Milli teatr məktəbinin
inkişafında Sumqayıt Dövlət Musiqili
Dram Teatrının xüsusi
yeri var
Teatr
tariximizdə bölgə teatrlarının da mühüm rolu
var. Bu teatrlarımızın sırasında Sumqayıt
Dövlət Musiqili Dram Teatrının da xüsusi yeri var.
Öz fəaliyyəti ilə teatr sənətimizə görkəmli
sənətkarlar bəxş edən, gözəl səhnə
əsərləri ilə tamaşaçıların
görüşünə gələn teatr bu gün də
teatrsevərləri sevindirməkdədir.
1968-ci ilin sentyabr ayında Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv - H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin "Qəribə missis Cəvic" tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatr Sumqayıt Dövlət Dram teatrı statusu aldı. Biri-birinin ardınca bu teatra işləməyə gələn Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirlərini öyrətməklə yanaşı, sanballı tamaşaların hazırlanmasında da əllərindən gələni əsirgəmədilər. "Toy" (S.Rəhman), "Müsibəti Fəxrəddin" (N.B.Vəzirov), "Maskarad" (M.Lermantov), "Arvadımın əri" və "Elbrus evlənir" (G.Xuqayev), "Tribunal" (A.Makayonak), "Solğun çiçəklər" (C.Cabbarlı), "Skapenin kələkləri" (Molyer) və s. məhz həmin illərin məhsuludur. 1981-ci ildə Moskva şəhərində keçirilən "Ümumittifaq teatr festivalı" nda Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası ilə çıxış edən Sumqayıt teatrı festivalın II dərəcəli diplomuna, N.Nərimanovun obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə I dərəcəli diploma layiq görülmüşdülər. O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq teatr kollektivini təbrik edib və teatr sənətinin dərin bilicisi olan teatrşünas kimi tamaşanı təhlil etmişdi. Teatr kollektivinə yeni uğurlar diləyən ulu öndərimiz teatın bütün heyəti ilə birlikdə xatirə şəkili də çəkdirmişdi. Böyük Oktyabr Sosialist inqilabının 60 illiyinə həsr olunmuş "SSRİ xalqlarının ümumittifaq dramaturgiya və teatr sənəti festivalı"-nda K.Bokaryevin "Poladəridənlər" əsəri ilə çıxış edən teatr kollektivi müvəffəqiyyət qazanıb və festivalın III dərəcəli diplomuna layiq görülmüşdü. Hər iki əsəri o vaxtlar gənc olan, hazırda Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaya hazırlamışdı. Dahi şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq teatr, 1982-ci ildə yazıldığı vaxtdan tamaşası hazırlanmamış "Afət" əsərini səhnələşdirməyi qərara alır. Əsərə Oruc Qurbanov səhnə həyatı verir. (Tamaşanın quruluşçu rəssamı Nabat Qurbanova, bəstəkarı Elza İbrahimova) Afət rolunun ifaçısı Hicran Mehbalıyeva məhz bu tamaşadan sonra Əməkdar artist fəxri adına layiq görülüb."Afət" tamaşasından sonra Oruc Qurbanov teatrın səhnəsində bir birinin ardınca "13"-cü sədr"(A. Abdulin), "Oqtay Eloglu"(C.Cabbarlı), "Dağlar arxasız olmur" (C.Yusifzadə), "Cahargah fantaziyası" (K.Kərimov), "Təhminə və Zaur" (Anar) və s.əsərlərə quruluş verib. 1985-ci ildən 1989-cu ilədək teatrın baş rejissoru olan Y.Əkbərovun tamaşaya qoyduğu "Bəxt üzüyü" (Vaqif Səmədoğlu) komediyası uzunömürlü olmaqla yanaşı, həm də tamaşaçılar tərəfindən sevilərək baxılan tamaşalardan biri olub. Hazırda Xalq artistləri olan Afaq Bəşirqızı, Valeh Kərimov, Vaqif Əliyev, Məzahir Süleymanov, Əməkdar artist Sabir Məmmədov və s. rejissor Y.Əkbərovun rəhbərliyi ilə sanballı aktyor ansamblı yaranıb və tamaşaya uğur qazandırıblar. Sumqayıt teatrı bir çox istedadlı aktyor və rejissorları yetişdirib. Bunlara misal olaraq Xalq artistləri rejissor Ağakişi Kazımovu, Mərahim Fərzəlibəyovu, Afaq Bəşirqızını, Vaqif Əliyevi, Valeh Kərimovu, Əməkdar artistlər Oruc Qurbanovu, Rafiq Hacıyevi, Səmayə Sadıqovanı, Tofiq Bayramovu, Kazım Abdullayevi, Elmira Həşimzadəni, Hicran Mehbalıyevanı, Əli Nurini, Sabir Məmmədovu, Əməkdar rəssam Mübariz Gəncəlini, Əməkdar mədəniyyət işcisi İlqar Cəfərovu göstərmək olar. Valeh Kərimov, Svetlana Həkimova, Növrəstə Həşimova və Əməkdar rəssam Mübariz Gəncəli teatra sadiq qalaraq, bu günə kimi H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışırlar. 1992-ci ildə Musiqili Dram teatrı statusu alan Sumqayıt teatrı öz repertuarını Milli operetta və musiqili komediya tamaşaları ilə daha da zənginləşdirib. Teatrın səhnəsində tamaşaya qoyulan "Arşın mal alan"(Ü.Hacıbəyov), "Subaylarınızdan görəsiniz"(S.Ələsgərov və İsi Məlikzadə), "Dünyaxanım ev axtarır" (Lalə Darvin və A. Həsənoğlu) əsərləri sevilə-sevilə baxılan tamaşalar sırasına çıxıblar. 1995-ci ildə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" əsərinə müraciət edən kollektiv, 1998-ci ildə Gürcüstanın Rustavi şəhərinin 50 illik yubileyinə həsr olunmuş Beynəlxalq teatr festivalına dəvət alıb. Bu dəvətə çox ciddi hazırlaşan kollektiv festivalda uğurla çıxış edib və festivalın xüsusi prizinə layiq görülüb. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov isə "Klassik əsərlərə cürətli müdaxilə" diplomuna layiq görülüb. Sumqayıt teatrının bugünkü nailiyyətləri göz qabağındadır. Teatrın aktyor və rejissorları 1990-cı ildən bu günə kimi Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdikləri "Mono-tamaşalar" festivallarında mütəmadi olaraq çıxış edərək, festivalın diplom və fəxri fərmanlarına layiq görülüblər. 2003-cü ilin aprel ayının 3-də Sumqayıt şəhərinə gələn ümummilli liderimiz Heydər Əliyev şəhərin fəalları qarşısındakı çıxışında Sumqayıt teatrının işini yüksək qiymətləndirib. Ulu öndərin verdiyi yüksək qiymətdən fərəhlənən kollektiv yeni tamaşalar üzərində uğurla işə başladı. Bir-birinin ardınca hazırlanan M.Mayomenin "Lotoreya", M.F.Axundovun "Hekayəti xırs quldurbasan", N.Hikmətin "Bayramın birinci günü", Ç.Aytmatovun "Ümid sahili", H.Cavidin "Ana", A.Babayevin "Xilaskar" tamaşaları məhz həmin dövrün məhsullarıdır. 2003-cü ildə teatr H.Cavidin "Ana" faciəsinə müraciət edir. 2007-ci ildə kollektiv H.Cavidin 125 illiyinə həsr olunmuş "Xəzan yarpaqları" tamaşasını hazırlayır. Teatr 14 iyun 2008-ci ildə Naxçıvan Mədəniyyət Nazirliyinin dəvəti ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin 2000-2003-cü illərdəki fəaliyyətinə həsr olunmuş Aqşin Babayevin "Xilaskar" tamaşası ilə Naxçıvanda qastrol səfərində olub, tamaşa ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Kollektiv Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən Fəxri Fərmanla təltif olunub. Teatr Bakıda keçirilən "Boş məkan" teatr festivalında Ç.Aytmatovun "Ümid sahili", Gəncədə keçirilən "Yeni teatr" Respublika festivalında Fernando Arrabalın "Fando və Lis" psixoloji dramı ilə çıxış edib, MTN-in və Gəncə Şəhər İcra Hakimiyyətinin diplomuna, Y.Onilin "Qarağaclar altında məhəbbət" tamaşası isə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Bundan sonra kollektiv yarandığı gündən bəri ilk dəfə olaraq xarici səfərdə, Türkiyənin Ankara şəhərində "Uluslararası Teatr" Festivalında C.Qolsuorsinin "Birincilər və sonuncular" tamaşası ilə iştirak edərək festivalın diplomuna layiq görülüb. 27 sentyabr 2008-ci ildə MTN və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının 40 illik yubiley gecəsi təntənə ilə qeyd olundu. Prezidentin sərəncamına əsasən teatrın 17 nəfər işçisi respublikanın fəxri adları -2 nəfər Xalq artisti, 6 nəfər Əməkdar artist, 3 nəfər Əməkdar mədəniyyət işçisi, 6 nəfər isə "Tərəqqi" medalı ilə təltif olundular. Prezidentin sərəncamına əsasən hazırda teatrda 1 nəfər Prezident təqaüdçüsü, 3 nəfər isə Prezident mükafatçısı çalışır. Teatrın repertuarında Azərbaycan müəllifləri ilə yanaşı, xarici dramaturqların da əsərləri özünə layiqli yer tutur. Bunlardan C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" , T.Vəliyevanın "Mənim ağ göyərçinim", Anarın "Yaxşı padşahın nağılı" , Ç.Aytmatovun "Ümid sahili", Y.Onilin "Qarağaclar altında məhəbbət", N.Dumbadzenin "Ağ bayraqlar", Ə.Əmirlinin "Varlı qadın", A.Şaiqin "Qaraca qız", C.Qolsuorsinin "Birincilər və sonuncular", A.Babayevin "Xilaskar", M.Haqverdiyevin "Ağ ölüm" və "Fədakarlıq", Ə.M.Lələdağın "Dağlarda tufan", F.Mustafanın "Qarışqa tələsi", Y.Əzimzadənin "Nəsrəddin", R.Əlizadənin "Dadaşbala əməliyyatı", Ə.Haqverdiyevin "Şah"və s.göstərmək olar.
2014-cü ildə də Sumqayıt Dövlət
Musiqili Dram
Teatrının repertuarında bir-birindən maraqlı tamaşalar yer alıb. Belə
ki, cari ildə teatr Vaqif
Əlixanlının "Dərviş və Ölüm"
rejissor - Namis Şirmməmədov
(Əməkdar artist ),
Jan Anuy " Antiqona" rejissor -Mərahim
Fərzəlibəyov, Raffi Şart "Mənim arvadımın adı Marisdir" rejissor -Tural Mustafayev, M.F.Axundov "Molla İbrahim Xəlil Kimyagər" rejissor -Valeh Kərimov,
Əziz Nesin "Öldür
məni can ciyər" rejissoru-
Firudin Məhərrəmov olan
tamaşaları ilə teatrsevərlərin
görüşünə gəlir. Onu da qeyd edək ki, bugünlərdə mədəniyyət və
turizm naziri
Əbülfəs Qarayevin sərəncamı
ilə Sumqayıt Dövlət Musiqili Dram Teatrına İslam Həsənov
direktor təyin olunub.
Teatrın afişasında mart ayı üçün nəzərdə tutulan maraqlı tamaşalar
öz teatrsevərlərini gözləyir.
Nigar Abdullayeva
Palitra.-2014.-13 mart.-S.13.