“Mən bütünlüklə bu sənətə bağlandım”
Röya Tağıyeva: “Bu elə
bir sənətdir ki, milləti bir araya gətirir. Millətimizi
başqa millətlərdən fərqləndirir”
Müsahibimiz Azərbaycan Xalça Muzeyinin direktoru, Sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır:
- Röya
xanım, Azərbaycan Xalça Muzeyinin bugünkü fəaliyyəti
Azərbaycan incəsənət aləmində hansı
xüsusiyyətə malikdir?
- Biz bugünkü fəaliyyətimizi sabahkı yeni muzeyin binasından qururuq. Bildiyiniz kimi açılışa hazırlaşırıq. Binanın açılışı olub. Hal-hazırda ekspozisiyanın açılışına hazırlaşırıq. Biz 45 ildən artıqdır ki, bu binanı gözləyirdik. Xalça Muzeyinin kolleksiyası 1967-ci ildən təşkil olunur. Həm də dünyada ən zəngin xalça kolleksiyasına malik olan mötəbər məkandır. Bununla belə, təəssüflər olsun ki, münasib bina olmadığı üçün bu sənəti hərtərəfli şəkildə tam göstərə bilmədik. Amma indi sevinirik ki, 5 min illik sənətimizi yeni ekspozisiyamızda göstərə biləcəyik. Muzeyin əsas fəaliyyəti ondan ibarətdir ki, kolleksiyalar toplanılıb. Amma biz bu kolleksiyaları cəmiyyətə qaytarmalıyıq. Sözsüz ki, bu kolleksiyaların üstündə elmi araşdırmalar aparılmalıdır. Xalça bir elm sistemidir. Burada insanın dünyagörüşü, dünyanın quruluşu naxışlarda, rənglərdə öz fikrini tamamlayıb. Onu demək istəyirəm ki, Xalça Muzeyi böyük bir elm mənbəyidir. Xalça Muzeyinin elmi statusu var. Burada dissertasiyalar müdafiə olunur. Burada tanınmış elm xadimləri fəaliyyət göstərir. Burada elmi toplular dərc olunur.
Azərbaycan Xalça Muzeyi 1983-cü ildən mütəmadi olaraq, beynəlxalq qurumlarla əlaqəli Azərbaycanda elmi konfranslar keçirir. Dördüncü belə konfransın biri də 2007-ci ildə Lətif Kərimovun 100 illik yubileyi ilə bağlı Fransanın Paris şəhərində keçirildi. Bu araşdırmalar imkan verir ki, təəssüflər olsun ki, Azərbaycan xalçaları bu günə kimi Şərq, Qafqaz xalçaları kimi tanınmaqdadır. Lakin bizim məqsədimiz Azərbaycan xalçalarına öz adını geri qaytarmaqdır. Bu vəzifədə bizim muzeyin öhdəsinə düşür. Biz də bu vəzifəni sevə-sevə yerinə yetirməyə çalışırıq.
Bununla əlaqədar onu demək istərdim ki, artıq 2010-cu ildə Azərbaycan Xalça Muzeyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və sözsüz ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Azərbaycan xalçası beynəlxalq miqyasda, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi irs siyahısına daxil edildi. Bu, bizim üçün əlamətdar hadisədir. Biz bunu qazandıq və bu bizim haqqımız idi.
Demək istəyirəm ki, Azərbaycan xalçasının qorunması üzrə böyük işlər aparılır. Azərbaycan Xalça Muzeyi tərəfindən Azərbaycan Xalçaçıları İctimai Birliyi yaradılıb. Bu birlik beynəlxalq miqyasda UNESCO-nun eksperti kimi qəbul olunub. Hal-hazırda bu birlik Azərbaycan Xalça Muzeyində olan nadir texnologiyaları, yaddan çıxmış kompozisiyaları bərpa edir və xalqa təqdim edir.
15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycan Xalça Muzeyi və Azərbaycan Xalçaçıları İctimai Birliyi ilə birgə möhtəşəm bir xalçanın təqdimatı olacaq. Bu xalça tanınmış rus rəssamı İqor Burqanovun eskizi əsasında toxunan xalçadır. Bu bizi çox sevindirir. Artıq deyə bilərik ki, bu gün rus rəssamının eskizi əsasında toxunan Azərbaycan xalçasını bəşəriyyətin bir incisi kimi qəbul edirik.
Bizim əsas məqsədimiz qoruyub saxlamaq, kəşf etmək, sirlərini açmaq və bunu gələcək nəsillərə ötürməkdir. Yeni muzeyimizdə Azərbaycanda ilk olan uşaq muzeyi yaradılıb və yeni binada fəaliyyət göstərəcək. Uşaqlara bu sənəti çatdırmaq çox vacibdir. Ona görə biz çalışırıq ki, yeni mühitdə bu ənənəni yaşadaq. Uşaqlar bizim muzeydə mütəmadi olaraq dərslər və əyləncəli məşqlər keçəcəklər. Uşaq muzeyi tərəfindən belə proqramlar hazırlanıb. “Öz xalçanı yarat” interaktiv, əyləncəli, ailəvi proqramdan biridir. Xalçada olan naxış uşağın valideynlərinə təqdim olunur və onlar bu naxışı xalçalarda tapırlar. Bu, axtarış formasında olan bir bilikdir. Yəni, ümidimiz çoxdur.
-Azərbaycan
xalçasının naxışlarının gənclər
tərəfindən öyrənilməsini necə
qarşılayırsınız?
- Mən istəyirəm ki, bu təhsilin əsas məktəb proqramına salınsın. Ya bağçada, ya da birinci sinifdən öyrədilsin. Çünki püxtələşmiş uşağa bu naxışı öyrətmək çox çətindir. Bunu mütləq ilk addımlarından öyrətmək lazımdır. Biz bunu hərtərəfli keçməliyik. Yalnız o zaman biz deyə bilərik ki, yetişən nəsildə buna maraq necə ola bilər. Maraq ola bilər. Ancaq biz istəyirik ki, keçmişdə bununla necə gözümüzü açıb yaşamışıqsa, qeyri-maddi irsimizi saxlamaq üçün bu adət-ənənəyə çevrilməlidir. Necə ki, keçmişdə naxışlar, adət-ənənəmiz xalqımızın həyatını bütövlükdə əhatə edib, bu gün isə bunun dərinliklərinə varmaq çox vacibdir. Çünki xalçanın həyatımızdakı rolu mühüm şərtlərdən biridir. Yəni nənələrimiz o zamanlar deyərdilər ki, ağırlığımız olanda, xalça ilə çıxardırdıq. Xoş günümüzdə ən gözəl hədiyyə xalça olardı. Bütün bu amilləri bilmək sözsüz ki, gənclərimizə bu sənətin ilk addımlarından yiyələndirmək lazımdır. O zaman biz deyə bilərik ki, gənc nəsil bunu yaşadır.
-Sənətşünaslıq
doktoru olaraq, Azərbaycan
xalçasının Azərbaycan tarixində rolunu
necə görürsünüz?
- Sözsüz ki, xalça sənəti böyük bir elmdir. Elmi araşdırmalar silsiləsindən danışanda “Azərbaycan xalçası sivilizasiyaların qovşağında” olan mövzu bizi çox maraqlandırır. Bu ad altında fundamental monoqrafiya hazırladıq. Bu monoqrafiya Misirdə, Macarıstanda və Çexiyada çap olunub. Burada da əsas məqsəd Azərbaycan xalçasının dünya mədəniyyətində rolundan bəhs etməkdir. Bu monoqrafiya üç dildə çap olunub, artıq bu yaxınlarda fransız dilində də dərc olunacaq.
Bir daha minnətdaram ki, ölməz sənətkarımız Lətif Kərimov və Xalça Muzeyinin yaradıcısı olub. Ona görə ki, o birinci hiss etdi ki, xalça böyük bir sənət əsəridir. Burada bir xalqın 5 min illik bilikləri xalçada öz əksini tapıb. Artıq bu sənətdə qədim zamanlardan kainatın yaranması, təbiət ünsürlərindən məlumat öz əksini tapıb. Biz indi elm olaraq, bunları dərindən araşdırırıq.
Fikir versəniz, Xalça Muzeyinin tavanında bərabərtərəfli xaç rəsminin işlənməsini görə bilərsiniz. Bu bərabərtərəfli xaç bütün türkdilli xalqlara məxsus olan bir ünsürdür. Bu da dünyanın yaranması ilə əlaqədar bir ünsürdür. Biz çalışırıq ki, bu ünsürlərin mənasını dəqiqliklə açaq, xalqa qaytaraq. Bunlar nəinki estetik funksiya daşıyır, həmçinin bilik mənbəyi olub. İstəyirik ki, xalçalar bundan sonra da biliyimizin mənbəyi olaraq cəmiyyətdə və təhsildə hər zaman öyrənilsin.
-
Xalçalarımızda olan
naxışların araşdırmaları
aparılırmı?
- Azərbaycan ərazisində qədim dövrə aid tapılan keramik qablarda, xüsusilə tunc dövrünə aid qablarda xüsusi işlənmiş, fərqli naxışlar görə bilərsiniz. Həmin qabların üzərində ağac, bərabərtərəfli xaç, həndəsi formalı motivlər, heyvan motivləri görə bilərsiniz. Demək istərdim ki, bunlar Azərbaycan motivlərinə xas olan elementlərdir. Məsələn, bərabərtərəfli xaç əsirlər keçdikcə bir çox mənalar kəsb edib. Bu mənalar artıq dörd ünsürlə, çərxi fələklə, ilaxır çərşənbələrə qoyulan ünsürlərlə də adlandırılırdı. Maraqlısı odur ki, bu günə kimi xalçalarımızda bu mənaları izləyə bilirik. Bu gündə bu mənalar xalçalarımızda saxlanılır.
Çox maraqlıdır ki, arxeoloji abidələr belə bir məlumat verir ki, türkdilli xalqların yaşadığı ərazilərdə olan arxeoloji materiallarda ünsürlərin ən qədimi Azərbaycanda tapılıb. Bu Xocalı-Gədəbəy ərazisində tapılan keramikalar Qafqaz ərazisində ən qədim dövrə təsadüf edir. Demək istəyirəm ki, sonradan başqa ərazilərdə tapılan keramik saxsı qablar heç də qədim dövrə aid deyil. Eramızdan 2000 il bundan əvvələ aid keramik qabların üzərində olan naxışları bu gün xalçalarımızda görə bilərsiniz.
-Gənc xalçaçılarımızda
milli ruhu və milli ruha
bağlılığı görürsünüzmü?
- Sözsüz ki, xalçaçılarımızda bu ruh var. Gənclərimiz bu sənəti sevir, duyur və başa düşürlər. Mən bunu görürəm. Mən istəyirəm ki, bu daha da geniş bir forma alsın. Çünki bu elə bir sənətdir ki, milləti bir araya gətirir. Millətimizi başqa millətlərdən fərqləndirir.
- Röya
xanım ruhunun qidasını nədə görür? Xalçaları izləyərkən
hansı aləmin seyrinə dalırsınız?
- Mən bu sənəti təsadüfi olaraq seçmədim. Çünki gözümü açandan hər zaman çarpayımın yanında asılı bir xalça var idi. Mən hər səhər yuxudan oyandığım zaman həmin xalçanı seyr edərdim. O zaman mən heç də buna diqqət etmirdim. Düşünürdüm ki, bu elə məhz burada da asılmalı idi. Vaxt keçdikcə mən bu sənətə daha çox bağlandım.
1967-ci ildə Xalça Muzeyi Lətif müəllimin təşəbbüsü
ilə yaradıldığı zaman mən
Filologiya fakültəsinin tələbəsi
idim. Bir gün bizi muzeyə dəvət
etdilər. 6-7 tələbə bu muzeydə
çalışmağa başladıq. Vaxt
keçdikcə hər kəs öz
ixtisasının dalınca getdi. Ancaq mən nədənsə bu
məkandan ayrıla bilmirdim. Elə də
oldu. Mən bütünlüklə bu sənətə bağlandım.
Sualınıza cavab olaraq
deyim ki, bunlar sözlə ifadə olunmayan
dərin hisslərdir.
Xəyalə
GÜNƏŞ
Palitra.-2014.-5 iyun.-S.13.