“Bütün enerjimi,
bacarığımı və fəaliyyətimi dövlətimə
sərf etmək istəyirəm”
Jalə Orucova: “Gənclər
siyasəti sağlam və intellektual nəslin
formalaşmasına xidmət edir”
Bir çox gənclərimiz xüsusi bacarıq, istedad və savada malik olurlar. Bu səbəbdəndir ki, onlar ölkəmizdə orta və ali təhsili başa vurduqdan sonra daha geniş məkana çıxmağı düşünürlər-dünyanın müxtəlif ölkələrində ali təhsillərini davam etdirirlər. Bu gələcəyin perspektivli kadrları olacaq gənclərin demək olar ki hamısı sonda öz Vətənlərinə dönürlər. Onlar bilik və bacarıqlarını elə ölkəmizdə tətbiq edirlər. Belə gənclərdən biri də Jalə Orucovadır. Jalə xanım, Azərbaycanın ilk ensiklopedik saytının yaradıcısı və rəhbəridir. O, həmçinin bir müddət öncə “Avropanın Ən Gənc Ensiklopediyaçısı” da seçilib. Bu maraqlı gənc xanımla olan müsahibəni oxuculara təqdim edirik.
-Özünüz barədə məlumat verərdiniz.
- 1991-ci ildə doğulmuşam və doğum günüm xüsusi bir günə təsadüf edir - 2 fevral. Bildiyiniz kimi, bu tarix Gənclər Günü kimi qeyd edilir və 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilib. Uşaqlığım Bakı və Tiflis şəhərlərində keçib. Fikrimcə, bu iki şəhəri birləşdirən çox amil var. Orta təhsilimi Bakıda, ali təhsilimi Tiflis şəhərində almışam.
-Azərbaycana yaxın olan bir ölkənin paytaxtında- Tiflisdə təhsil almaq sizə nə verdi?
-Tiflisdə təhsil almaq mənim
üçün doğma ölkədə təhsil almaq demək
idi. Bitirdiyim
Tbilisi Caucasus University bir çox xalqı, milləti
özündə birləşdirən universitetdir. Bildiyiniz kimi,
Tiflis tarixən Qafqazın mədəniyyət ocağı
hesab olunub. Elə indi də bu şəhər
həmin adı özündə qoruyub saxlayır. Bir çox ictimai xadimlərimiz, dahi şəxsiyyətlərimiz
məhz Tiflisdə yaşayıb yaradıblar. Təbii
ki, bu cür şəhərdə təhsil almaq bir sıra gənclərin
xəyalı ola bilər. Gürcü təhsil
sistemi bir az qarışıqdır. Azərbaycanda
təhsil alan şəxs oranın təhsil
sistemində çətinlik çəkə bilər. Azərbaycan təhsili olduqca zəngindir. Gənclərimiz dünyanın ən inkişaf
etmiş və ən öncül universitetlərində təhsil
alırlar. Bu sevindirici haldır, artıq
istənilən ölkədə xeyli sayda azərbaycanlı gəncə
rast gəlmək mümkündür. Çox
istərdim, Gürcüstanın bölgələrində
yaşayan azərbaycanlı soydaşlarımız da mükəmməl
təhsil alsınlar. Bir ölkənin gələcəyi
o ölkə insanlarının alacağı təhsillə
bağlıdır. Sualınıza cavabımı
tamamlayaraq deyim ki, mən xaricdə yalnız akademik biliklər
almadım, dünyagörüşüm artdı, fərqli mədəniyyətlərlə
tanış oldum, dost qazandım, yalnız
özümə güvənərək yaşamağı
öyrəndim. Xarici ölkədə təhsil
almaq fərqli düşünməni təmin edir. Hazırda isə magistr təhsilimi digər xarici
dövlətdə almaq niyyətindəyəm.
-Bildiyiniz
kimi, son illərdə gənclərimiz ictimai işlərdə
aktivlik göstərirlər. Siz necə, ictimai həyatda
fəalsınızmı?
- Bəli,
həqiqətən də bu belədir. Sevindirici
haldır ki, bizim gənclik aktivdir, ictimai işlərdə fəallığı
ilbəil artır. Şəxsən mən
heç bir təşkilata üzv deyiləm, fəaliyyətimi
sərbəst şəkildə davam etdirirəm. Bacardığım qədər fəal olmağa
çalışıram, müxtəlif forum və konfranslarda
iştirak edirəm. Bəzən hər
hansı bir önəmli tədbirə
çağırılmadıqda diqqətdən kənarda
qaldığımı düşünürəm və bu məni
üzür. Düzdür, belə hal
çox nadir hallarda baş verir. Amma olur
ki, gənclərlə bağlı dövlət tədbirləri
keçirilir və mən hərzamankı kimi bura dəvətli
olmuram. Mən bütün enerjimi,
bacarığımı və fəaliyyətimi dövlətimə
sərf etmək istəyirəm. İctimai
işlər mənə zövq verir, işlərimə mane
olmur, əksinə bundan mənəvi rahatlıq tapıram.
- Siz, həm
də bu gənc yaşınızda önəmli bir ilkə də
imza atmısınız, ilk ensiklopedik saytı
yaratmısınız. Bir qədər də bu
barədə söz açardınız.
- Bir ilkə
imza atmağı hər kəs istər, yetər ki, onu etmək
üçün səy göstərəsən. Mən də belə şəxslərdənəm.
Bu ilkə imza atmaq üçün
var-gücümlə çalışdım, nəticədə,
Azərbaycanda ilk ensiklopedik saytı yaratdıq. Layihəni geniş formada Yeni Azərbaycan
Partiyası Gənclər Təşkilatına verdim və
2012-ci ildə sayt ictimaiyyətə təqdim olundu. Hazırda saytda 1000-ə yaxın müxtəlif
mövzulu məlumatlar var. Saytın oxucu kütləsi
dünyanın 29 ölkəsini əhatə edir.
- “Avropanın Ən Gənc
Ensiklopediyaçısı" adını da
qazandınız. Bu haqda da məlumat verərdiniz.
- Bəli,
bir neçə ay bundan öncə "Avropanın Ən Gənc
Ensiklopediyaçısı" adına
layiq görüldüm. Amma bütün
müsahibələrimdə bunu qeyd edirəm -"Bu yalnız
mənim deyil, Azərbaycanın uğurudur". Azərbaycanın Avropada adının qalxması və
yaşaması mənim əsas prinsiplərimdəndir. Bəzən
insanlar düşünürlər ki, bu ad mənə
yalnız şöhrət verdi. Amma belə deyil, ad mənə daha çox məsuliyyət
bəxş etdi. Artıq tələblər
artır, müəyyən yeniliklər etmək
vaxtıdır. Mən hazırda neft
sektorunda çalışıram və işdən əlavə
vaxtlarımı sayta sərf edirəm.
- Gənclərimizin
yeniliklərə, ilklərə imza atmaları
üçün hansı məsləhətləri verərdiniz?
-Azərbaycan
gəncləri hər zaman bütün proseslərdə aktiv
olub. İstər Qarabağ döyüşlərində,
istər hazırkı siyasi, istərsə də ictimai məsələlərdə.
Azərbaycan gəncliyi XXI əsrin tələblərinə
uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi
layiqincə təmsil edir. Müasir Azərbaycan gəncini
15 il əvvəlki Azərbaycan gənci ilə
müqayisə etsək, birinci növbədə onu qeyd edərdim
ki, müasir gəncimiz daha çox informasiyaya malikdir. Bu heç də təsadüfi deyil. Bu gün ölkəmizdə əhalinin 60%-dən
çoxunu gənclər təşkil edir. Təbii ki, hər bir yerdə olduğu kimi gənclər
ən aktiv təbəqə sayılır. Azərbaycanda da bu, artıq həqiqətdir. Çünki bütün sahələrdə, hara
baxsaq, hər yerdə məhz gənclər hansısa prosesin
başında gedir. İstərdim Azərbaycan
gəncləri yüksək mədəniyyətə sahib olan,
daha yüksək təhsilli, işində peşəkar və
ölkəsini qoruyan gənclər olsunlar və mən bu gəncliyi
bu gün Azərbaycanda görürəm. Belə
gənclik daim yeniliklərə imza atacaq.
- Gənclərin
inkişafından danışdınız. Dövlətin
gənclərə göstərdiyi qayğının burada
hansı rolu var?
-Azərbaycanda
gənclərə dövlət qayğısı, gənclərin
inkişafı, gənclərin sağlam həyat tərzinin təşkili
daim dövlətin diqqət mərkəzindədir. Gənclərin Azərbaycanın ictimai-siyasi həyatının
bütün sahələrində tam iştirakı təmin
olunub. Azərbaycanda gəncliyə dövlət
qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir,
bu siyasət isə öz növbəsində sağlam və
intellektual nəslin formalaşmasına xidmət edir. Gənclərə qayğıdan söz açarkən,
burada qadınlara diqqəti də unutmamaq lazımdır.
Bu gün Azərbaycanda ictimai və siyasi sferada
xeyli sayda aktiv qadınlara rast gəlmək
mümkündür. Son illər
qadınların siyasi və ictimai qərar qəbuletmə səviyyəsində,
iqtisadi sferada iştirakı nəzərəçarpacaq dərəcədə
artım var. Bu gün Azərbaycan hökuməti
qadınların iqtisadi sferada öz potensiallarını
artırması üçün müxtəlif həvəsləndirici
və təşviqedici tədbirlər görür. Bütün bunları görməzdən gəlmək
haqsızlıq olardı.
-Xanımlara
müxtəlif sahələr qapıların açıq
olduğunu xüsusi vurğuladınız. Bəs
özünüzün yaxın gələcək
üçün hansı planlarınız var?
- Gələcək
üçün o qədər planlarım var ki, onu bir
müsahibəyə yerləşdirmək çətindir. Amma arzum Azərbaycanı müxtəlif layihələrlə
dünyada tanıtmaqdır. Bir sözlə,
Azərbaycan tarixini, mədəniyyətini və incəsənətini
dünyaya göstərməyi planlaşdırıram. Düzü qarşımda bir sıra maneələr,
əlimin çatmadığı insanlar var. Bu layihələri
həyata keçirmək üçün ilk öncə həmin
şəxslərlə görüş imkanı əldə
etməliyəm. Bilirəm, çox müəmmalı
danışdım, amma layihə göründüyü kimi
qısa deyil və dövlətimizi dünyaya tanıtmaq
üçün əla imkandır. Hər
kəs gələcək haqda düşünür, bu günə
isə önəm verən azdır. Anlamaq
lazımdır ki, gələcəyin təməlini bu gün
qoyuruq. Biz gələcək haqqında
yalnız keçmiş əsasında mühakimə
yürüdə bilərik. Gələcəyi
satın ala biləcək yeganə şey bu gündür.
Gənclərə və özümə
uğurlu gələcək arzulayıram.
-Son
dövrlərdə ölkəmizdə beynəlxalq tədbirlərin
sayı artıb. Bunun gənclərimizin
inkişafında hansı rolunu görürsünüz?
–Ümumiyyətlə,
bir məsələni qeyd edim ki, ictimai aktivlik həmişə
cəmiyyətə müsbət təsir edir. Demək
olar ki, hər gün Azərbaycanın adı müxtəlif
beynəlxalq tədbirlərdə hallanır. Müstəqillik illərində idmanın
inkişafı və olimpiya hərəkatının dəstəklənməsi
sahəsində bir çox işlər görülüb.
Biz Azərbaycanda çoxsaylı beynəlxalq
yarışları, o cümlədən dünya və Avropa
çempionatlarını təşkil etmişik. Bizim idmançılarımız beynəlxalq arenada
yaxşı nəticələr əldə ediblər. Bunun nəticəsidir ki, 2015-ci ildə Azərbaycan
ilk Avropa Olimpiya Oyunlarına sahiblik edəcək. Təbii ki, bütün bu uğurlar gənclərimiz
üçün də stimul olur. Mən
özüm peşəkar olaraq bədii gimnastika ilə məşğul
olmuşam. "Zabitlər evi" bizim məşq
məkanımız idi. Daha sonra universitet və
tələbəlik həyatı məni gimnastikadan
uzaqlaşmağa vadar etdi. Mehriban xanım
Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika
Federasiyasının prezidenti seçilməsi ilə ölkəmizdə
həqiqətən də bu idman növünün yeni
inkişaf mərhələsi başladı. Əvvəllər gimnastikanın inkişafı
üçün çox şey tələb olunurdu. Məşqçilər, xoreoqraflar, həkimlər,
menecerlər, ən nəhayət, idman obyektləri və məşq
bazaları lazım idi. Bütün bunlar
böyük təşkilati işlər, kreativ
düşüncə tələb edirdi. Ən
əsası isə incə zövqə və gözəllik
duyğusuna malik olmaq lazım idi. Axı gimnastika,
xüsusilə də bədii gimnastika təkcə idman
texnikası demək deyil, həm də musiqi və xoreoqrafiya,
idmanın baxımlı, gözəl və əsl estetik
növüdür. Bizim ölkəmiz bir neçə dəfə
nüfuzlu beynəlxalq yarışları qəbul edib. Azərbaycan
lazımi infrastruktura, iqtisadi potensiala malikdir. Buna görə də
dünya idman federasiyaları əhəmiyyətli
yarışları keçirmək üçün daim
Bakını seçirlər. Bu, tamamilə gimnastikaya da
aiddir. Qeyd edildiyi kimi, bir neçə gün sonra biz bədii
gimnastika üzrə Avropa çempionatının, 2019-cu ildə
isə dünya çempionatının
iştirakçılarını və qonaqlarını
gözləyirik.
Tural
Tağıyev
Palitra.-2014.-12 iyun.-S.6.