Yaşayış yerlərində idman şəhərcikləri yaradılır
Belə şəhərciklərin
inşası həmin ərazilərdə yaşayan uşaq və
yeniyetmələrin idmana cəlb olunması, fiziki-mənəvi
inkişafında mühüm rol oynayacaq
Xalqın sağlamlığının təmin edilməsinə, böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam və güclü olmasına, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınmasına, əhalinin əmək qabiliyyətinin yüksəldilməsinə, dövlətin müdafiə və iqtisadiyyatının möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsinə yönəlmiş Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya ayrı-ayrı sahələr üçün yaradılan ənənəvi konsepsiya və proqramlardan fərqli olaraq çoxsahəlidir və geniş əhatə dairəsinə malikdir. Layihə çərçivəsində bu məqamlara toxunacağıq.
Bədən tərbiyəsi və İdmanın inkişafı üzrə Milli Strategiya qanunvericiliyə uyğundur, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Proqramının təsdiqi haqqında fərmandan irəli gələn vəzifələrin icrasını təmin edir və milli maraqların qorunmasına xidmət edir. Milli Strategiya ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsinin səmərəliyini təmin etmək və bu prosesdə bütün maraqlı tərəflərin iştirakı üçün bərabər şərait yaratmaq məqsədi ilə aşağıdakı əsas prinsipləri müəyyən edir.
Uşaq, yeniyetmə və gənclər
arasında seçim xarakterli
idman yarışlarının sayı
artırılacaq
Uşaq-yeniyetmə idmanının və ehtiyat qüvvəsi hazırlığı sisteminin inkişafı üçün 2015-ci ilə kimi respublikanın milli yığma komandalarına ehtiyat qüvvəsinin hazırlanması üçün uşaq-gənclər idman məktəbləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı məktəbləri, ali idman ustalığı məktəbləri və olimpiya hazırlığı mərkəzləri sisteminin perspektiv inkişaf konsepsiyası hazırlanacaq. Bunun üçün idman hazırlığı üzrə dövlət müəssisələri sistemini (uşaq-gənclər idman məktəbləri, Olimpiya hazırlığı mərkəzləri, ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, idman təmayüllü internat məktəbləri və liseylər) müasir tələblər səviyyəsində inkişaf etdirmək, idman ehtiyat qüvvəsinin hazırlığı ilə biləvasitə məşğul olan bədən tərbiyəsi və idman təşkilatları, birliklər və idman növləri üzrə respublika federasiyalarına dövlət dəstəyi olaraq büdcədən vəsaitlərin ayrılması qaydası və mexanizminin hazırlanması, icma və məhəlli uşaq idmanının inkişafının təmin edilməsi üçün bələdiyyələrin strukturunda fəaliyyət göstərəcək bələdiyyə uşaq-idman klublarının yaradılması nəzərdə tutulur. Ayrı-ayrı idman növləri üzrə istedadlı, perspektivli gənc idmançıların aşkar edilməsi üçün elmi əsaslandırılmış spesifiki seçim normaları işlənib hazırlanacaq. Bu normalar uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafında böyük rol oynayacaq. Bunun üçün uşaq, yeniyetmə və gənclər arasında keçirilən seçim xarakterli idman yarışlarının sayının artırılması, iki ildə bir dəfə keçirilən Yeniyetmələrin Respublika Oyunlarının proqramını genişləndirmək və idman hazırlığı təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək və inkişaf etdirmək planlaşdırılır. 2020-ci ilə kimi ölkədə fəaliyyət göstərən bütün tipli idman hazırlığı təhsil müəssisələrinin xüsusi təlim-idman bazalarının olması təmin ediləcək, idman hazırlığı sistemində işləyən məşqçi-müəllimlərin hazırlığı və peşə təsnifatının artırılması üzrə müasir effektiv sistem hazırlanacaq. Bu sahə üzrə 2016-cı ilə kimi ölkədə kadr çatışmazlığı probleminin həll edilməsi nəzərdə tutulur. Ehtiyat qüvvəsinin hazırlığı ilə məşğul olan mütəxəssislərin əməyinin stimullaşdırılmasının yeni mexanizmi hazırlanacaq. Ölkədə fəaliyyət göstərən müxtəlif tipli bütün idman hazırlığı məktəbləri idman növləri üzrə təlim-məşq proqramları ilə təchiz ediləcək.
Milli Strategiyanının əsas hədəflərindən biri bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, uşaq və gəncləri idmana cəlb etmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq, bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq, sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək, bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsidir. İmkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulur.
Yeniyetmələr
və qızlar arasında idmanın kütləvi
inkişafı hədəflənib
Əsas hədəflərdən biri bədən tərbiyəsi və idmanın ölkədə, xüsusilə yeniyetmələr və qızlar arasında kütləvi inkişafına nail olmaqdır. 2020-ci ilədək respublikada bədən tərbiyəsi və idmanla məşğul olanların sayının (o cümlədən qızlar və qadınların) ildə 2-3% artırılması, 2020-ci ildə isə ölkə üzrə ümumi göstəricinin 25-30%-ə, qızlar və qadınlar arasında isə - 20-25%-ə çatdırılması qarşıya məqsəd qoyulur. Bunun üçün təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idman infrastrukturu inkişaf etdiriləcək. Daha çox riskə məruz qalan və yoxsul təbəqələrdən olan uşaqlar, yeniyetmə və gənclər də daxil olmaqla yaş qrupları arasında idmanla məşğulluğa həvəs oyadan və maraqları artıran kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin sayının artırılması, sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) bədən tərbiyəsi və idmanla məşğul olmaları, yarışlarda çıxış etmələri və uğurlar qazana bilmələri üçün tələb olunan şərait və imkanların yaradılması təmin ediləcək. Qızlar və qadınların bədən tərbiyəsi və idmanla məşğulluğa daha çox cəlb olunması üzrə fəaliyyətin yaxşılaşdırılması, onların məşğul ola bildikləri idman növlərinin sayının artırılması nəzərdə tutulub.
Ölkədə inkişaf
etdirilən prioritet idman
növlərinin müəyyənləşdirilməsi,
onların regionlar üzrə
dislokasiyasının təsdiqi, 2020-ci ilə kimi
başqa idman növləri
ilə əvəzlənməsinə yol
verilməməsi planlaşdırılır. Eyni
zamanda kadr tələbatının
öyrənilməsi, regionların və idman
təşkilatlarının ixtisaslı peşəkar mütəxəssislərlə
təmin olunmaları üzrə iş
aparılacaq. Regionlarda əhalinin say nisbətinə uyğun
olaraq bədən tərbiyəsi və idman obyektlərinin, o
cümlədən yaşayış yerlərində idman şəhərciklərinin inşası
planlaşdırılır. Belə şəhərciklərin
inşası həmin ərazidə yaşayan
uşaq və yeniyetmələrin idmana cəlb olunmsı, fiziki-mənəvi
inkişafında mühüm rol oynayacaq. Milli
Strategiyanın əhatə etdiyi dövr ərzində ölkədə fəaliyyət
göstərən bütün təhsil
müəssisələrində, o cümlədən
özəl təhsil ocaqlarında idman
zallarının, sadə idman
meydançalarının və digər idman
obyektlərinin olması, ümumtəhsil məktəblərində
bədən tərbiyəsi dərslərində
idman oyunları üzrə məşğələlərin
keçirilməsi, təhsil müəssisələrində fiziki tərbiyənin tədrisi səviyyəsinin
və onun statusunun
yüksəldilməsi, pedoqoji kadrların
peşə səviyyələrinin təkmilləşdirilməsi
və ixtisaslarının artırılması, həftə ərzində bədən tərbiyəsi
dərsləri də daxil olmaqla
bədən tərbiyəsi və idmanla hər
bir nəfərin ən azı 10 saat məşğul ola
bilməsinin təmin edilməsi, uşaq və
yeniyetmələrin fiziki tərbiyəsinin
inkişafı ilə bağlı elmi-praktiki
əsasların işlənib hazırlanması, təhsil
müəssisələrində idman
klublarının yaradılması nəzərdə tutulub. Eyni zamanda
orta ümumtəhsil məktəblərində
idmanın ayrı-ayrı növləri üzrə
ixtisaslaşdırılmış idman
sinifləri yaradılacaq.
Anar Miriyev
Palitra.-2014.-20 iyun.-S.11.