2020-ci ilə qədər turistlərin
sayı ildə 5 milyona çatdırılacaq
“Bizim niyyət və məqsədimiz yaxın 3-5 ildə turistlərin sayının 30-40 faiz artımına nail olmaqdır”. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbulfəs Qarayev söyləyib. Nazir deyib ki, 2020-ci ilə qədər Azərbaycana gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılması qarşıya məqsəd qoyulub.
“Euronews” və digər xarici kanallarla əməkdaşlıqdan söz açan mədəniyyət və turizm naziri bu əməkdaşlığın Azərbaycana turist axınının artmasında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları, III Mədəniyyət Forumu, musiqi və idman yarışları keçiriləcək: “Bütün bunlar Azərbaycanda turizmin inkişafında mühüm rol oynayacaq”.
Hotellər Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar
Nazir onu da bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi digər nazirliklərlə, müvafiq dövlət qurumları ilə birlikdə mütəmadi olaraq turizm obyektlərində, hotellərdə monitorinqlər keçirir. Bu monitorinqlər həm hazırlıq, həm də yay dövrlərində aparılır”. Ə.Qarayev deyib ki, Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə hotellərdə yoxlamalar aparır, hotel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr verir: “Bizim məqsədimiz hotel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 hotelin lisenziyası alındı. Hazırda bir neçə hotelin lisenziyası bitib, yoxlama aparırıq. Hotel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların, turistlərin hotellərdə yerləşməsini istəyirlərsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar. Lisenziyasız fəaliyyət göstərən hotellər bu imkanlardan istifadə etməyəcəklər”.
I Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində üçulduzlu hotellərin tikintisinə başlanılıb
Ə.Qarayev onu da bildirib ki, I Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində üçulduzlu hotellərin tikintisinə başlanıb. Nazir deyib ki, Azərbaycanda ucuz qiymətə qalmaq üçün nəzərdə tutulan hotellərin tikintisi aktual deyil, buna kütləvi ehtiyac yoxdur: “Azərbaycandan xarici ölkələrə gedən turistlər də hotellərdə minimum şəraitin olmasını istəyirlər. Hotel elədir ki, bir otaqda 4-6 nəfər qalmaqla ümumi sanitar qovşaqlardan istifadə nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinə hotel tikintisi ilə bağlı iki müraciət var. Amma kütləvi şəkildə belə hotellərin Azərbaycanda tikilməsinə üstünlük verməyəcəyik”.
Nigar Abdullayeva
Palitra.-2014.-13 mart.-S.10.