“Ən yaxşı mütəxəssis elə
xəstəliyin daşıyıcısıdır”
Aysel Sultan: “Millətimizi
ən yaxşı tərəflərdən təbliğ edə
bilmək üçün birliyə xüsusi əhəmiyyət
verməliyik”
Savadlı, bacarıqlı və istedadlı gənclərin sayı durmadan artmaqdadır. Gənclər üçün açılan imkanlar və yaradılan şəraitlərdən onların yüksək səviyyədə istifadə etməsinin nəticəsidir ki, bu gün hərtərəfli inkişaf etmiş gənc nəslin nümayəndələri ilə tez-tez rastlaşa bilirik. Belə öncül, aktiv gənclərdən biri Aysel Sultandır. Aysel xanım haqda bir maraqlı faktı qeyd edə bilərik ki, o, bir neçə ölkədə təhsil alıb. “Palitra”nın bu maraqlı, istedadlı xanımla olan müsahibəsini oxuculara təqdim edirik.
-
Özünüz barədə məlumat verərdiniz.
-1989-cu ildə Bakıda anadan olmuşam, 190 saylı orta məktəbi fərqlənmə ilə bitirdim, bakalavr təhsilimi isə psixologiya ixtisası üzrə Bakı Dövlət Universitetində almışam. Bundan sonra magistr təhsilimi Litvanın Vytautas Magnus Universitetində və Almaniyanın Hildeshaym Tətbiqi Elmlər və İncəsənət Universitetində sosial iş ixtisası üzrə almışam.
- Maraqlı
ixtisas seçiminiz olub. Universitetinizdə necə, təhsil və
tədrisin səviyyəsi sizi qane edirdimi?
- Haqlısınız. İxtisasımı hər
zaman çox sevmişəm, bu gün də mənim
üçün ixtisasım üzrə işləmək, təcrübə
yığmaq və püxtələşmək ümdə
amallardan biridir. Litvada təhsil almağı da bu səbəbdən
seçdim - daha geniş təhsil imkanlarından yararlanmaq,
praktika əldə etmək, dünyagörüşümü
inkişaf etdirmək. Buna peşman da olmadım. Litvadakı
universitetimi çox sevdim, çünki hər mənada tələbənin
inkişafı üçün xidmət göstərən
bir universitetdir. Təhsil aldığım iki il ərzində
ən rahat və ən komfortlu şəraitdə
ixtisasımı öyrənmək üçün
universitetimiz əlindən gələn imkanları
yaradırdı. Sonuncu il Azərbaycanın Litvadakı səfirliyində
işlədiyim üçün Vilnüs şəhərinə
köçmüşdüm. Universitet isə Kaunas şəhərindədir.
Buna baxmayaraq, uzaq olduğumu heç bir şəkildə hiss
etmirdim, professorum ilə daim “Skype” və e-mail vasitəsi ilə
əlaqədə idim, o, mənə poçt vasitəsilə
kitablar yollayır, məqalələr toplayıb elektron şəkildə
göndərirdi. Bundan əlavə, Vytautas Magnus Universiteti Litvanın ən
liberal universiteti adını daşıyır. Universitetə
demək olar ki, hər ay xarici ekspertlər, qonaq lektorlar gəlir,
müxtəlif ixtisaslara uyğun seminar və konfranslar təşkil
edirlər. Universitetin kitabxana və data
bazasında 4 -5 dildə minlərlə kitabların
olmasından əlavə, hər fakültənin
özünün ayrıca oxu zalları var və orada ingilis,
fransız, alman dilində ən yeni ədəbiyyatlar
saxlanılır.
- Təhsilin
səviyyəsinin yüksək olması çox güman,
güclü müəllim heyətindən asılı
imiş...
- Bəli.
Bizə dərs deyən əksər müəllimlər
Skandinaviya ölkələri və ABŞ-da elmi işlərini
müdafiə etmiş professorlardır və ən keyfiyyətli
ingilis dilində tədris də elə bizim fakültədə
idi. Dərslərin interaktiv keçməsi
və hər müəllimin digərlərindən tamamilə
fərqlənən yanaşması, hər fənnə
qarşı xüsusi münasibət yaratmışdı.
İmtahanlarımız da stressdən kənar,
dostcasına və sərbəst atmosferdə keçirilərdi.
Hər imtahan öncəsi müəllimlərimiz
bizimlə mütləq şəkildə konsultasiya aparır,
imtahanı necə vermək istədiyimizi soruşur. İstər üz-üzə, yazılı,
şifahi, təqdimat, imtahan günü paylanılan
tapşırıq kartları şəklində, istərsə
də e-mail vasitəsilə vermək istədiyimizi biz
özümüz seçirdik. Sonda, səs
çoxluğu ilə bir metod üzərində qərar
verilirdi. Yalnız, bu o demək deyildi ki,
növbəti imtahanda da yenə həmin metoddan istifadə edəcəkdik.
- Siz daha
bir neçə ölkədə də təhsil
almısınız. Bu barədə də
danışardınız.
- Bəli,
bu belədir. Vytautas Magnus Universitetində təhsil
aldığım dövrdə iki semestr ərzində
Çikaqonun Loyola Universitetində də distant təhsil
aldım və sonda sertifikatlarla təltif edildim. Almaniyadakı universitetdə isə hər fənn
mütləq formada praktika ilə əlaqələndirilirdi və
müəllimlərimiz bizi sərbəst təcrübələrə
cəlb edirdilər. Əksər hallarda müxtəlif
seminarlarda iştirak etmək üçün yaxud klinika və
sosial iş mərkəzlərini ziyarət etmək
üçün bütün qrupumuz ilə digər şəhərlərə
gedərdik. Bu, demək olar ki, bir semestr ərzində
10-15 dəfə baş verərdi. Bundan əlavə,
təhsil aldığımız, yaxud yaxınlıqda yerləşən
digər şəhərlərin sosial xidmət mərkəzlərində
1-2 həftəlik praktika keçməyə də məcbur
idik. Praktika keçdiyimiz şirkət,
yaxud mərkəz sonda professorumuza ünvanlanmış məktub
təqdim edirdi və bu bilavasitə yekun qiymətimizə təsir
edirdi. Almaniyada ən çox istifadə
edilən metodlardan biri də tələbələrin qrup
şəklində işləməsidir. Biz tez-tez 2-3 nəfərdən
ibarət qruplara bölünürdük və
professorlarımız hər qrupa müxtəlif
tapşırıqlar (tasks) verirdi, biz də onun həlli yollarını
birgə araşdırıb, midterm (semestr ortası)
imtahanı vermək üçün yekunda təqdimat
hazırlayırdıq. Qısası, iki il
Litvada və 1 il Almaniyada təhsil aldıqdan sonra magistr dərəcəsini
fərqlənmə diplomu ilə başa vurmağı
bacardım.
- İctimai işlərdə
də aktiv olmusunuz. Azərbaycan
-Litva münasibətləri barədə nə deyə bilərsiniz?
- Bu
üç il ərzində tədqiqat
mövzuma uyğun olaraq hər iki ölkənin bir neçə
şəhərində QİÇS ilə mübarizə mərkəzlərində
həmçinin "Teen Challenge" beynəlxalq təşkilatında
praktika keçdim. Artıq yuxarıda qeyd etdiyim kimi, son 1 il ərzində isə Litvadakı səfirliyimizdə
də tərcüməçi kimi işlədim. Həmin dövrdə həm diaspor fəaliyyətində,
həm yerli əhali ilə aparılan təbliğat
proqramlarında, həm də gənclər siyasətində
görülən işlərdə birbaşa iştirak etdim,
bu sferalarda xeyli məlumat və biliklərə yiyələnmək
şansım oldu. Bildiyimiz kimi, Azərbaycan
və Litvanı birləşdirən ilk fakt bizlərin
keçmiş tariximizdir və bu səbəbdən Litva cəmiyyəti
Azərbaycanın itki və ağrılarına dərin
hörmət və anlayışla yanaşır. Litvalılara xas olan bariz millətçilik, dillərinə
və mədəniyyətlərinə qarşı olan
mühafizəkar yanaşmaları birgə fəaliyyətimizdə
bizlərə də yeni baxış tərzləri
qazandırdı. İki xalqı birləşdirən
digər məqam isə qonaqpərvərlikdir. Litvalılar ilk baxışda soyuqqanlı və
vecsiz təəssüratı bağışlasa da, qonaqpərvərlikləri
çox tez bir zamanda özünü ələ verir. Ümumiyyətlə, səfirlikdə işlədiyim
müddət ərzində millətlərarası dostluğun
necə yaranmasını yaxından izləyə bildim və
bu, bir daha mənə öyrətdi ki, millətimizi ən
yaxşı tərəflərdən təbliğ edə bilmək
üçün birliyə xüsusi əhəmiyyət verməliyik.
- Sonda Vətəndə
çalışmağı seçdiniz. Azərbaycandakı fəaliyyət dairəniz
nələrdir?
- Bəli,
hazırda Vətəndəyəm və təhsilimi bir pillə
daha üstə qaldırmaq üçün tədqiqatlar
aparır, elmi məlumatlar toplamaqla məşğulam. Bildiyiniz kimi, ən populyar və aktual, eyni zamanda da
qlobal xarakter daşıyan problemlərdən biri
narkomaniyadır və bu sahədə daha öncə tədqiqatlar
aparmış, bakalavr dissertasiyamı eyni mövzuda müdafiə
etmişəm. Hazırda fokus dairəsini
daha da darlaşdıraraq yeniyetmələrin narkotik vasitələrə
aludə olma səbəblərini öyrənir, bunu Avropa cəmiyyətlərinin
biri ilə müqayisə etmək niyyətindəyəm.
Bundan əlavə tədqiqatım
üçün əhəmiyyətli olduğuna görə
Milli Elmlər Akademiyasının Fəlsəfə
İnstitutunda da kiçik elmi işçi vəzifəsində
çalışıram.
- Sizcə, narkotik vasitələrdən
asılı şəxslərin cəmiyyətə təkrar
inteqrasiyası nə qədər mümkündür və
bunu necə təşkil etmək olar?
-
Mümkündür və bir çox inkişaf etmiş
ölkələrdə bu praktika tətbiq edilir. Mümkün olduğundan əlavə, bu, həm də
lazımdır. Əvvəla, fərd
olaraq, bir şəxsin aludəçilikdən xilas olub, yenidən
cəmiyyətə qayıtması, onun üçün
böyük stimul və yaşam mənbəyinə
çevrilir. Əksər hallarda, belə
çətinliklərlə üzləşmiş şəxslər,
məlumatlandırma kampaniyalarına başlayır. Məsələn, Qərb ölkələrində
onlar sosial işçi olaraq çalışır, digər
aludə olan insanlara artıq ekspert olaraq kömək edir.
Əzəldən belə qəbul edilib ki,
müxtəlif xəstəlik və problemləri müalicə
etmək üçün xüsusi təhsilli həkimlər
olmalıdır. Yalnız, hazırda, Avropa
və ABŞ-da geniş yayılmış bir yanaşma tərzi
də odur ki, ən yaxşı mütəxəssis elə xəstəliyin
daşıyıcısıdır. Bu
cür yanaşma, bir çox asılı şəxslərin
müalicə aldıqdan sonra həvəslə digərlərinə
kömək etməsinə səbəb olur. Bizdə də, bu cür sosial xidmət mərkəzlərinin
olması ən böyük arzularımdandır. Amma sözsüz ki, belə fərdlərin yenidən
cəmiyyətə inteqrasiyası üçün, təkcə
müalicə kifayət deyil, bu, həm də güclü
psixoloji hazırlıq tələb edir, məxsusi ilə də
bizim cəmiyyətdə. Çünki
insanlarımız hələ ki, keçmiş narkotik aludəçisi
ilə birgə yaşamağa, yaxud işləməyə
razı deyildirlər və həmin şəxsin effektiv
müalicə alması da, hələ onlara heç bir güvən
vermir. Təbii, bu da zamanla gələcək
bir məqamdır və təəssüflər olsun ki, anında
dəyişə biləcəyimiz bir problem deyil. Amma çıxış yolu bəllidir - KİV-də
maksimum dərəcədə keyfiyyətli və savadlı
şəxslərin belə mövzularda müsahibə verib,
çıxışlar etməsi, bu problemlərə həsr
olunmuş informativ proqramların nümayiş etdirilməsi və
yayılması çox əhəmiyyətlidir.
- Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz? Ümumiyyətlə, məsləhət və təklifləriniz nələrdir?
- İlk ixtisasım psixologiya olsa da, sonrakı təhsilim olan sosial iş ixtisası bir çox sosial və psixoloji problemlərə geniş və bütöv yanaşmağı öyrətdi. Cəmiyyətimizdəki sonsuz sayda problemlərin kökünün əslində 1-2 mənşəyə aid olduğunu da məhz sosial iş ixtisasını oxuduqca anladım. Ümumiyyətlə, psixoloji və sosial xidmətlərə insanlarımızın, məxsusi ilə də gənclərimizin nə qədər ehtiyacı olduğunu vurğulamaq istərdim. Bugünkü Azərbaycan gəncliyi bir əvvəlki nəsildən çox mənada daha şanslıdır. Çünki imkanlar daha genişdir. Yalnız, bir sıra cəmiyyətdəki sıxıntılarla əlaqədar olaraq, bəzi gənclər stress, sosial təzyiq və gözləntilər, asosial davranış, zərərli vərdişlər və asılılıqlarla üzləşə bilir, bunlardan əziyyət çəkirlər. Bunu isə yalnız geniş savad və praktikaya malik psixoloq və sosial işçilər aradan qaldırmağa kömək edə bilər. Gənclərin basdırılan arzuları, cəmiyyətin qoyduğu maddi dəyərlərin təzyiqi onları öz istəklərinin arxasınca getməyə qoymur və belə halda onlara fərqli baxış tərzini göstərəcək, düşdüyü problemə işıq sala biləcək mütəxəssislərə ehtiyac var.
- Yəqin özünüz də fəaliyyətiniz və təbliğatlarınızla sadaladığınız problemlərin həlli üçün işlər görürsünüz...
- Əlbəttə, mövcud olan bütün problemləri geniş və effektiv şəkildə əhatə etmək mümkün deyil, yalnız, bir az da olsa bu amala xidmət etmək məqsədi ilə, “1news.az” saytında köşə yazıları dərc etdirirəm. Həmçinin, “AzRu.TV” onlayn televiziya saytında lokal və qlobal xarakter daşıyan sosial və psixoloji problemlərə "Digər tərəfdən baxış" adlı müəllif proqramımda toxunmağa çalışıram.
- Vətənə
dönmüsünüz və buradakı fəaliyyətinizin
istiqamətləri bəlli oldu. Gələcək planlar və
istəkləriniz nələrdir?
- Təhsilimi xaricdə alıb Azərbaycana
dönmək arzusu hələ Bakı Dövlət
Universitetində təhsil aldığım zamanlardan var idi. Mənə elə gəlir ki, bu istək bilavasitə
ixtisasıma olan sevgi ilə əlaqəlidir. Çünki
çox istəyirəm ki, Azərbaycanda psixoloji və sosial
xidmətlər yüksək inkişaf etsin, insanlar sadəcə
maddi vəziyyətlərini stabil saxlamaq üçün həyatın
stressi ilə çabalayaraq ömürlərini başa vurmasınlar.
Çox istərdim ki, ən kiçik problemlərini belə
həll etmək üçün mütəxəssislərə
etibar edə bilsinlər. Bir çox mütəxəssislər
kimi, mən də bu mühiti yaratmağa
çalışacağam. Düzdür, əvvəlki illərə
nisbətən, ölkəmizdə psixoloq, psixiatr və
psixoterapevt kimi peşələri artıq daha yaxşı
tanıyırlar, amma hələ də, bu peşə sahiblərinə
və bu müalicə metodlarına çox skeptik
yanaşırlar. Bunun başlıca səbəbi
isə həm psixoloji servisin kifayət qədər təbliğ
edilməməyi həm də, əlbəttə ki, mütəxəssislərin
çox az sayda olmasıdır. Əgər ölkəmizdə
kifayət qədər yüksək səviyyədə
inkişaf etmiş sosial və psixoloji xidmət servisləri
olarsa, cəmiyyətimizin üzvləri daha sərbəst və
xoşbəxt ola bilərlər. Bu da istənilən sferada
iş keyfiyyətinin əhəmiyyətli dərəcədə
qalxmasına dəlalət edər.
Tural Tağıyev
Palitra.-2014.-13 mart.-S.7.