Ruslara Qarabağ
mövzusunda məqalə yazdıran diaspor jurnalisti
İlahə
Ələkbərova: “Tək Rusiyada yox, bütün dünyada
mədəniyyətimizi, tariximizi və ədəbiyyatımızı
tanıdacağam”
Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə
yayılmasında diaspor jurnalistlərinin böyük rolu var.
Belə jurnalistlər Azərbaycanın xaricdəki səsidir. Müsahibimiz
İlahə Ələkbərova da diaspor jurnalisti olaraq Rusiya
Federasiyasında Azərbaycanın haqq səsi uğrunda
mücadilə edir. Xatırladaq ki, İlahə
xanım, 1994-cü ildə Gədəbəy rayonunun
Novo-İvanovka kəndində dünyaya gəlib. Sonra isə valideynləri Moskva şəhərinə
köçüblər. Deyir ki,
özünü tanıyandan burada yaşayır.
Hazırda Moskva Dövlət İncəsənət və Mədəniyyət
Universitetinin Beynəlxalq jurnalistika fakültəsində ( III kurs) oxuyur. Eyni zamanda
Ümumrusiya Azərbaycan Konqresində jurnalist kimi
çalışır.
-Sizdə jurnalistikaya maraq
haradandır?
- 10
yaşımdan jurnalistika ilə məşğulam. Hər şey məktəb qəzetindən
başladı və belə də marağım artdı və
həmin yaşımda dəqiq bilirdim ki, mən gələcəkdə
jurnalist olacağam. 12 yaşımda Beynəlxalq
Gənc Jurnalistlər festivalında qələbəni əldə
edəndən sonra bu peşədə mənə yol
açıldı. Öncə “Pionerskaya
Pravda” qəzetində çalışmışam.Burada
qohumlarımız çoxdur, yəni azərbaycanlıların
ətrafında böyümüşəm. Mən həmişə istəmişəm ki, ən
azından işim Azərbaycanla bağlı olsun. Gec-tez arzum yerinə yetdi. İndi
mənim işim sırf həmyerlilərimizlə
bağlıdır. Mən bizim həmvətənləri
Rusiya cəmiyyətinə tanıtmaq üzərində
çalışıram.
- Rusiyadakı gənclərimizin
ictimai-siyasi aktivliyi hansı səviyyədədir?
- Bu
gün əminliklə demək olar ki, bizim Rusiyada yaşayan gənclərimiz
buranın cəmiyyətinə, mədəniyyətinə, təhsilinə
tamamilə inteqrasiya ediblər. Bunda da Leyla
Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı (AMOR) böyük rol
oynayır. Məsələn, 10 il
bundan əvvəl buradakı gənclərimiz indiki kimi sıx
əlaqədə olmurdular. Lakin indi
bayramlarımızda, tədbirlərdə biz birlikdə oluruq.
Ruslar demiş “qəmgin gündə də,
şən gündə də birlikdə”. Öz
mədəniyyətimizi ruslara tanıtmaqdan başqa, gənclər
buranın ictimaiyyətində də aktiv fəaliyyət
göstərirlər. Bunun sübutu,
onların yerli müsabiqələrdə, festivallarda
iştirak etmələridir.
-ÜAK gənclərimizin
ictimai-siyasi aktivliyi üçün hansı addımlar
atır?
-
ÜAK-ın yarandığı gündən ən əsas məqsədlərindən
biri gənclərlə işləməkdir. Çünki
heç kimə sirr deyil ki, gənclər gələcəyimiz
deməkdir. Bunu başa düşərək
ÜAK çalışır ki, bütün işlərinə
gəncləri cəlb etsin. Gələcəyimizdə
diaspor üzvlərinin yenilənməsi gənclərsiz
mümkün deyil, ona görə bu gün biz əlimizdən
gələni eləməliyik ki, hər bir gənc uzaqda da
olsa, Vətənimizin uğuru üçün işləsin
və mədəniyyətimizi qoruyub başqalarına
çatdırsın.
ÜAK Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə
Rusiyada yaşayan gənclərimizin burada pulsuz oxumaları
üçün bütün şəraiti yaradır. Hər il
təxminən 50 tələbə Rusiyanın ən prestijli universitetlərinə
daxil olurlar. Hər bir universitetdə də Azərbaycan
gənclər birliyi yaranır, biz hər belə birliklə
sıx əlaqə saxlayırıq və hər cəhətdən
də onları dəstəkləyirik.
Onu da qeyd etmək istərdim ki, bu ildən bizim sahəmizdə
(dərslər altıncı və bazar günlər olur) məktəb
açılıb, orada peşəkar müəllimlər dərs
deyir. Azərbaycan dili, tarixi və ədəbiyyatı,
ingilis və rus dilləri, Azərbaycan milli musiqisi və rəqsi
- bunlar hamısı pulsuzdur, yəni hər bir gənc
problemsiz bu dərslərə qatıla bilər. Bu məktəblə birgə virtual dərslər də
var. Həvəsi olanlar “Skype” vasitəsi ilə istədiyi fənləri
öyrənə bilər.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
ilə gördüyümüz işlərdən də
danışmaq istərdim. Məsələn, keçən il Moskvada Tofiq Bəhramov adına futbol turniri
keçirdik. Çox böyük uğurla
keçən yarışmada 100-dən artıq gənc
iştirak etdi, bu da gənclərimizin irəli addım
atmalarına bir köməkdir. Demək olar hər
gün ÜAK-a bizim gənclərimiz təhsil, şəxsi təhlükəsizlik
və s. məsələlərlə bağlı müraciət
edirlər. Bunun üçün hüquqşünaslarımız
hər bir kömək etməyə hazırdırlar.
ÜAK mədəniyyət, təhsil, idmana da çox
böyük yer ayırır. Yəni bu mövzu ilə
bağlı saatlarla danışsaq da qurtarmaz. Sadəcə onu demək istəyirəm ki, Vətəndən
uzaqda olan gənclərimiz, burada özlərini tək hiss
etmirlər, onların sərbəst və təhlükəsizlik
yaşamalarında ÜAK-ın çox böyük rolu var.
- Rusiyada jurnalist işləməyin
hansı özəlliyi var?
- Mən
jurnalist yolumu burada başlamışam deyə, bu suala cavab
verməkdə bir az çətinlik
çəkirəm. Lakin onu qeyd etmək olar ki, Rusiyada
Azərbaycan diasporu böyükdür, hər gün nəsə
baş verir, bunu deyəndə pis tərəfləri nəzərdə
tutmuram. Rusiyanın hər bölgəsində
bizim ziyalılarımız, istedadlı gənclərimiz,
tanınmış müğənnilərimiz, rəssamlarımız
var. Bunlardan yazmaqdan mən böyük zövq alıram.
Demək olar hər gün mən yeni insanlarla tanış
oluram, onların həyatlarının maraqlı
anlarını öyrənirəm və bunun da təbii ki,
özəlliyi var.
Hər
yeni iş günüm dünənki günə bənzəmir.
Mənim işim mənim üçün sadəcə iş
deyil, işim mənim həyat tərzimdir. Bu həyat
tərzi mənim çox xoşuma gəlir.
-Xaricdəki azərbaycanlı və əcnəbi
jurnalistlərlə əməkdaşlıq edirsizmi?
-
Sözün açığı, xaricdəki jurnalistlərlə
çox az əlaqədə oluram. Tez-tez əlaqədə olduğum jurnalistlər Azərbaycan
mediasının buradakı nümayəndələridir.
Onlarla demək olar bütün tədbirlərdə
birlikdə oluruq, bir-birimizə çox böyük dəstək
göstəririk. Başqa əməkdaşlıq
etdiyim jurnalistlər Rusiyanın TV və qəzetlərinin əməkdaşlarıdır.
Çox vaxt yerli qəzetlərdə Azərbaycan
haqda məqalələrim çap olunur.
- Siz əsasən diaspor mövzusunda
yazılarla çıxış edirsiz. Diaspor
jurnalistlərinin indiki vəziyyətini necə qiymətləndirirsiz?
-
Bilirsiniz, mən ümumiyyətlə,
çalışıram ki, indi heç nəyə və
heç kimə qiymət verməyəm. Sadəcə
hələ bu səviyyəyə çatmamışam. Amma onu deyə bilərəm ki, mən bildiyimə
görə bizim ölkənin burada jurnalist nümayəndələri
digər ölkələrin jurnalistlərindən daha
çoxdur. Və bu da o deməkdir ki,
burada bütün baş verən hadisələr yetərincə
çox tez sizlərə çatdırılır.
- Ölkəmizdəki gənclərlə
əlaqələriniz varmı?
- Əlbəttə. Baxmayaraq ki, Rusiyada yaşayıram, mənim
80 faiz dostlarım Azərbaycanda yaşayan gənclərimizdir. Bir neçə il öncə mən Azərbaycan dilində
çox zəif danışırdım, nəsə demək
istəyəndə öncə çox fikirləşirdim ki,
necə deyim mənə gülməsinlər. Amma
indi ədəbi dilimizdə danışa bilməsəm də,
sərbəst fikrimi çatdıra bilirəm. Bu uğurumda mənə Azərbaycanda yaşayan
dostlarım kömək etdi. Mən onlarla
yalnız öz dilimizdə danışırdım, onlar mənə
maraqlı kitablar tövsiyə edirdilər. Bakıya gələndə bir neçə universitetlərin
leksiyalarında iştirak etdim, bunlar həqiqətən mənim
inkişafımda çox böyük kömək oldu. İndi mən mədəniyyətimizi, incəsənətimizi,
musiqimizi, ədəbiyyatımızı çox yaxşı
bilirəm. Onu demək istəyirəm ki,
bu nəticə mənim oradakı gənclərlə sıx əlaqədə
olmağımın əməyidir.
- Ümumiyyətlə, Vətənlə
əlaqələriniz hansı formadadır?
- Mənim
qohumlarımın çoxu Azərbaycanda yaşayır. Onların həyatındakı ən böyük dəyişikliklərdən
xəbərim olur. Ən azından mən
də bəzi hadisələrdə iştirak edirəm. Burada yaşadığıma baxmayaraq, Vətənlə
olan əlaqəm çox sıxdır və getdikcə də
bu əlaqə daha da möhkəmlənir. Hər dəfə Azərbaycana gələndə
sözlə deyiləsi mümkün olmayan hisslər
keçirirəm, həqiqətən Vətənimi çox
sevirəm. Bu gün mənim ən
böyük arzum Gədəbəyə köçməkdir.
Orada rusdilli məktəbi var. O məktəbin
çox istedadlı məzunları var və həmin o məktəbdə
mən dərs demək istərdim. Ümid
edirəm ki, bu arzum çin olar.
-Sonuncu dəfə Azərbaycanda nə
vaxt olubsunuz?
- Təəssüf
ki, istədiyim qədər çox ola
bilmirəm. Amma ildə bir-iki dəfə oluram,
həm doğmalarımı görürəm, həm də
istirahət edirəm. Axırıncı dəfə
Azərbaycanda bu ilin əvvəlində olmuşam, işlə
bağlı gəlmişdim. Amma çox gəzə
bilmədim. Ümid edirəm avqustda Vətənlə
bağlı bütün planlarımı həyata keçirəcəm.
Şəki və Qobustana getmək istərdim.
Bir neçə yeni layihəm də var,
alınsa, çox maraqlı olacaq.
- Siz demək olar ki, Azərbaycanda
yaşamamısız. Vətəndən uzaqda
milli-mənəvi dəyərlərimizi ruhən necə
yaşada bilirsiz?
-
Baxmayaraq ki, rusların ətrafında böyümüşəm,
mən doğma mədəniyyətimi, adətlərimizi
unutmamışam. Universitetdə və şəhərdə
rus dilində danışsam da, evdə yalnız öz dilimizdən
istifadə edirəm. Bu mənim prinsipimdir.
Öz mədəniyyətimizi qoruyub
tanışlarıma çatdırıram. Bir misal deyəcəm,
hər il keçirilən Beynəlxalq Gənc Jurnalistlər
festivalında iştirak edirəm, amma bu il mən
iştirakçı kimi yox, jüri kimi dəvət
olunmuşdum və bundan istifadə edərək “Dağlıq
Qarabağ münaqişəsi haqda nə bilirəm?” adlı
nominasiya elan etdim. Nəzərinizə
çatdırmaq istərdim ki, bu mövzuda ruslar
yazırdı. Bilirsiniz, gənc jurnalistlər
necə də maraqlı məqalələr
yazmışdılar. Axırda
ÜAK-ın adından üç qalibə hədiyyə
verdik, onların məqalələri bizim qəzetdə və
saytda çap olunmuşdu. Mən, bunu ən
azından rus aləminə çatdırmaq məqsədi ilə
etdim. Yəni bu indiyə kimi etdiyim ən böyük
layihələrdən biridir. Universitetimizdə
tez-tez bayramlar keçiririk. Keçən il
Xalq şairi Bəxtiyar Vahabzadənin
yaradıcılığına həsr olunmuş bir tədbir
keçirdik. Orada rusların tələbələri
də bir neçə şeir söylədilər. Mən imkan daxilində bizim mədəniyyətimizi,
tariximizi, ədəbiyyatımızı tək Rusiyada yox,
bütün dünyada tanıdacağam.
-Ümumiyyətlə, Azərbaycandan
kənarda azərbaycanlı olmaq nə dərəcədə
asandır?
- Bu sualla siz mənim yaralı yerimə toxundunuz. Heç də asan deyil burda yaşamaq. Azərbaycanda yaşayanların əksəriyyəti elə bilirlər ki, buradakı həyat Azərbaycandan yaxşıdır, amma yox, elə deyil. Kənardan elə görünə bilər. Bəli, burada oxumağımız üçün çox gözəl şərait yaradılıb, amma Azərbaycanda bu şərait iki qat üstündür. Mənim heç vaxt yerli vətəndaşlarla millətimə görə problem yaranmayıb. Mənim rus dostlarım da var və onlar həmişə çox böyük maraqla bizim ölkəmiz haqda biliklərini bölüşürlər. Baxmayaraq ki, həyatımın çoxunu burada yaşamışam, amma Moskva mənim üçün doğma şəhər ola bilmədi. Mən hələ də burada özümü qonaq kimi hiss edirəm. Mən hər səhər Vətənə birdəfəlik qayıtmaq arzusu ilə yuxudan oyanıram. Çox təəssüf ki, bu arzum həyata keçmir. Bəlkə də nəsə dəyişər, amma yaxın zamanda olduğuna inanmıram. Amma bir gün mən qayıdacağam, özü də birdəfəlik.
Fuad Hüseynzadə
Palitra.-2014.-14 iyun.-S.6.