Astraxanda güclü diasporumuz var

 

Elvin Allahverdizadə:“Təhsil aldığım universitetdə oxuyan xarici tələbələr Bakıya gəlmək istəyir”

 

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı layihəsi çərçivəsində növbəti müsahibi Astraxan Dövlət Universitetinin tələbəsi Elvin Allahverdizadədir:

 

- Mən 1995-ci ildə Bakıda anadan olmuşam. 2000-ci ildə orta məktəbə daxil olmuşam. Məktəbi bitirdikdən sonra Rusiyada fəaliyyət göstərən Astraxan Dövlət Universitetinə qəbul olmuşam. Hər il təhsil aldığım məktəbə gəlib yaxşı təhsil alan 5 şagird seçirdilər. Mən xarici ölkələrdə təhsillə bağlı keçirilən qəbul imtahanında iştirak etdim imtahandan keçərək qəbul olunanlardan birincisi oldum. Beləliklə, 2012-ci ildə Astraxan Dövlət Universitetinin Tarix fakültəsinin xarici regionşünaşlıq ixtisasına daxil oldum. Təhsil aldığım ali təhsil müəssisəsində hər şey xoşuma gəlir. Təhsil sistemi Azərbaycandakı kimidir. İmtahan prosesi test üsulu ilə deyil, bilet sistemi ilə həyata keçirilir. Dərs prosesi ilə bağlı elə bir çətinlik yoxdur. Oxuyan insan üçün problem deyil. Əsas xarici dili bilməkdir. Xarici dil kimi ingilis, alman dillərini bilirəm. Bizim ailə Rusiyada yaşayıb ona görə rus dilini yaxşı bilirəm. Oranı seçməyimin səbəbi rus dilini yaxşı bilməyimdir, həmçinin şəraitlə tanış olduğuma görə oranı seçdim. Valideynlərimin razılığı oldu.

-Universitetdə təhsil alan digər tələbələrlə münasibətləriniz necədir?

- Digər uşaqlarla əlaqələrimiz yaxşıdır. Universitetdə müxtəlif ölkələrdən, o cümlədən Koreya, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə digər ölkələrdən tələbələr təhsil alır. Əsasən türkdilli ölkələrdən olan gənclər olduğuna görə, dilimizin uyğun olması bizim rahat anlaşmamıza imkan verir.

-Boş vaxtlarınızda ilə məşğul olursunuz?

- Əvvəllər idmanla məşğul olmuşam. Hazırda yenidən başlamaq istəyirəm. Əsasən qol güləşi növü ilə məşğul olmaq istəyirəm. Mən stolüstü tennis növü ilə məşğul olmuşam. RAGT tərəfindən müxtəlif tədbirlər təşkil olunur. Son tədbirlərimizdən biri Xocalı soyqırımı, Novruz bayramı ilə bağlı oldu. Tədbirlər adətən RAGT-nin ofisində təşkil olunur, tələbələr oraya toplaşır. Fikirlərimizi bölüşürük. Başqa millətlərə ölkəmizlə bağlı reallıqları, mədəniyyətimizi göstəririk. Məsələn, Novruz bayramında təşkil olunan tədbirdə iştirak etdik, hamının xoşuna gəldi.

 

Ermənilərə elmimizlə, təhsillə qalib gəlməliyik

 

İstərdim ki, bütün tələbələr dərslərdən yayınmasınlar. Boş vaxtlarında insan hər şey edə bilər. Saat 6-dan sonra boş vaxt olur. Tələbələr bəzən fikirləşir ki, imtahandan başqayollar”la keçə bilərəm. Amma sonda elə olur ki, universitetdən qovulurlar. Biz əvvəllər universitetin yataqxanasında qalırdıq ki, bu yataqxana Rusiyada reytinqinə görə, 2-ci yerdədir. Ancaq indi uşaqlarla ev tutmuşuq. Boş vaxtlarda gəzməyə çıxırıq. Oğlanlar üçün ev işləri görmək çətin olsa da çalışırıq ki, növbə ilə öhdəsindən gələk. O çətinlik var ki, valideynlər yanımızda olmur. Çalışırıq ki, bütün problemlərin öhdəsindən gələk. Ümumiyyətlə, universitetdə 20-25 nəfər azərbaycanlı tələbə təhsil alır.

- Universitetdə təhsil alan erməni tələbələrlə münasibətiniz necədir?

-Universitetdə erməni tələbələr var. Bizə münasibətlərinə gəldikdə isə bizlə danışırlar, amma əksəriyyəti özlərini elə aparır ki, guya baş verən hadisələrdən xəbərləri yoxdur. Biz universitetə yeni gedəndə emosional idik. Sonra fikirləşdik ki, erməniyə görə məktəbdən xaric edilməyək. Çalışırıq ki, onlara elmimizlə, təhsillə qalib gələk. Onlarda bir az qorxu var.

- Oradakı azərbaycanlıların diaspor fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda diplomatiya yaxşı inkişaf edib. Bizə diplomatiya lazımdır. Diasporumuzu inkişaf etdirməliyik. Gənc kadrlar çox olmalıdır. Astraxanda diasporumuz yaxşı inkişaf edib. RAGT-nin sədri Leyla Əliyeva gəlib orada təşkil olunan tədbirlərdə iştirak edir. Gənclərimiz fəallıq göstərirlər. Eyni zamanda şəhər özü balaca olsa da insanların da xüsusiyyəti yaxşıdır. Burada müxtəlif millətlər yaşayır. Ümumiyyətlə, biz az deyilik. Orada həm yerli, həm gəlmə azərbaycanlılar var. Yerli azərbaycanlılar köhnə adət-ənənələrimizi hələ yaşadırlar. Yerli əhali isə azərbaycanlılara öyrəşiblər. Ümumiyyətlə, orada Qafqaz milləti çoxdur.

- Bu ali təhsil ocağındakı təhsilin hansı üstünlükləri var?

- Oradakı təhsil sistemi çox xoşuma gəlir. Orada oxumayan tələbəni oxutdururlar. Boloniya sistemi tətbiq olunur. Seminarda tək tələbə deyil, qrup şəklində cavab verirlər. İki illik təhsilimi yaxşı qiymətləndirirəm. Təhsil ödənişlidir. Qiyməti 2 min dollardır. Orta məktəbdə o qədər yüksək səviyyədə oxumasam da hazırda orada yaxşı oxuyuram. Orada elə bir sistemdir ki, oxumaq özümün xoşuma gəlir. Fənlərin əksəriyyətini sevirəm. İstərdim ki, gənclər həmişə oxusun, çünki lazımdır. Həm üçün zəmin yaradır, həm insanın düşüncəsi dəyişir.

Universitetdə azərbaycanlı uşaqlardan ibarət Şən Hazırcavablar Klubumuz var. Hər bir şəhərin liqası var. Böyük nailiyyətlərimiz var. Şəhər liqasında 3-cü yer tutmuşduq. Bizə uğurumuzun nəticəsində diplom verdilər. Çalışırıq ki, daha da uğurlar qazanaq.

- Xarici tələbələrin Azərbaycanla bağlı təsəvvürləri necədir?

- Xarici tələbələrin Azərbaycanı tanımaları isəEurovizionmahnı müsabiqəsi ilə daha çox bağlı oldu. Hamısı deyir ki, Bakı çox gözəldir, hamı Bakıya gəlmək, tanımaq istəyirik. Biz dəvət edirik. Bir dağıstanlı dostum gəlmişdi. Bakını gəzdik, valideynlərinin çox xoşuna gəldi. Digər uşaqları da dəvət edirik.

-Gələcəkdə təhsilinizi harada davam etdirmək istəyirsiniz?

- Təhsilimi Almaniyada davam etdirmək istəyirəm. Çünki bizim universitetin göndərişi Almaniyayadır. 3-cü kursda praktikaya Almaniyaya gedəcəyəm. Sonra da magistraturanı da orada oxumaq istəyirəm. Ümumiyyətlə, praktikaya gəldikdə bizim ali təhsil ocağında xarici vətəndaşların ilk növbədə əsasən öz vətənlərində praktika keçmələrinə üstünlük verilir. Biz azərbaycanlı tələbələr olaraq Leyla Əliyevanın rəhbəri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatından (RAGT) Azərbaycanda praktika keçmək üçün göndəriş götürürük. RAGT- bizi başa salırlar səfirlikdə, yaxud qəzetdə praktika keçməyi özümüz seçirik. Mən hazırda Bakıda praktika keçirəm. Təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə Bakıda tapmaq istəyirəm.

 

Nigar Abdullayeva

Palitra.-2014.-2 iyul.-S.6.