Narınc Rüstəmova: “Uşaqlar
məlumatlandırıcı verilişləri izləməlidir”
Layihə çərçivəsində
müsahibimiz “NARINC" Uşaq
Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmovadır.
-Narınc xanım, uşaqlar üçün inkişaf yolunu müəyyənləşdirməkdə bir çox valideynlər bəzən çətinlik çəkir. Yaxud da gənclərin bu barədə çətinlikləri olur. Bu haqda nə deyə bilərsiniz?
- Öncə qeyd edim ki, hər yol "bildiyimiz yol" deyil. Həmçinin hədəflərimizi bilmək kifayət deyil. İnsanların çoxu burada ilişə bilər. Hədəfi və tapıldığı yer arasında itər. Halbuki doğru olan hədəf təyin etmək və ona gedən doğru yolu, yolları və vasitələri tapmaqdır. Bu, ən az hədəfin özü qədər əhəmiyyətlidir. Şagirdlər, pis vərdişlərindən xilas olmağa çalışanlar, çəki artırmaq ya da azaltmaq istəyənlər, həyatını nizama qoymaq istəyənlər, işini inkişaf etdirmək istəyənlər və sair hamı həmişə burada ilişir deyə düşünürəm. Haqsız da deyiləm. Yalnız hədəf deyil, eyni zamanda düzgün yol tapmağı da bilmək lazımdır ki, düzgün istiqamətdə olub olmadığınız bilinsin. Və müdaxilə edildiyi zaman, yol bağlandığında nə edilə biləcəyini biləsiniz. Sadə, diqqətəçarpan bir yol tətbiq oluna bilər, davam etdirilə bilər və qazana biləcəyiniz üsullar tapmaqda kömək ola bilər. Bu, bizə mənasız və nəticəsiz bir çox iş yerini bilməyimizə, doğru işlə çalışıb-çalışmamağımıza, nizamlı işlərdə çalışmağımıza və nəticə əldə etməyimizə kömək edir. Şübhəsiz ki, yol bilmək yol tapmaq ən az hədəf təyin etmək qədər əhəmiyyətlidir. Bir çox insanın ehtiyacı var buna, bir çox insanın isə dəstəyə ehtiyac duyduğu mövzudur. Mövcud vəziyyətə diqqəti cəlb etmək, hədəflənən vəziyyəti təyin etmək. Sonradan arada olan fərqi analiz etmək. Bu fərqi bağlayacaq üsullar və bu üsulların tətbiq olunmasına istiqamətli bir yol xəritəsi çıxarmaq. Sonra isə idarəli şəkildə yola çıxmaq lazımdır.Hədəfimiz olduğu kimi, üsulumuz, yolumuz olmalıdır…
- Uşaq
şəkilləri bizə nə söyləyir?
- Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən, yoxsa ananı?” ) ailəsinə münasibətini öyrənməyə çalışırıq.Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqqında məlumat almaqda yardımçı olaq. Bunun üçün biz uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik. Uşaq rəsm çəkərkən xüsusi bir müdaxilə ( hansısa ailə üzvünü və ya orqanı çəkməyi unuda bilər) etməməli, istiqamət verməməliyik.Uşağın ana-ata, bacı-qardaşlarını çəkmə tərzi onlar arasındakı ünsiyyəti göstərir. Bədən üzvlərinin normadan kiçik və ya böyük çəkilməsi, ya da heç çəkilməməsi uşağın ailə fərdlərinə baxış tərzindən, ana-atanın ona olan yanaşma formasına qədər problemlərə işıq tutur. İstərdim əsas hissələri nəzərdən keçirək. Kimləsə müqayisə olunan uşaqlar həmişə böyük baş çəkirlər. Məktəb fobiyası olan uşaqlar şəkillərdə ailə fərdlərini, ev və evdə xoşbəxt uşaq şəkillərini daha çox çəkməyə meyil edirlər. Məktəb, şagird rəsmi çəkməkdən isə imtina edirlər. Öz güvənc əksikliyi olan uşaqlar kağızın hamısını istifadə etmir, şəkillər yarımçıq (qurşaqdan aşağı çəkilmir)olur. Bəzən onlar kiçik fiqurlar çəkir və kağızın bir hissəsini istifadə edirlər. İnsan fiqurlarında əl və ayaqların çəkilməmiş olması etibarsızlığı və ətrafa uyğunlaşmada yaşanan çətinliyi, ünsiyyət əksikliyini, paylaşma azlığını, özündən başqa insanlarla birlikdə olmamağı, eqoizmi də ifadə edir. Uşaq xətt şəklində ağız çəkərsə insanlarla danışmaqdan çəkinən, oval, dişləri görünən ağız çəkərsə bu ailədə uşağın danlanan biri olduğunu göstərir. Burunun böyük çəkilməsi uşağın xüsusi və məhrəm mövzularda danışacağı yetkin tapa bilmədiyini göstərir. Qısa saçlı və ya saçsız başda qulaq çəkilməməsi uşağın sosial əlaqələrdə problem yaşadığını, böyük qulaq çəkməsi tənqid olunduğunu göstərir. Geniş, bucaqlı çənə isə qərar vermədə çətinlik yaşadığını göstərir. Boyunsuz çəkilmiş ailə “fərdi əsəbini idarə edə bilmir” deməkdir. İncə və uzun bir boyunsa uşağın özünə davamlı nəzarət etdiyinə və arzularını çox məhdudlaşdırdığına işarə edir. Daha çox rənglənilən saç güclü olma arzusunu göstərir. Uşağın saçını vurğulayaraq rəngləməsi özünü əzik hiss etdiyinin, valideynlərinin saçını vurğulayaraq rəngləməsi isə valideynlərin avtoritar olduğunun göstəricisidir. Sonda onu demək istəyirəm ki, uşaqlar ilk baxışdan sadə və hər şeyə səthi yanaşan görünsələr də, ətraflarında cərəyan edən hadisələrə biganə deyillər və bunlar hamısı uşağın gündəlik həyatına öz mənfi və müsbət təsirini göstərir. Buna görə də biz böyüklər uşaqlara həmişə diqqət etməli onların etmədiklərindənsə, etdiklərini qiymətləndirməyə üstünlük verməliyik.
-Uşaqların sol əllə yazması ilə bağlı nələri
demək olar?
- Sol əllə iş görməyə meyil anadangəlmə haldır. Əziz valideynlər, gəlin, “uşağımız niyə solaxaydır” deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyil anadangəlmədir. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür.Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə bilmirlər. Solaxaylıq nadir hal deyil. İnsanların 10 faizi solaxaydır. Bəzi ibtidai sinif müəllimləri solaxay uşaq görəndə dəhşətə gəlirlər. Həkimin nəzarəti olmadan onların vərdişlərini sağ ələ keçirməyə çalışırlar. Ancaq unudurlar ki, insanın beyni sol və sağ yarımkürədən ibarətdir. Sol yarımkürə bədənin sağ tərəfinin, sağ yarımkürə isə sol tərəfinin hərəkətlərini idarə edir. Bu yarımkürələrdən biri aparıcı olduqda insanın sağ əli, ayağı, digər orqanları daha çevik və güclü olur. Zorla sağ ələ keçirilən hərəkətlərin nəticəsində uşaq nervoz, pəltək və tənbəl olur. Solaxaylığı qüsur hesab etmək düzgün deyil. Təcrübələrdən də görürük ki, solaxay uşaqlar normal şəraitdə öz çevikliliyi və bilikli olması ilə seçilirlər. Məşhur italiyalı rəssam Leonardo da Vinçi, həmçinin Mikelancelo, tanınmış ingilis aktyoru Çarli Çaplin, görkəmli yazıçı və riyaziyyatçı Luis Keroll, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və başqa görkəmli şəxsiyyətlər solaxay olublar. Solaxay uşaqların məktəbə tam hazır olması üçün onlara qayğı ilə yanaşmaq, solaxay olduqlarını üzə vurmamaq lazımdır. Evdə, uşaq bağçasında bu ləqəbdən istifadə etmək, irad tutmaq yanlış addımdır. Uşağın hər bir müvəffəqiyyətini qiymətləndirmək vacibdir.
-Uşaqların televiziya sevgisi barədə
nələri bildirmək olar?
- Uşaqlara şiddətlə
bağlı olan seriallara,
xəbərlərə və cizgi filmlərinə
baxmağa icazə verilməməlidir.
Mütəxəssislər hesab edir ki, televizor
digər yaş qruplarına nisbətən
uşaqlara daha çox təsir edir. Onlar televiziyanı özlərinə örnək
götürür. Bu
isə bir sıra fəsadlara yol aça bilər. Çünki uşaqlar daha həssas olur, şiddət
və.s kimi psixoloji məqamlar
onlara tez təsir edir. Bu kimi
materiallar uşaqların da
sərt rəftarına səbəb olur.
Xüsusilə də məktəb yaşına
çatmamış uşaqlara bu kimi materialları qadağan etmək məsləhət görülür. Bu yaş qrupunda olan uşaqlar
reallıqla, cansızı
bir-birindən ayıra
bilmir. Bu da
uşaqların psixologiyasını
korlayır. Hazırda televiziya
həyatımızın ayrılmaz
bir hissəsinə çevrilib. Ondan istifadəni
isə düzgün şəkildə qurmaq lazımdır. Televiziya uşaqlar
üçün məlumat
mənbəyidir. Buna görə də çalışın, uşaqlarınız
onları məlumatlandıra
bilən verilişləri
izləsin. Hər uşağın
özünün yaş
qrupuna görə proqramları olur. Məsələn, heyvanlarla bağlı
ya da maarifləndirci
verilişlər izləməyə
həvəsləndirin.
Kliplərə baxmağa isə icazə verməyin. Çünki uşaqlar gördüklərini
nümunə götürür
və ordakı kimi hərəkətlər
etməyə başlayır.
Sonralar bunları tərgitmək isə çətin olur. Çalışın əvvəlcədən qarşısını alın.
Valideynlər işlərini daha
rahat etmək üçün
uşaqları televiziyanın qarşısına qoyur. Yəni öz
rahatlıqları naminə uşaqlarını təhlükə
ilə üz-üzə qoyur.
Uşaqları televiziyanın qarşısına qoymaq yerinə onları bağçaya
yazdırın, yaxud da
rəsm çəkmək üçün
yaxşı şərait yaradın.
İlkin AĞAYEV
Palitra.-2014.-26 iyun.-S.11.