Müasir Rusiya Tarixi
Muzeyində
bayram tədbiri
Uşaqların Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri Moskvadakı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin binasında keçirilmiş bayram tədbirində iştirak ediblər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət Fondunun "Açıq tarix dərsi" Beynəlxalq Proqramlar Müdiriyyəti tərəfindən təşkil edilmiş bayram tədbirində Xilaskar İsa Məbədi Bazar günü məktəbinin yetirmələri və Y.Nikulin adına internat məktəbinin şagirdləri də iştirak ediblər.
Muzeyin giriş qapısında uşaqları "Domisolka" Uşaq Teatrının gənc artistləri və şən klounlar - Rumyantsev (Karandaş) adına sirk məktəbinin şagirdləri qarşılayıblar.
Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Tatyana Şumova və Müasir Rusiya Tarixi Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nikita Anikin tədbir iştirakçılarını bu gözəl bayram - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik ediblər. Onlar qeyd ediblər ki, bu gün həm də Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin və "Açıq tarix dərsi" Beynəlxalq Proqramlar Müdiriyyətinin innovasiyalı təhsil proqramına start verilib. Proqramın əsas məqsədi muzey ekspozisiyası bazasında uşaqları müasir tarixin mühüm hadisələri və əlamətdar günləri ilə tanış etməkdir. T.Şumova deyib: "Builki bayram bir qədər qeyri-adidir. Bu gün siz həm də yeni, çox maraqlı bir proqramın - "Açıq tarix dərsi" proqramının ilk iştirakçıları olacaqsınız. Siz öz rəsmlərinizi və inşa yazılarınızı layihənin təşkilatçılarına göndərə bilərsiniz. Qalibləri prizlər və maraqlı səfərlər gözləyir". T.Şumova Beynəlxalq Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Uşaqlar muzeyin zallarına tamaşa edəndən sonra muzeyin İngiltərə klubunun kamera zalına dəvət ediliblər. Burada Akademik Musiqi Kollecinin uşaq musiqi məktəbinin şagirdləri rus və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Bayram şənliyinin
iştirakçılarına tədbirin təşkilatçıları
adından hədiyyələr təqdim edilib.
Sonda Azərbaycan şirniyyatı və çay süfrəsi açılıb.
Tural
Palitra.-2014.-3 iyun.-S.5.