İstedadlı rəssamın qeyri-adi sənət dünyası
Tanınmış
gənc rəssam Məryəm Ələkbərlinin
yaradıcılığından bəhs edən bədii-sənədli
filmin çəkilişləri Bakıda və Parisdə
aparılıb
Layihə çərçivəsində yazımız tanınmış gənc rəssam Məryəm Ələkbərli haqqındadır. Bugünlərdə ÜNS Yaradıcılıq Səhnəsində Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş “Məryəm” bədii-sənədli filminin təqdimatı olub. Tədbir iştirakçıları əvvəlcə foyedə filmin qəhrəmanı, tanınmış gənc rəssam Məryəm Ələkbərlinin rəsm əsərlərinin sərgisinə baxıblar. Tədbirdə çıxış edən filmin ssenari müəllifi, Xalq yazıçısı Elçin Məryəm Ələkbərlinin sənət dünyasından, onun bənzərsiz yaradıcılıq axtarışlarından və ekran əsərinin çəkilmə səbəblərindən söz açıb.
Gənc rəssamın əsərlərini ilk günlərdən izlədiyini bildirən Xalq yazıçısı deyib ki, hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində bir əsrarəngizlik mövcuddur və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır. Gənc rəssamın əsərlərinin mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Xalq yazıçısı Elçin deyib ki, bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunub. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur.
Bu səbəblərdən də elə ilk gündən diqqətimi cəlb edən Məryəm Ələkbərlinin qeyri-adi sənət dünyası son nəticədə onunla bağlı belə bir filmin ərsəyə gəlməsinə səbəb olub: “Biz çalışdıq ki, nəinki Azərbaycanda, hətta dünyada öz istedadı ilə böyük sənət adamlarının diqqətini cəlb edən Məryəmin yaradıcılığını daha böyük tamaşaçı auditoriyasına çatdıraq”. Natiq belə tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə ÜNS Yaradıcılıq Səhnəsinin təsisçisi və bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya minnətdarlığını bildirib. Xalq yazıçısı Elçin filmin yaradıcı heyətini tamaşaçılara təqdim edib. Bildirilib ki, ikihissəli bu ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayev, quruluşçu rəssamları Məryəm Ələkbərli, Əziz Məmmədov, bəstəkarı Xəyal Məmmədov, operatorları Elman Əliyev və Rauf Qurbanəliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında hazırlanmış bu ekran əsərinin çəkilişləri Bakıda və Parisdə aparılıb.
Sonra film tamaşaçılara
təqdim edilib. Filmdə hadisələr
absurd məkanda baş
verir. Bir otaqda öz
yaradıcılığı ilə baş-başa qalan yaşlı rəssam qadın sonda əsərlərinin köməyi ilə yenidən həyatın başlanğıcına qayıdır.
Filmin bədii hissəsi “Sirr”, sənədli hissəsi isə “Bəyaz gəmilərlə
rənglərin dansı”
adlanır. Filmin
bədii hissəsində
rəssamın sənət
dünyasını, əsərlərinin
fəlsəfi yozumunu tamaşaçıya Səməd
Vurğun adına
Azərbaycan Dövlət
Rus Dram Teatrının
aktrisası Elmira Aslanova
çatdırır.
Bu film rəssam Məryəm
Ələkbərlinin əsərlərinə
və onlardan dünyaya bir baxışdır.
Filmin təqdimatından sonra fikirlərini bölüşən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevə Məryəm Ələkbərlinin sənət dünyasından söz açaraq deyib: “Kimdir Məryəm Ələkbərli?! Bu sualın cavabı bir neçə cür səslənə bilər. Məryəm bizim çox yaxın və əziz dostlarımız Fatma xanımın və Oqtay müəllimin övladıdır. Məryəm ümumbəşəri məna daşıyan adın daşıyıcısıdır, Həzrəti Məryəm. Məryəm kimdir? Mənə elə gəlir ki, Məryəm, sözün əsl mənasında, bir hadisədir. Mən Məryəmlə ilk tanışlığımdan danışmaq istərdim. Bu, bir neçə il bundan əvvəl Fatma xanımın və Oqtay müəllimin oğlunun toy mərasimində oldum. Biz eyni masa arxasında əyləşmişdik. Mən çox təəssüf hissi ilə düşünürdüm ki, nəyə görə bu gözəl qızı indiyədək görməmişəm. Çünki Məryəm mənə çöhrəsində bir günəş qığılcımı olan və kiçik bir gümüş parçası təəssüratı bağışlayırdı. Doğrudan da onun baxışlarında və saçlarının rəngində, üzünün ifadəsində günəşli bir təbəssüm və məna vardı. O vaxt düşündüm ki, mən yəqin, zahirən çox gözəl bir simanı görürəm. Zahirən gözəl bir simanı görmək bizim üçün heç də nadir hal deyildir. Bu tanışlığım da elə bununla kifayətlənəcəkdir. Zahirən çox cazibədar bir qızdır. Sonra illər ötdü və bildim ki, Məryəm gözəl rəsm əsərləri yaradır. Sözün düzü, əvvəllər mən bu rəsm işlərini görmədən düşünürdüm ki, əlbəttə, hər birimiz uşaqlıqda rəsm çəkmək, mahnı oxumaq, şeir yazmaq, film çəkmək, rəqqas olmaq arzusu ilə yaşamışıq. Yəqin ki, Məryəm də həmin o standart arzuları keçirən insandır. Sonra gördüm ki, yox, səhv edirəm. Çünki Məryəm standart insan deyilmiş. Məryəm doğrudan da qəlbində ilahi qığılcım olan və qeyri-adi bir gözəl qızdır. Bunu mən əminliklə deyirəm. Bu sözləri xoş olmaq və yaxud sizin qəlbinizə yol tapmaq üçün demirəm, inanın mənə. Sözün əsl mənasında, həqiqət doğrudan da bundan ibarətdir. Məryəm, sözün əsl mənasında, hadisədir. Məryəmin mənim tərifimə də, Elçin müəllimin dediyi kimi, heç bu filmə də, təmtəraqlı tədbirlərə də ehtiyacı yoxdur. Çünki etiraf edək ki, onun dünyası bizim dünyadan zəngindir. Çünki onun dünyasının, istedadının rəngi qarşısında bizim həqiqətlər çox solğun və mənasız görünür. Sözün əsl mənasında, bu, belədir. Ona görə belə bir insana film həsr etmək doğrudan da, gözəl təşəbbüsdür”. Qeyd edək ki, Məryəm 1991-ci il iyulun 4-də Bakı şəhərində anadan olub. Əvvəlcə 18 nömrəli orta məktəbdə, daha sonra Bakının və Moskvanın müxtəlif məktəblərində oxuyub. Təsviri sənətə maraq onda lap uşaq yaşlarından oyanıb və getdikcə varlığına hakim kəsilərək, onu yaradıcı düşüncə və coşqun fantaziyalarla dolu heyrətamiz sənət dünyasına çəkib aparıb. Real dünyanı onun problemləri və narahatlığı ilə birlikdə dərindən duyan Məryəm qəlbinin hərarətini, onun fikrincə, çox gözəl olan, lakin ətrafdakıların yetərincə qiymətləndirə bilmədiyi reallığı bu dünyaya bəxş etməyə, onun bütün gözəlliyini rənglərin və fırçanın dili ilə göstərməyə çalışıb. Onun əsərləri müxtəlif uşaq rəsm sərgilərində nümayiş etdirilib, xeyriyyə açıqcalarının hazırlanmasında istifadə olunub.
2010-cu ilin sentyabrında
Bakıdakı “Qız qalası” qalereyasında və “Art qarden” salonunda
Məryəmin iki sərgisi təşkil olunub. Həmin sərgilərin
ardınca onun xarici
ölkələrdə bir neçə sərgisi
təşkil edilib: 2011-ci il
mayın 4-dən iyunun 4-dək Berlində;
2011-ci il dekabrın 2-də Parisdə, UNESCO-da sərgi, ardınca (2011-ci il dekabrın 3-10-da, Paris)
“Vivienne art galerie” qalereyasında daha bir sərgi; 2012-ci il
martın 26-dan aprelin 22-dək Moskva Müasir İncəsənət
Muzeyində “Novruz yeni
gündür” adlı sərgi keçirilib; 2012-ci il iyulun 4-10-da Moskvada “Ənənələr
və müasirlik” VI Beynəlxalq İncəsənət
Festivalı çərçivəsində təşkil olunmuş “Bahar ölkəsi”
adlı sərgisində gənc rəssam “Vera”
mükafatına layiq görülüb;
2012-ci il sentyabrın 17-19-da Məryəm
Ələkbərlinin əsərlərindən ibarət “Rənglərin
rəqsi” adlı ekspozisiya İstanbuldakı
“Dolmabağça” Rəsm Qalereyasında
təqdim olunub; həmin ekspozisiya
2012-ci il sentyabrın 25-30-da Ankarada “Cermodern” Art-mərkəzində
göstərilib; 2013-cü il iyunun 22-30-da Məryəmin “Odlar
yurdu” adlı sərgisi Romada,
Palattso Poli Milli Qrafika Sənətləri
İnstitutunda böyük
müvəffəqiyyətlə keçib;
iyunun 26-30-da Moskvada,
“Ənənələr və müasirlik”
VII Beynəlxalq incəsənət festivalı çərçivəsində
onun əsərlərindən ibarət “Rənglərin
rəqsi” adlı sərgi təşkil edilib.
Məryəm Ələkbərlinin sərgilərinin kataloqları,
habelə onun əsərlərindən
ibarət 4 albom 2010-cu, 2011-ci və 2012-ci
illərdə Bakı, Paris, Moskva, İstanbul və Ankarada nəşr olunub.
Anar Miriyev
Palitra.-2014.-14 manat.-S.11.