Dövlətin idman siyasəti gənc nəslin fiziki və mənəvi inkişafını təmin edir

 

Uşaq və yeniyetmələrin fiziki-mənəvi baxımdan sağlam yetişməsi üçün orta məktəblərdə bədən tərbiyəsi dərslərini ixtisaslı müəllimlər keçməlidir

Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə

çevrilib.

Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır. Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir. Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Buntun üçün bütün mümkün vasitələrdən istifadə edilir. Ölkədə bədən tərbiyəsi və idmanın hazırki vəziyyətinin təhlili bu sahənin gələcək inkişafının təmin edilməsində dövlət səviyyəsində yaradılmış imkanlarla yanaşı, bir sıra problem və çətinliklərin mövcudluğunu da əks etdirir. Layihə çərçivəsində bu sahədəki vəziyyətə toxunacağıq. Qeyd edək ki, bu sahədə cari vəziyyəti müsbət xarakterizə edən bir sıra amillər var. Belə ki, fəal yaş qruplarından olan insanların əhalinin ümumi sayının 60 faizini təşkil etməsi, əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması, insanların, xüsusən yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğulluğa kütləvi surətdə maraq göstərməsi, ilin çox hissəsinin açıq havada bədən tərbiyəsi və idmanla məşğul olmağa imkan verən əlverişli iqlim şəraiti, kütləvi informasiya vasitələrinin, xüsusən televiziyanın, bədən tərbiyəsi və idmanın təbliği sahəsindəki fəaliyyətlərinin fəallaşması, dövlət, qeyri-hökümət və özəl qurumlar tərəfindən bədən tərbiyəsi və idmanla məşğulluğa yaradılmış imkanlar, yüksək səviyyəli idmançıların, o cümlədən sağlamlıq imkanları məhdud olan və əlil idmançıların sosial müdafiəsinin yaxşılaşdırılması, məişət məsələlərinin həlli, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının artırılması kimi amillər müsbət şarait yaradır.

Regionlarda Olimpiya İdman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması, idman növlərinin inkişafına diqqətin artırılması, hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi gənc nəslin fiziki və mənəvi inkişafında son dərəcə böyük rol oynayır. Digər tərəfdən,

Sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən OlimpiyaParalimpiya oyunlarında qazandıqları uğurlar, dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək bu sahənin inkişafı üçün geniş imkanlar yaradıb.

Bu sahədə mövcud olan bəzi problemləri də qeyd etmək lazımdır. Belə ki, “Bədən tərbiyəsi və idman haqqında” qanunun, Bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramının, eləcə də bu sahədəki digər hüquqi-normativ, direktiv qərar və sərəncamların yerlərdə icrasında ləngimələr, buraxılan səhvlər, çatışmazlıqlar problemlərin yaranmasına zəmin təşkil edir.

Şəhər və rayonlarda idman obyektlərinin əhalinin sayına olan nisbətdə az olması, regionlarda idmanyönümlü təşkilatların, o cümlədən gənclərin idmana cəlb edilməsini təmin edən gənclər ictimai təşkilatların məhdud sayda olması, bədən tərbiyəsi və idman təşkilatlarının maddi-texniki bazası ilə bağlı problemlər də həllini gözləyir. Qızlar və qadınlar, eləcədə sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanın təbliğinin tələb olunan səviyyədə aparılmaması, ayrı-ayrı idman növləri, xüsusən idmanın oyun növləri üzrə yerlərdə peşəkar klubların yaradılmaması, idmanda rəqabətin zəif olması, yerlərdə mövcud imkanlardan tam istifadə olunmaması kimi problemlər də var.

Bədən tərbiyəsi və idman işlərinin təşkili və idarə edilməsinə yerli bələdiyyə orqanları, qeyri-hökümət təşkilatları, gənclər təşkilatları cəlb olunmalı, bədən tərbiyəsi və idman sahəsi üzrə elmi-tədqiqat işləri lazımı səviyyədə aparılmalıdır. İdman jurnalistikası üzrə peşəkar mütəxəssislərin hazırlanması da vacibdir. Bədən tərbiyəsi və idman sahəsində kadr çatışmazlığı da var. Yüksək ixtisaslı peşəkar mütəxəssislərin və İdman menecerlərinin son dərəcə az sayda olması, orta məktəblərdə fiziki tərbiyə fənninə lazımi diqqətin yetirilməməsi, dərslərin keçirilməsi səviyyəsi və metodlarının müasir tələblərə cavab verməməsi, bəzi hallarda bədən tərbiyə dərslərinin digər ixtisas müəllimlərinə həvalə olunması kimi problemlər aktuallığını qoruyur. Uşaq və yeniyetmələrin fiziki-mənəvi baxımdan sağlam yetişməsi üçün orta məktəblərdə bədən tərbiyəsi dərslərini ixtisaslı müəllimlər keçməlidir. Bədən tərbiyəsi və idman sahəsində könüllülərin fəaliyyətinin tələb olunan səviyyədə təşkil olunmaması, uşaq-yeniyetmə idmanının inkişafının aşağı səviyyədə olması, uşaq-gənclər idman məktəblərinin maddi-texniki bazalarının zəif olması kimi məsələlər həllini gözləyir. Bu məsələləri təhlil edərkən sağlamlıq imkanları məhdud olan insanları unutmaq olmaz. Belə ki, sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında bədən tərbiyəsi və idmanın onların reabilitasiyasına, bədən tərbiyəsi və idman vasitəsilə sosial adaptasiyası və həyata inteqrasiya olunmalarına yönəldilməsi haqqında ölkədə geniş təbliğat işləri təşkil edilməli, bu qrup insanların daha çox sayda olduqları yaşayış yerlərində, icmalardaregionlarda ixtisaslaşdırılmış idman qurğuları inşa edilməli, ölkədə fəaliyyətdə olan idman qurğuları və obyektlərində sağlamlıq imkanları məhdud olan insanlar və əlillərin də məşğul ola bilmələri üçün imkan və şəraitlər yaradılmalıdır. Sağlamlıq imkanları məhdud olan insanlar və əlillərin fiziki tərbiyə və idman məşğələlərinin müasir elmi əsaslandırılmış proqram, metod və texnologiyası hazırlanmalıdır. Fiziki və əqli inkişafında çatışmazlıqlar olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ixtisaslaşdırılmış təhsil müəssisələrində xüsusi idman-adaptiv klublarının yaradılması, bədən tərbiyə dərslərinin, bədən tərbiyəsi və idman işlərinin bu sahə üzrə hazırlanmış mütəxəssislərin köməkliyi ilə tələb olunan səviyyəyə qaldırılması vacibdir. Uşaq-gənclər idman məktəblərində sağlamlıq imkanları məhdud olan və əlil uşaqlar üçün xüsusi bölmələr, eləcə də uşaq-gənclər idman adaptiv məktəbləri yaradılmalıdır. Xüsusi qayğıya ehtiyacı və əqli imkanları məhdud olan yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə bərpası və cəmiyyətə inteqrasiyası, eyni zamanda onların respublika və beynəlxalq yarışlarda iştirakının təmin olunması məqsədilə idmanyönümlü təşkilatlar bu sahəyə xüsusi diqqət və qayğı göstərməlidir.

Anar Miriyev

Palitra.-2014.-14 iyun.-S.11.