“Ölkəmizin dəyərləri düzgün şəkildə təbliğ
edilməlidir”
Gülsel Səfərova: “Xalqımız üçün vacib olan milli-mənəvi dəyərlər
artıq yeni mərhələyə keçir”
Layihə çərçivəsində
Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova ilə müsahibəni
təqdim edirik.
-Xalqımız
milli-mənəvi dəyərlərinə nə dərəcədə
lazımi qiymət
verir?
- Xalqımız artıq əsrlər boyu milli-mənəvi dəyərlərimizi nəsildən-nəslə ötürür və qoruyur. Dünya dəyişir, onun tələbləri və perspektivləri də dəyişir. Qloballaşan dünyada milli-mənəvi dəyəri qorumaq kimi məsələlər başqa şəkil alır. Bu gün ölkəmiz Avropaya inteqrasiya edir, beynəlxalq təşkilatlarda təmsil olunur, dünya birliyində öz mövqeyini gücləndirir. Belə olduqda xalqımız üçün vacib olan milli-mənəvi dəyərlər artıq yeni mərhələyə keçir. Burada artıq yeni informasiya vasitələri, əsasən informasiya kommunikasiya texnologiyalarının rolu böyükdür
- Bu gün milli-mənəvi dəyərlərimizin qorunması baxımından inkişaf prosesi necə gedir?
- Dəyərlərimizin qorunması və onun nəsillərə ötürülməsi xalqımızın mədəniyyətidir. Düşünmürəm ki, nə vaxtsa bu mədəniyyət mövcud olmasın. Biz, Avropa məkanına məhz həmin dəyərlərimiz ilə maraqlıyıq. Dəyərlərimizi qorumaq və ona sahib çıxmaq hər ölkə vətəndaşının borcudur.
-Milli-mənəvi
dəyərlərin dövlətçiliyin qorunmasında nə
kimi rolu var?
- Hakimiyyətin mənbəyi xalqdır. Xalqın nümayəndəsi seçki proseslərində iştirak edir, seçir, dövlətçilik uğurunda mübarizə aparır və s. Bu baxımdan Azərbaycanda olan hər bir milli-mənəvi dəyərin qorunması işi həm də dövlətçiliyimiz ilə bağlıdır. Milli-mənəvi dəyərlər dövlətimizin, xalqımızın, millətimizin bir parçasıdır. Məhz bu dəyərlərin qorunması eyni zamanda dövlətçilik fəlsəfəsinin möhkəmlənməsi deməkdir.
-Bu gün gənclər milli-mənəvi dəyərlərimizi gələcəyə lazımi qaydada apara bilirmi?
- Təbii ki, milli-mənəvi dəyərlərimizin inteqrasiya prosesi zamanı sintez hallarına rast gəlinir. İstənilən cəmiyyətə yeni model gəldikdə, hər iki tərəf uyğunlaşır. Burada assimilyasiya deyil, sintez-inteqrasiya prosesi baş verir. Ona görə də gənclər eyni zamanda diqqətli olmalı, ölkəmizin dəyərlərini düzgün şəkildə təbliğ etməli və qorumalıdırlar.
-Qərbə inteqrasiya prosesində milli-mənəvi dəyərlərimizi
hansı formada qorumalıyıq?
- Bu gün gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər. Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdır. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual, dünyagörüşlü və Vətənini sevən olsun.
-Etiraf
edək ki, bəzi gənclər
müasirləşmə, qloballaşma
adı ilə yad təsirlərə məruz
qalaraq milli-mənəvi dəyərlərimizdən
uzaqlaşırlar. Belə gənclərə milli-mənəvi
dəyərlərimizə bağlanmaları üçün
nə tövsiyə edərdiniz?
- Müasirləşmə yeni innovativ biliklərə yiyələnmə, intellektuallıq və mövcud şəraiti dəyərləndirməkdir. Bu baxımdan müasirləşmənin milli-mənəvi dəyərlərə təsiri yalnız müsbət ola bilər. Çünki müasirləşmə özü-özlüyündə bir inkişafdır. Bu inkişaf isə milli-mənəvi dəyərləri inkar etmir. Cəmiyyətimizdə bəzən stereotip və milli dəyərləri qarışıq salma hallarına rast gəlinir. Halbuki bunlar fərqli məsələlərdir. Ona görə də mənəvi və milli dəyərlərimizin düzgün şəkildə təbliğatı çox vacibdir. Azərbaycanda vətəndaş cəmiyyətinin bu istiqamətdə daha çox layihələr həyata keçirməsini təklif edirəm. Çünki vətəndaş cəmiyyəti xalqın içindədir, cəmiyyətin nümayəndələrinə yaxındır.
- AGAT olaraq gənclərin elmi
inkişafı istiqamətində hansı işlər görürsünüz?
- Biz 2011-ci ilin dekabrında AGAT-ın nəzdində Sosial Elmlər Klubunu yaratmışıq. Klub BDU-nun Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı nəticəsində, bu universitetdə sosiologiya, politologiya, fəlsəfə və psixologiya ixtisasları üzrə təhsil alan gənclərin iştirakı ilə təşkil edilib. Klubun yaradılmasında məqsəd aktual elmi problemlərin, araşdırmaların aparılması üçün tələbələr arasında bilik, informasiya mübadiləsi aparmaq, müzakirələr həyata keçirməkdir. Eyni zamanda klubun fəaliyyəti çərçivəsində ölkəmizdə ictimai-siyasi məsələlərlə bağlı təkliflər və ideyalar hazırlayıb aidiyyəti qurumlara təqdim olunur.
-Gənclərimizin milli-mənəvi dəyərlərə bağlı olmaları üçün nə edilməlidir?
- Burada heç bir məcburiyyət qoyula bilməz. Biz demokratik və azad cəmiyyətdə yaşayırıq. Fikir plüralizmi olmalıdır. Lakin bu dəyərlərə bağlılıq məsələsi ilk növbədə ailədən və təhsil ocağından qaynaqlanır. Məhz bunun üzərində dayanmaq daha məqsədəuyğundur.
-Təşkilat olaraq milli-mənəvi dəyərlərin təbliği
ilə bağlı hansı layihələri həyata keçirirsiniz?
- AGAT-ın əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaqdır. AGAT gənclərin maarifləndirilməsi, Avropaya inteqrasiyası prosesində fəal iştirak, milli-mədəni irsin qorunması ilə bağlı bir sıra yerli və beynəlxalq layihələr həyata keçirməkdədir. Bu məqsədlərə çatmaq üçün Azərbaycan mədəniyyətini, tarixini Avropa ölkələrində təbliğ etmək, gənclər arasında əməkdaşlığın inkişafı sahəsində xarici ölkələrin təcrübəsini öyrənmək və müsbət təcrübəni yaymaq, gənclərin mədəni inkişafına kömək etmək, sülhü, bəşəri dəyərləri təbliğ etmək və s. vəzifələri həyata keçirir.
Biz AGAT olaraq milli-mənəvi dəyərlərin qorunması ilə geniş kütləvi tədbirlər həyata keçirmişik. Belə ki, ilk dəfə milli dəyərlərimizi səhnələşdirərək onu ictimaiyyətin müzakirəsinə çıxarmışıq. Daha sonra milli icmalarla birlikdə hər il BMT tərəfindən təsis olunan Beynəlxalq Ana dili Gününə həsr olunmuş illik festivallar həyata keçiririk. Əsas məqsəd ana dilimizi qorumaq, milli-mənəvi sərvətlərimizi nəsildən-nəslə ötürmək hüququnu təşviq etməkdir.
Sonuncu belə tədbirimizdə
14 ölkənin nümayəndələri iştirak
edirdi. Hər ölkə öz
mədəniyyətlərini nümayiş
etdirdilər. Bu əslində simvolikdir. Biz orada 100-dən çox
ölkənin də nümayəndəsini yığa bilərdik.
Lakin bu bir mesajdır. Biz demək istəyirik ki, Azərbaycan tolerant bir ölkədir. Belə bir ölkə soyqırımı yaşamağa
layiq deyil. Əgər kimsə bu ölkəyə
soyqırımını yaşadıbsa,
o, mütləq şəkildə
öz hüquqi statusunu tapmalıdır.
-Bizim
milli-mənəvi dəyərimiz olan
tolerantlıqla bağlı hansı layihələriniz olub?
- Son illər Azərbaycana yeni milli icmaların nümayəndələri (çin, ingilis, amerikan, nigeriya, norveç, yapon, alman və s.) köç edirlər. Bunun müəyyən siyasi, iqtisadi səbəbləri ilə bərabər ən başlıca amil Azərbaycanda hökm sürən dini, milli, sosio-mədəni tolerantlıq, insan hüquq və azadlıqlarının meyarı olan demokratik dövlət quruluşudur. Məhz bu tarixi və müasir obyektiv səbəblərdən ölkəmizdə mövcud olan milli icmaların inkişafı ilə bərabər onların təşkilatlanması prosesi də çox sürətlə inkişaf etməkdədir. İstənilən milli icmanın ən aktiv, inteqrasiyaya daha meyilli təbəqəsi olan gənclərin mədəni təşkilatları bir-biri ilə əlaqəsiz şəkildə fəaliyyət göstərirlər. Məhz bu mədəni inteqrasiya ehtiyacından irəli gələrək AGAT Qafqazda ilk dəfə olaraq Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasını yaradıb. Bu Şuraya rus, tatar, ukrayna, yəhudi, yunan, türk, polşa icmaları daxildir.
Koordinasiya Şurasının yaradılması milli icmaların, ilk öncə isə gənclərin inteqrasiyasındakı boşluğu aradan qaldıran platforma rolunu oynayır. Əsas məqsəd milli icmaların gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlıqlarının təmin olunması, onların Azərbaycanın mədəni mühitinə inteqrasiyasını daha da sürətləndirməkdir. Azərbaycanda müxtəlif milli icmaların bir sıra mədəni mərkəz və təşkilatları mövcuddur. Lakin mərkəz və təşkilatların fəaliyyəti əsasən avtonom xarakter daşıyırdı. Onların bir-biri ilə münasibəti demək olar ki, yox idi. Bu səbəbdən biz Azərbaycanda ilk dəfə milli icmaların gənclər təşkilatlarını bir araya gətirərək onlar arasında geniş ictimai əlaqəni təmin edən Koordinasiya Şurası yaratmışıq.
-Milli-mənəvi
dəyərlərin xaricə ixrac edilməsi
baxımdan hansı işlərin görülməsinə ehtiyac var?
- Burada böyük işlərin görülməsinə ehtiyac yoxdur. Əsas Avropaya səyahət edən insanın öz milli kimliyini dərk etmiş olmasıdır. Belə olan təqdirdə lobbi və diaspor fəaliyyəti təbii olaraq hər bir yerdə işləyəcək.
Fuad Hüseynzadə
Palitra.-2014.-12 mart.-S.13.