Bir ağacın əlli yarpağı

 

Ədəbi nəsilləri çeşidləyəndə 80-ci illərin ab-havası, deyim və düşüncə tərzi, mövzuya fərqli yanaşma cəhətləri xüsusilə diqqəti cəlb edir. Əgər 50-cilər daha çox təsvirə və atəşfəşanlığa , 60-cılar yeni mövzu axtarışına diqqət yetirirdisə, 80-cilər daha çox obrazlılığa, söz oynatmağa, fikri bir az dəyişik deməyə,onlara qədər deyilmişlərdə bir fərqlilik yaratmağa çalışırdılar.

Ədalət naminə deyək ki,onlarda söz daha səmimi və doğma görünür,bu istiqanlılıq,həlimlik hesabına onlar özlərini oxucuya daha çox sevdirə bilirlər. Mənsub olduğu ədəbi nəsil nümayəndələri arasında daha çox səmimiyyəti,fərqli deyimimövzuya yeni yanaşma tərzi ilə seçilənlərdən biri də Fərqanədir.Fərqanə Mehdiyeva 1964-cu ildə Salyan rayonunda doğulub. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini,daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirib.Yaradıcılığa erkən yaşlarından başlayıb.1981-ci ildən Respublika mətbuatında,radio,televiziya verilişlərində vaxtaşırı çıxışlar edib.İlk kitabı”Çəkdiklərim mənə bəsdi”1999-cu ildə işıq üzü görüb.Sonrakı illərdə “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları ilə şeirsevərlərin ürəyinə yol tapıb.Bu gün çağdaş poeziyamızın istedadlı nümayəndəsi kimi Azərbaycanda bu imzanı taınımayan və sevməyən yoxdur.Bu,bəlkə bironunla şərtlənir ki,şair hər şeirində öz yaradıcılq platformasına sadiq qalır,ənənəvi poeziyanın imkanlarından istifadə etməklə yanaşı,həm də yeni poetik axtarışlar aparır təzə rəng və çalarlar kəşf edir. Yaradıcılığında daha çox qoşma və gəraylı kimi aşıq yaradıcılığına məxsus şeir formalarından istifadə etməklə yanaşı,həm də bu formada yeni məzmun və məna qatı yaratmağa çalışır. İndiyə qədər bu formaya məxsus olan şifahi xalq yaradıcılığı ünsürlərindən,aşıq yaradıcılığı lüğətinə aid olan sözobrazlardan fərqlənən yeni ifadə, üslub tərzi yaratmağa nail olur. Misra göyərtmək”, “Şeirin ucbatından ölmək”, “Qarışıq ömrü yığışdırmaq”, “Dolaşıq ömrün düyününü açmaq”, “Azadlığı torpaq üstə sərmək” kimi yeni ifadə və deyimlər Fərqanə yaradıcılığındakı əsas ab-havanı şərtləndirir, şairin poeziyasındakı duyğu və düşüncələrin yeni yön və istiqamətini müəyyənləşdirir. Çox vaxt belə ifadələr şairə öz ideyasını, fikir və məqsədin daha anlamlı, mükəmməl, tutarlı deməyə kömək edir.

Üşüsə şeirlə örtün üstünü,

Qoymayın qızları şeir yazmağa

misralarında “üstünü şeirlə örtmək” ifadəsi yeni ifadə və üslub tərzi yaratmaqla bərabər, həm də qızlara göstərilən qayğının, sevgi və məhəbbətin yetərincə olmaması ilə bağlı incə bir təəssüf və giley hissi yaratmağa xidmət edir. Hər hansı bir şeir məlumatdı, xəbərdi. Əgər şair həmin xəbəri və yaxud məlumatı adi, məişət tərzində olan fikir və ifadələrlə oxucuya çatdırırsa, bu, ən yaxşı halda onun ağlını məşğul edir,yox,əgər həmin xəbərə bəzək-düzək vurulursa,yeni ifadə və fikirlərlə o məlumata ilmə atılırsa ,bu,eyni zamanda oxucunun ürəyinə,hiss və duyğularına da təsir etmiş olur.Fərqanənin şeirlərində hər hansı bədii informasiya ilk növbədə oxucu ürəyinə hesablanır, hiss və duyğularını ehtisaza gətirməyə xidmət edir,onun ağlından çox ürəyini məşğul etməyə yönəldilir.Dünya yaranandan qəbir də var, başdaşı da. Amma Fərqanənin yazdığı “Daşyonanla söhbət” şeiri lap təptəzədi,həm ruhu,həm təqdimatı ilə,həm ifadə yenilikləri, həm də sözün yaratdığı məqam ilə. Şair başdaşı yonanla söhbət edir, bu söhbət adi söhbətdən bir az fərqlidi. Dipdiri bir adamın özü üçün başdaşı söhbəti eləməsi bir az o adamın ağlını qaçırması məqamına gəlir, amma şairin daşyonanla söhbəti nəinki belə bir anlam yaratmır, əksinə oxucuda həyatın reallıqlarının təzadlı tərəflərinə yeni bir münasibət formalaşdırır.

Yonduğun məzar daşları Sənə dərd, azar verməsin.

Ay müştəri gözləyənim, Heç Allah bazar verməsin.

Bu da şairanə bir qarğış,qarğışın insanlığa xidmət məqamı, yəni Allah heç ölüm-itim verməsin, ölüm nə qədər az olarsa,başdaşı yonanın da bazarı bir o qədər kasad olar. Şairlik tox olanda ağlamaq, ac olanda gülməkdi bəlkə, ya bəlkə içini yeyə-yeyə dünyanı düşünməkdi şairlik. Fərqanənin şeirlərini oxuyanda şairliyi görürsən, hiss etmirsən, onunla birgə yaşayırsan. Olub-bitəni o qədər yumşaq, qərəzsiz, anlaşıqlı ifadə edir ki, oxucu özünü o anın içində hiss edir. Atama məktub”, “Torpaq çəkir ayağından” və başqa şeirlərində kənd təbiəti, onun saflığı, biro dünyanın içində bir atadan söhbət açılır, adi məişət qayğıları şair qəlbinə yük olur, “Hə, de, necə çıxır daşdan çörəyin?” ifadəsi ilə kənddəki yaşayışın ağırlığını poetik təhlilə çəkir, “Deyirlər,kənd-kəsək öz yerindədi. Balaca böyüyüb kənd qəbristanı” misraları ilə ölüm-itiminbir az çoxaldığı anlamını yaradır. “Ayağından torpaq çəkir” şeirində isə şair başqa bir məqama toxunur. Ömür deyəndə ah çəkir,

Kövrəklili yarpaq çəkir,

Ayağından torpaq çəkir,

Boyu çəkilir atamın.

Bu da şairin çəkdiklərinin başqa bir tərəfi.Bəzən Ayın o biri üzü kimi şairinbir üzü görünmür. Bunu oxucunun özü müəyyən edir: Görən şair bununla nə demək istəyir? Bax, onda şairi bütöv oxumaq, onu bir tam halında dərk etmək lazımdı. Olur ki bir şeirin açması başqa bir şeirin içində olur. Şair ömrü bir dünyadır və o dünya bir az Mendeleyev cədvəlinə oxşayır, yazılan hər şeir isə özünün valentlikləri ilə o cədvəlin bir xanasında yer tutur. Bu xanadə yer tutan şeirlərin hərəsi bir havada oynayır. Elə şeir var ki, şükranlıqlarla doludu, elə şeir var ki,kiminsə dərdinə köklənib,amma elə şeirvar ki,insanların elədikləri qarşısında Allahın şeytanına şükür etməli olursan.

Hamı gedir bu axında,

Hərəsi bir boy-buxunda,

Çox mələklərə baxanda

Şükür şeytanına,Allah.

Dünyanın şirinliyndən keçib(Deyirlər dünya şirindi”) özü özündən asılan (“Öz-özümdən asılmışam”) şair öz sevgisinə ölüm hökmü kəsəndə inanırsan hakim-şairin ədalətinə. İnanırsan ki,bu qərarı yalnız dünyanın şirinliyindən keçənlər verə bilər.

Allah kəssin bu günü,

Küncə qısılı,

Bir az da özündən asılı,

Haqsız yerə

Günahsız əsir düşdüm sənə,

Sevgimə güllələnmə düşür.

FərqanəninTəndir”şeiri haqqında çox müsbət fikirlər deyilib, yazılıb.Mən isə diqqəti yalnız bir-iki fikrə çəkmək istəyirəm. Şair ana qürurunu,ana böyüklüyünü,möhtəşəmliyini ifadə etmək üçün təndirdən bir simvol kimi istifadə edir.

Əyninə özgə don geyməyən anam,

Təndir tüstüsündən yüz don geyinib.

Başını bir kəsə əyməyən anam,

Təndirə çatanda min yol əyilib.

Təndir müqəddəsləşir, öz urvatını bir az da artırır nəhayət təndir şairə bir gün anasızlığını belə unutdura bilir.

Gün gəlsə, olmasa anam həyatda,

Mən yanıb,közərib təndirdən betər

Qaçıb o təndiri qucaqlayacam.

Fərqanənin yaradıcılığında Tanrıya xitabən yazılmış onlarca şeirə rast gəlmək olar. Düşünürsən, bu, təsadüfidirmi, yoxsa zərurət? Yenə düşünürsən,şair bunları yazmaya bilərdimi? Məncə yazmaya bilməzdi. Birincisi ona görə ki, Fərqanənin qəlbi Allaha sevgilərlə doludu, ikincisi, bu şeirlər elə Allahın şeirləridi üçüncüsü, bu mövzuya müraciət şairin yaradıcılığı boy davam edir.Tanrı da ağlamır bizə”, “Şükür şeytanına”, “Allahıma”, “Hələ açammıram dolaşıq ömrü”, “Tanrıdı çıxıb yiyə”, “Sən alın yazırsan”, “Keç günahımdan, İlahi. “Gözü düşüb pəncərəmə”, “Ay Allah,mənə səbir ver başqa şeirlərində belə zərurətin olduğunu bir daha sübut edir.

Pay ummaram əlacımdan,

Ümidim ölsə acından,

Asılıb göy ağacından,

Harda özümə yer edim?

Bu bədii suala şair elə şeirin son bəndində belə cavab verir.

Necə istəsən əmr ver,

Sonra demə,demir,ver,

Ay Allah, mənə səbir ver,

Bu ömrü birtəhər edim.

«Sevgi şeirləri yaza bilmirəm” ,- deyən şair arabir, hərdən-hərdən məhəbbət şeirləri yazır. Amma sevgidən yazanda pıçıltıyla yazır, az qala barmaqlarının ucunda gəzə-gəzə yazır. İstəyir ki, onun sevgidən yazdığını kimsə bilməsin.Bəlkə özü demişkən:

yazsam ayrılıq olur axırı,

Sevgi şeirləri yaza bilmirəm.

Bilirsən söz adamıyam”, “Siz elə bilməyin”, “Hərdən mənə elə gəlir”, “Aramıza şeytan girib”, “Dünyayla barışdır məni”, “Sən varkən ümidim Allaha qalmaz”, “Bəlkə yuxularda sair şeirlərində şair mərhəm hisslərini lirik bir dillə oxucu ilə bölüşür. Sevgidən yazanda daha inamlı səslənir şairin səsi. Sevgi ona güc verir,qüvvət verir. Gün gəzirəm, Gün gəzirəm,

Axtarıram, üzgün gəzirəm,

Hamıdan küskün gəzirəm,

Dünyayla barışdır məni.

Fərqanənin poetik yaradıcılığı konkret həyat müşahidələrinə əsaslanır. Gördüklərini, duyduqlarını, hiss etdiklərini yaradıcılıq süzgəcindən keçirib şeirə çevirir. Ömrünün əllinci baharını yaşayan şair bu gün bədii yaradıcılığa daha müdrikcəsinə yanşır. Biz şairin yaradıcılığı ilə bağlı bəzi qeydlərimizi sizinlə bölüşdük. Güman edirik ki, ədəbi tənqidin görə biləcəyi daha çox şeylər var Fərqanənin yaradıcılığında. Bu gün ədəbi aləmin gözü önündə cavan bir ağac, üstündə cəmi əlli yamyaşıl yarpağı ilə günəşin dopdolu işığını uda-uda özü boyda bir kölgəyə sahibdi. İnanmaq istərik ki, günlər ötdükcə , aylar keçdikcə bu ağacın yarpaqları da çoxalacaq, altmışa, yetmişə, səksənə çatacaq bir gün bu kölgə cənublu, şimallı bütöv Azərbaycanı tutacaq.

 

Məmməd Tahir

Palitra.-2014.-4 iyun.-S.13.