Xarici məkana mühüm
bir statusda
çıxan ölkə - Azərbaycan
Zahid Oruc: “Azərbaycanda təkcə
neft-qaz resursları deyil, eyni zamanda ideyaların ixracı
üçün də geniş işlər
görülür”
Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada mövcud olan mürəkkəb beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli, dünya siyasətinin güc mərkəzləri olan ABŞ, Rusiya, Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri arasındakı mənafe və maraq çəkişmələrində özünün suverenliyini qoruyub saxlamaq məqsədilə düşünülmüş xarici siyasət yeritməli idilər. Bu dövlətlər qarşısında müasir dövrdə beynəlxalq aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf modellərinin, ilk növbədə Amerika, Avropa və Asiya modellərinin zəif və üstün cəhətlərini diqqətlə araşdırmaq və bu zəmində ya onlardan birinə üstünlük vermək, ya da ayrı-ayrı modellərin müəyyən cəhətlərini sintez edərək ölkənin spesifik şəraitinə daha uyğun olan inkişaf yolunu seçmək vəzifəsi dururdu.
Müşahidələr və təhlillər göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən uğurla gələ bildi. Müasir dövrdə beynəlxalq aləmdə qəbul edilmiş və həyata keçirilən inkişaf modellərindən səmərəli istifadə edən Azərbaycan bu gün də bu xarici siyasət xəttini davam etdirir.
Sirr deyil ki, balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu xətti ümummilli lider Heydər Əliyevin sayəsində tutmuş oldu. Hələ o dönəmdə Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri - müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və taktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata
keçirilməsi bu gün də davam edir. Bunun üçün ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər yüksək səviyyədə saxlanılır. İki ölkə arasındakı münasibətləri normal səviyyədə saxlamaq üçün bütün
incəlikləri nəzərə alan bugünkü Azərbaycan rəhbərliyi hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün bir sıra təsirli addımlar da atır.
Müstəqil dövlətçilik məsələləri ilə bağlı qarşıya çıxan təzyiqlərə birgə sinə
gərmək, yeni iqtisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya respublikaları ilə münasibətlər də yüksək səviyyədə saxlanılır, bu dövlətlərlə dostluq münasibətlərinin möhkəmlənməsi üçün yeni forma və vasitələrdən istifadə edilir.
Azərbaycan region üçün də daim aparıcı dövlət rolunu oynayıb və bu mövqe bu gün də olduğu kimi qalır. Ölkəmizin regiondakı sosial-iqtisadi inkişafı və siyasi təkamülə xidmət edən qlobal iqtisadi layihələrin gerçəkləşməsi istiqamətində ardıcıl addımları və sülhsevər siyasəti yeni əməkdaşlıq ideyalarının reallaşmasına da əlverişli zəmin yaradıb. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz evi" ideyasının həllini xeyli çətinləşdirir. Lakin Azərbaycan dövlətinin "Ümumi Qafqaz evi" təşəbbüsü bu gün də aktual təşəbbüs kimi gündəlikdə durur və öz həllini gözləyir.
Dövlətimiz özünün bütün inkişafı boyu Yaxın və Orta Şərqin ən nüfuzlu və aparıcı ölkələri olan İran və Türkiyə kimi böyük, nüfuzlu və regionda xüsusi təsir gücü olan dövlətlərlə də sıx qarşılıqlı münasibətlərdə olub. Bu münasibətlər bu gün də yüksək səviyyədə davam edir. İstər Azərbaycanın hər iki dövlətlə ikitərəfli, istər birgə, istərsə də bu iki dövlətin öz aralarında mövcud olan əlaqələri hər zaman respublikamızın həm daxili həyatı, həm də beynəlxalq vəziyyətinə öz təsirini göstərib. Ona görə də, müstəqil Azərbaycan diplomatiyası bu gün də hər iki dövlətlə öz əlaqələrini elə qurur ki, bir tərəfdən, onların imkanlarından və bölgədə kəsişən maraqlarından Azərbaycan dövlətçiliyinin mühüm problemlərinin həll edilməsində istifadə etsin, digər tərəfdən, respublikanın inkişafını və maraqlarını bu iki dövlət arasındakı münasibətlərin təsirindən azad etsin. Təkcə bir məqamı qeyd etmək yerinə düşər ki, 1993-cü ilin ortalarına qədər Azərbaycanın xarici siyasət kursunda bu mühüm prinsipin əhəmiyyətinin lazımınca qiymətləndirilməməsi bizim üçün İranla arzuolunmaz soyuq münasibətlərə yol açdı. Tarazlaşdırılmamış xarici siyasət strategiyası Azərbaycanın cənub qonşusu olan İranla münasibətlərinin kəskin siyasi-ideoloji qarşıdurma vəziyyətinə gəlib çıxması ilə nəticələndi.
ABŞ üçün də Azərbaycan bu gün mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib. Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərdən birini də terrorizmə qarşı mübarizədə beynəlxalq proseslərə qatılmaq və ABŞ-ın təşkil etdiyi antiterror koalisiyasında iştirak etməkdən ibarət olub. Hələ Sovet İttifaqının tərkibində olduğu zamandan etibarən erməni terrorizminə məruz qalmış Azərbaycan bütün dünya üçün təhlükə doğuran belə problemlərin aradan qaldırılmasına dair məsələləri özünün daxili və xarici siyasətinin diqqət mərkəzində saxlamışdı. Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsini və təsirli tədbirlərin görülməsini həmişə zəruri hesab edib və bu siyasi xətt bu gün də davam edir.
Beləliklə, müstəqillik dövründə mürəkkəb formalaşma mərhələlərindən keçmiş Azərbaycanın bugünkü xarici siyasəti 1993-cü ilin ikinci yarısından etibarən ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri, prioritetləri ilə seçilən, bitkin, ardıcıl və prinsipial xarakter kəsb edən məsələlərə söykənib desək, yanılmarıq. Beynəlxalq münasibətlər sistemində oynadığımız rol artıq düşünülmüş ssenari əsasında qurulur. Dövlət müstəqilliyini möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, tarazlaşdırılmış, fəal xarici siyasətinin nəticəsi olaraq, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutub, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanıb. Hazırda regionda və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur. Həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər, fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəldib, beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin yaradıb.
Millət vəkili Zahid Oruc müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun xeyli artdığını düşünür. O, son illərdə ölkənin nəinki regional proseslərdə, həmçinin Avropa və Asiyada bir sıra iqtisadi-siyasi məsələlərdə mühüm rol oynadığını deyir: “Son illərdə ölkəmiz beynəlxalq məkana daha geniş şəkildə çıxmaq imkanı əldə edib və bu regional siyasətin düzgün qurulmasının nəticəsidir ki, beynəlxalq əlaqələrə bunun bazisində daha güclü bir dövlət kimi çıxmağa şərait yaratdı. İlk növbədə onu qeyd edim ki, əslində milli maraqlar anlayışı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə formalaşdı. Ona qədərki dövrdə təhlükəsizlik anlayışına baxış da xeyli dərəcədə məhəlli və meydan psixologiyası səviyyəsində idi. Burada müxtəlif ölkələrlə işbirliyi qurmaq onları strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, ikitərəfli əlaqələr formatından daha geniş münasibətlərə çıxış əldə etmək hər bir ölkənin xarici siyasət doktrinasının əsasını təşkil etməlidir. Bu mənada ölkəmizin çoxvektorlu qaydada həyata keçirdiyi siyasət özünün bəhrəsini verdi. İndi biz regional konteksdə hər hansı bir dövlətlə xüsusi bir konfrantasiyaya malik deyilik. O cümlədən Şərqi Avropa dövlətləri, həmçinin köhnə Avropanın aparıcı üzvləri ilə də yaxşı əlaqələr qura bilmişik. Bunun nəticəsi olaraq Azərbaycan bir tərəfdən BMT kimi mühüm bir təşkilatda daha üst səviyyədə təmsilçilik imkanları qazanıb, digər tərəfdən isə müxtəlif məsələlər az qala Azərbaycanın iştirakı olmadan bölgənin həyatında qəbul olunmur, o yöndə qərarlar verilmir”.
Milli Məclisin üzvü deyir ki, beynəlxalq münasibətlərdə uğurun əsas səbəblərindən biri Azərbaycanın daha çox tənzimləyici, stabilləşdirici rolda siyasi əlaqələrə çıxmasıdır. Müqayisə üçün Ermənistanı göstərmək olar ki, bu ölkənin də bir neçə xarici dövlətlə ciddi partnyorluğu var. Amma o, bölgədə qızışdırıcılıq, dağıdıcılıq, hərbiləşməyə səbəb olur. Azərbaycan isə bir tərəfdən özünün enerji ehtiyatları ilə müxtəlif dövlətlərlə daha yaxın münasibətdədir, digər yandan isə Əfqanıstan, İraq və ya Kosovo kimi digər problemlərə münasibətdə daha yaxından sülh missiyasını ortalığa qoymaqla özünün dövlət məramını və təyinatını sübuta yetirib: “Həmçinin biz müsəlman dövlət olsaq da digər dinlərə dözümlü münasibətimizlə, onların arasında yaranmış sinergetika ilə da seçilən bir ölkəyik. Ən mühüm məsələlərdən biri həm də mədəniyyət və multikulturalizm sistemində çalışmalar, çoxmədəniyyətlilik sisteminə geniş meydan vermək, başqa xalqların haqlarını tanımaq və sairdir. Məhz onun üçün də ölkəmiz ötən illər ərzində beynəlxalq aləmin əsas tərəfdaşı kimi müxtəlif tədbirlərə ünvan oldu. Azərbaycanda təkcə neft-qaz resursları deyil, eyni zamanda ideyaların ixracı üçün də geniş işlər görüldü. Bu gün Azərbaycan xarici əlaqələr sistemində mühüm ölkə kimi nəzərdən keçirilir.
Əminəm ki, İran ətrafında yaranmış bəlli problemlərlə bağlı atdığımız addımlar xeyli dərəcədə o problemləri normal bir müstəviyə gətirməyə təsir göstərdi. İddia etmirəm ki, İrana qarşı hansısa bir hərbi həmlə var idi və biz onu təxirə salmışıq. Yox. Lakin bölgə dövlətlərinin də razılıq verməməsi bu amildə rol oynadı. Baxmayaraq ki, bu problem ortada qalır, bəzi məsələlər Azərbaycanın mövqeyindən xeyli dərəcədə asılıdır. Gürcüstan və Rusiya arasındakı bəlli problemlərin həllində də biz çözüm yaradıcı dövlət kimi çıxış etməkdəydik. Türkiyə ilə İsrail arasında olan soyuq münasibətlərdə də çevik siyasət yürütdük. Biz ilk dövrdə onların arasındakı ən pik nöqtəyə çatan gərginlik zamanında da addımlarımızı dəyişmədik, fəal xəttimizi saxladıq və bu xətt bu gün də davam edir. Belə düşünürəm ki, Türkiyə ilə İsrail arasındakı hər hansı bir yumşalma xəttində bu rol oynaya bilər. Mən bu sıraya bir çox başqa məsələləri də aid edə bilərəm. Qısası, Azərbaycanın artıq beynəlxalq miqyasda bir sülhpərvər missiyası, vasitəçiliyi qəbul olunur”.
Tural Tağıyev
Yazı Azərbaycan
Mətbuat Şurasının “Azərbaycan beynəlxalq
münasibətlər sistemində” mövzusundakı
müsabiqəsinə təqdim edilir
Palitra.-2014.-5 mart.-S.7.