“Xaricdə yaşayanların Azərbaycan televiziyalarına baxmağa çox ehtiyacları var

 

Vüqar Abbasov: “İmkan olduqca ölkəmiz barədə Niderlandda məlumat verməyə çalışmışam”

 

Müasir dövrdə diasporun əsas işi, mübarizəsi informasiya müharibəsi müstəvisinə keçib. Artıq, diasporların apardığı müharibə hegemon dövlətlərin apardığı “soyuq müharibə”ni geridə qoyub. Hollandiyada yaşayan həmkarımız Vüqar Abbasov da bu müharibənin ən fəal iştirakçılarındandır. Onu diasporumuzun öz qələmi ilə düşmənlə müharibə edən uzaqvuran artilleriyaya bənzətmək olar. Qeyd edək ki, V. Abbasov 1974-cü ildə anadan olub. Orta məktəbi bitirəndən sonra Qərb Universitetində Politologiya ixtisası üzrə təhsil alıb. 1993-2008 -ci illərdə yeri Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti olub. 2008- ci ildən Niderland Krallığında yaşayır. Azərbaycan və Niderland Jurnalistlər birliklərinin üzvüdür. Niderlandda ikinci təhsil alır və Niderland Qaçqınlarla İş idarəsində hüquq məsləhətçisi işləyir.

 

-Sizcə, bu gün Azərbaycan-Niderland münasibətləri hansı səviyyədədir?

- Bilirsiniz ki, bugünlərdə Niderlandın xarici işlər naziri cənab Timmermans Azərbaycanda işgüzar səfərdə olub. Bundan öncə də bu səpkili qarşılıqlı səfərlərin şahidi olmuşuq. Eləcə də Azərbaycan parlamentində Azərbaycan-Niderland Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir və bu qrupun rəhbəri millət vəkili Adil Əliyev də bir neçə dəfə Niderlanda səfər edib. Bu iki ölkə arasında diplomatik münasibətlər 1991-ci ildə- Azərbaycan müstəqillik əldə etdikdən sonra başlanıb və mən şadam ki, artıq bir çox sahələr üzrə əlaqələr yaradılıb. Niderland xarici işlər nazirinin son səfəri də buna bir daha sübutdur. Onu da bilirsiniz ki, Niderlandda Azərbaycan səfirliyi də fəaliyyət göstərməkdədir.

- Bir jurnalist olaraq Azərbaycan həqiqətlərini Hollandiya KİV-ində yaya bilirsinizmi?

- Bütün bunlar o qədər asan deyil. Mənim Niderland siyasətçiləri ilə istər Niderland parlamentinin (ikinci kamer), istərsə Niderlanddan seçilmiş Avropa Parlamentinin üzvləri ilə görüşlərim olub. Onlardan həm Azərbaycan, həm Niderland mətbuatı üçün müsahibələr almışam. Bundan başqa yerli mətbuatda da imkan olduqca yazılarla çıxış etmişəm. Həmçinin Niderland mətbuatında bir neçə müsahibəm gedib. İmkan olduqca ölkəmiz barədə məlumat verməyə çalışmışam. Bir vaxtlar mən Niderland parlamentində jurnalist kimi qeydiyyatdan keçmək üçün müraciət etmişdim mənə cavab da verilmişdi. Sonradan bəzi məqamları nəzərə alaraq bundan imtina etdim. Ancaq Niderland mətbuatını gündəlik izləməyə çalışıram ölkəmizin əleyhinə, qərəzli yazılar görəndə mütləq buna reaksiya verir, onlara elektron məktub göndərirəm. Son dövrlərdə yerli siyasət adamları ilə görüşlər keçirməsəm onların elektron ünvanlarına imkan olduqca məktublar göndərməkdə davam edirəm. Yerli mətbuat nümayəndələrinin bəziləri ilə şəxsi əlaqələrim var. Hətta onların özlərinə belə razılaşmadığım məqamları, imkan olarsa Azərbaycana səfər etmələrini bir bizim qaçqınlarla, Qarabağdan, öz Vətənimizdən qovulmuş azərbaycanlılarla yerindəcə söhbət etmələrini deyirəm. Hər halda, edə biləcəklərim hələlik bunlardır edirəm.

- Artıq necə ildir ki, Niderland Krallığında bu istiqamətdə fəaliyyət göstərirsiniz. Amma etiraf edək ki, ümumiyyətlə, xaricdə yaşayan, ölkəmizin haqq səsini yayan azərbaycanlı jurnalistlərin sayı fəaliyyəti heç yetərincə deyil.

- Bilirsiniz, onsuz da həyatda bizə şeylər heç həmişə yetərli olmur. Məsələn, pul, var-dövlət s. (gülümsünür). Müqayisə düzgün olmasa da, bura xaricdə yaşayan azərbaycanlı jurnalistləri daxil etmək olar, onlar da çox deyillər. Ancaq bildiyim qədər müxtəlif ölkələrdə yaşayan jurnalist həmvətənlərimizə rast gəlmək mümkündür, o cümlədən Niderlandda da var. Ancaq kimin görüb-görməməyi ayrı mövzunun söhbətidir.

- Qərbdən necə görünür, sizcə, Azərbaycan jurnalistikası öz funksiyalarını yetərincə yerinə yetirə bilirmi?

- Azərbaycanda yetərincə savadlı jurnalistlərimiz var ki, onların yazılarını oxumaqdan zövq alırsan. Fürsətdən istifadə edib bəzi məqamlara toxunmaq istəyirəm. Xaricdə yaşayanların Azərbaycan televiziyalarına baxmağa çox ehtiyacları var, xüsusən uşaqların. Mən şəxsən çalışıram ki, övladlarım dilimizi, adət-ənənələrimizi unutmasınlar televiziyalar bunun üçün ən yaxşı vasitə ola bilərlər. Ancaq təəssüf ki, nəinki uşaqlar, mənim özümün belə baxa biləcəyim çox az verilişlər var. Demək olar ki, televiziyalarımızda maarifləndirici verilişlərdən əsər-əlamət belə yoxdur. Bütün günü şou proqramlar verilir, bütün verilişlərdə toy müğənniləri iştirak edirlər.

Yeri gəlmişkən, bir şeyi qeyd etmək istəyirəm. Bugünlərdə mətbuatdan oxudum ki, Azərbaycanda bir neçə jurnalist yığışaraq yeni birlik- Diaspor Jurnalistləri Birliyi (DJB) yaradıblar. Onların içərisində mənim hörmət etdiyim jurnalist dostlarımın da adına rast gəldim. Şəxsən mənim sizlərin dəstəyinə ehtiyacım var. Belə ki, arada elə məlumatlar lazım olur ki, onu öyrənməkdə çətinlik çəkirsən. Bu digər məsələlərdə əməkdaşlıq etməmizin ümumi işlərin xeyrinə olacağı qənaətindəyəm.

- Maraqlıdır, bu gün Niderland ictimaiyyəti Azərbaycanı necə tanıyır?

- Bu suala bundan öncəki suallarınızda cavab verdiyimi düşünürəm. Onu əlavə edim ki, Niderland ictimaiyyətinə Azərbaycanı tam tanıtmağımız üçün hələ çox işlər görməliyik. Bu günə qədər olan işlərin üstündən xətt çəkmək anlamına gəlməməlidir dediklərim. Sadəcə demək istəyirəm ki, görüləcək işlərimiz çoxdur.

- Azərbaycan diasporunun ictimai-siyasi aktivliyini artırmaq üçün hansı addımların atılmasına ehtiyac var?

- Bizləri tənqid etmənizə ehtiyacımız var. Təriflədikcə arxayınlaşırıq. Tənqid edin bizləri, obyektiv tənqid. Təəssüf ki, bəzən jurnalist dostlarımız tənqidlə təhqiri səhv salırlar. Ancaq məndən, ayrı-ayrı adamlardan daha çox təşkilatların tənqidə ehtiyacları var. Bu o anlama gəlməməlidir ki, görülən, görüləcək işləri qeyd etməmək lazımdır. Qətiyyən, bütün görülmüş işləri qiymətləndirməliyik. Əks halda adam gerçəkdən həvəsdən düşər. Onsuz da bir çoxlarımızın, təşkilatların gördükləri işlərin müqabilində qazancları yalnızca təşəkkür olur. Şəxsən mən bu günə qədər, əgər az da olsa bir şey edə bilmişəmsə hamısını öz hesabıma etmişəm.

- Niderlanddakı milli dərnəklərimiz arasında vahid koordinasiya əlaqələri varmı?

- Mən belə koordinasiyanın olmasından məlumatsızam. Təşkilatlarımız arasında um-küsü çoxdur. Mən belə düşünürəm ki, xaricdə yaşayan bizlər bir-birimizə dost olmasaq da, düşmənçilik etməli deyilik. Bir-birinlə əməkdaşlıq etməyə bilərsən. Ancaq bu o anlama gəlmir ki, ümumi məqsədi bir kənara qoyub gücümüzü bir-birimizlə mübarizəyə həsr edək. Bəzən təşkilatlar arasındakı gərgin münasibətlər insanlarımıza da təsirsiz ötüşmür. Hərdən eyni regionda, eyni məsələ ilə bağlı bir neçə təşkilat ard-arda müxtəlif günlərdə tədbirlər keçirirlər. İnsanlarımız bunların hansına qatılıb-qatılmayacaqlarına qərar verməkdə çətinlik çəkirlər. Məsələn, 20 Yanvarla bağlı buna bənzər hadisə oldu, üç təşkilat, eyni regionda tədbirlər keçirdi. Mən heç birinə qatıla bilmədim. Sonra dostlardan soruşdum ki, tədbirlərin hansına qatıla bildiniz? Bəziləri dedilər ki, üçünə bunu da belə əsaslandırırdılar: “Filankəsin xətrinə dəyərdi, axı birinə gedib, digərinə getməsə idim.” Burdafilankəsdeyərkən dəvət aldıqları təşkilatın sədrlərini nəzərdə tuturdular. Diqqət edin, tədbirin məqsədi qaldı bir kənarda, şəxslər önə çıxdı. Bu təşkilatların hər biri ilə münasibətlərim var. Mənim dediklərimdən incimək gərək deyil. Mən həqiqəti deyirəm. Bunlara son qoymaq lazımdır. Ümumi işlərimiz bunu tələb edir. Bizim bölüşə bilməyəcəyimiz bir şey yoxdur. Kimin varsa, özləri həll etsinlər, insanları buna alət etməsinlər.

Fuad Hüseynzadə

Palitra.-2014.-4 mart.-S.7.