“Gənclərin mənəvi
inkişafı istiqamətində KİV-də təbliğat
aparılmalıdır”
Ramiz Alıyev: “Bir çox ölkələr Azərbaycanı gənclər ölkəsi kimi tanıyır və təqdim edir”
Bu gün bütün dövlət orqanlarında gənclər irəli çəkilir. Ayrıca, ildən-ilə gənclərin vətəndaş cəmiyyətində fəallığı artmaqdadır. Gənclərin ictimai-siyasi aktivliyi isə göz önündədir. Bütün bunlar gənclərimizin məsuliyyətindən, intellektual və mənəvi inkişafından xəbər verir. İctimai-siyasi fəal, gənc politoloq Ramiz Alıyev də belə gənclərimizdəndir.
-Cəmiyyətin
inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?
- Hər bir ölkənin gələcək taleyi və inkişafı onun gənclərindən asılıdır. Ona görədir ki, ağıllı dövlət xadimləri ölkə gənclərinin inkişafı, təhsilinin yüksəldilməsi, idmana dəstək və s. xüsusi diqqət və qayğı ilə yanaşır. Bir ölkənin gəncləri yüksək səviyyədə inkişaf edərsə, həmin ölkənin gələcəyi heç bir zaman sual altında ola bilməz. Gənclər yenilikçidir, gənclər öz ölkələrində hər sahənin inkişaf etməsini görmək istəyir, bu, bir növ də tələbdir. Bir çox ölkələr Azərbaycanı gənclər ölkəsi kimi tanıyır və təqdim edir. Çünki həm ölkəmizdə əhalinin böyük hissəsini gənclər təşkil edir, həm də dövlət tərəfindən bir çox ölkələrə nümunə ola biləcək dərəcədə gənclərə qayğı və diqqət göstərilir.
- Gənclərimizin
ictimai-siyasi aktivliyi özünü necə göstərir?
- Azərbaycan gəncləri hər bir dönəmdə ictimai-siyasi həyatın aktiv nümayəndələri olublar. Düzdür, bəzi dönəmlərdə hakimiyyət nümayəndələrinin xoşuna gəlmirdi gənclərin ictimai-siyasi sferada aktiv olmaları. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qadağalar götürülüb və bir növ, gənclər üçün meydan yaradılıb ki, özlərini, bacarıqlarını göstərsinlər. Bu siyasi kurs da Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Gənclərimiz demək olar ki, bütün sferalarda aktiv fəaliyyət göstərir.
- Gənclərin
fiziki və mənəvi inkişafı
istiqamətində görülən işləri necə dəyərləndirirsiz?
- “Sağlam bədəndə sağlam ruh olar” devizi ilə Azərbaycan dövləti gənclərin mənəvi inkişafı ilə yanaşı fiziki imkanlarının da yüksək olması üçün demək olar ki, hər rayon və şəhərdə Olimpiya mərkəzləri yaradıb, idman kompleksləri inşa etdirib. Bunun nəticəsi olaraq gənclərimiz əksər yarışlarda öncül yerlərə sahib olurlar. 23 ilin müstəqil dövləti bu gün əsrlərin müstəqil dövlətlərini müxtəlif idman yarışlarında qabaqlayır. Bu, Azərbaycanın çox böyük uğurudur.
- Ümumiyyətlə,
bu gün Azərbaycan
gənclərini əsas narahat edən nədir?
- Azərbaycanın hər bir yaş qrupunu, eləcə də gənclərimzi də narahat edən ən böyük problem hələ də tarixi torpaqlarımızın erməni terrorçularının işğalında olmasıdır. Bu problemin ölkəmizə vurduğu mənəvi və maddi ziyanı bu gənclərimiz də yaşamaqdadır. Qaçqın və məcburi köçkün gənclər necə çətinliklərlə üzləşiblər, mənəvi travmalar alıblar, valideynlərini, yaxınlarını, doğulduqları ata-baba torpaqlarını itiriblər, bu, çox böyük dərddir. “Hər zaman müharibələrdə ən çox zərəri uşaqlar çəkir” deyimi var. Bu, həqiqətən də belədir. Buna görə də gənclərimiz öz fəaliyyətləri ilə Azərbaycanın başına gətirilən bəlaları beynəlxalq aləmə və dünya ictimaiyyətinə çatdırırlar. Gənclərin bu cür uğurlu fəaliyyətindən danışarkən Heydər Əliyev Fondunun vitse-prezidenti, “Rusiya Azərbaycanlı Gənclər Təşkilatı”nın rəhbəri Leyla Əliyevanın xidmətlərini xüsusi ilə vurğulamaq lazımdır. Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya Ədalət” kampaniyası demək olar ki, dünyanın hər bir ölkəsində həyata keçirilib. Bu cür təşəbbüslər ölkəmizin haqq səsinin dünyanın hər bir ölkəsində səslənməsinə şərait yaradır ki, bu da dövlətimiz, xalqımız üçün böyük bir uğurdur.
- Azərbaycan gəncləri
öz üzərinə düşən məsuliyyəti
anlayırmı?
- Hərdən elə olur ki, gənclərimizi nələrinsə müqabilində yoldan çıxarıb dövlətimizə, xalqımıza qarşı istifadə edirlər. Bu addımı atanları maraqlandırmır ki, bu kimi fəaliyyətləri nəticəsində bir çox gənclər cinayət törədib həbsxanalara düşür, onların bu kimi səhv addımlarından ailələri xəcalət hissləri keçirir. Daha faciəli məqam ondan ibarətdir ki, bəzən Azərbaycan gəncini Azərbaycan dövlətinə qarşı istifadə edirlər, özü də ölkəmizin və dövlətimizin düşmənlərinin xeyrinə görə. Bəzi gənclər cəza çəkən zaman anlayırlar ki, səhvə yol veriblər və onları bu yola salanlar öz maraqları naminə bu cür gənclərdən istifadə edərək xarici donorlardan və erməni lobbisindən maliyyə vəsaiti alırlar. Bütün bu kimi hallara qarşı mübarizəni tək gənclər deyil, həmçinin həmin gənclərin valideynləri də aparmalıdır. İmkan verməməlidirlər ki, onların övladlarından istifadə edib dövlətimizə, xalqımıza zərər vursunlar.
- Azərbaycan gəncinin
mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiz?
- Hazırda Azərbaycan gəncləri həm müasirlik dövrü ilə ayaqlaşmağa çalışır, həm də əsrlər boyu qoruyub saxladığımız milli əxlaqi dəyərlərimizə sadiqlik nümayiş etdirirlər. Təbii ki, demək olmaz ki, hər bir gənc bu qaydaları qoruyur, ancaq deyərdim ki, böyük əksəriyyət milli-mənəvi əxlaqi dəyərlərimizə sadiqdir. Bilirsiz, belə bir dönəmdə, müasirləşən dövrümüzdə, gərək yaşlı nəslin nümayəndələri də gənclərimizə öz milli-mənəvi əxlaqi dəyərlərimizi aşılayalar.
- Gənclərə
nə dərəcədə diqqət və qayğı
göstərilir?
- Hər bir ölkənin gələcəyi onun gənclərinin əlindədir. Bunun üçün də dövlətlər çalışmalıdır ki, öz gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşsın. Azərbaycan gəncləri ona görə çox xoşbəxtdir ki, onlara dövlət tərəfindən bu cür diqqət və qayğı göstərilir. Gənclərə göstərilən bu diqqət və qayğı ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtdan başlayıb və hazırda cənab Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Biz digər ölkələrin gəncləri ilə ünsiyyətdə olduqda, onlarla söhbətimizdə anlayırıq ki, heç də bütün ölkələrdə dövlət-gənclər münasibəti bizdəki kimi yüksək səviyyədə deyil. Mən hesab edirəm ki, gənclərimiz bu münasibətlərdən layiqincə yararlanmalıdır.
- Gənclərin
öz bacarığını nümayiş etdirməsi üçün
lazımi şərait yaradılıbmı?
- Bildiyimiz kimi, Azərbaycan demokratik, müstəqil bir ölkədir. Burada gənclər təşkilatları, QHT-lər, gənclər şəbəkələri, idman cəmiyyətləri və s. müstəqil fəaliyyət göstərir. Hər bir gəncə öz bacarığını nümayiş etdirmək üçün gözəl şərait yaradılıb, istər dövlət tərəfindən, istərsə də hakimiyyət nümayəndələri tərəfindən. Diqqətlə baxsaq, görərik ki, ölkə başçısının imzaladığı sərəncam və fərmanların bir çoxu məhz gənclərlə bağlıdır. Həyata keçirilən böyük layihələrdə gənclərin xüsusi yeri mövcuddur.
Azərbaycan gəncləri öz bilik və bacarığı, vətənpərvərlik xüsusiyyətlərinə görə digər ölkələrin gənclərindən hər zaman üstün olub. Eyni zamanda da ictimai-siyasi fəaliyyətlərində də çox aktiv bir mövqedən çıxış edirlər. Buna həm dövlətin gənclərimizə göstərdiyi diqqət təsir edir, həm də gənclərimizin öz bacarıqları. Diqqət etsəniz, görərsiniz ki, gənclərimiz və gənclər təşkilatlarımız ölkəmizi beynəlxalq konfrans və tədbirlərdə necə uğurla təmsil edirlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması ilə bağlı apardığı məzmunlu və uğurlu layihələr buna ən bariz bir nümunədir.
- Bu
gün gənclərin öz
dövlətinə sadiqliyi nədə özünü büruzə verir?
- Mən deyərdim ki, Azərbaycan gəncinin ən ali borclarından biri məhz cənab Prezidentin ətrafında sıx birləşməsi olmalıdır. Ona görə ki, Prezident İlham Əliyevin apardığı siyasət yalnız və yalnız ölkəmizin uğurları üçün hesablanıb! Bu gün Azərbaycan regionun söz sahibi olan bir dövlətə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir böyük layihə reallaşa bilməz! Bunları kim edib?! Əlbəttə, cənab Prezident! Mən fikirlərimdə qeyd etdim Azərbaycan gəncinin vətənpərvər, dövlətçiliyini sevən bir gənclik olduğunu. İnanmıram ki, Azərbaycan gəncliyini təmsil edən bir gənc və ya gənclər təşkilatını təmsil edən təşkilat Prezidentin gördüyü işləri görə bilməsin və ölkəmizin inkişafını təsdiqləməsin. Bu uğurları görməyənə müxtəlif növ eynəklər də kömək etməz, təbii ki. Azərbaycanı sevən, dövlətini, Vətənini, xalqını sevən hər bir gənc Prezident İlham Əliyevin ətrafında sıx birləşib və daha da sıx birləşəcək!
- Sizcə, gənclərin
mənəvi inkişafı istiqamətində daha
hansı işlər görülməlidir?
- Bunun üçün il ərzində bir neçə dövlət təşkilatları QHT-lər üçün maliyyə vəsaiti ayırırlar ki, milli əxlaqi dəyərlərimiz əhali və xüsusən də gənclərimizə aşılansın. Bu kimi tədbirlər davam etdirilməlidir. KİV-də təbliğat aparılmalıdır. TV-lərdə bununla bağlı silsilə verilişlər olmalıdır. İnternet və sosial şəbəkələrdə bununla bağlı geniş təbliğat aparılmalıdır.
Fuad Hüseynzadə
Palitra.-2014.-21 iyun.-S.11.