Milli dəyərlərə əsaslanaraq uşaqlarımızda mənəvi inkişafın yüksəlişinə nail ola bilərik”

 

Cavad Qasımov: “Uşaqlarda mənəvi inkişafın yüksəlməsi üçün ailə, məktəb, cəmiyyət və dövlətdən çox şey asılıdır”

Azərbaycanda sağlam uşaq və gənclərlə yanaşı əlil uşaq və gənclərin də fiziki, eləcə də mənəvi inkişafı məsələsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan vətəndaş cəmiyyəti də aktivdir, hətta sırf əlillərlə məşğul olan QHT-lər fəaliyyət göstərir. İstedadlı Əlillər İctimai Birliyi bu istiqamətdə fəaliyyət göstərən QHT-lərdəndir. Qeyd edək ki, bu təşkilat rəsmi fəaliyyətə 2013-cü ilin dekabrından başlayıb. Birliyin sədri Cavad Qasımov qəzetimizə müsahibəsində dedi ki, əsas fəaliyyət istiqamətləri istedadlı əlil olan insanları aşkarlamaq, onların gələcəkdə həyatda aktiv fəaliyyətinə stimulverici dəstək olmağa yönəldilib.

-Uşaq və gənclərin fiziki və mənəvi inkişafı məsələlərinə dövlət tərəfindən nə dərəcədə diqqət göstərilir?

- Fiziki imkanları məhdud olan uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün dövlətimiz müəyyən işlər görür, müxtəlif sahələrdə işlər aparılır. Nümunə kimi Milli Paralimpiya Komitəsini göstərmək olar. Bu sahədə görülən işlər yüksək səviyyədə həyata keçirilir. Əlillərin peşəkar idmana cəlb olunması və onlar üçün lazımi şəraitin yaradılması həm sağlamlıq baxımından vacibdir, eyni zamanda bu qəbildən olan həmkarlarımızın cəmiyyətdə özünü təsdiqi baxımından, özünə inamın olması və digər həmkarların da bundan müsbət mənada yararlanmasına, gələcəkdə aktiv həyata başlamasına mənəvi stimuldur. Bu yaxınlarda Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiyasının yaradılması da bu mənada alqışalayiqdir. Digər bir nümunə, yaxın keçmişdə hörmətli Prezidentimizin iştirakı ilə 24. 12. 2014-cü il tarixdə Yeni Ramana qəsəbəsində Əmək və Peşə Reabilitasiyası Mərkəzi istifadəyə verildi. Bu mərkəzdə gənc əlillər həm sənət öyrənəcək, həm də idmanla məşğul olacaq. Amma çox təəssüf ki, digər reabilitasiya mərkəzlərində olduğu kimi burda da əlillərə fiziki xidmət göstərmək nəzərdə tutulmayıb. Ümumiyyətlə, dövlət tərəfindən bu sahəyə ayrılan hər bir diqqət təqdirəlayiqdir.

Görülən işlərlə yanaşı bu sahədə həllini gözləyən görüləsi işlər daha çoxdur. Azərbaycanda əlillər üçün fəaliyyət göstərən reabilitasiya mərkəzləri, istirahət mərkəzlərinin şəraiti, fəaliyyəti və xidməti standart səviyyədən də aşağıdır. Belə mərkəzlər hər bir kateqoriyadan olan əlillər yüksək səviyyədə xidmət etməlidir, müasir avadanlıqlarla və peşəkar işçilərlə təmin olunmalıdır. Qeyd edim ki, həmkarlarımız arasında əlil arabası istifadəçiləri çoxluq təşkil edirbunlar arasında qol gücü zəif olanlar da kifayət qədərdir. Reabilitasiya mərkəzlərində bu insanlara fiziki xidmət təşkil olunmalıdır ki, onlar bu mərkəzlərin xidmətindən faydalana bilsinlər. Bu insanlar üçün xüsusi avadanlıqlar var ki, həyatlarının asanlaşdırılmasına kömək edir. Onlar həmin avadanlıqlarla təmin olunmalıdır.

Fiziki imkanları məhdud olan uşaqların və gənclərin qarşılaşdığı həlli vacib çətinliklərdən biri də təhsil sahəsidir. Bu insanlar normal təhsil almaqdan geri qalırlar. Buna səbəb təhsil ocaqlarında fiziki məhdudiyyəti olan insanlar üçün uyğun şəraitin olmaması və ya valideynlərin biganəliyi, yaxud maarifləndirilməməyidir. Ev şəraitində təhsil almaq bu uşaqları cəmiyyətdən təcrid edir. Ali təhsil müəssisələrində də uyğun şərait yox dərəcəsindədir.

Ümumiyyətlə, belə insanların problemlərinin həlli ilə bağlı inkişaf etmiş dövlətlərin təcrübəsinə əsaslanan proqram olmalıdır və bu proqramın icrasını həyata keçirən təşkilatların hökumət və ictimaiyyət qarşısında hesabatlılığı olmalıdır.

-Bəs, vətəndaş cəmiyyəti bu sahəyə necə diqqət ayırır?

- Bu məsələdə vətəndaş cəmiyyətinin də böyük rolu var. Hər birimiz həm əməlimizlə, həm cəmiyyətə qarşı münasibətimizlə, həm də fəaliyyətimizlə Vətən və vətəndaşlar qarşısında məsuliyyət daşıyırıq. Hər kəs öz vicdanı qarşısında hesabatlıdır. Ona görə cəmiyyətimizin hər bir fərdi etdiyi hər işi düşüncə səviyyəsinə görə edir. Bu səbəbdən vətəndaş cəmiyyətinin diqqəti də müxtəlifdir.

Bu sahə ilə məşğul olan QHT-lər nə qədər aktiv fəaliyyət göstərsələr bu, ümumi işin xeyrinədir. QHT-lər çoxdur, amma görənlər çox azdır. Bir çox QHT-lər var ki, dövlət qeydiyyatından keçib, amma fəaliyyəti yoxdur. Bunun da obyektivsubyektiv səbəbləri var. Çox təəssüf ki, bu sahədə də çətinliklər və nöqsanlar var.

Mən təsisçisi olduğum İƏİB-dən danışa bilərəm. Biz bu təşkilatı yaradandan çox çətinliklərlə üzləşmişik. Biz ofissiz fəaliyyət göstəririk. Yaşadığım yataqxanada yerləşən birotaqlı mənzilimin yarısını ofis eləmişəm. Heç yerdən maliyyə dəstəyi almamışıq. Amma bu çətinliklərə baxmayaraq fəaliyyət göstəririk. Biz təşkilat olaraq həm üzvlərimiz və həmkarlarımız qarşısında, həm dövlətimiz və cəmiyyətimiz qarşısında öz öhdəliklərimizin məsuliyyətini dərk edirik. Görəcəyimiz işlər çoxdur. Biz düzgün işləyən QHT-lərlə əməkdaşlıq edirik. Çalışırıq ki, nöqsanlarımız az olsun, uğurlarımız çox.

- Siz QHT olaraq hansı layihələr həyata keçiribsiz?

- Biz İƏİB-i olaraq 6 aya yaxındır fəaliyyət göstəririk. Bu günə qədər ƏOİ-in iştirakı ilə müxtəlif mövzulu tədbirlər həyata keçirmişik. Buna misal olaraq “N” saylı hərbi hissələrdə “Keçmiş döyüşçü ilə gələcəyin döyüşçüsünün görüşümövzusunda tədbirlərimiz olub. Bu tədbir həm vətənpərvərlik baxımından önəmli idi, eyni zamanda ƏOİ-nin cəmiyyətdə aktiv olması, vətənpərvərlik hisslərini əsgərlərimizlə bölüşərək cəmiyyətə xidmət eləmək qabiliyyətlərini ictimaiyyətin diqqətinə çatdırmaq mənasında önəmli tədbir idi. Bu tədbirdə Qarabağ qaziləri, Paralimpiya çempionları, ümumi səbəbdən əlilliyi olan dostlarımız, Çernobl əlilləri, gözdən əlillər, ziyalılar, şairlər, müğənnilər və s. iştirak edirdilər. Digər bir tədbirimiz, “Təbiəti qoruyaq” tədbiri idi ki, ağacəkmə kampaniyasına başlamışdıq. Üzvlərimizin və dostlarımızın iştirakı ilə bu tədbiri keçirtdik. Məqsədimiz ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək və sağlam həyatın qorunması idi. Sağlam həyatın əsas mənbəyi təmiz ekologiyadır. Digər tədbirlərimiz isə əlilliyi olan xanımların əl işlərindən ibarət satış-sərgilərinin təşkili idi ki, bu günə qədər hər biri iki gün olmaqla 3 (üç) belə sərgi təşkil etmişik. Sərgidə müəlliflərin iştirakı təmin olunub. Sərgidən əldə olunan vəsait birbaşa müəlliflərin özlərinə çatdırılıb. Müəlliflərin hamısı əlil arabası istifadəçiləri idi. Onu da qeyd edim ki, bütün bu tədbirləri öz şəxsi vəsaitimizlə həyata keçirmişik.

Layihələrə gəlincə, “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəmiz bu yaxınlarda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında qalib oldu. İnşallah, yaxın günlərdə bu layihənin məram və məqsədi mətbuata açıqlanacaq və həyata keçiriləcək.

Digər bir layihəmiz “Günəş” layihəsidir ki, artıq elan etmişik və tətbiqi ilə məşğuluq. Bu layihə çərçivəsində istedadlı insanların aşkarlanıb üzə çıxmasına dəstək veriləcək. “Günəş” layihəsinin iki mərhələsi onlayn, üçüncü mərhələ isə qaliblərin elan olunması və tədbirlərin həyata keçirilməsi olacaq. Onu da xüsusi olaraq qeyd edim ki, “Günəş” layihəsi çərçivəsində əlillərlə yanaşı, sağlam gənclər də birgə iştirak edəcək.

- Əlil uşaqların əqli və fiziki inkişafı üçün hansı işlər görmək olar?

- Birinci növbədə xüsusi təhsil və ixtisaslaşdırılmış reabilitasiya mərkəzləri müasir standartlara uyğun olaraq fəaliyyət göstərməlidir. Valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır. Yalnız paytaxtda yox, regionlarda da işlər görülməlidir. Asudə vaxtın təşkili, əyləncə və istirahət mərkəzlərinin yaradılması, sağlam insanlarla ünsiyyət və fəaliyyət qurulmasına şərait yaradılmalıdır. Ümumiyyətlə, biz istəyirik ki, əlillər sağlam insanlarla birgə fəaliyyət və birgə yaşam şəraitində həyatda öz yaşamlarını qursunlar. Təsəvvür edin, əlil və sağlam insan eyni məkanda və eyni vaxta istirahət edir. Belə olsa, əlliliyi olan insanlar özlərini cəmiyyətdən təcrid etməzlər, eyni zamanda cəmiyyətin özünün bu insanlara baxış tərzi dəyişər. Yaxşı olar ki, bu sahədə inkişaf etmiş dövlətlərin təcrübələri bizdə də tətbiq olunsun.

- Əlil və kimsəsiz uşaqların hüquqlarının qoruması ilə bağlı hansı işlər görürsüz?

- Biz fəaliyyət göstərdiyimiz 6 ay ərzində əlillərin reabilitasiya məsələsi ilə bağlı üzləşdiyi çətinliklər və onun həlli yolları haqqında təkliflərimizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) təqdim etmişik. Bu insanların da işləmək hüquqları var, özəl və dövlət qurumlarının bu insanları işlə təmin etmək barədə qanun qarşısında borcları var. Bu məqsədlə biz İƏİB-i olaraq bir neçə istehsalat müəssisələrində monitorinqlər keçirmişik. Məlum olub ki, bu müəssisələrdə hətta əlil arabası istifadəçisi olan həmkarlarımız da işləyə bilər. Amma təəssüflər olsun ki, həmin müəssisələrdə bir nəfər də olsun əlil olan insan işləmir. Bu məsələni biz İTV, LİDER TV və digər KİV-lərdə ictimaiyyətin diqqətinə çatdırmışıq və eyni zamanda ƏƏSMN-nə müraciət etmişik ki, nazirlik bütün müəssisələrdən işçilərinin neçə nəfərinin əlil olduğu barədə hesabat tələb etsinlər. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasında, qanunlarında, fərman və sərəncamlarda eyni zamanda Azərbaycanın da qəbul etdiyi BMT-nin konvesiyasında əlillər haqqında mükəmməl qanunlar mövcuddur. Ancaq bu qanunların işləmə mexanizmini işlətmək vacibdir. Bu sahədə cavabdehlik daşıyan təşkilatlar öz məsuliyyətlərini dərk etməlidir.

Əlillərin hüquqları ilə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında qalib olan layihəmiz çərçivəsində işlər görəcəyik. Sözü gedən layihəmizdə hüquq məsələsi ilə bağlı tədbirlərimiz nəzərdə tutulub.

- Uşaqların mənəvi inkişafını yüksəltmək üçün hansı işlərin görülməsinə ehtiyac var?

- Uşaqlarda mənəvi inkişafın yüksəlməsi üçün ailə, məktəb, cəmiyyət və dövlətdən çox şey asılıdır. Birinci növbədə milli-mənəvi dəyərlərə əsaslanaraq uşaqlarımızda mənəvi inkişafın yüksəlişinə nail ola bilərik. Bunun üçün hər bir uşaq üzərində fərdi-pisxoloji maarifləndirmə mütəmadi aparılmalıdır. Bu, bizim şüarımızdır: “Biz mərhəmət üzərində qurulan bir dünyada yox, ədalət üzərində qurulan bir dünyada yaşamaq istəyirik”.

-Hazırda hansı layihələr üzərində işləyirsiz?

- Hazırda 4 layihə üzərində işlərimiz yekunlaşır. Mövzularımız müxtəlifdir. Eyni zamanda biz üzvlərimizin fərdi layihələri üzərində işləyirik ki, artıq gənc üzvlərimiz təşkilatdan asılı olmayaraq, istəklərini öz layihələri çərçivəsində həyata keçirəcəklər.

 

Fuad Hüseynzadə

Palitra.-2014.-19 iyun.-S.11.