Turizm müəssisələrinə mövsümün açılışı ilə bağlı xəbərdarlıq

 

Bu gün Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır. Ona görə də lisenziyalaşdırma mütləq bir amildir və lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin ilk yarım ili ərzində Azərbaycana gələn insanların sayı stabildir: “Ötən ilə nisbətən bu yarım ildə hansısa böyük sıçrayışın, 20-30% artımın olduğunu demək mümkün deyil. Keçən ilə nisbətən təxminən 2-3% artım mövcuddur. Bu təbii prosesdir. Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşmaq, bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Biz elan etmişik ki, olimpiya oyunları zamanı Azərbaycanda hotellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses yalnız Bakıdakı müəssisələrə deyil, bütün regionlardakı müəssisələrə də şamil olunacaq”. Ə.Qarayev əlavə edib ki, bununla bağlı nazirlik tərəfindən mütəmadi monitorinq keçirilir. Mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin davam etdiriləcəyini deyən nazirin sözlərinə görə, insanlara göstərilən xidmətlərin kifayət qədər normal olmadığı, standartlara cavab verməyən turizm müəssisələrinə qarşı müvafiq ölçülər götürüləcək: “Bu monitorinq eyni zamanda qabaqlayıcı prosesdir. Bu imkan verir ki, müəssisələrə kömək edək. Nəticədə hansısa nöqsanlar, çatışmazlıqlar olan müəssisələrə onları düzəltmək üçün vaxt veririk. Kim onların öhdəsindən gəlirsə, onları aradan qaldırırsa, canla-başla işləyə biləcək”.

Müəssisələrdəki qiymətlərə gəlincə, nazir vurğulayıb ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur. Onun sözlərinə görə, 4 il əvvəl bir il ərzində rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olunub: “Bundan sonra da artım mövcud deyil, yəni qiymətlər stabildir. Bu gün hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətləri əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil 25-30 manata hotellər, kempinqlər var. Eyni zamanda qiyməti 200-300 manata olanlar da var. Bu çeşidlilik mövcuddur, olmalıdır, hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır”.

 

Nigar

Palitra.-2014.-11 iyun.-S.12.