Parisdə Toğrul Nərimanbəyovun
xatirəsi anılıb
Parisdə
görkəmli Azərbaycan rəssamı, XX və XXI əsrlərin
parlaq sənətkarları
sırasında xüsusi yeri
olan Toğrul Nərimanbəyovun
xatirəsi anılıb.
Anma mərasimindən əvvəl rəssamın Parisin Trakodero məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulub.
Sonra Azərbaycanın Mədəniyyət Mərkəzində anma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov rəssamın ailə tarixçəsindən söz açıb, ulu babalarının Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur siyasətçiləri kimi tanındıqlarını bildirib.
Diqqətə çatdırıb ki, Toğrul Nərimanbəyovun atası Fərman Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə bir qrup azərbaycanlı gənclə birlikdə Avropaya, o cümlədən Fransaya təhsil almağa göndərilmişdir. O, burada fransız xanım ilə evlənib və sonralar bu ailənin başçıları repressiyaya məruz qalıblar. Hələ uşaq ikən rəssamlığa böyük həvəs göstərən Toğrul Nərimanbəyov bu sənətin sirlərinə tezliklə bələd olaraq özünü istedadlı rəssam kimi tanıdıb.
Müşavir qeyd edib ki, rəssamın “Muğam”, “İçərişəhər”, “Narlar”, “Xəzər üzərində şəfəq” və digər işləri ona böyük şöhrət gətirib, əsərləri Fransa, Rusiya, ABŞ, Çin, İtaliya, Rumıniya, Belçika, Lüksemburq, Almaniya, Hindistan, Yaponiya və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.
Rəssamın yaradıcılığının əsasını mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı təşkil edib. Toğrul Nərimanbəyov SSRİ-nin və Azərbaycan Respublikasının Xalq rəssamı adına layiq görülüb, dövlət mükafatları laureatı olub, 2000-ci ildə ulu öndər Heydər Əliyevin, 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamları ilə müvafiq olaraq “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib, Prezidentin fərdi təqaüdçüsü olub.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Toğrul Nərimanbəyovun Azərbaycanın tanınmış ziyalı ailəsində dünyaya gəldiyini, Vətəninə vurğunluğunun əsərlərində əksini tapdığını diqqətə çatdırıb. Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrən rəssamla bağlı xatirələrini bölüşüb, Toğrul Nərimanbəyovun əsərlərinin nəinki doğma vətəni Azərbaycanda, habelə anasının vətəni Fransada da müəllifinə böyük şöhrət qazandırdığını bildirib.
Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və digər sənət adamları, rəssamın yaxın qohumları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak ediblər.
Palitra.-2014.-4 iyun.-S.13.