Səməd Vurğunun
ev-muzeyi əsaslı təmirdən sonra ziyarətçilərin ixtiyarına verilib
Layihə çərçivəsində yazımız Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq şairi Səməd Vurğunun ev-muzeyi ilə bağlıdır. Bir neçə gün əvvəl ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən muzeyin direktoru Aygün Vəkilova diqqətə çatdırıb ki, Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Vurğulanıb ki, Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” 2011-ci il 13 dekabr tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib.
Şairin iş
otağı, qonaq və yataq
otaqları eynilə qorunub
saxlanılır
Muzey şairin ömrünün son 2 ilini yaşadığı, gərgin yaradıcılıqla məşğul olduğu, fəal ictimai xadim kimi fəaliyyət göstərdiyi evdə yerləşir. Muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu mədəniyyət ocağının yenidən öz qapısını ziyarətçilərin üzünə açmasını əlamətdar hadisə kimi qiymətləndirib.
Bildirib ki, görkəmli şairin xatirəsinin xalq və dövlət, Azərbaycan Prezidenti tərəfindən əziz tutulması çox sevindirici haldır. Diqqətə çatdırıb ki, ulu öndərin təşəbbüsü ilə açılmış bu muzeydən sonra ölkəmizdə böyük şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasının bünövrəsi qoyulub, muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanılıb.
Nazir qeyd edib ki, Səməd Vurğun çətin dövrdə yaşamasına baxmayaraq onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi durub. Poeziya ustasının şeirlərinin hər sətrinin arxasında azadlıq sevgisi ifadə olunub. Həmçinin onun dram əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.
Bildirilib ki, dövrünün ən böyük ziyalılarından biri olan Səməd Vurğun yaşadığı mühitin görkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında yorulmadan təbliğ edib. Onun yaradıcılığı bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutmalı, tədqiqatlar davam etdirilməlidir.
Ev-muzeyi müasir texnologiya ilə təchiz olunub
Nazir, əsaslı təmirdən sonra Səməd Vurğunun ev-muzeyi şairin yaşayıb-yaratdığı dövrün ruhunu əks etdirməklə yanaşı, həm də müasir texnologiya ilə təchiz olunduğunu diqqətə çatdırıb. Bildirib ki, muzey öz işini gələcəyə belə aparmalıdır. Yeniliklər keçmiş irsimizin qorunub saxlanmasına xidmət etməlidir. Sonra mərasim iştirakçıları şairin öz səsində onun şeirindən bir parçanı dinləyiblər. Akademik Teymur Bünyadov ulu öndər Heydər Əliyevin Səməd Vurğunun poeziyasını yüksək qiymətləndirdiyini, onun “Azərbaycan” şeirini eşidərkən göz yaşlarını saxlaya bilmədiyini diqqətə çatdırıb. Tədbirdə İ.Əbilov adına mədəniyyət mərkəzinin üzvü Türkan Məmmədli Səməd Vurğunun şeirini oxuyub, Prezident təqaüdçüsü Vurğun Vəkilov Qara Qarayevin “Eskiz” əsərini ifa edib. Qeyd edək ki, ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılıb, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Bu iş muzeyin fəaliyyətinin əsasını təşkil edır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirib. Şairin Vətənində - Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı olan "Poeziya evi" fəaliyyətdədir. Muzey həmçinin Bakıda və rayonlarda şairlə bağlı təşkil olunan muzey və guşələrin yaranmasına və zənginləşməsinə yaxından köməklik göstərir. Muzeydəki otaqların üçündə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb. Şairin iş otağı sadəliyi ilə seçilir. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulub. "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət inciləri, məqalələr, çıxışlar bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlib.
Üzeyir Hacıbəyov, Qara
Qarayev, Fikrət Əmirov və Səid
Rüstəmovun ifa etdiyi
royal
Şairin qonaq
otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Səməd Vurğun məşhur şair
olmaqla yanaşı, həm də
açıqürəkli insan, qonaqpərvər
ev sahibi idi. Bu qonaq
otağına tez-tez şairin
dostları - yazıçılar, bəstəkarlar, rəssamlar,
kənd zəhmətkeşləri və onun
istedadının pərəstişkarları toplanırdı.
Otaqdakı royal da böyük marağa səbəb
olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş
Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov,
eləcə də məşhur bəstəkarlarımızdan
Qara Qarayev, Fikrət
Əmirov, Səid Rüstəmov öz əsərlərini
ifa ediblər. Qonaq
otağında həmçinin 1944-cü ildə Xalq rəssamı Mikayıl Abdullayev
tərəfindən şairin ilk naturadan çəkilmiş
portreti nümayiş etdirilir. Səməd Vurğun
burada öz
bağında, dərin düşüncələr aləmində
təsvir olunub. Qiymətli eksponatlar
arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın
27-də axşam saat
8:30-da şairin həyat yoldaşı Xavər
xanım həmin saatı dayandırıb. Memorial
otaqlarından sonuncusu şairin
yataq otağıdır. Burada
da hər şey
sağlığında olduğu kimi qorunub
saxlanılır. Muzeydə əhatə dairəsi çox geniş olan kütləvi işlər də görülür. İldə iki
dəfə, martın 21-də və mayın 27-də şairin "Xatirə günləri" keçirilir. Müxtəlif vaxtlarda
Səməd Vurğunun xatirəsinə həsr
olunmuş tədbirlərdə görkəmli
elm və mədəniyyət xadimləri,
şairin qələm dostları, o dövrün ədəbi
gəncliyi iştrak edirlər. Bir vaxtlar şairin xatirə məclislərində
onun haqqında öz
ürək sözlərini söyləmiş insanların əksəriyyəti
indi özləri xatirələrdə
yaşayırlar. Şairlə bağlı tədbirlərlə
yanaşı, ev-muzeyində ayrı-ayrı ədəbi hadisələrə,
şairin qələm dostlarının
yubileylərinə, tarixi günlərə
həsr olunmuş tədbirlər keçirilir. Muzeyə gələn
tamaşaçılar və tədbir
iştirakçıları böyük şairin həyat və
yaradıcılığını çox
maraqla izləyir, onun
səsinin lent yazısına böyük məhəbbətlə qulaq asır, şairi
müxtəlif illərdə əks etdirən kino-xronikaya
çox həyacanla baxırlar. Onlar, muzeydə keçirdikləri hissləri,
şairə olan hədsiz məhəbbətlərini
rəy kitablarında qeyd edirlər. Rəy
kitablarında muzeyin fəaliyyəti də
qiymətləndirilir.
Anar Miriyev
Palitra.-2014.-7 mart.-S.11.