Səadət Seyidova: “Çalışmasan sənətində yüksələ bilməzsən...”

 

Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor və Əməkdar müəllim Səadət Seyidovadır:

-Səadət xanım, Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının tədrisi son illər hansı fəaliyyətlə inkişaf prosesi keçir?

- Bizim kafedra elə bir tədris prosesidir ki, akademiyamızda olan bütün şöbələrin yolu bu kafedradan keçir. Musiqi nəzəriyyəsi demək olar ki, hər hansı bir ifaçı üçün, ümumiyyətlə, musiqiçi üçün sənətinin platforması sayılır. Əgər bir musiqiçi musiqi nəzəriyyəsini bilməsə onlara yiyələnməsə, onun musiqi savadı ola bilməz. Kafedramızda tədris prosesi çox yüksək səviyyədə gedir. Mən sizə kafedrada əsas hansı fənlərin tədris olunduğunu izah edim. Burada əsas qarmoniya, polifoniya, musiqinin təhlili və bu səpkidə olan nəzəri fənlər keçirilir. Kafedranın müəllim heyəti də olduqca savadlı və tədris prosesinə hazır kadrlardır. Sənətşünaslıq üzrə fəlsəfə doktorları, professorlar, dosentlər bizim kafedranın müəllim heyətini təşkil edir.

Kafedramızda tələbələrin marağını belə izah edərdim ki, hər zaman olduğu kimi yaxşı tələbə, maraq göstərən tələbə və orta səviyyəli tələbələr də var. Biz, müəllim heyəti olaraq, hər zaman çalışırıq ki, orta səviyyəli tələbə də olsa, onu imkanları çərçivəsində yüksəklərə qaldıraq. Müəllim kadrlarımız pedaqoji fəaliyyətində əsasən nəzəri mövzulara diqqət edirlər. Musiqi terminlərində ladları, bütün musiqini əhatə edən və musiqinin komponentlərini Musiqi nəzəriyyəsi kafedrasında əsaslı surətdə öyrənirlər. Bütün dərslərimiz fortepiano arxasında keçirilir. Dərslərimizin əksəriyyəti fərdi olur. Çünki bu fənn üzrə musiqişünaslar qrup şəklində dərs keçə bilməz.

- Musiqişünaslar musiqi nəzəriyyəsi ixtisası üzrə yeni terminlərin araşdırılmasını aparırlarmı?

- Əlbəttə ki, aparırlar. Burada bir nüansı qeyd etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycan musiqisində nə varsa Üzeyir bəyin adı ilə bağlıdır. Eləcə də bizim kafedranın adı. Üzeyir bəy Azərbaycan musiqi nəzəriyyəsinin təməlini qoyub. Onun “Azərbaycan musiqisinin əsasları” kitabı bizim üçün dəyərli bir dərslikdir.

Bu kitab Üzeyir bəyin uzun illər Azərbaycan musiqisində apardığı tədqiqatlarının nəticəsidir.

Musiqi nəzəriyyəsi kafedrasında antik dövrün musiqisi, orta əsr musiqisibu dövrlərin bir-biri ilə müqayisəsi araşdırılır. Bəstəkar musiqisində Azərbaycan muğamlarının və Azərbaycan ladlarının tədqiqatları da tədrisdə istifadə olunur. Bizdə qarmoniya, polifoniya və digər ixtisas dərsləri xüsusi diqqət etdiyimiz tədris prosesidir. Bu ixtisas fənləri musiqişünas yetişdirir. Bu fənlərin hər birinimusiqişünaslar tədris edir.

Musiqişünas nəyi bilməlidir? Musiqişünas gözəl dil qabiliyyətinə malik olmalıdır. Musiqi terminlərini səlis bilməlidir. Musiqişünas etnoqrafiyanı, tarixi, ədəbiyyatı bilməlidir. Bütün bunlar musiqi təhlili üçün vacib olan şərtlərdən biridir. Əgər sən bilməsən bir musiqi hansı dövrə aiddir, hansı mühitlə əhatə olunub, o zaman həmin musiqinin təhlili düzgün olmaz. Bütün bunları kafedramızda tələbələrə aşkar edib, öyrədirik. Bu tədris prosesi I kursdan başlayaraq 4 il ərzində davamiyyətli olaraq aparılır.

Biz dərslikdən əlavə tələbələrə musiqişünaslığın qarşısında duran problemləri də çatdırıb onlara aşılayırıq. Musiqişünaslıq sənəti heç də asanlıqla qazanılan sənət deyil. Burada çalışmasan sənətində yüksələ bilməzsən. Bu sənətdə təkcə musiqi fənləri deyil, humanitar fənləri də mükəmməl bilmək zəruridir.

- Azərbaycan musiqi nəzəriyyəsi ilə Avropa musiqi nəzəriyyəsinin oxşar və fərqli cəhətlərini nədə görürsünüz? Çünki müasir gəncliyimiz bütün sahələrdə, əsasən də ictimai həyatda Avropaya inteqrasiya etməyi üstün tuturlar. Musiqi sahəsində necə, milli musiqimizin Avropa musiqisinə inteqrasiyası sizin tədqiqatlarınızda hansı üstünlüyə sahibdir?

- Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, bütün xalqların musiqi mədəniyyətinin ortaq xüsusiyyətlərini üzə çıxarmaq lazımdır. Çünki Üzeyir bəy onu deyib ki, bizim 7 əsas musiqi ladımız, antik dövrün musiqi məqamlarıdır. Quruber isə öz kitabında yazır ki, əgər Asiya xalqları olmasaydı, antik dövrün mədəniyyəti və musiqisi, notları olmazdı. Fikir verin, bütün xalqların musiqi mədəniyyəti bir-biri ilə əlaqədardır. Antik dövrə nəzər salsaq, o dövrdə böyük imperiyalar Asiya xalqlarını fəth etməklə bu xalqların musiqi mədəniyyətindən qidalanırdılar. Özləri də bu mədəniyyətə hansısa yeniliklər gətirirdilər. Orta əsrlərdə isə böyük bir müsəlman imperiyası yarandıqda o zaman da unudulan musiqi mədəniyyətlərini araşdırıb tədqiq edirdilər. Daha sonra özlərinə məxsus edirdilər. Görkəmli alim Praşoviski deyirdi ki, xalqlar ölə bilər, mədəniyyətləri ölə bilər. Musiqinin ancaq bir xüsusiyyəti var ki, kiçik bir intonasiyası qalır və başqa millətin tərkibində yeni nəfəslə yaşayır. Bu da öz növbəsində ölüb getmiş bir millətin mədəniyyətindən xəbər verir. Antik ladlarla bugünkü ladları müqayisə etsək görərik ki, bunlar bir-birinə çox uyğundurlar.

- Bu gün yazılan müasir musiqilərimiz əsasən milli klassik musiqilərimizə istinadən bəstələnir. Yeni bəstələnən musiqilərimizin əksəriyyətində yenilik xüsusiyyətləri yoxdur. Bu nədən irəli gəlir?

- Mən yenə də dəyərli bir fikri diqqətinizə çatdırmaq istəyirəm. Platon deyib ki, hər bir tarixi dövr hər hansı bir mədəniyyətinə öz möhürünü vurur. Siz bilirsiniz ki, son 20 il ərzində bir çox dəyişikliklər baş verib. Bu dəyişikliklərin bizim tədrisimizə müsbət təsiri də olub, mənfi təsiri də.

Fikrət Əmirov “Simfonik muğam” yazıb. O, “Simfonik muğamda muğamı nə aranjeman edib, nə də muğamı orkestrləşdirib. O, muğamı qəlbində necə hiss edibsə, duyğularını musiqi ilə əsərində ifadə edib. Nəticədə musiqidə yeni janrın yaranmasına səbəb oldu. Fikrət Əmirov əsərinin adını belə xüsusi şəkildə vurğulamayıb. Sadəcə “Simfonik muğam” adlandırıb. Yəni, o, simfoniyada muğamı necə təsəvvür edibsə, elə də yazıb.

Bir qisim bəstəkarlarımız var ki, yaradıcılıqlarında milli musiqimizə üstünlük verirlər. Yəni, bəstəkar xalq musiqisinə əsaslanıb öz əsərini yaradır. Bir qisim bəstəkarlarımız da var ki, yaradıcılığında tamamilə yeni bir ruha köklənib, yeni baxışla dünyaya baxır.

Gənc bəstəkarlarımız hələ yaşayır və yaradırlar. İnkişaf edirlər. Onların yaradıcılıqları haqqında bir söz demək üçün tezdir. Gələcəkdə kim hansı yolu seçəcək hələ məlum deyil. Hər bir kəsin istedadı dünyagörüşündən irəli gəlir. Bu mənim fikrimdir.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-11 iyun.-S.13.