Uşaq və gənclərin mənəvi inkişafında musiqi böyük rol oynayır

 

Uşaq və gənclərin mənəvi inkişafında milli musiqimizin mühüm rolu var. Milli musiqimizi yaşatmaq üçün gənc nəsil bu sənəti daha dərindən öyrənməli, yaşatmalı və onlar da gələcək nəsillərə çatdırmalıdırlar.

Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı bir çox mühüm tədbirlərin həyata keçirildiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Bununla bağlı həyata keçirilən layihələr bu prosesə öz töhfəsini verir. Təsadüfi deyil ki, Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Qeyd edək ki, ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti də YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu gün uşaq və gənclərin musiqimizi daha dərindən öyrənməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Məhz bu məqsədlə müxtəlif müsabiqələr həyata keçirilir. Belə tədbirlərdən biriUşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsidir. Ölkədə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ilin aprel - may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini təşkil olunub. İki turdan ibarət olan müsabiqə tar, kamança, qanun, qarmon, saz, balaban ixtisaslarında təhsil alan uşaq və gənclər arasında 3 yaş qrupu (I qrup: 10-12 yaş; II qrup: 13-15 yaş; III qrup: 16-18 yaş) üzrə keçirilib və 600-dən çox şagird sənəd verib. Müsabiqənin I turu 14 aprel tarixində Mingəçevir şəhərində, 17 aprel tarixində Goranboy rayonunda, 21 aprel tarixində Şəki şəhərində, 24 aprel tarixində Xaçmaz rayonunda, 28 aprel tarixində Ağcabədi rayonunda, 2 may tarixində Şirvan şəhərində, 4 may tarixində Abşeron rayon Ceyranbatan qəsəbəsində, 6 may tarixində isə Bakı şəhərində başlayıb. Müsabiqə iştirakçılarının çıxışlarını Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Respublikanın Əməkdar artisti Vamiq Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar artist Elşad Cabbarov, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Məlahət Əliyevadan ibarət olan münsiflər heyəti qiymətləndirib.

Müsabiqədə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının, Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecinin, Bülbül adına orta ixtisas musiqi məktəbinin, Musiqi kolleclərinin, Qafqaz Universitetinin şagird və tələbələri iştirak ediblər. İfaçılar müsabiqənin əsasnaməsinə uyğun olaraq, I turda etüd, Azərbaycan və xarici ölkə bəstəkarlarının pyeslərini, saz və aşıq havalarını, II turda isə iri həcmli əsər, muğam, ənənəvi saz və ənənəvi aşıq havalarını ifa ediblər.

Müsabiqə çərçivəsində tar, kamança, qanun, qarmon, balaban, saz ixtisasları üzrə ustad dərslər də keçirilib. I turda müvəffəqiyyətlə iştirak edən şagird və tələbələr II tura buraxılıb və müsabiqənin II turu 14-15-16 may tarixlərindən Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbində keçirilib. Müsabiqənin II turunun açılışında Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

O, ölkədə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə dövlət qayğısından danışaraq qeyd edib ki, Azərbaycanın bədii təhsili sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Azərbaycanın tar ifaçılığı sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib.

Qeyd edək ki, müsabiqənin II turuna 150 şagird buraxılıb, müsabiqədə yüksək səviyyədə və uğurla çıxış edən şagird və tələbələr Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları, Tərifnamələri və pul mükafatları ilə təltif olunublar.

Müxtəlif bölgələrdə, o cümlədən Ağcabədi şəhərində də uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsinin zona turu keçirilib. Müsabiqənin Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər İncəsənət Məktəbində keçirilən zona turunda Ağcabədi, Ucar, Zərdab, Beyləqan, Ağdam, İmişli, Xocavənd və Füzuli rayonlarının musiqi və incəsənət məktəblərinin, habelə Ağdam Musiqi Kollecinin şagirdləri iştirak ediblər. Hər bir ifaçı müsabiqəyə 3 musiqi əsəri təqdim edib. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyevin rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri iştirakçıların ifalarını diqqətlə dinləyib, tövsiyələrini veriblər. Münsiflər heyətinin tərkibinə, həmçinin Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin məsul əməkdaşları daxil idilər.Münsiflər heyətinin rəyinə əsasən, zona turunda fərqlənən ən yaxşı xalq çalğı alətləri ifaçıları respublika müsabiqəsinin mayın ortalarında Bakı şəhərində keçiriləcək yekun turunda iştirak edəcəklər.

Nəhayət, uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsinə yekun vurulub. Müsabiqənin I turu 14 aprel - 12 may tarixlərində zonalar üzrə Bakı, Mingəçevir, Abşeron, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan şəhər və rayonlarında, II turu isə 14-16 may tarixlərində Bakı şəhərində keçirilib. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin ixtisaslaryaş qrupları üzrə laureatları müəyyənləşib, fərqlənən məktəblər, şagirdlər, müəllim və konsertmeysterlər qeyd olunub. Beləliklə, uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin konserti və mükafatlandırılma mərasimi 10 iyun 2014-cü il tarixində saat 16:00-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

 

Nigar Abdullayeva

Palitra.-2014.-10 iyun.-S.11.