Gürcüstan gözəli
seçilən, 6 dil bilən azərbaycanlı
Aysel Məmmədova:
“Gürcüstanın ən məşhur rəqs
ansamblının solisti olmuşam
və dünyanın 40 rəqsini bilirəm”
Azərbaycan daim istedadlar, qeyri-adi insanlar və dünyaya müxtəlif sahələrdə sözün həqiqi mənasında dahi şəxsiyyətlər bəxş edib. Bunlara minlərlə misallar çəkmək olar. Bu gün isə elə azərbaycanlı gənclər də var ki, dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərərək doğulub yaşadıqları ölkələrə müxtəlif sahələrdə xeyirlər verirlər, öz potensiallarını müxtəlif formada ortaya qoyurlar. Onlar həm də bizim fəxrlərimizdirlər. Belə öncül gənclərimizdən biri də Aysel Məmmədovadır. Aysel xanımın uğurları haqqında çox danışmaq olar. Bu azərbaycanlı xanımla olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
-Aysel xanım, özünüz barədə məlumat verərdiniz.
- Mən - Aysel Məmmədova Gürcüstanın paytaxtı Tiflis şəhərində azərbaycanlı ailəsində anadan olmuşam. Özüm haqda ilk olaraq onu deyə bilərəm ki, 3 yasımdan ingilis dilini öyrənirəm. 6 yaşında isə ailəm məni rus məktəbinə apardı. 5-ci sinfə qədər orada oxudum və sonra isə ingilis kollecində oxudum. Məktəb illərim çox maraqlı və mənim üçün sözün həqiqi mənasında uğurlu keçib. Məktəbdə çox yaxşı oxuyurdum, və humanitar və texniki fənlərə marağım var idi.
- İlk
uğurunuz nə zaman olub?
- Bəzi xırda saydığım uğur
və nailiyyətləri
nəzərə almasam,
ilk uğurum 2008-ci ildə
olub. Görünüşümə görə ətrafımda
olan xanımlardan fərqləndiyim üçün
gözəllik yarışmasında
iştirak üçün
təklif aldım.
Düzü, bu müsabiqədə
qalib olacağıma heç ümidim yox idi. Çünki düşünürdüm ki, azərbaycanlı soyadı daşıyıram
və buna görə, mənim qalib gəlmək şansım xeyli azdır. Amma hər şey
düşündüyüm kimi olmadı. Doğrudan da bütün proseslər obyektiv keçdi və mən - bir azərbaycanlı qızı
1-ci yerin qalibi oldum. Bu uğur
mənim üçün
çox qəribə
görünürdü. Bəlkə də ən böyük uğurlarımdan
biri olduğu üçün bu belə idi. Bir daha münsiflər heyətinə təşəkkürümü
bildirirəm. Bundan başqa
2009-cu ildə “Türkcə
Olimpiyatlar” adlanan yarışmada Gürcüstanı
təmsil edirdim və yarışda
3-cü yerin sahibi olmuşdum. Bu yarışmadan qayıtdıqdan
sonra “Miss Tiflis” gözəllik
yarışmasından təklif
aldım və düşünmədən bu
təklifi qəbul etdim. Bu təklif
mənim üçün
inanılmaz görünürdü.
16 yaşımda Tiflis gözəli də seçildim. Bu, mənim karyeramda, ümumilikdə ictimai həyatımda da tramplin rolunu oynadı. Bu uğurdan sonra müxtəlif yerlərdən
xeyli təkliflər aldım. Müxtəlif fotosessiyalar, film çəkilişləri,
səhnə və sair təkliflər bu gün də
gəlməkdə davam
edir.
- Belə gənc yaşından şöhrətin zirvəsinə
qalxmaq sizin üçün “başgicəlləndirici”
deyil ki?...
- Adətən erkən yaşdan tanınmaq və şöhrət qazanmaq insanların başını gicəlləndirir
və adam
bir qədər dəyişir. Amma inanın ki,
bu məndə belə olmur. Ümumiyyətlə, bir şeyi
qeyd edim ki, mən aktiv
olmağı, göz önündə, gündəmdə
qalmağı uşaq
yaşlarından istəmişəm.
Yəni,
səhnəni uşaq
vaxtlarımdan çox
sevirdim. Uşaq yaşlarımdan
diqqət mərkəzində
olmağı istəmişəm
və səhnəyə
çıxmağa kompleksim
də olmayıb.
Hər zaman aktivliyimə sevinirdim.
- Bəlkə sizin uşaqlıqdan incəsənətə, ictimai
aktivliyə meyilli olmağınızın özəl
səbəbləri var?
-Bəlkə də buna özəl səbəb incəsənət
xadimlərinin əhatəsində
böyüməyim ola bilər. Yəni incəsənət ailəsində
böyümüşəm desəm, yanılmaram.
Böyük dayılarım da
Gürcüstanda çox
tanınmış xanəndələr
olublar. Bunlar Ramiz və Telman Rzayevlərdir. Onlardan ilhamlanaraq mən də vokal dərslərə,
hazırlığa başladım
və bununla bağlı müxtəlif
layihələrə qatılırdım.
Hətta
bu istiqamətdə də festivallarda böyük uğurlar qazandım.
- Bu aktivliyiniz, müxtəlif sahələrdə
özünüzü uğurlu
şəkildə sınamağınız
təqdirəlayiqdir. Bəs
Azərbaycanı, azərbaycançılığı
necə, unutmursunuz ki?
-Əlbəttə yox. Biz çox istiqanlı millətik və başqa bir diyarda doğulsaq belə, öz milli təəssübkeşliyimizi
qoruyub saxlayırıq.
Hər zaman festivallarda Azərbaycanın vətənpərvər
mahnıları ilə
çıxış edirdim.
Bu isə mənim
üçün çox
böyük ikitərəfli
fəxrdir. Birincisi ona
görə ki, Gürcüstanda Azərbaycan
mahnısı ilə çıxış edirdim.
İkinci bir tərəfdən
isə, azərbaycanlı
qız Gürcüstan
haqqında vətənpərvər
mahnılar ifa edir.
-İncəsənət
sahəsindən başqa
hansı işlərdə
uğur və nailiyyətləriniz olub?
- 2012-ci ildə İYİPO beynəlxalq
olimpiadasına qatıldım.
Təbii
ki, dəqiq fənləri yaxşı
oxuduğum üçün
fizika üzrə qatılmışdım bu
bilik yarışına.
Özüm yeni formula yazdım
və bu, alternativ enerji mənbələri haqqında
idi. Yəni külək və
Günəşdən eyni
üsullarla elektrik enerjisi almağın üsullarını göstərdim.
Yeni bir metod idi.
Öncə bu işlə
yarışmaya respublika
üzrə qatıldım
və Gürcüstanda
birincilik qazandım.
Sonradan isə Gürcüstanı
Artix Beynalxalq Alimlər Olimpiadasında təmsil etdim. Burada da qızıl medalın sahibi oldum. Amma bir qəribəliyi
də bildirim ki, heç bir zaman fizikaya
marağım olmayıb.
Amma bilik yarışmasına az vaxt qalmış
hazırlaşaraq bəxtimi
sınadım. Belə deyək
ki, böyük uğurlarla 12 illik məktəbi bitirə bildim. Onu da deyim ki, 50 faiz endirimlə,
Beynəlxalq Qara Dəniz Universitetinə qəbul oldum. İxtisasım isə Beynəlxalq
Münasibətlər üzrə
oldu. Hazırda 3-cü kursda oxuyuram
və təhsildən
çox razıyam.
-Belə başa düşdüm ki, çoxşaxəli fəaliyyətiniz var. Bəs
necə vaxt ayırırsınız bütün
bu işlərə?
-Həyatda maksimalistəm. Çalışıram, hər şey
100 faiz olsun. Amma arada olur ki,
dediyiniz kimi çatdıra bilmirəm.
Çünki çox işlərim
olur. Maraq üçün deyim ki, 1 il
ingilis dili müəlliməsi kimi də işləmişəm,
dil öyrətdiyim tələbələrim də
olub. Hətta bir il də rəqs müəlliməsi kimi fəaliyyət göstərmişəm.
Məncə digər işlərimdən
fərqli olaraq müəllimlik ən çətin işdir.
Bu işə çox enerjili və normal əsəb sistemi olan insan
gərəkdir. Müəllimə kimi fəaliyyətimdə
çox yorulurdum.
Onu da qeyd edim
ki, Gürcüstanın
ən məşhur rəqs ansamblının solisti idim. Hazırda isə dünyanın 40 rəqsini bilirəm.
2013-cü il mənim üçün ən uğurlu il oldu desəm,
yanılmaram. Ötən
il kinoda
baş rolda oynamaq üçün təklif aldım. Kinonun müsəlman və xristian sevgisinə aid olan bir süjeti
var. Düzü, bu sahə mənim üçün yeni olsa da, çətinliklər
çəkmədim. Düşünürəm ki, baş rolda
ifam çox uğurlu alınıb, inşallah, sentyabrda filmi izləyib qiymət verərsiniz.
-Bəs bu il haqqında nələri deyə bilərsiniz?
- Bu il çox
xoş və uğurlu başlayıb. Yanvarda Gürcüstanda fəaliyyət
göstərən Azərbaycan
Dram Teatrından bir təklif aldım və tamaşalarda yer almaq üçün
teatr fəaliyyətimi
də başlamışam.
Əlbəttə, bu seçim
mənim üçün
çox çətin
idi. Amma düşünürəm ki, oynadığım rollar uğurlu alınıb. Bundan əlavə
21 mart Novruz bayramında
aparıcı kimi, tamaşaçılar üçün
prezidentin tərcüməçisi
kimi də çıxış etmişəm.
Yəqin bilirsiniz ki, Gürcüstanda gürcü dilini mükəmməl bilən
az saylı
soydaşımız var. Təvazökarlıqdan
uzaq olsa da, qeyd edim
ki, 6 dil bilirəm. Əvvəllər, hətta tərcüməçi
kimi də işləmişəm. Amma yenə
də əsas fəaliyyətimi musiqilər
bəstələmək, oxumaq
üzərində qurmağa
çalışıram. Apreldə yeni mahnılar yazdım. İnşallah, tezliklə bu
mahnılara klip də çəkmək istəyirəm. Mayda isə
Elvin Abdullayevin klipində
çəkilmək təklifi
aldım. Bu təklifi qəbul etdim, çünki hər zaman öz soydaşlarımıza
dəstək olmağa
hazıram.
-Bildiyim qədərilə,
həm də televiziya aparıcısısınız.
Bu barədə də danışardınız.
- Bəli. 1 ilə
yaxındır ki, Gürcüstanın “Stv” televiziyasında “Etnos” verilişinin aparıcısıyam
və mövzularımız
Gürcüstanda yaşayan
müxtəlif millətlərə
aid olur. Özəlliklə verilişlərimiz Azərbaycan
millətinə həsr
olunur. Bizim mədəniyyətimiz, millət barəsində olan müxtəlif ədəbi-elmi məsələlər,
problemlər barədə
müzakirələr aparırıq.
Ümumiyyətlə, qeyd edim ki,
mən millətimizə
çox bağlıyam. Bu yaxınlarda Beynəlxalq Mədəniyyət festivalında
oldum ki, burada da ilk dəfə
Azərbaycanı dəstəkləyirdim
və gözəl “Yaşa Azərbaycanım”
mahnısını ifa
etdim. Həmçinin 26 mayda isə
Gürcüstanın müstəqillik
günü idi ki, burada da
gürcü əsgərlər
üçün vətənpərvər
mahnılar oxudum.
Bu, hərbi geyimdə
iki şəhərdə
reallaşdı.
-Bəs uğurlarınızı Azərbaycanda
davam etdirmək haqqında düşünmüsünüzmü?
- Uğurlarımdan danışdıqdan
sonra bir arzum yarandı ki, bu da
bütün istedadım
və bacarığımı
öz Vətənimdə
-Azərbaycanda sərgiləməkdir.
Təbii
ki, istərdim Azərbaycanda fəaliyyət
göstərim. Nə qədər
Gürcüstanda uğurlu
fəaliyyət göstərsəm
də, mənim ürəyim Vətənimlədir
və hansısa qüvvə məni daim Azərbaycana çəkir. İnşallah, tezliklə Azərbaycana gələrəm və bu, mənim ən böyük arzumdur.
Tural Tağıyev
Palitra.-2014.-5 iyun.-s.7.