Ruhiyyə Aslanova: “Gənclər bilməlidir ki, sosial şəbəkələr özünüinkişaf üçün imkanlar açır”

 

Azərbaycanda gənclərin və yeniyetmələrin mənəvi və eləcə də fiziki baxımdan inkişafı məsələlərinə son zamanlar dövlət tərəfindən ciddi diqqət yetirilir, bu sahədə ardıcıl layihələr həyata keçirilir. Bu sahədə həyata keçirilən layihələrdə gənclər sahəsinə aid qeyri-hökumət təşkilatları da olduqca mühüm rol oynayırlar. Onlar yeniyetmə və gənclərin müxtəlif aspektlərdən inkişafı üçün yaradıcı ideyalarinnovativ təşəbbüslər irəli sürürlər, bu təşəbbüslərsə müxtəlif dövlət qurumları tərəfindən dəstəklənir və nəticədə, gənclər sferasının intibahı qat-qat sürətlənmiş olur. Bu baxımdan gənclərlə bağlı layihələr həyata keçirən təşkilatlardan biri də Azərbaycan Maarifçi Gənclər Təşkilatıdır. Bu barədə suallarımızı təşkilatın sədri Ruhiyyə Aslanova cavablandırır.

 

- Gənclərin mənəvi inkişafı ilə bağlı son dövrlərdə hansı layihələri reallaşdırmısınız?

- Azərbaycan Maarifçi Gənclər Təşkilatı gənclərin mənəvi inkişafı ilə bağlı 2013- 2014-cü illərdə bir neçə uğurlu layihələr həyata keçirib. Bunlar sırasında Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 22 qaçqın və məcburi köçkün gəncin taleyindən, xatirələrindən və işğal olunmuş rayonların əzəli Azərbaycan torpaqları olması barədə məlumatların əks olunduğu kitab - “Yaddan çıxmaz Qarabağ” hazırlanaraq nəşr olunub. Bu kitab qaçqın və məcburi köçkünlərin bir-biri haqqında məlumat əldə etməsi, həyat təcrübələrini bölüşməsi, mənəvi baxımdan örnək götürülməsi, Azərbaycan həqiqətləri, Qarabağ və vətənpərvərlik mövzularında mənən kamilləşmə üçün bir sıra eyni tale yaşayan gənclərə nümunə olub. Qeyd edim ki, “Yaddan çıxmaz Qarabağ” adlı kitabın “Park Bulvarda geniş təqdimatı keçirilib. Bu səpkidən digər layihəmiz isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan vegeterian mətbəxi”layihəsidir. Layihənin ən başlıca məqsədi gənclər arasında vegeterian mətbəxin populyarlıq qazanması və Azərbaycan mətbəxinin sırf ət və yağlı xörəklərdən ibarət olması ilə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq, vətəndaşları, ilk növbədə gəncləri bu sahədə maarifləndirmək, onların qidalanma ilə bağlı kulturoloji biliklərini artırmaq olub. “Azərbaycan vegeterian mətbəxi” kitabçası rusingilis dillərinə də tərcümə edilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Narkomaniyaya qarşı mübarizədə ictimai təşəbbüslərin rolu” adlı layihə əsasında çəkilmiş "Ölümünü sifariş edənlər" sənədli filminin geniş ictimai müzakirələri keçirilib. Layihə çərçivəsində 6 saylı məktəb-liseyin, 160 saylı Klassik Gimnaziyanın, 189 saylı orta məktəbin, Kəlbəcər qaçqın məktəbin yuxarı sinif şagirdlərinə , Bakı Dövlət UniversitetininQafqaz Universitetinin tələbələrinə sənədli film nümayiş etdirilib. Həkim-narkoloq Asif Kələntərli, Ekspert Araz Mənüçöhri Tibb Universitetinin dosenti, BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının əməkdaşı Leyla Yolçuyeva, psixoloq Aida xanımın iştirakı ilə film ətrafında müzakilər aparılıb və iştirakçıları maraqlandıran suallara geniş və hərtərəfli cavablar verilib. Bundan başqa gənclərin mənəvi inkişafı yönündə Azərbaycan Maarifçi Gənclər Təşkilatı yeni layihənin icrasına başlayacaq. Belə ki, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səmərəli asudə vaxt - sağlam gənclik deməkdir” layihəsinə start verilir. Layihədə gənclərin asudə vaxtlarını mənəvi təkmilləşməyə və səmərəli keçirməyə həsr etmələri üçün bir sıra tədbirlər görüləcək. Layihə əsasən 2 hissədən ibarətdir: 1.Asudə vaxtın səmərəli təşkilinə dair 10 ədəd radioproqramın hazırlanması - Bu verilişlər Azərbaycanın reytinqdə güclü olan bir radiosunda gerçəkləşəcək. Verilişdə bu sahə ilə əlaqəli şəxslərin, məmurların, şou-biznes nümayəndələrinin iştirakı gözlənilir. 2.    Səmərəli asudə vaxt anlayışının özündə sosial fəallığı da əks etdirdiyini nəzərə alaraq, 20-dək gəncin Qocalar Evinə qonaq getməsi nəzərdə tutulur - Bu 20 nəfər gənc çox güman ki, SOS Uşaq Kəndi -Bakıdan seçiləcək. Həmin uşaqlar 1 gün ərzində Qocalar Evində olacaqlar. Onlarla vaxt keçirəcəklər. Onlara hədiyyələr aparacaqlar. Layihənin başlıca məqsədi müasir dövrdə asudə vaxtın insanın həyat tərzinin zəruri və ayrılmaz elementi olub, şəxsiyyətin özünüinkişaf, özünürealizə etdirmək, ünsiyyətlə bağlı maraqlarını gerçəkləşdirməsi kimi başa düşülməsinə nail olmaqdır.

- Bu yöndə başqa hansı layihələri həyata keçirməyi nəzərdə tutursunuz?

- Daha bir neçə layihənin reallaşması üzərində də aparılır. Belə ki, “Yaddan çıxmaz Qarabağ” kitabının bir neçə əcnəbi dilə tərcümə edilməsini, onun təbliğatını nəzərdə tuturuq. Mənə belə gəlir ki, belə maarifləndirmə işləri ilə bu sahədə daha çox nailiyyət edə bilərik. Onu da qeyd edim ki, bir layihəmiz gənc ekoloqların biliklərini inkişaf etdirməsi ilə bağlı olmalıdır. Hal-hazırda bu sahədə danışıqlar aparılır.

Qeyd etmək istəyirəm ki, bu il Azərbaycan Maarifçi Gənclər Təşkilatının 20 yaşı tamam olur. Bununla bağlı AMGT bu il fəaliyyətini daha geniş və əhatəli həyata keçirməyi planlaşdırır.

- Bəs internetdə gənclərin səmərəli çıxış etməsi və bilgilənməsi üçün hansı layihələr ola bilər? Siz internet və gənclər məsələsinə necə yanaşırsınız?

- Qeyd edim ki, internetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, online rejimdə keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bütün bu sadalananlar insanlara bilik əldə etmək üçün internetdən ən geniş şəkildə istifadə etmək imkanları verir. Bu gün internetin ən populyar elementlərindən biri sosial şəbəkələrdir. Odur ki, bir çox qabaqcıl ölkələrdə informatika, xarici dil, coğrafiya və digər sahələrin müəllimləri internet resurslarından təhsil və təlim məqsədi ilə istifadə etməyə başlayıblar. Əgər bir neçə il öncə sosial şəbəkə serverləri gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa və onlara çox ziyanlı, gənclərin tərbiyəsinə mənfi təsir göstərən layihələr kimi, internetə isə kefiyyətsiz referatlardüzgün olmayan informasiya mənbəyi kimi baxılırdısa, son zamanlar internet şəbəkəsinə münasibət tamamilə dəyişib. Artıq yeniləşdirilmiş virtual elektron kitabxanalar, virtual ensiklopediyalarsosial şəbəkələr hesabına internet müsbət xarakter alıb və tədrisdə geniş istifadə olunmağa başlayıb. Bu baxımdan gənclər internetdən olduqca səmərəli istifadə etməlidirlər.

- Xarici dillərin öyrənilməsində sosial şəbəkələrin rolunu necə görürsünüz?

-Biz müşahidə edirik ki, son zamanlar internetin imkanlarından istifadə edərək xarici dillərin öyrənilməsi kütləvi hal almaqdadır. Bununla bağlı bir sıra sosial şəbəkələr mövcuddur ki, onlarda dil öyrənmək istəyənlər üçün xüsusi şərait yaradılıb. Bu şəbəkələrdə müxtəlif dildə danışan milyonlarla internet istifadəçiləri toplanıb. Deməli, hər kəs istədiyi və bildiyi dildə ünsiyyət yarada bilər. Çox vaxt dili o qədər də yaxşı bilməyən istifadəçilərin, həmin dildə dialoq qurmaq cəhdlərinə də rast gəlinir. Bu zaman digər istifadəçilərin yardımı və məsləhətləri onun köməyinə gələcək. Hətta bu üsulla dilin daha mükəmməl öyrənilməsi mümkündür. Sosial şəbəkələrdə müxtəlif terminlər barədə müzakirələr aparmaq, mübahisələr nəticəsində ümumi qərar qəbul etmək artıq ənənə halını alıb.

Biz bütün bu imkanlardan maksimum yararlanmalıyıq. Gənclər dərk etməlidirlər ki, sosial şəbəkələr birinci növbədə özünüinkişaf üçün imkanlar açır. Məncə, bu yöndə gənclər təşkilatlarının keçirməli olduqları çoxlu layihələr, tədbirlər var.

 

İlkin AĞAYEV

Palitra.-2014.-13 iyun.-S.11.