Rəşid Behbudovun
xatirə gecəsi keçirilib
Səbail rayonunda Rəşid
Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında unudulmaz, sənətkar,
görkəmli müğənni, SSRİ Xalq
artisti Rəşid Behbudovun
xatirə gecəsi keçirilib. Sənətkarın
adını daşıyan 2 saylı Onbirillik
musiqi məktəbinin şagirdləri öz çıxışları ilə dahi müğənnini yad
ediblər. Konserti məktəbin xalq çalğı alətləri orkestrinin şagirdləri açaraq
rəngarəng musiqi nümunələri
ilə çıxış ediblər. Konsert
proqramına Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin
Sabitoğlunun, Hazim Rzayevin əsərləri ilə yanaşı,
bir sıra Avropa və
rus bəstəkarlarının da əsərləri daxil edilib. Konsertdə məktəbin şagirdləri
fortepiano, tar, kamança, skripka, fleyta, gitara alətlərində
ifa edib, konsertdə respublika müsabiqələri laureatları, Prezident təqaüdçüsü, həmçinin
məktəbin skripkaçalanlar
ansamblı iştirak ediblər. Eyni zamanda 2013-cü il " Uşaq Eurovision " mahnı müsabiqəsinin
iştirakçısı Rüstəm Kərimovun vokal və instrumental
ifası təqdim edilib. Konsertin
sonunda məktəbin məzunu gənc
vokalçı Sadıq Məlikovun ifasında ölməz sənətkar
Rəşid Behbudovun repertuarından təqdim
olunan musiqi nömrələri
tamaşaçılar tərəfindən böyük
maraqla dinlənilib. Daha sonra
məktəbin direktoru, Əməkdar
İncəsənət işçisi Qəmər
Quliyeva çıxış edərək
konsertdə iştirak edən bütün şagirdlərin və onların
yetişməsində rolu olan
bütün müəllimlərin əməyini
xüsusilə vurğulayıb. O, dahi sənətkar Rəşid Behbudovun
yaradıcısı olduğu Dövlət
Mahnı Teatrının rəhbərliyinə məktəbin kollektivi adından böyük
təşəkkürünü bildirərək qeyd edib ki,
hər il iyunun 9-da
görkəmli müğənni Rəşid Behbudovun
xatirə günü onun
adını daşıyan musiqi məktəbinin
şagirdlərinə rəhbərlik tərəfindən böyük imkan
yaradılır və şagirdlərimiz öz
ifaları ilə təkrarolunmaz sənətkarı layiqincə
yad edirlər. Sonda Rəşid
Behbudovun ifasında “Azərbaycan”
mahnısı səsləndirildi və zalda
əyləşən bütün qonaqlar ayağa qalxaraq musiqi sədaları
altında unudulmaz sənətkarın
xatirəsini yad etdilər.
Nigar
Palitra.-2014.-12 iyun.-S.13.