Rəssamlıq tariximizdə iz qoyan qadın rəssamlarımız
Azərbaycanda rəssamlıq sənəti də qədim dövrə söykənir. Real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq, hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlərin canlandırıldığı rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Ötən müddət ərzində Azərbaycan rəssamlıq sənəti tarixində öz imzasını qoyan sənətkarlarımız olub. Bu sənətkarlar sırasında məşhur kişi rəssamlarımızla yanaşı, öz əsərləri ilə rəssamlıq sənətində iz qoyan qadın rəssamlarımız da var.
Əsas məzmununu
gözəllik təşkil edən sərgi
Elə bugünlərdə Muzey Mərkəzində təqdim olunan Mədəniyyət və Turizm Nazirliyinin, “Kukla Art” qalereyasının və Milli Musiqi Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru” adlı sərgisi də bu mövzuya həsr olunub. Təsviri sənətlə musiqinin, vernisaj və konsertin sintezi olan layihə, xanımlara bayram təbrikidir. Mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin diplomatları iştirak edən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin məzmun və əhəmiyyətindən söz açıb: “Bu sərginin əsas məzmununu gözəllik təşkil edir. Gözəllik bəşəriyyət tarixində qadınların obrazında yaradılıb. Bir çox mahnılar, sənət əsərləri, memarlıq abidələri gözəllikdən güc alaraq ərsəyə gəlib. İnsan həyatında mühüm olan hər bir hadisə onun məhəbbəti ilə bağlıdır. Bu sərgidə çox tanınmış sənət adamları iştirak edir. Gəlin, etiraf edək ki, bu tanınmış simaların uğurlarının arxasında mütləq onları sevən bir qadın dayanır”. Nazir Beynəlxalq Qadınlar Gününün tarixindən qısa söz açaraq bu bayramın 1970-ci ildən BMT-nin müvafiq qərarından sonra bütün dünyada qeyd edildiyini bildirib, Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu bayramın həmişə geniş şəkildə qeyd edildiyini deyib. Nazir Azərbaycanda qadına həmişə böyük diqqət və hörmət olduğunu, Şərqdə və Avropada qadına ilk səsvermə hüququnun 1918-ci ildə məhz Azərbaycan Xalq Cümhuriyyətində verildiyini diqqətə çatdırdı: “Müasir dövrümüzdə də qadınlar cəmiyyətdə fəal mövqe tuturlar. Bu gün respublikamızda hər bir sahədə qadınların yeri əvəzolunmazdır”. Əbülfəs Qarayev bütün qadınları qarşıdan gələn bayram münasibətilə təbrik edərək onlara cansağlığı və xoşbəxtlik arzulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycan qadının cəmiyyətdəki rolundan, dövlət tərəfindən qadınlara göstərilən diqqətdən geniş söz açıb. Azərbaycanda qadın siyasətinin dövlət siyasətinə çevrildiyini bildirib. Azərbaycanın tarixində istər keçmiş, istər də müasir dövrdə tanınmış xanımların olduğunu, cəmiyyətimizin siyasi, mədəni və digər sahələrdə seçilən xanımlarla fəxr etdiyini vurğulayıb. Çıxışlardan sonra layihənin musiqi və təsviri sənət təqdimatı olub. Əvvəlcə kişi ifaçılar xanımlara musiqi çələngi hədiyyə etdilər. Xalq artistləri Murad Hüseynov, Samir Cəfərov, caz triosu, Elçin Şirinov, İslam Qasımov və Tofiq Şıxıyevin ifasında “Sinyaya veçnost”, “My way”, “Unutma məni” və digər əsərlər səsləndirilib.
Tədbirin sərgi bölməsində isə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, Ukrayna, Almaniya və digər ölkələrin rəssamlarının əsərləri nümayiş olunub. Gənc fotorəssamların təqdim etdikləri qadın obrazları xüsusi maraqla qarşılanıb.
Rusiyanın ölkəmizdəki səfirliyinin müşavirinin həyat yoldaşı Olqa Qladkova və Argentina səfirinin həyat yoldaşı Marta Quesada öz əsərlərini sərgiyə təqdim ediblər. Sərgidə “Kukla Art” qalereyasından olan kukla ustalarının işləri xüsusi yer tutur. Ekspozisiyanın konsepsiyasında kukla kompozisiyalarının süjetləri ilə rəsm əsərləri, qrafik vərəqlər, batika və çiçək panelləri həmahənglik yaradır. Pərviz Hüseynov, İrina Qundorina, Fərəh Əliyeva, Tamilla Qurbanova ilə yanaşı, əcnəbi kukla ustalarının əl işləri qadın gözəlliyi və xarakterinin müxtəlifliyini nümayiş etdirir.
Tədbirdə həmçinin qadın rəssamlarımızın fəaliyyətindən bəhs olunub. Sərgidə də məhz onların Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri, Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr olunmuş əsərləri nümayiş olunur. Sərgi martın 9-dək davam edəcək.
Qeyd edək ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyində də məşhur qadın rəssamlarımızın əsərləri saxlanılır. Onlardan biri professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadənin əsərləridir. O, müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır. Xalq rəssamı M.Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərib. Maral xanım qrafika sahəsində xüsusilə məhsuldar çalışıb. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və səmimiyyəti ilə seçilir. Rəssam kitab qrafikası sahəsində də fəaliyyət göstərib. Klassik şairlərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar, həmçinin portretlər yüksək sənətkarlıq nümunəsi sayılır.
Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində”) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Kənd həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin başlıca mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan”). M. Rəhmanzadə bir sıra xarici ölkələrin həyatından çoxlu eskizlər çəkib. Silsilə qravüralar yaradan rəssamın əsərləri London, Moskva, Nyu-York, Paris, Tokio və dünyanın məşhur şəhərlərinin muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilib. Onun xaricdə də dəfələrlə təşkil olunmuş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət edib, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirib. Rəssam milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox mükafatlara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.
Digər görkəmli azərbaycanlı qadın rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovadır. Onun yaradıcılığının bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədrbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranıb. Rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərgisi açılıb. O, "Sofiyada bazar", "Türk qızı", "Tırnovo", "Bayram" və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanıb. Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub. Qeyd edək ki, Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın adını daşıyır.
Öz əsərləri ilə rəssamlıq tariximizdə iz qoyan qadın rəssamlarımızdan biri də Xalq rəssamı və Əməkdar incəsənət xadimi Elmira Şaxtaxtinskayadır. Rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapıb. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada", "Sosialist Bakısı" seriyası (1958, , "Bolqarıstanda" (1963), "Qutablar" və "Novruz bayramı" (1970 tablolarını yaradıb. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilib. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb-yaratmış elm və mədəniyyət xadimlərinin-Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxzgvani, Sultan Məhəmməd Sultan_ və başqaları, 70-80-ci illərdə isə müasir sənətkarların Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurrun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqalarının portretlərini yaradıb. E.Şahtaxtinskaya "Şərəf ordeni" ilə təltif edilib, 1963-cü ildə Əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Xalq rəssamı adına layiq görülüb.
Qeyd edək ki,
hazırda ölkəmizin müxtəlif muzey
və qalereyalarında bir çox
qadın rəssamlarımızın əsərləri
saxlanılır.
Nigar Abdullayeva
Palitra.-2014.-6 mart.-S.11.