcək nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evləri şəbəkələrinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır.
Son 10 ildə respublikamızda yüzlərlə uşaq bağçasının inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir. Sirr deyil ki, məktəbəqədər təhsilin ilk pilləsi ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin "insan kapitalı"na çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Hazırda Azərbaycanda 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
“Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var”
Bu nəcib missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb","Uşaq evləri və internat məktəblərinə dəstək" kimi layihələr Azərbaycanda təhsil müəssisələrinin yenidən qurulmasına gözəl töhfələr verib.
Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə töhfələrini verməkdə davam edir. Bu il Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı bunun təsdiqidir. Bununla əlaqədar keçirilən tədbirdə məktəbəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət də müzakirə edilib.Təqdimat mərasimində çıxış edən fondun prezidenti Mehriban Əliyeva fondun yeni layihəyə start verdiyini diqqətə çatdıraraq deyib: "Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır.Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq". Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblərin yenidən qurulacağını və ölkədə bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını deyən Mehriban Əliyeva fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsindən də danışıb, bu çərçivədə 32 internatın və uşaq evinin yenidən qurulduğunu bildirib.
Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənlikləri də keçirir. Bu bayram şənliklərində əsasən uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər. Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram və hədiyyələri təqdim olunur.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış edirlər. Belə şənliklərin əksəriyyətində Azərbaycanın birinci xanımı şəxsən özü iştirak edərək uşaqların sevincini bölüşür, onlarla səmimi söhbət edir: “Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı”.
Son olaraqsa Heydər Əliyev Fondu tərəfindən Bakıdakı 1 nömrəli uşaq evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən istirahət düşərgəsində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. Eyni zamanda Qaradağ rayonunun Lökbatan qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib. Tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edən tədbirdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən geyim dəstləri paylanılıb.
Həmçinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskva səhiyyə departamentinin Uşaqlara tibbi yardım üzrə Elmi-praktiki mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından böyük bayram tədbiri təşkil edilib.Tibb müəssisəsində müalicə olunan uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə animasiya proqramı göstərilib, klounlar və fokusçular bayram şənliyinin qonaqlarını əyləndiriblər. S.V.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları tibb mərkəzinin qış bağında improvizə edilmiş səhnədə “Sehirli çiçək” adlı musiqili tamaşa göstəriblər.
Xaricdə humanizm prinsiplərinə əsaslanan layihələr keçirilir
Ümumiyyətlə, fond tərəfindən Azərbaycandan kənarda belə, bu humanizm prinsiplərinə əsaslanan layihələr reallaşdırılır. Belə ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyulub. Layihəyə əsasən, 240 yerlik uşaq bağçasının 120 yerlik birinci hissəsi 2014-cü ilin sentyabrınadək hazır olmalıdır.
Budapeştdə isə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təməli qoyulub. Layihə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Korpus mövcud binalar kompleksi ilə birləşdiriləcək. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsinin 1385,26 kvadratmetr olması nəzərdə tutulur. Layihəyə əsasən, binada dərs, istirahət, yataq otaqları, mətbəx və lift olacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz istifadəyə verilib. ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınıb. Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib.
Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki kimsəsiz uşaq evi - Ancuman Süleymaniya məktəbində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə humanitar aksiya keçirilib. Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə aksiyaların keçirildiyini diqqətə çatdırıb. Səfir fondun adından uşaqlara hədiyyələr verib, Heydər Əliyev Fondunun məktəbdə aparılan yenidənqurma işləri üçün ayırdığı maliyyə yardımını məktəb rəhbərliyinə təqdim edib. Qeyd edək ki, bu kimsəsiz uşaq evində 100-dən artıq şagird təhsil alır. Hazırda məktəbdə yenidənqurma işləri aparılır, ərazidə yeni yaşayış və təhsil binaları tikilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindistanın Qoa ştatında idman meydançası tikilərək istifadəyə verilib. Qoada tədris mərkəzləri ştatın Pancim, Marqao, Mapusa və Vasko şəhərlərində yerləşir. Ətraf kəndlərdən şəhərlərə ictimai nəqliyyatın olmaması uşaqların hər gün məktəblərə gedib-gəlməsində çətinlik yaradır. Məhz bu çətinliyi aradan qaldırmaq üçün “Pilar” Katolik Cəmiyyəti ətrafda 10 məktəb, 1 katolik kollec və kimsəsizlər evi tikdirib. Hazırda bu məktəblərdə minlərlə şagird təhsil alır. Xeyriyyə məqsədilə tikilən bu məktəblərə təmənnasız köməklik göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə orada uşaqlar üçün stadion tikilərək istifadəyə verilib.
Heydər Əliyev Fondunun dəstəyi, Rumıniya Əlillərin
Hüquqlarını Müdafiə Liqasının və Buxarest şəhərinin 4-cü sektorunun təşkilatçılığı
ilə Buxarest şəhərinin “Lumea Copiilor”
(“Uşaqların dünyası”) parkında əqli qüsurlu uşaqlar
arasında kross qaçışı
üzrə “Şansların bərabərliyi” adlı kiçik yarış keçirilib.
Yarışın qaliblərinə medallar,
kuboklar, diplomlar və
hədiyyələr təqdim olunub,
iştirakçı uşaqlara hədiyyələr
paylanılıb.
Anar Miriyev
Palitra.-2014.-3 iyun.-S.11.