Xalq yaradıcılığı
paytaxtlarında qeyri-maddi mədəni irsimiz təbliğ olunur
Qəbələnin
Azərbaycanın əfsanələr paytaxtı, Balakənin
Azərbaycanın folklor paytaxtı və
Abşeronun Azərbaycanın sənətkarlıq
paytaxtı elan edilməsi ilə
bağlı təqdimat olub
Layihə çərçivəsində yazımız xalq yaradıcılığı paytaxtları ilə bağlıdır. Belə ki, Muzey Mərkəzində Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. Bu il üçün Qəbələ Azərbaycanın əfsanələr paytaxtı, Balakən Azərbaycanın folklor paytaxtı və Abşeron Azərbaycanın sənətkarlıq paytaxtı seçilib. Tədbirdə bildirilib ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən nadir bəşəri fenomendir.
Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır.
Sahənin təminat mexanizmlərinin monitorinqi aparılıb, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub. İslahatların davamı olaraq hazırda Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestrinin hazırlanması, Qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və s.) Portfolio Bankının və Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrının yaradılması, Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması layihəsi, Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının təşkili, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür. Qeyd edilib ki, bununla yanaşı, Bakı şəhəri Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi və Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı pilot layihələri həyata keçirilib. Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən 2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları Proqramı təsdiq olunub. Diqqətə çatdırılıb ki, məsələ ilə əlaqədar Qəbələ, Balakən və Abşeron rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər tədbirlər keçiriləcək. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilin ənənəsinə uyğun olaraq, xalq yaradıcılığı paytaxtları elan olunur. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd folklor, diyarşünaslıq və sənətkarlıq kimi qeyri-maddi mədəni irsin qorunması və təbliğidir. Nazir deyib ki, 5 il öncə başlanmış bu layihəyə hazırda maraq artmaqdadır: Artıq rayonların arasında rəqabət də görünür. Bu layihə 5 il müddətinə nəzərdə tutulub, lakin əldə olunmuş nailiyyətlər, müraciətləri nəzərə alaraq, yəqin ki, yaxın günlərdə kollegiyanın qərarı ilə layihəni 5 il də uzada biləcəyik. Çünki Azərbaycanın qeyri-maddi irsi daha zəngindir. Biz qeyd etməliyik ki, layihə insanların gündəlik həyatında iz buraxıb və gələcəyə daha da ümidlə baxmağa imkan verir. Layihə qeyri-maddi irsin saxlanmasına böyük əhəmiyyət verir. Bu proqramların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi nominasiyalar həmişə beynəlxalq dəstək alır. Ə. Qarayev bildirib ki, Azərbaycanda keçmiş SSRİ dövründən fəaliyyət göstərən klubların tədricən istiqamətinin dəyişdirilməsi və Xalq Yaradıcılığı Mərkəzinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramına uyğun olaraq, müvafiq işlər görülür. Sonra layihəyə uyğun olaraq, Qəbələ Azərbaycanın əfsanələr paytaxtı, Balakən Azərbaycanın folklor paytaxtı və Abşeron Azərbaycanın sənətkarlıq paytaxtı elan edilib.
Bölgələrin mədəni
inkişafına təkan
Qeyd edək ki,
şəhər və rayonlarımızın belə paytaxt kimi seçilməsi
həmin bölgələrin mədəni inkişafında böyük rol oynayır.
Zaqatala rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva qəzetimizə bildirib ki, ötən il Zaqatalanın Azərbaycanın folklor paytaxtı elan edilməsinin
rayon üçün
böyük əhəmiyyəti olub. Onun sözlərinə görə, Zaqatalanın Azərbaycanın
folklor paytaxtı elan
edilməsini rayonun milli-mənəvi dəyərlərinə,
folkloruna verilən yüksək qiymət
və etimad kimi qəbul
ediblər: İl çərçivəsində
rayonda silsilə tədbirlər, respublika və beynəlxalq səviyyəli konfranslar, festivallar,
konsertlər, sərgilər keçirildi.
Bu nominasiya proqramı
Zaqatalada folklor
nümunələrinin üzə
çıxarılmasında, qorunmasında, gələcək
nəsillərə ötürülməsində, geniş miqyasda təbliğ
olunmasında mühüm rol
oynayıb. Mühüm tədbir kimi rayonumuzda keçirilən
"Xalq sənəti, el
təranələri" Ümumrespublika Xalq Yaradıcılığı
bayramını da qeyd
edə bilərəm. Bayram tədbirində
yerli kollektivlərlə yanaşı,
Balakən, Qax, Masallı və
Şamaxı rayonlarından gəlmiş folklor
və rəqs kollektivləri də iştirak
etdilər. Qədim tarixi abidələri, fauna və florası, ətirli çayı,
qızılgülü ilə məşhur olan
Zaqatala etnik
baxımdan da zəngin diyardır. Burada 20-dək xalqın nümayəndəsi
yaşayır. Əsrlər boyu birgə
yaşayış buradakı mədəni irsi
daha da zənginləşdirmiş,
xalq sənətinin inkişafına təkan
vermişdir. Müxtəlif xalqların folklor və xalq
yaradıcılığı nümunələri bu gün də
yaşadılır, qorunur, inkişaf etdirilir. Zümrüd Ağakişiyeva
qeyd edib ki, Zaqatalada ərazisində
çoxsaylı tarix və mədəniyyət
abidələri var. Gözbarax və Qalal kəndlərində XVIII əsrə aid məscidlər, Mazıx kəndində XII əsrə
aid alban qalası və
XVIII əsrə aid məscid, Kebeloba kəndində XIV əsrə aid edilmiş iki abidə, Yuxarı Çardaxlar
kəndində Pəri qalası, Paşan
kəndində XIII əsrə aid alban qalası, Car kəndində
XIV əsrə aid Çingözqala qülləsi, Axaxdərə kəndində
XII əsrə aid alban
qalası, I Tala kəndində XIX əsrə
aid Cümə məscidi, kəndlərin çoxunda, o cümlədən
Mosul və Əliabad kəndlərində
XIX əsrə aid məscidlər bu qəbildəndir. Folklor
paytaxtı çərçivəsində həmin tarixi abidələrin təbliğatı həyata
keçirilib. Xaçmazda
isə Əfsanələr paytaxtı çərçivəsində
xeyli iş görülüb. Rayon ərazisində
60-dan çox tarix və
mədəniyyət abidəsi var. Sərkərtəpə,
Molaburhan, Hülövlü,
Qaracik, Həsənqala abidələri tunc dövrünə, Canaxır,
Bostançı yaşayış məskənləri isə orta əsrə aiddir. Bu abidələr
Xaçmaz rayonunun Azərbaycanın
qədim yaşayış məskənlərindən olduğunu göstərir. Əfsanələr
paytaxtı ilində Rusiya Federasiyası
Dağıstan Respublikasının məşhur "Ləzginka"
rəqs qrupunun yerli rəqqaslarla
birgə konserti təşkil olunub, Azərbaycanda Belarus
Mədəniyyəti Günləri çərçivəsində
bu ölkənin incəsənət
ustaları rayonda çıxış edib, xalq tətbiqi sənəti
ilə bağlı sərgilər təşkil olunub.
Anar Miriyev
Palitra.-2014.-5 mart.-S.13.