“Ana dilinə tam yiyələndikdən
sonra ən azı bir xarici dili öyrənmək mütləqdir”
Leyla Şəfiyeva:
“Təhsilimi İsveç, İtaliya və ya Çexiya
ölkələrindən birində davam etməyi
qarşıma məqsəd qoymuşam”
Gənclərimizin böyük əksəriyyətinin təhsilə böyük önəm verməsi sevindirici haldır. Ələlxüsus da tələbə adını qazanmış gənclərin ali təhsil ilə bağlı uğurlu addımlar atması, ictimai işlərdə fəal olması və dünyaya çıxmaları daha çox qürurverici məqamlardır. Bugünkü Azərbaycan gəncliyi belə tələbələrin sayının çoxluğu ilə fəxr edə bilər. “Palitra” belə gənclərdən biri ilə oxucuları tanış edir. Bu, Leyla Şəfiyevadır.
- Leyla xanım, özünüz barədə məlumat verərdiniz.
- Mən - Şəfiyeva Leyla Fəxrəddin
qızı, 1994-cü ildə Bakı şəhərində
anadan olmuşam. Orta təhsilimi Binəqədi rayonu Həsən
Cəbrayılov adına 99 nömrəli məktəbdə
uğurla bitirmişəm. Daha sonra 2011-ci ildə 3-cü
ixtisas qrupu üzrə imtahan verərək Azərbaycan Dillər
Universitetinə daxil olmuşam. Hazırda universitetin 3-cü kursunda
ingilis dili ixtisası üzrə təhsilimi davam etdirirəm. Universitetdə xüsusi qrup
olan “Essex 2” qrupunda 2 il təhsil
almışam. Bakı Gənclər Klubu
İctimai Birliyinin fəal üzvlərindənəm, orada
çap olunan bir sıra məqalələrin və
kitabçanın tərcüməsi ilə məşğul
olmuş və bir müddət təşkilat üzvlərinə
ingilis dili öyrətmişəm. Elə
həmin təşkilatda tərtib olunan bir sıra layihələrdə
iştirak etmişəm. "Tariximizi öyrənək,
irsimizi qoruyaq", "Vətəni qoruyan və yaşadan qəhrəmandır " adlı layihələrdə
iştirak etmişəm. Bir müddət əvvəl
isə Fransa da keçirilmiş "Be a citizen, act for your
employability" adlı təlimdə təşkilatı təmsilən
seçilmiş və iştirak etmişəm.
- Xarici
dillər üzrə təhsil almaq maraqlıdır. Ümumiyyətlə, universitetinizin hazırkı səviyyəsi
sizi qane edirmi?
- Bəli.
Hər bir gənc xarici dil öyrənmək istəyir.
Qeyd etdiyim kimi, hazırda Azərbaycan Dillər
Universitetində ingilis dili üzrə bakalavr təhsili
alıram. Artıq 3-cü ildir ki, bu
universitetin tələbəsiyəm. Universitet
seçimi zamanı çox tərəddüdlər
yaşamışdım, lakin daha sonra ətrafımdakı bir
neçə ziyalı insanın məsləhətini nəzərə
alaraq ADU-nu seçdim. İndi seçimimdən
çox razıyam. Bunun səbəbi təbii
olaraq Azərbaycan Dillər Universitetinin mənə verdiyi savad
və dünyagörüşüdür. Azərbaycanın
ən qabaqcıl təhsil mərkəzlərindən biri olan
və hər il yüzlərlə
savadlı dilçi alimlər, tərcüməçilər,
müəllimlər yetişdirən bu universitetdə təhsil
aldığım üçün özümü
şanslı hesab edirəm. Təhsil aldığım ali məktəbin ən sevdiyim xüsusiyyətlərindən
biri isə odur ki, universitetimizin rəhbər heyəti, səlahiyyətli
şəxslər gənclərə fəal olmaq və istədikləri
layihələri həyata keçirmək üçün
yüksək səviyyədə şərait yaradır. Bundan əlavə ADU-nun bir neçə xarici
universitetlə əlaqədə olması tələbələrə
xaricdə təhsil almaq imkanı da yaradır.
-
Adını çəkdiyiniz xüsusi qrup olan “Essex2”
haqqında da ətraflı məlumat verərdiniz.
-
Universitetə daxil olduğumuz həftə mən və digər
23 tələbə yoldaşım tərtib olunmuş imtahandan
keçərək xüsusi qrup olan “Essex2” qrupunda
toplandıq. Bu qrupun yaradılmasında məqsəd ora
seçilmiş tələbənin 2 il Azərbaycan
Dillər Universitetində, növbəti 2 ili isə İngiltərənin
ən qabaqcıl universitetlərindən olan Essex Universitetində
təhsil alması idi. Bizə tədris olunan
bütün fənlər öz universitetimizin proqramından əlavə,
həm də Essex Universitetinin təhsil proqramına
uyğunlaşdırıldı. Xüsusi
olaraq canlı dil daşıyıcısı olan amerikalı
müəllimlərdən dərs aldıq. Bu, dil biliyimizə çox müsbət mənada təsir
göstərdi. Bəzi maliyyə səbəblərinə
görə təhsilimizi Essexdə davam etməyimiz
mümkün olmasa da, bu qrupda aldığımız təhsil
sayəsində dil biliyimiz digər qrup tələbələrindən
çox daha yaxşı oldu.
-
Artıq ingilis dili 10 il əvvəl
olduğu kimi o qədər də aktual deyil. Necə
düşünürsünüz, gənclərimiz daha
çox başqa dillərə üstünlük verməlidirlərmi?
- Bəli,
ingilis dili uzun müddətdir ki, digər dillər arasında
öz hegemonluğunu qoruyub saxlamağa nail olub. Hətta
statistikaya görə, dünyada ingilis dilindən xarici və
ya ikinci dil kimi istifadə edənlərin sayı, bu dildən
ana dili kimi istifadə edənlərin sayından daha
çoxdur. Hələ ki, bu dilin öz
aktuallığını itirdiyini demək olmaz. Ən
azından dünyanın bir çox ölkələrində
təhsil almaq arzusunda olan gənclər ingilis dili bilikləri
sayəsində buna nail olmağı
bacarırlar. Əlbəttə, bu dilin belə
geniş yayılmasının ən əsas səbəbi təbii
olaraq ABŞ-ın dünyada iqtisadi baxımdan liderlik etməsidir.
Əlbəttə, bu da əbədi deyil, bir
müddət sonra bu dilin yerini başqa bir dilin alması
mümkündür. İndi aktual olan digər
dillərə qaldıqda isə hazırda dünyada ən
çox danışılan dil olaraq ispan dili göstərilir.
Çünki bu dil çox sayda ölkənin
yerli və ya dövlət dilidir. Bundan əlavə
ikinci və ya xarici dil olaraq öyrənilməkdə olan dillər
arasında alman, fransız və Koreya dilləri geniş
yayılıb. Hazırda bu dillər ingilis
dili ilə rəqabət halındadır və onun
mövqeyini zəiflədib önə keçmək məqsədi
güdür. Biz gənclərin xarici dil
öyrənməsi ilə bağlı demək istərdim ki,
bu, hər bir gəncin öhdəsinə düşən vacib
amillərdəndir. Hər şeydən əvvəl
ana dilimizə tam yiyələndikdən sonra ən azı bir
aktual olan xarici dili öyrənmək mütləqdir.
- Təhsillə
bağlı uğurla addımladığınızı
dediniz. Bəs ictimai işlərdə necə,
aktivsinizmi?
-
Hazırda Bakı Gənclər Klubu İctimai Birliyinin fəal
üzvüyəm. Dərslərimlə
yanaşı gənclik layihələrində də fəal
olmağa çalışıram. Üzvü
olduğum birliyin həyata keçirdiyi bir neçə tədbirdə
iştirak etmişəm. Bu layihələrdən qədim
alban tarixini öyrətmək məqsədilə təşkil
olunmuş "Tariximizi öyrənək, irsimizi qoruyaq",
Qarabağ müharibəsi qəhrəmanlarına həsr
olunmuş "Qəhrəmanlar unudulmasın " və ailənin
vacibliyi və müqəddəsliyini biz gənclərə
göstərmək üçün təşkil olunmuş
"Sağlam ailə cəmiyyətin və güclü
dövlətin təməlidir " adlı layihələri
deyə bilərəm. Bundan əlavə, birlikdə
tərcüməçi olaraq da fəaliyyət göstərir,
eyni zamanda birlik üzvlərinə ingilis dili dərsləri də
deyirəm.
- Bəs,
Fransada keçirilən təlimdə iştirakınız barədə
nə deyə bilərsiniz? Ümumiyyətlə,
tələbələr üçün belə şəraitin
yaradılmasını necə dəyərləndirərdiniz?
- Dediyim
kimi, bir müddət əvvəl Fransada keçirilən
"Be a citizen, act for your employability" adlı təlimdə
iştirak etdim. Təlim yanvar ayının 10-18
tarixləri müddətində həyata keçirildi. Təlimə 14 müxtəlif ölkədən gənclər
cəlb olunmuşdu. Onların arasında
Fransa, Almaniya, İtaliya, Ukrayna, Rumıniya, Moldova, Türkiyə,
Bolqarıstan və sair ölkələrdən olan gənclər
var idi. Təlim çox maraqlı təşkil
olunmuşdu və bu, mənim üçün yeni və fərqli
bir təcrübə oldu. Avropanın
müxtəlif hissələrindən yeni dostlar qazandım və
iştirakçı olan digər iki azərbaycanlı dostumla
birgə ölkəmizi təmsil edib,
iştirakçıların fikrində azərbaycanlı
olmaqla bağlı fikir yaratmağa çalışdıq.
Türk qardaşlarımızla birgə Azərbaycan
və Türkiyə mətbəxindən müxtəlif təamlar
hazırladıq. Yeməklərimiz xarici
dostlarımız tərəfindən çox bəyənildi.
Eyni zamanda onlara öz milli rəqslərimizi ifa etdik, rəqslərimizi
çox bəyənib bizlə birgə rəqs etməyə
can atanlar da oldu. Qısası, belə tədbirləri
yüksək qiymətləndirirəm. Düşünürəm
ki, bu cür təlimlər daha çox keçirilməlidir.
Bu, ümumilikdə Azərbaycan gəncliyinin
inkişafına, daha da irəli getməsinə və
dünyaya çıxmasına təkan vermiş olar.
- Bugünkü Azərbaycan gəncliyini necə xarakterizə
edərdiniz?
- Müasir Azərbaycan gəncləri hazırda çox
müsbət yöndə fəaliyyətlərlə məşğul
olur və fərd olaraq özlərini inkişaf etdirmək məqsədilə
addımlar atmağa çalışırlar. Bu çox
sevindirici haldır. İştirak etdiyim
konfranslarda, təlimlərdə və ya seminarlarda
qarşılaşdığım gənclər
çoxluğunu görmək, onların çox yaxın gələcəkdə
ana dilimizə tam səlis yiyələndikdən sonra ən
azı bir aktual olan xarici dili öyrənməsi mütləqdir.
Biz gənclər arasında hər hansı bir
ictimai fəaliyyətlə məşğul olmaqdan
yayınanların sayı günü-gündən azalır və
bu, bizi parlaq gələcəyə daha da ümidləndirir.
- Təhsil
ilə bağlı gələcək planlarınız necədir?
Xarici ölkələrdən birində təhsilinizi
davam etdirmək fikriniz varmı?
- Gələcəklə
bağlı planlarımın başında ilk növbədə
burada aldığım yüksək səviyyəli təhsili
xarici(Avropa) ölkələrdən hər
hansı birində davam etmək durur. Dəqiq
desəm, təhsilimi İsveç, İtaliya və ya
Çexiya ölkələrindən birində davam etməyi
qarşıma məqsəd qoymuşam. Bununla
əlaqədar olaraq universitet daxili Erasmus Mundus proqramı vasitəsilə
bu ölkələrdə olan universitetlərə müraciət
etmişəm və lazımlı sənədləri də
artıq proqrama təqdim etmişəm. İndi
isə səbirsizliklə nəticələri gözləyirəm.
Bu ölkələrdən hər hansı birində
təhsil almaq şansı qazansam, orada ölkənin layiqli təmsilçisi
olub, Azərbaycanı daha yaxından tanıtmaq və təmsil
etmək arzusundayam. Vətənə
qayıtdıqdan sonra isə öz sahəmdə
ixtisaslaşmış peşəkar olub, dilçiliyi tədris
etməyi və bununla bağlı yeni vəsaitlər meydana gətirməyi
planlaşdırıram.
Tural
Tağıyev
Palitra.-2014.- 4 mart.-S.5.