Qoşa qanad

 

Muğam dəstgahları təkcə məlahətli səsdən, xoş avazdan ibarət deyil. Edilən xahişə görə, yaxud sadəcə əhvali-ruhiyyənin təsirindən musiqisiz bir-iki ağız oxumaq olar. Lakin onun peşəkar ifası müşayiətsiz-qavalsız, kamansız, xüsusən tarsız qeyri-mümkündür. Sonuncunun yerini heç bir çalğı aləti verə bilməz. Muğamatı şahmata bənzətsək tar, ən güclü fiqurdur. Orkestrin, ansamblın, üçlüyün sarvanıdır. Köhnə zamanlardan toy məclisini hansı xanəndənin aparacağı ilə maraqlananda tez tarzənin də kimliyini soruşurdular. İkinci, sanki birincinin səviyyəsini, nüfuzunu, çəkisini müəyyənləşdirirdi.

 

Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, Xan Şuşinski, Fatma Mehrəliyeva, Əbülfət Əliyev, Yaqub Məmmədov kimi bənzərsiz səs sahiblərinin adını çəkərkən istər-istəməz, onların məşhurlaşmasında, el sevgisi qazanmasında həlledici rol oynamış Sadıqcan, Bəhrəm Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Həbib Bayramov da yada düşür. Hər xanəndə taleyi öz paralelliyində neçə-neçə tarzən taleyi yaşadır. Eyni zamanda, elə bir tanınmış tarzən yoxdur ki, fəaliyyətindən bəhs edərkən, neçə-neçə xanəndə alınmasın.

Uzun illərin zəhmətini nəzərə alsaq, tam əminliklə söyləyə bilərəm ki, Azərbaycan Dövlət Televiziyası və Radiosunun Baba Salahov adına xalq çalğı alətləri ansamblının konsertmeysteri, Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının tar müəllimi Dadaşov Xalıq Qulamirzə oğlu belə xoşbəxt müşayiətçilər sırasındadır. Xalq artistləri Rübabə Muradova, Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova... Siyahını bir qədər də davam etdirmək olar. Doğma ansamblın tərkibində sinəsinə sıxdığı müqəddəs musiqi aləti ilə bu korifey sənətkarların ifasına əlvanlıq qatıb. Onlarla dəfələrlə xarici qastrol səfərlərində olub, İran, İraq, Türkiyə, Rusiya, Polşa kimi onlarca ölkənin nəhəng salonlarında muğamlarımızın, qədim xalq mahnılarımızın, bəstəkarlarımızın yaradıcılıq nümunələrinin dinləyicilərə ərməğan edilməsində, milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılmasında iştirakçı olub.

Xalq artisti Hacı Ağasəlim Abdullayevin bədii rəhbəri olduğu musiqi kollektivinin gördüyü işlərin ön cərgəsində televiziyaradio yayımından, Azərbaycanın ayrı-ayrı guşələrində, ən ümdəsi, cəbhə bölgələrində Milli Ordunun şəxsi heyəti qarşısında verilən çoxsaylı konsertlər, ifaların lentə yazılması dayanır ki, onlardan Xalıq Dadaşovun da konsertmeyster və tarzən kimi özünə məxsus xidməti var...

Ən soyuqqanlı insanı belə kövrəldən, qəlbini, ruhunu riqqətə gətirən bir mahnı var: “Ey həyat, sən nə qəribəsən ”. Həqiqətən bu həyat deyilən şey çox qəribədir. Nə qədər ki, cavansan, heç olmasa hərdənbir ayaq saxlamaq, dönüb geriyə baxmaq xəyalına gəlmir. Elə hey getmək, bacardıqca irəliləmək, görmədiyin yerləri görmək, yeni-yeni insanlarla ünsiyyət bağlamaq istəyirsən. Arxaya boylanmaq şakəri isə bəşər övladında yalnız orta yaşı keçəndən sonra yaranır. İl üstünə il qonduqca, bir gözün gələcəkdə, bir gözün keçmişdə yaşayırsan. İndiyə qədər nə etmişəm? - sualını öz-özünə dönə-dönə verirsən... Xalıq Dadaşov həyatının məhz həmin mərhələsindədir və təbii olaraq o da yaşıdları kimi tez-tez ötən çağlara səyahət edir, taleyinin dönüş nöqtələrinə diqqətlə nəzər yetirir. Yəqin ki, gəncliyi ilə vidalaşmasına nə qədər təəssüflənirsə, məna dolu ömrü yaşamasından bir o qədər qürur duyur...

Ölkəmizin musiqi mühitində qabiliyyəti-istedadı yetərincə fərqlənən bu tarzən pedaqoq 1953-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından öz alın yazısına sədaqət göstərərək hazırkı nailiyyətlərinə doğru addımbaşı iradəsinin möhkəmliyini sınağa çəkən bir kəşməkəşli yol başlayıb.

İlk təhsilini Bakıdakı 12 nömrəli musiqi məktəbində görkəmli bəstəkar Adil Gəraydan alıb. “Düzgün qoyulan bünövrə görüləcək işin yarıdan çoxudur ”, - deyirlər. Hələ yetkinlik yaşına çatmamış Xalıq burada nələri bilirdi? Sözsüz ki, uzağı, notları biri-birindən fərqləndirməyi, qismən tarın quruluşunu, mizrabı tutmaq, simləri kökləmək kimi ibtidai məsələləri... Amma bu fonda ürəyinin odunu, nəfəsini sənətə vermək inadkarlığı tədricən daxili istəyə çevrilir, can sirdaşı seçdiyi musiqi aləti ilə davranaraq vərdişi yaradıcı münasibətlə əvəzləyirdi. Belə olduqda yorulub usanmırsan, təmasdan bezmirsən, hər dəfə ondan bir təzəlik tapırsan və həmin təzəlik açarının axtarışına çıxırsan.

Təsadüfi deyil ki, öyrəndikcə həvəslənən gənc Xalıq orta məktəbi bitirdiyi 1969-cu ildəcə Asəf Zeynallı adına Musiqi Texnikumunun Tar şöbəsinə daxil olub. Mahir tarzən, Xalq artisti Əhməd Bakıxanovun sinfində oxumaq ona biliyini artırmaq üçün şərait yaratdı.

Seçdiyi peşənin incəliyinə müəyyən qədər yiyələndikdən sonra arxayınlaşan da olur. Ancaq varlığına sənət yanğısı hakim kəsilənlər öyrəndiyinə heç zaman bəs demir. Şəxsi keyfiyyətinə görə ikincilərin sırasında yer alan Xalıq Dadaşov 1979-cu ildə Konservatoriyaya üz tutduTar fakültəsində Xalq artisti Səid Rüstəmovun, Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun tələbəsi oldu...

Musiqi dünyasının nümayəndələri adətən iki istiqamətdə fəaliyyət göstərir. Bu xüsusiyyət Xalıq Dadaşovun da taleyindən yan keçməyib. Otuz ildən çox idi ki, qoşa qanad kimi tarzən və müəllim ömrü yaşayır. 1969-cu ildən Dövlət TeleviziyaRadiosunun Baba Salahov adına xalq çalğı alətləri ansamblının üzvüdür. Hazırda bu kollektivin konsertmeysteri, 1982-ci ildən Milli Konservatoriya nəzdində Respublika İncəsənət Gimnaziyasının tar müəllimidir. Həyatında hansı sahənin üstün olması, zənnimizcə, heç nəyi dəyişmir. Çünki hər iki qanaddan uğur qazanmağı bacarıb, səmimi əhatə yarada bilib. Çünki hər iki tərəfdən sənəti yüksək qiymətləndirilir, haqqında xoş sözlər söylənilir.

Hacı Ağasəlim Abdullayev (Baba Salahov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri, tarzən): “Musiqi kollektivində təkcə alətlər səslənir, birgə fəaliyyət musiqiçiləri də bir-birinə mehribanlaşdırır. İşgüzarlığına, istiqanlılığına görə hamımız Xalıqa dərin hörmət bəsləyirik”.

Respublikanın Əməkdar artisti Ruzə İbişova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, xanəndə):“Xalıq Dadaşov zəngin təcrübəyə malik dəyərli pedaqoqdur. Təvazökarlığı, sadəliyi sənət dostları arasında ona dərin rəğbət qazandırıb ”.

Respublikanın Əməkdar artisti Zakir Əliyev (xanəndə):“Mən Xalıq müəllimlə dəfələrlə konsertlərdə, el şənliklərində iştirak etmişəm. Böyüyə ehtiram, kiçiyə qayğısı həmişə diqqət çəkib. Ürəyi açıq olduğu üçün adam onunla səfərdə qətiyyən darıxmır”.

Biz də tanınmış sənətkarların Xalıq Dadaşov barəsində dediklərinə şərik olur, 60 illik yubileyi münasibəti ilə onu qəlbən təbrik edirik.

 

Ayıq Səmədov

Palitra.-2014.-7 mart.-S.13.