“Diplomatiya mənim üçün sənətdir”
Rəşad
Ələkbərov: “Diplom işimin
mövzusu da
Dağlıq Qarabağ idi
və bu başqa
cürə ola bilməzdi ”
“Palitra”nın
xaricdə təhsil alan tələbələrlə
bağlı rubrikasının budəfəki qonağı Rəşad
Ələkbərovdur. Aktiv gənc olan tələbəmizlə bağlı
müsahibəni oxuculara təqdim edirik
- Rəşad, özünüz barədə məlumat verərdiniz.
- Mən - Rəşad Ələkbərov 1986-cı il iyul ayının 19-da Sumqayıt şəhərində anadan olmuşam. Orta təhsilimi Sumqayıt şəhər 21 saylı orta məktəbdə almışam. Hələ məktəb illərindən humanitar fənlərə böyük marağım olub. Ümumiyyətlə, bizim ailədə humanitar fənlərə böyük maraq var. Hətta, bununla bağlı babamı misal çəkə bilərəm ki, o da zamanında tarix, coğrafiya fənlərini kənd məktəbində tədris edib, eyni zamanda da məktəb direktoru vəzifəsində çalışıb. Bəlkə də mənim seçimim bunun təsirindəndir. Hələ uşaqlıqdan kitaba marağım böyük olub. Yadımdadır, anam dəfələrlə babamın kənd yerində gecələr ay işığında kitab oxuduğunu mənə söyləyirdi. Sözsüz də bütün bu söhbətlər məndə kitaba qarşı olan sevgini daha da artırdı. 2004-cü ildə orta məktəbi bitirib Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil oldum. Tələbəlik illərində də dərslərə ciddi yanaşmışam və qrup rəhbəri olmuşam. Daha sonra isə xaricdə təhsil almaq da mənə nəsib olub.
- Azərbaycandakı tələbəlik illəriniz yəqin ki, uğurlu keçib...
- Əlbəttə. Mənim şansım onda gətirib ki, çox dəyərli və peşəkar müəllimlərdən dərs almışam. Mənim biliklərə yiyələnməyimdə böyük rolu olan bu insanlardan bir neçəsini qeyd etmək istərdim - görkəmli politoloq, tarix elmləri doktoru, professor Xaləddin İbrahimli, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, professor Həsən Cahangir oğlu Əliyev, Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Kərim Şükürov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Lətif Hüseynov və s. Mənim bir gənc kimi eyni zamanda bir kadr olaraq yetişməyimdə bu insanların əməyi danılmazdır. Əgər Xaləddin müəllimdən politologiya elminin sirlərini öyrənirdimsə, Kərim müəllimdən Azərbaycan tarixinə aid zəngin məlumatları, Həsən müəllimdən beynəlxalq münasibətlər, xarici siyasət tarixi, diplomatiya, diplomatik protokol qaydalarını, Lətif müəllimdən isə hüquq elminin incəliklərini öyrənirdim. Ömrümün sonuna qədər bu insanlara minnətdar olacağam. Həsən müəllim eyni zamanda universitetimizin ağsaqqalı idi. Bakıda tələbəlik illərimlə bağlı maraqlı anlarım çox olub. O anlardan biri mən I kursda oxuyarkən Kərim müəllimin imtahanında baş verib. Kərim müəllim Vətəninə, el-obasına çox bağlı insandır. O insanı tanıyanlar bu fikri təsdiqləyə bilərlər. Beləcə, ali məktəbi 2008-ci ildə fərqlənmə diplomu ilə bitirdim.
- Bəs, necə
oldu ki, ali təhsilinizi başqa bir ölkədə davam
etdirmək qərarına gəldiniz?
- Öncə onu qeyd edim ki, tələbəlik illərində universitetin sosial həyatında çox aktiv olmuşam. Universitetin Tələbə Gənclər Təşkilatının Kütləvi tədbirlər şöbəsinə rəhbərlik edirdim. Sədrimiz də məndən 1 yaş böyük, Tarix fakültəsinin tələbəsi Tural bəy idi. 2008-ci ildə təhsil aldığım Azərbaycan Universiteti ilə bir çox xarici universitet arasında əməkdaşlıq protokolu imzaladı. Onlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin Yakın Doğu Universiteti idi. Məhz prorektor Xaləddin İbrahimlinin və universitetimizin rektoru, professor, eyni zamanda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Akif Musayevin dəstəyi ilə mən tələbə mübadiləsi proqramı əsasında Kiprə yollandım. Akif müəllim o günə qədər məni yaxından tanımırdı. Mənim namizədliyim birbaşa Xaləddin müəllim tərəfindən verilib. Bu insan həqiqətən gözəl insandır və mənim həyatımın dönüş nöqtəsi də deyərdim həmin şəxslə bağlıdır. Kiprə gəldiyim ilk gün hələ də yanımdadır – 2008-ci il 23 sentyabr. 2011-ci ildə Universitetin Beynəlxalq münasibətlər fakültəsində magistratura pilləsini başa vurdum. Elmi rəhbərim Finlandiyadan olan professor Jouni Suistola olub. Maraq üçün deyə bilərəm ki, diplom işimin mövzusu da Dağlıq Qarabağ olub. Başqa cür ola da bilməzdi. Bu mövzu daim mənim üçün prioritet mövzu olub.
- Təhsildən
əlavə ictimai işlərdə aktivsinizmi?
- Qeyd etdiyim
kimi, tələbə təşkilatında
fəaliyyətim olub və bundan əlavə qardaşım Anar Ələkbərovla birgə Bizim Gənclik İctimai
Birliyində aktiv fəaliyyətim olub. Maraq üçün
deyim ki, qardaşım
da fəal gənclərdəndir və o Azərbaycan Texniki Universitetini avtomatika və
hesablama üzrə bitirib.
Hazırda isə Rusiyanın Sankt-Peterburq
şəhərinin Smolniy Universitetində
ikinci təhsilini alır. Özümə
gəldikdə isə əlavə edə bilərəm ki, hələ 18 yaşımdan universitetdə
əlaçı və aktiv gənc olduğuma görə mənə Yeni Azərbaycan Partiyasına üzv
olmaq təklif olundu.
Mən də bu təklifi qəbul etdim. Ümumiyyətlə, ailəliklə Yeni Azərbaycan Partiyasının üzvüyük. 2012-2013-cü illərdə Azərbaycan Universitetində
diplomatik protokollar fənnini tədris etmişəm.
- Diplomatiya çətin sahədir. Yəqin bu sahənin sirlərinə yiyələnmisiniz...
- Ümumiyyətlə, diplomatiyaya
həvəsim hələ
Azərbaycanda tələbəlik
illərimdən başlayıb.
Diplomatiya mənim üçün
sənətdir. Günlük həyatımızda belə,
diplomatiyadan istifadə
olunur. Gözəl danışıq qabiliyyəti, natiqlik, səbir və insanı inandırmaq qabiliyyəti əsl diplomatın xarakterik cəhətləridir. Sözsüz ki, bu siyahını
uzatmaq da olar, təcrübə, bir çox xarici dilləri bilmək, gülərüz,
səmimi olmaq, qısa zaman ərzində düzgün
qərar verə bilmək, hadisələr arasında əlaqə qura bilmək və s. Ümumiyyətlə,
mənim özümün
gəldiyim nəticə
budur ki, diplomat hər şeyi bilməlidir. Gözəl müşahidə
qabiliyyətinə sahib olmalıdır.
Gənc diplomatlara və ya diplomat olmaq istəyənlərə
isə məsləhətim
budur: bacardıqca çox dinləyin və müşahidə edin. Bunun ancaq faydası
var. Jozef Fuşenin, Taleyranın həyatı hər zaman mənə maraqlı gəlib. Ümumiyyətlə, gündəlik məişət
məsələlərindən tutmuş, dövlət səviyyəli məsələlərin
həllinədək danışıq
yolu ilə məsələlərin həlli
diplomata xas olan cəhətdir. Sözsüz
ki, diplomat gərək
olarsa, qətiyyətli
və aqressiv də olmalıdır.
Əgər şərait bunu
tələb edirsə
belə olmaq lazımdır.
- Diplomatliyadan başqa daha hansı sahənin marağında olmusunuz?
- Hekayələr yazmağı
sevirəm. Azərbaycanda pedaqoji fəaliyyətlə
yanaşı poeziya ilə də məşğul olurdum.
Mətbuatda “Yağlı
– qumlu əllər”, “Kitablar da danışır”,
“Pulların söhbəti”
, “Ömür pilləkənləri”
və s. hekayələrim
dərc olunub. Ümumilikdə mətbuatda dərc
olunan hekayələrimin
sayı 15-dir. Sözsüz
ki, mən özümü peşəkar
yazar hesab etmirəm. Amma dost-tanışların dediyinə görə, bu, məndə pis alınmır. Bundan başqa ssenari və ümumilikdə kino sənətinə də böyük marağım var. Kitab oxumaqdan əlavə idmana və gitara musiqi alətinə
həvəsim var. Asudə
vaxtlarımda musiqi ilə məşğul olmağa çalışıram.
Eyni zamanda dram, tarixi janrda çəkilmiş filmlərə də böyük həvəsim
var. Ümumiyyətlə, kino
sahəsini hər zaman sevmişəm. Hazırda bir neçə yeni layihə üzərində işləyirəm.
Bəzi layihələr Şimali Kiprdə bir ilk olacaq. Düşünürəm, soydaşlarımız, həmçinin həmvətənlilərimiz
tərəfindən böyük
maraqla qarşılanacaq.
Azərbaycanda olduğum müddətdə
“Həyatın iki üzü” adlı sosial film də çəkdik. Filmin ssenari
müəllifi mən
idim, rejissoru Ramin Sultan. Filmdə elə əsas
rollardan birini də özüm oynadım. Filmi öz vəsaitimiz
hesabına çəkdik
və Sumqayıt şəhərində mədəniyyət
evində filmin təqdimatı da oldu. Film şəhərin
elm və ictimai xadimləri, qeyri-hökumət
təşkilat nümayəndələri,
mətbuat nümayəndələri,
hər kəsin marağına səbəb
oldu. Bu, Sumqayıt şəhərinin
həyatında bir ilk
idi. Sumqayıt gəncləri ilk dəfə belə bir layihəyə imza atırdılar.
- Kino sahəsinə aidiyyəti
olmayan bir gəncin ssenari yazdığı filmə
maraq qatan nə idi?
- Filmin mövzusu iki ailənin - xoşbəxt və bədbəxt ailənin müqayisəsindən bəhs
edir. İçki düşkünü, sərxoş atadan bezən evin xanımı artıq həyatdan, yaşamaqdan bezib. Azyaşlı övladı ilə
çıxılmaz vəziyyətdədir
və ailədə baş verən münaqişələr, ananın
göz yaşları sözsüz ki, uşağın psixologiyasında
dərin iz buraxır. Azyaşlı uşaq bütün
bu baş verənlərə üsyan
edir. İçki şüşəsini məktəb çantasına
qoyub evin həyətində basdırır.
Bu, əslində azyaşlı uşaq tərəfindən cəmiyyətimizə
bir mesaj idi. Filmi qış aylarında
- bir qədər çətin şəraitdə
çəkmişdik və
düşünürəm ki, maraqlı bir layihə alınmışdı. Hər kəs
təqdimat mərasiminə
böyük maraqla gəlmişdi.
- Azərbaycandakı
fəaliyyətinizdən xəbərdar
olduq. Bəs Kiprdə necə, aktivliyinizi saxlaya bilirsinizmi?
- Hazırda Yakın
Doğu Universitetində
doktorantura pilləsi üzrə təhsil alıram. Mustafa Sağsan,
Zeliha Kaşman, Muhittin Tolqa Özsağlam, Umut Koldaş kimi dəyərli və tanınmış müəllimlərdən
dərs alıram. Eyni zamanda da universitetin
Beynəlxalq tələbələr
üzrə şöbəsində
azərbaycanlı tələbələr
üzrə məsul şəxsəm. Bacardığım
qədər Yakın Doğu Universitetində təhsil alan
soydaşlarımızın problemlərinin həllinə
çalışmışam. Düzü, bu işdə əsas yük azərbaycanlılarının Kipr
üzrə Diaspor rəhbəri, eyni zamanda Yakın Doğu Universitetinin rektor yardımçısı
Fəxrəddin Sadıqoğlunun
üzərinə düşür.
Fəxrəddin müəllim
eyni zamanda burda təhsil alan və
yaşayan bütün
azərbaycanlıların ağsaqqalı
sayılır. O, heç
zaman bizə dəstəyini əsirgəməyib.
Artıq
5 ildən artıqdır
Şimali Kiprdə yaşayıram. Bu 5 il ərzində eyni zamanda diaspor
fəaliyyəti ilə
də məşğul
olmuşam. Azərbaycan üçün siyasi-sosial xarakterli bir neçə tədbir, layihə həyata keçirmişik.
Son 2 ayda Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü ilə bağlı “Mən də azərbaycanlıyam”
və Xocalı soyqırımının 22-ci ildönümü
ilə əlaqədar
olaraq “Hepimiz Hocalıyız” devizi altında tədbir keçirmişik. Hər iki
tədbirdə nəinki
Yakın Doğu Universitetinin, eyni zamanda Girnə Amerikan Universitetinin, Doğu Akdeniz Universitetinin azərbaycanlı
tələbə və
müəllim heyəti
də iştirak edib. ASAİF-in Kipr üzrə təmsilçisi olaraq, hər şeydən öncə bir azərbaycanlı olaraq bu missiyanı şərəflə yerinə
yetirirəm. Arzum, gələcəkdə
Azərbaycanın xaricdəki
diplomatik nümayəndəliklərindən
birində fəaliyyət
göstərməkdir.
- Ümumilikdə
tələbələrimizin aktivliyi hansı səviyyədədir?
- Yakın Doğu
Universitetində 250-yə yaxın
soydaşımız təhsil
alır və kifayət qədər fəaldırlar. Adanın digər universitetlərində
də təhsil alan soydaşlarımızla
daim ünsiyyətdə
oluruq və münasibətlərimiz çox
gözəldir. Hər dəfə
həyata keçirilən
tədbirlərdə də
bu münasibət özünü açıq-aşkar
büruzə verir.
Mən özüm də aktivliyi saxlamağa çalışıram ki,
bura gələn gənclərə nümunə
olum. İctimai işlər təhsil
işləri kimi ilbəil çoxalır, hətta deyərdim ki, son bir neçə
ayda Özbəkistana,
Rusiyaya, Türkiyəyə
səfərlərim də
olub. Qısası, biz tələbələrin, gənclərin
Kiprdəki aktivliyini qənaətbəxş
saymaq olar.
Tural Tağıyev
Palitra.-2014.-6 mart.-S.6.