Parisdə azərbaycanlı qaçqın
və məcburi köçkünlərlə bağlı
fotosərgi açılıb
Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı, VII Agentliyin və “Josef” qalereyasının birgə əməkdaşlığı ilə iyunun 18-də Parisin məşhur “Jozef” qalereyasında tanınmış amerikalı fotoqraf Ed Koşinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq azərbaycanlının həyatından bəhs edən “Yarımçıq arzular” mövzusunda fərdi fotosərgisi açılıb. 20 iyun - Dünya Qaçqınlar Günü ilə bağlı keçirilən sərgini açan “Josef” qalereyasının direktoru xanım Melissa Reqan fotoqraf Ed Koşini iştirakçılara təqdim etmiş və sərgidə onun 46 fotosunun nümayiş etdirildiyini bildirib.
Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin yeni rəhbəri Mari-Leatisiya Kurdən çıxışında azərbaycanlı qaçqın və məcburi köçkünlərin gündəlik həyatının əks olunduğu fotolardan ibarət sərginin aprel ayında Londonda nümayiş etdirildiyini xatırladıb. O, Ed Koşinin fotolarının müxtəlif beynəlxalq mükafatlara layiq görüldüyünü və onun yeddi kitab çap etdirdiyini bildirib.
Mari-Leatisiya Kurdən Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir ki, dünyada daha çox qaçqın və məcburi köçkün Azərbaycanda yaşayır, Azərbaycan dövləti onların həyat şəraitini yaxşılaşdırmaq istiqamətində mühüm işlər görür. Fotolarda əks olunan qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadıqları və məhz buna görə də sərginin “Yarımçıq arzular” adlandırıldığı vurğulanıb.
Ed Koşi çıxış edərək Azərbaycan haqqında ilk dəfə ötən əsrin 80-ci illərinin sonlarında - Dağlıq Qarabağ münaqişənin başlandığı vaxtlarda eşitdiyini bildirib. 2013-cü ildə ölkəmizə səfər etdiyini deyən fotoqraf, 20 ildən artıq bir müddətdə öz doğma vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlıların ata-baba yurdlarına qayıtmaq arzusunda olmalarının onu həddindən artıq təsirləndirdiyini, rahat həyatdan məhrum bu insanlar haqqında fotoları vasitəsilə dünya ictimaiyyətinə dolğun məlumat verməyi özünə borc bildiyini vurğulayıb.
Sərginin açılışında Fransa ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, sənət adamları, diaspor təmsilçiləri və jurnalistlər iştirak ediblər. Sərgi iyunun 25-dək davam edəcək.
Nigar
Palitra.-2014.-20 iyun.-S.4.