Yeniyetmə idmançılarımız sabah üçün böyük gələcək vəd edir
Bakıda
keçirilən nüfuzlu yarışlar
yeniyetmələrin idmana cəlb
olunması və onların fiziki-mənəvi
inkişafında böyük rol oynayır
Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir. Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda Bakıda keçirilən nüfuzlu yarışların yeniyetmələrin idmana cəlb olunması və onların fiziki-mənəvi inkişafında oynadığı rola toxunacağıq.
Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Bünün üçün bütün mümkün vasitələrdən istifadə edilir. İdmanın inkişaf etdirilməsi həm dövlətin dünyadakı təbliği, müsbət imici üçün, həm də ölkədə gənc nəslin formalaşması üçün vacibdir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi siyasət bu və ya digər yarışlarda qələbə əldə edilməsinə yönəlməyib. Əksinə bu sahədə reallaşdırılan siyasət Azərbaycanın gələcəyinə yatırılan sərmayədir. Bütün bölgələrin müasir idman bazaları ilə əhatə olunması gələcək üçün hesablanmış siyasətdir. Dövlət başçısının bu siyasəti uzun illər ərzində Azərbaycanda gənc və sağlam nəslin yetişdirilməsi ilə yanaşı, yeni-yeni idmançı nəslinin formalaşdırılmasını da təmin edəcək. Bu siyasət gənc nəslin fiziki-mənəvi cəhətdən sağlam böyüməsi üçün böyük imkanlar yaradır. Yeni yaradılan bazalarda məşq edən yenityetmələr, gənclər Azərbaycanın gələcək idman uğurlarının qəhrəmanları olacaqlar. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində yeni-yeni idmançı nəsli yetişir. Yəni, bu siyasət elə qurulub ki, daimi olaraq yığma komandalar üçün ehtiyat qüvvə yetişir. Yeniyetmə və gənc nəsil artıq indidən idmanımızın sabahı üçün böyük gələcək vəd edirlər. Həmin yeniyetmə idmançıların bəzisi bir neçə gün əvvəl Bakıda keçirilən yeniyetmələr arasında Avropa təsnifat turnirində özlərini ən yaxşı tərəfdən göstərə bildilər. Belə nüfuzlu yarışlar yeni istedadlı idmançıların üzə çıxarılmasını təmin etməklə yanaşı, gənc nəsil arasında idmanın təbliği baxımından da əhəmiyyət kəsb edir. Qeyd edək ki, həmin turnirin sonuncu günündə Azərbaycan millisi 1 qızıl medal qazanıb. Oğlanlar arasında üç təkanla tullanma yarışlarında atletimiz Nazim Babayev 16,14 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin və Azərbaycanın yeniyetmələr arasında rekordunu yeniləyən idmançımız, həmçinin cari ilin avqustunda Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Gümüş medala ukraynalı Aleksandr Malosilov, bürünc mükafata isə italiyalı Tobia Boççi sahib olublar.
Qızların çəkicatma yarışlarında Macarıstan təmsilçisi Sofiya Bacskay birinci olub. İtaliyalı Lusiya Prinetti Anzalapaya gümüş, rusiyalı Sofiya Palkina isə bürünc medal qazanıblar. Oğlanlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışlarında 51.51 saniyə göstərici ilə Fransa təmsilçisi Viktor Koroller bütün rəqiblərini qabaqlamışdır. Digər iki pillədə isə Dominik Hufnagl (Avstirya) və Dimitrios Levantinos (Yunanıstan) qərarlaşıblar.
Qızlar arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışlarında 58.93 saniyə nəticə ilə almaniyalı Eileen Demes qızıl medal qazanıb. Danimarkalı Anne Sofie Kickegaard yarışı ikinci, isveçrəli Miçelle Mueller isə üçüncü pillədə başa vurublar. Qızlar arasında 1500 metr məsafəyə qaçış yarışlarında almaniyalı Konstanze Klosterhalfen birinci, polşalı Silva İndeka ikinci, italiyalı Çiara Ferdanii üçüncü pillədə qərarlaşıb. Həmin məsafədə oğlanların mübarizəsində Ömer Oti (Türkiyə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mateusz Borkovski (Polşa) gümüş, Baptiste Mişler (Fransa) bürünc medala sahib olublar. Şüvəllə tullanma yarışlarında qızların mübarizəsində isveçrəli Anjelika Moser fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Belaruslu Anna Şpak gümüş, çexiyalı Zuzana Prazakova isə bürünc medal qazanıblar. Yarışı 7-ci pillədə başa vuran Azərbaycan atleti Yelena Qladkova mükafatçılar sırasında yer ala bilməsə də, yeniyetmələrin II Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Səkkiz yüz metr məsafəyə qızların qaçış yarışlarında Yekaterina Alekseyeva (Rusiya) birinci, Lotte Şeldeman (Belçika) ikinci, Marin Kalis (Almaniya) üçüncü olublar. Qızlar arasında uzunluğa tullanma yarışlarında rusiyalı Yekaterino Kropivka qızıl medal qazanıb. Belçikalı Hanne Maudens ikinci, italiyalı Beatris Fiorese üçüncü pillədə qərarlaşıblar. Azərbaycan millisi turniri 1 qızıl, 1 gümüş və 3 lisenziya ilə başa vurub.
Qeyd edək ki, turnir atletikanın 18 növü üzrə keçirilib və Çinin Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Avropa təsnifat turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparıb. Bunlardan 333-ü qız, 357-si isə oğlan atletdir. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün 108 olub. Avropa Atletika Assosiasiyası (AAA) “Bakı-2015” Avropa Oyunları ərəfəsində keçirilmiş yeniyetmələr arasında atletika üzrə Avropa təsnifat yarışlarını yüksək qiymətləndirib. AAA-nın baş vitse-prezidenti Xose Lüis de Karlos mayın 30-dan iyunun 1-dək Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Turnir “Bakı-2015” Avropa Oyunlarına ilk sınaq yarışı olub. Xose Lüis de Karlos deyib: “Avropa Atletika Assosiasiyasının azərbaycanlı dostlarının həyata keçirdiyi yüksək təşkilatçılıq səviyyəsinə görə özümü xoşbəxt hiss edirəm və bu, bizdə gözəl təəssüratlar yaradıb. Tədbirin təşkili üçün Azərbaycan Atletika Federasiyasına çox qısa vaxt verilmişdi. Ancaq onlar işlərinin öhdəsindən çox gözəl gəldilər. İndi isə Avropa Oyunlarının bir hissəsi kimi atletika üzrə komanda birinciliyinin üçüncü liqasının müvəffəqiyyətlə həyata keçirilməsində sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik”.
Avropa təsnifat turniri zamanı nəqliyyat əməliyyatları, təhlükəsizlik və qida xidmətləri kimi funksiyaların sınaqdan keçirilməsi üçün “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinə (BEGOC) imkan yaradıb. Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunun dəyərli fürsət olduğunu vurğulayıb.
S.Kleq bildirib ki, Xose Lüis de Karlosun təşkilatçılığı yüksək qiymətləndirməsindən şadam: “Bu cür yarışlara ev sahibliyi etməkdə həm Azərbaycan Atletika Federasiyasına (AAF), həm də BEGOC-a imkan yaratdığı üçün Avropa Atletika Assosiasiyasına təşəkkürümü bildirirəm. Biz AAF ilə birgə çalışaraq bütün idmançıların və hakimlərin zövq alacağı müstəsna tədbir təşkil etdik. İlk sınaq yarışlarının uğurla keçirilməsi bütün qitənin qürur duyacağı Avropa Oyunlarının həyata keçirilməsində mühüm mərhələdir”.
AAF-ın prezidenti Çingiz Hüseynzadə deyib: “Azərbaycanın Avropa təsnifat turnirinə ev sahibliyi etməsi bizim üçün fəxrdir və bu cür heyrətamiz uğur əldə etmək üçün yerli təşkilat komitəsində hər kəsin göstərdiyi səylərdən şərəf hissi duyuram. Biz bütün idmançıları və komanda rəsmilərini Azərbaycanda qarşılamaqdan tamamilə zövq aldıq və onların hamısına gələcəkdə yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarında uğurlar arzulayırıq.
Yarış müddətində, ümumilikdə,
931 idmançı və komanda rəsmisi yeni tikilmiş Atletlər
Kəndində qaldı. Bu da
kəndin ilk dəfə olaraq
operativ fəaliyyət qabiliyyəti
baxımından testdən keçirilməsinə şərait
yaratdı”. Prezidentin
olimpiyaçılarımızla keçirdiyi
görüşdə qeyd etdiyi
kimi görülən bu
işlərin arxasında dövlətin həyata keçirdiyi məqsədyönlü siyaət
dayanır: «Bizdə istedadlı idmançılar çoxdur - uşaqlar, gənclər,
yeniyetmələr. Təsadüfi deyil ki, yeniyetmələr arasında I Olimpiya Oyunlarında Azərbaycan 11-ci yerə çata bilmişdir. Bu, dünya miqyasında çox böyük nəticədir.
Yəni, gənc nəsil yetişir. Onlar yaxın illərdə böyüklər
arasında keçiriləcək yarışlarda da iştirak edəcəklər.
Olimpiyaçılarımızın da əksəriyyəti
gənclərdir. Yəni, bu insanlar, bu gənclər, bu idmançılar son illər
ərzində yetişib, püxtələşib
və artıq dünyanın bir nömrəli
idman yarışının qalibləri olmuşlar. Yəni, bütün
bu işlərin təməlində düşünülmüş siyasət və
ardıcıl, məqsədyönlü fəaliyyət
dayanır”.
Anar Miriyev
Palitra.-2014.-7 iyun.-S.11.