«Sahil bağı»nda gənc rəssamların sərgisi

 

26 İyun – Silahlı Qüvvələrin yaranma günü ilə bağlı şəhərin mərkəzindəki «Sahil bağı»nda gənc rəssamların iştirakı ilə tədbir-sərgi keçirilib. Gənclərimizin yeni ideya və təşəbbüslərinə hər zaman köməkçi olan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dövlət Neft Akademiyasının tələbəsi Zülfüqar Vəliyev «Müstəqilliyimiz əbədidir» adlı rəsm sərgisi layihəsinin həyata keçirilməsində Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Emin Art Studio yaxından iştirak ediblər. «Sahil bağı»nda keçirilən tədbir-sərginin açılış mərasmində Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov, Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə, Qarabağ müharibəsi veteranı Cəbrayıl Əliyev, layihənin rəhbəri Zülfüqar Vəliyev və başqaları çıxış edərək tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışıb, gənc rəssamlara uğurlar arzulayıblar. Qeyd olunub ki, tədbirin əsas məqsədi 26 İyun – Silahlı Qüvvələr günü ilə bağlı gənclər arasında maraqlı təbliğat formasında layihə həyata keçirməkdir. Layihədə iştirak edən gənc rəssamlar çəkdikləri rəsm əsərlərində Azərbaycanın bayrağında əks olunan 3 rəngdən istifadə edərək maraqlı rəsm kompozisiyaları hazırlayıblar. Layihənin özəlliyi rəsm əsərlərinin çəkilişində yalnız 3 rəngdən – mavi, qırmızı və yaşıl rəngdən istifadə olunmaqdadır. Bu layihə vasitəsi ilə gənclərə Vətənə, bayrağımıza hörmət və məhəbbət hisslərinin aşılanması nəzərdə tutulub. Tədbir-sərgidə 20-yə yaxın gənc rəssam gözəl rəsm kompozisiyaları yaradıblar. Sonda bu rəsmlərin müxtəlif sərgi salonlarında nümayiş olunması qərara alınıb.

 

Nigar

Palitra.-2014.-26 iyun.-S.15.