“Tələbələrimiz öz
təşəbbüsləri ilə diaspor
işində fəal iştirak edirlər”
Şahsuvar Hacızadə: “Hər bir azərbaycanlı gəncin xaricdə
ölkəmizi təmsil etmək üçün
kifayət qədər resursları var”
Son zamanlar bir çox ölkələrdəki kimi Litvadakı tələbələrimizin də Azərbaycanın təbliği işində fəallığının şahidi oluruq. Hətta, hazırda Litvada formalaşmış gənc diasporun bir neçə üzvü vaxtilə bu ölkədə ali təhsil alanlardır. Hər halda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sonradan diaspor üzvü kimi fəaliyyət göstərmələri alqışlanasıdır. Elə Litvanın Kaunas Texnologiya Universitetində magistr pilləsi təhsilini davam etdirən müsahibimiz Şahsuvar Hacızadə də diaspor aktivliyi ilə seçilir. Ş. Hacızadə Litvada ali təhsil almaqla yanaşı, Azərbaycan həqiqətlərinin yayılması istiqamətində bir sıra layihələrə imza atıb. Xatırladaq ki, Ş. Hacızadə Şuşa şəhərində doğulub. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Kooperasiya Universitetinin (AKU) İdarəetmə fakültəsinə daxil olub. Təhsil müddətində ictimai fəaliyyətlə də məşğul olub, universitetin Tələbə Gənclər Təşkilatının (AKU-TGT) sədri və daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini olaraq çalışıb.
-Litvada
gənclərlə bağlı hansı fəaliyyət həyata
keçirirsiniz?
-Litva Avropa Birliyinin üzvü olan və gənclər sektoruna xüsusi önəm verən ölkələrdəndir. Burda geniş kütləni əhatə edən bir çox yerli və beynəlxalq gənclər təşkilatları və gənclər şəbəkəsi fəaliyyət göstərir. Bu təşkilatlar içərisində fəaliyyətində heç də digərlərindən geri qalmayan Azərbaycanın Litvadakı Gənclər Təşkilatını (AYOL) adını çəkmək yerinə düşərdi. Bu təşkilat azərbaycanlı gəncləri əhatəsində birləşdirməklə yanaşı, öz fərqli ideyaları və layihələri ilə litvalı və digər əcnəbi tələbələrə Azərbaycanın təbliğini həyata keçirir.
Mən də burada təhsilim müddətində AYOL-un fəaliyyətində, həyata keçirdiyi layihələrdə iştirak edirəm. Həmçinin öz təşəbbüsümlə kiçik layihələr icra edirəm. Sonuncu icra etdiyim "Youth Vision" (Gəncliyin baxışı) adlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdi.
Layihənin əsas məqsədi Litvada təhsil alan əcnəbi tələbələr arasında şəbəkənin qurulması, növbəti mərhələdə həyata keçirilən layihələrə stimul vermək idi.
Layihə çərçivəsində sonuncu tədbir Kaunas şəhərində keçirilib. Tədbirdə bu şəhərdə təhsil alan bir sıra aktiv gənclərin fotoşəkillərinin yer aldığı stend quraşdırılıb, əcnəbi gənclərin ifasında müxtəlif mədəniyyətlərə məxsus olan musiqilər səslənib və Azərbaycan mətbəxinin təamları sərgilənib.
100-dən çox tələbənin və 150-yə yaxın müşahidəçinin qatıldığı aksiya Kaunas şəhərində keçirilən iri həcmli layihələrdən biri olduğunu deyə bilərəm. Bundan sonrakı mərhələlərdə də bu tip layihələrin, sosial gecələrin keçirilməsi əcnəbi tələbələr arasında şəbəkənin qurulması, birgə layihələrin işlənib hazırlanmasına stimul verəcəyinə inanıram.
- Xaricdə təhsil
alan gənclərimizin şəbəkələşməsi
hansı səviyyədədir?
- Hər bir Azərbaycan gənci xaricdə təhsil alarkən, onun ilk nömrəli prioritet məqsədi təhsil almaq olsa da, ondan az vacib olmayan Azərbaycanı müsbət şəkildə təmsil etmək vəzifəsini öz boynuna götürür. Son zamanlar bu sahədə ciddi şəkildə aktivlik hiss olunur. Xaricdə təhsil alan hər bir tələbə anlayır ki, təhsildə əldə etdiyi uğurlarla yanaşı xüsusi günlərimizi qeyd etməklə, tədbirlərin keçirilməsi, ətrafındakı gənclərlə şəbəkənin qurulması, universitetin akademik heyəti ilə işləməklə Azərbaycanın lobbiçilik fəaliyyətində ciddi şəkildə iştirak zəruridir.
Bununla da bizim əcnəbi tələbələrlə münasibətlərimiz inkişaf edir. Daha sonra isə Azərbaycanın Dağlıq Qarabağ problemi, Xocalı faciəsi kimi tarixi problemlərini qabartmağa imkanımız yaranır.
Düzdür, məndən əvvəl xaricdə təhsil alan gənclərin hansı problemləri yaşadıqlarını onlar qədər hiss edə bilməsəm də, artıq bu gün əminliklə deyə bilərəm ki, hər bir azərbaycanlı gəncin xaricdə ölkəmizi təmsil etmək üçün kifayət qədər resursları var. Dövlət gənclər siyasəti günü-gündən inkişaf edir, hər bir xaricdə təhsil alan gəncin bundan yararlanmasında fayda var.
-Təhsil
aldığınız universitetin akademik heyəti ilə əlaqələriniz
necədir?
- Bir gənc olaraq hər zaman daha çox uğur qazanmağı qarşıma məqsəd qoymuşam, azlıqla kifayətlənmək olmaz.
Təhsilə başladığım müddətdən universitetin akademik heyəti ilə əlaqələr qurmağa başladım. Hazırda universitetin Tələbə Elmi Birliyinin üzvüyəm, ixtisasımla əlaqədar bir sıra konfranslara qatılır, müəllim və professorlarla daha yaxından görüşə, fikir mübadiləsi apara bilirəm.
Təhsilim müddətində bir sıra uğurlar qazanmışam. Uğurlardan biri də rektor təqaüdü almağımdır. Təbii ki, sona qədər bu statusu qoruyub saxlamaq üçün daim çalışmalıyam.
-Gənclərimiz
diaspor sahəsində aktivlik
göstərirlərmi?
- Düzdür, hər zaman hər bir işdən
məmnun qalmaq olmur. Hər bir işin inkişaf
tempi olmalıdır.
Hazırda mənim oxuduğun və yaşadığım
şəhərdə azərbaycanlı
tələbələrin sayı
təxminən yüzə
yaxındır. Əvvəl tədbir, aksiya
təklifləri təşkilat
tərəfindən irəli
sürülürdüsə, indi artıq tələbələrimizin özləri
öz təşəbbüsləri
ilə diaspor işində fəal iştirak edirlər.
Bunlara sonuncu keçirilən Xocalı soyqırımı
ilə bağlı aksiyanı misal göstərmək olar.
Bu aksiyada təkcə
azərbaycanlı gənclər
deyil, türkiyəli,
litvalı, livanlı,
koreyalı və digər ölkə gənclərinin nümayəndələri
də iştirak edirdilər.
Bundan əlavə
müxtəlif vaxtlarda
Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsi
də buna misaldır. Burda dostlarımız Azərbaycanın milli mətbəxinin təamlarını
sərgiləyir, ölkəmizin
mədəniyyəti, incəsənəti
barəsində əcnəbiləri
məlumatlandırır və
milli musiqilərimizi ifa etməklə onların diqqətini cəlb edirlər.
-Əcnəbi
tələbələrlə hansı münasibətləriniz
var?
- Əcnəbi tələbələrlə
münasibətlər normaldı. Bəziləri ilə hətta dostluq edirik. Onlar bizim keçirdiyimiz tədbirlərdə çox
yardımçı olurlar.
Mən öz layihəmdə də bunun daha
çox şahidi oldum. Maraqlı bir məqamı
da qeyd edim
ki, tədbirdə bir litvalı gənc akustik gitarada Azərbaycan musiqilərini ifa edirdi. O qədər sərbəst və düzgün ifa edirdi ki, hətta
öz tələbələrimiz
təəccübünü gizlədə bilmirdilər.
Bir nüansı
da nəzərinizə
çatdırım ki,
AYOL-un hədəf kütləsi
daha çox əcnəbi tələbələrdir. Buna hər
il ənənəvi
icra olunan “What do I know
about Karabakh?” (“Mən Qarabağ haqqında nə bilirəm?”) və mart ayında gerçəkləşəcək
"Azerbaijan in my mind" (“Azərbaycan mənim fikrimdə”) adlı layihələri misal göstərmək olar.
-Qarşıda hansı yeni layihələr var?
- Əslində şəxsən
özümün və
fəaliyyətində iştirak
etdiyimiz təşkilatların
hədəfləri genişdir. Layihələri bitirdikdən sonra insan yenidən birisini icra etməyi
planlaşdır. Məncə, bu yaxşı xüsusiyyətdir.
Bu il "Novruz
festivalı" adlı
silsilə tədbirlər
həyata keçirməyi
planlaşdırırıq. Bu festivalın mədəniyyətimizi
daha geniş kütləyə çatdırmağa
imkan verəcəyini düşünürəm.
Bundan əlavə
adını qeyd etdiyim "Youth Vision" adlı
layihənin davamı olaraq, şəbəkənin
daha da möhkəmlədilməsi
üçün müxtəlif
istiqamətlərdə tədbirlər
planını hazırlamışıq. Bu tədbirlər planına bir neçə istiqamətdə konfransların
keçirilməsi, tələbə
həyatına həsr
olunan onlayın büllitenlərin hazırlanması,
tarixi günlərə
həsr olunan aksiyaların həyata keçirilməsi, layihənin
profilinə uyğun elmi jurnalın yaradılması və digər fəaliyyətlər
daxildir.
Ümid
edirəm, görəcəyimiz
hər bir işdə az
da olsa dövlətimiz,
millətimiz və gələcəyimiz üçün
nələrsə edə
biləcəyik.
Fuad Hüseynzadə
Palitra.-2014.-8 mart.-S.7.