“Mənəvi inkişafın
başlıca səbəbi mütaliədir”
Nərmin
Əliyeva: “İntellektual verilişlərin izlənilməsi,
intellektual yarışlarda iştirak, təcrübəli
insanlarla söhbət etmək, kitablar oxumaq intellektin
inkişafına aparan başlıca amillərdəndir”
Layihə çərçivəsində gənclərin və yeniyetmələrin mənəvi inkişafı ilə bağlı gənclərin fikirlərinə də geniş yer ayırırıq. Bu baxımdan müsahibimiz Qafqaz Universitetinin tələbəsi Nərmin Əliyevadır.
-Özünüz və təhsiliniz barəsində məlumat verərdiniz.
- Mən - Nərmin Əliyeva 1993 - cü ildə Ağdaş rayonunda doğulmuşam. Orta təhsilimi akademik Zərifə Əliyeva adına liseydə tamamlıdıqdan sonra, 2011-ci ildə 647 bal ilə Qafqaz Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə olunması bölümünə daxil olmuşam. Hazırda həmin bölümün üçüncü kurs tələbəsiyəm. Bundan başqa bu ilin martından etibarən Qafqaz Universiteti Texnoparkında müdir köməkçisi kimi fəaliyyət göstərirəm. Bu günə kimi bir çox tədbirlərdə könüllü olaraq çalışmışam. Müxtəlif mövzularda olan təlimlər, seminarlar və yarışmalar iştirakçısıyam. Bunlardan bir çoxu sırf ixtisasım ilə bağlı olsa da, ixtisasımdan kənar digər mövzulara da maraq salmağı sevirəm. Bunlara misal olaraq 2012 - ci ildə iştirak etdiyim "Teatr əsaslı OİÇS və produktiv sağlamlıq haqqında təlim" i misal deyə bilərəm.
- Bir
təhsilli gənc olaraq gələcək
planlarınız barəsində nələri bildirərdiniz?
- Bakalavr təhsilimi Qafqaz Universitetində tamamladıqdan sonra Avropa universitetlərinin birində magistr dərəcəsinə yiyələnmək, gələcəklə bağlı ilk hədəfimdir. Vətənə qayıtdıqdan sonra isə ixtisasıma uyğun və ən əsası iş ortamı, işçilərə münasibəti yüksək olan müəssisədə işə başlamaq istəyirəm. Kifayət qədər təcrübə və maliyyə əldə etdikdən sonra isə bir çox işlətmə oxuyan tələbənin arzuladığı kimi öz işimi qurmaq istəyirəm. Bununla yanaşı akademik karyeranı gənclər üçün çox vacib hesab edirəm. Mən də bu istiqamətdə müxtəlif məqalələr, yazılar yazmağı planlayıram. Buna vaxtım olmadıqda isə ən azı bloq səhifəmi kiçik elmi yazılar ilə zənginləşdirməyi düşünürəm..
Karyerada yüksəliş etmə cəhdləri qarşısında gənclər, xüsusilə qadınlar ailə qurmaq məsələlərini də arxa plana atmalı deyillər. Bəzən qadınlar elə düşünürlər ki, ailə quran zaman iş həyatlarında və ya təhsillərində istədikləri pilləyə çata bilməyəcəklər və yaxud bu daha çox zaman alacaq. Lakin mən qadınların potensialına hədsiz inandığım üçün əminəm ki, qadın istəyəndən sonra edə bilməyəcəyi heç nə yoxdur. Buna görə də gələcəkdə tam xoşbəxtliyi əldə etmək üçün uğurlu ailə həyatı qurmağı hədəfləyirəm.
- Azərbaycanda gənclərin
və eləcə də yeniyetmələrin fiziki
və mənəvi inkişaf etmələrinə
dövlət tərəfindən xüsusi
diqqət yetirilir. Siz bu barədə hansı fikirdəsiniz?
- Bu gün özünü inkişaf etdirmək istəyən gənclər üçün dövlətimizin yaratdığı imkanlar həqiqətən də çoxdur və bunları çox yüksək qiymətləndirirəm. İstər təhsil, istərdə də müxtəlif əyləncələrlə bağlı olan imkanlar özünü yetişdirməyə həvəsli olan gənclərin bir neçə addım önə atmalarına səbəb olur. Müxtəlif tələbə və gənclər təşkilatlarının, QHT-lərin, Gənclər və İdman nazirliyi, Gənclər Fondu və sair kimi müəssisələrin müxtəlif fəaliyyətlərində iştirak edərək, onların biz gənclər üzərində fiziki və mənəvi inkişaf yolundakı təsirlərinin şahidi olmuşam. Bundan başqa bu gün işlədiyim Qafqaz Universiteti Texnoparkının davamlı olaraq iki ildir keçirilən Yeni Fikir müsabiqəsi, müxtəlif adda Start up yarışmaları, hətta öz şirkətini qurmaq istəyən innovativ gənclər, girişimçilər üçün geniş imkanlar yaradır.
- Gənclərin
və yeniyetmələrin mənəvi kamilləşməsində
təhsilin rolu böyükdür.
Bu rolu bir
qədər də artırmaq üçün
hansı təklifləriniz ola bilər?
- Əlbəttə ki, təhsil kamilləşmənin ən başlıca səbəbidir. Buna görə də bütün gəncləri ən azı orta məktəbi tam bitirərək kolleclərdən birinə daxil olmağa səsləyirəm. Məncə, təhsilin ilkin pilləsi hələ uşaq məktəbə getməmişdən əvvəl ailədə başlamalıdır. Valideynlər uşaqların məktəbəqədər dövrlərində onlarda oxumağa, təhsil almağa həvəs yaratmalıdırlar. Bundan başqa onların oyunlarına, əyləncələrinə müxtəlif elmi məlumatları, məntiqi sualları əlavə etməlidirlər. Məktəb dövründə isə valideynlərlə yanaşı müəllimlərin rolu daha böyükdür. İbtidai siniflərdə keçirilən dərslərin daha çox "əylənərək öyrənmə" prinsipli olmasını üstün tuturam. Yaponiyada istifadə olunan bu üsul ibtidai sinif şagirdlərinə oyunlar vasitəsi ilə müxtəlif biliklərin, məlumatların verilməsini aşılayır. Bundan başqa məktəblərdə əsasən yuxarı sinif şagirdlərinin dərslərlə bərabər müxtəlif peşələrə yiyələnməsi üçün geniş şərait yaradılmalıdır. Məncə, məktəblərdə kulinariya, tikiş, musiqi, dülgərlik və s. kimi məcburi dərslər əlavə olunmalıdır. Hər bir şagird bu dərslərdən arzuladığı birini seçə bilməlidir. Əgər bu dərslər altıncı sinifdən etibarən keçirilsə, şagird məktəbi bitirdikdə 5 illik təhsilə malik ikinci bir peşəyə də sahib olmuş olur. Onun bu peşə üzrə getməsi və ya universitetə daxil olması isə onun seçiminə qalır.
- Gənclərin
mənəvi inkişafı ilə bağlı daha hansı layihələr həyata
keçirməyə ehtiyac var?
- Mənəvi inkişafın başlıca səbəbi mütaliədir. Zövqünə uyğun müxtəlif mövzulu kitabların oxunması insanlarda düşünməni sürətləndirməklə bərabər, mənəviyyatın da inkişafına səbəb olur. Bundan başqa müxtəlif sənədli, tarixi, yerli və xarici bəzi filmlərin də mənəviyyatın inkişafına səbəb olduğunu qəbul edərsiniz. Bu gün bir çox təşkilatlar sırf bu istiqamətli müxtəlif söhbətlər təşkil edir. Bu tədbirləri adətən “Facebook” sosial mediasında görürəm. Həqiqətən də çox maraqlı mövzulara toxunulur. Məsələn, mən kimsəsiz uşaqlarla bağlı olan belə söhbətlərin birində iştirak etmişəm. Mən televiziyada sırf gənclərə, onların inkişafına yönəlik bir kanalın yaradılmasını təklif edərdim. İntellektual, əyləncəli verlişlər, sənədli filmlər, müxtəlif “Start up” və intellektual yarışlardan ibarət olan bu televiziya gənclərin maariflənməsinə və mənəvi inkişaflarına səbəb olar.
Bundan başqa gənclərin daha çox mütaliə etməsini artırmaq üçün şəhərin bir çox bölgəsində kitabxanaların, kitab klublarının yaradılmasını təklif edirəm. Bu kitabxanaların evə kitab vermələri, yeni kitablarla zəngin olmaları əsasdır. Bundan əlavə açılacaq kitabxananın gənclər arasında PR-ı aparılmalı və daha çox gəncin cəlb olunması üçün bəzi addımlar atılmalıdır.
- Bir
gənc kimi, intellektual
inkişaf üçün
hansı metodları tətbiq edirsiniz? Öz üzərinizdə necə işləyirsiniz?
- İntellektin inkişafı üçün bu gün kifayət qədər üsul var. İntellektual verilişlərin izlənilməsi, intellektual yarışlarda iştirak, təcrübəli insanlarla söhbət etmək, onların seminarlarında iştirak etmək, kitablar oxumaq, bu yöndə müxtəlif videolar izləmək intellektin inkişafına aparan başlıca amillərdəndir. Mən də bu istiqamətdə sənədli filmlər izləməyi, maraqlı xəbərləri və bloqları oxumağı adət etmişəm.
- Gənclərin
mənəvi inkişafında mütaliənin rolunu
necə görürsünüz? Mütaliə
indiki Azərbaycan gənclərinin həyat
və fəaliyyətində nə dərəcədə rol oynayır?
- Düzgün yazıların mütaliə edilməsi sözsüz ki, mənəvi inkişafın başlıca səbəblərindəndir. Lakin informasiya əsri olan 21-ci əsrdə kitab oxumayan gənclər də demək olar ki, hər gün müxtəlif yeni məlumatlar, elmi biliklər əldə edir. Bu istiqamətdə mən sosial medianın rolunu yüksək dəyərləndirirəm. Sosial media mənə görə, "əylənərək öyrənmə" vasitələrindən biridir. Burada gənclər dostlarının və ya müxtəlif səhifələrin paylaşdığı məlumatları, xəbərləri, uğurlu insanların dəyərli sözlərini və s. oxuyaraq mənəviyyatlarını, həmçinin də dünyagörüşlərini inkişaf etdirə bilərlər.
- Xarici
təhsilin gənclərin intellektual
inkişafında və dünyagörüşündə
hansı təsirləri ola bilər?
- Günümüzdə gənclərin bir qismi bakalvar
və ya magistr təhsilini
xarici universitetlərdə almağı
planlayır. Bəzən bu, düşünülmüş bir addım olsa da, digər bir qisim gənclər əksinə, bunu xarici ölkəyə
səfər etmək, oranı gəzmək və "müstəqil
olmaq" kimi dəyərləndirir.
Lakin hər iki halda xarici təhsilin gənclərin
dünyagörüşü və
intellektlərinin inkişafında rol
oynadığına əminəm. Yeni bir təhsil sistemi, yeni insanlar, yeni ətraf, xarici dil onları inkişafa
aparır. Xaricdə təhsil almış və hazırda təhsillərini
davam etdirən bir çox tanışım var.
Onlarla olan söhətimdən
də belə başa düşürəm
ki, xarici universitetlərin
bir çoxunun təhsil
sistemi əslində heç
də bizimkindən daha yüksək deyil. Lakin qeyd
etdiyim kimi, yeni mühit, yeni insanlar onları inkişafa aparır. Bu yolda xarici təhsili, özüm də daxil olmaqla hər bir Azərbaycan
gəncinə arzulayıram.
İlkin AĞAYEV
Palitra.-2014.-18 iyun.-S.11.