“Cizgilərə hopan ömür”
Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə
çevrilib
Bugünlərdə Rəssamlar İttifaqı, Vəcihə Səmədova adına sərgi salonunda Xalq rəssamı Cəmil Müfidzadənin 80 illik yubiley sərgisinin açılış mərasimi keçirilib.
15 mart tarixinədək davam edəcək bu sərgi "Cizgilərə hopan ömür" adlanır. Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunur. Azərbaycan rəssamlığında əsərləri ilə mühüm yer tutan rəssamın “Cizgilərə hopan ömür” adlı sərgisinin açılışında çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yubilyarın həyat və yaradıcılığı haqqında söz açaraq bildirib ki, Cəmil Müfidzadə 1934-cü ildə anadan olub.
Rəssamın yaradıcılığında milli-mənəvi dəyərlər çox qabarıqdır
İxtisas təhsilini əvvəlcə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra isə Xarkov Rəssamlıq İnstitutunda alıb. 1957-ci ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır. Milli təsviri sənətimizin inkişafında xidmətlərinə görə respublikanın Xalq rəssamı fəxri adına (2002) layiq görülüb. Dünyanın müxtəlif ölkələrində beynəlxalq sərgilərin iştirakçısı olub. Əsərləri Rusiya, Almaniya, Fransa, İtaliya, Misir, Türkiyə, İran, Monqolustan və digər ölkələrin muzeylərində, şəxsi qalereyalarda saxlanılır. Fırça ustasının "İçərişəhər", "Abşeron nefti", "Buhenvald", "Xınalıq", "Monqolustan torpağında", "Misir təəssüratları" və s. silsilə əsərləri xüsusilə məşhurdur. "İçərişəhər" silsiləsi onun bədii kəşflərinin debütü olub. Fərdi yaradıcılıq vasitələri ilə seçilən cizgilər bu silsilədə bənzərsizliyini və özünəməxsusluğunu parlaq təcəssüm etdirir. Cəmil Müfidzadənin yaradıcılığında milli-mənəvi dəyərlər çox qabarıqdır. Onun milli sənət nümunələrinə bağlılığı, yanaşması fərdidir, əsərlərindəki hərtərəfli ümumiləşdirmələr miniatür sənəti ənənələri ilə həmahəngdir. Cəmil Müfizadə milli təsviri sənətimizdə qrafika janrının ən tanınmış nümayəndələrindən biridir. Sənətkar yaradıcılıq axtarışlarını davam etdirməklə yanaşı, Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasının professoru kimi gənc rəssamlara sənətin sirlərini aşılayır.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov qrafika rəssamlığında öz yolunu tapan, sənətin incəliklərini yaratdığı əsərlərində təcəssüm etdirən həmkarını təbrik edərək bildirib ki, rəssamın əsərləri bənzərsizdir və xarakterik əhəmiyyət kəsb edir.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov təbrik edərək bildirib ki, nazirlik rəssamın yaradıcılığına hər zaman diqqət ayırır, onun sənəti yüksək qiymətləndirilir.
Xalq rəssamları Arif Hüseynov, Altay Hacıyev və digər çıxış edənlər də yubilyara təbriklərini çatdırıblar. Bildirilib ki, sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu bənzərsizlik sənətkarın uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının nəticəsində yaranır. Hər bir rəssamın sevimli mövzusu olduğu kimi, Cəmil Müfizadənin də qəlbinə hakim kəsilən, bədii həllini axtarmağa çalışdığı mövzular var. Yarım əsrdən çoxdur ki, rəssamın Azərbaycan mövzusu onun qrafik lövhələrinin leytmotivinə çevrilib. Onun əsas mövzusu isə Azərbaycan neftidir. Bundan əlavə, rəssamın dünyanın bir çox ölkələrinə səfərlərinin təəssüratı qrafik silsilələrdə əbədiləşdirilib. “Monqolustan lövhələri”, “Misir təəssüratları”, “Şimal” silsilələri buna misaldır.
Yubilyar təşkilatçılara xüsusi təşəkkürünü bildirərək qeyd edib ki, bu, onun 12-ci fərdi sərgisidir. İndiyədək rəssamın Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdə fərdi sərgiləri təşkil edilib. Rəssam bildirib ki, budəfəki sərgidə 60-a yaxın əsəri nümayiş olunur.
Əsərləri heç kimi xatırlatmır
Sərgi iştirakçılarının fikrincə, Cəmil Müfidzadə, yaradıcılığında milli qaynaqlara tapınan rəssamlardandır. Onun əski sənət nümunələrimizə münasibəti səthi olmayıb, əsl yaradıcı mahiyyət daşıyır. Əsərlərinə xas olan üst-üstə sıralanma prinsipi, geniş ümumiləşdirmələr, incə rəng koloriti miniatür sənəti ənənələri ilə səsləşir. Ən maraqlısı budur ki, bu cür əski sənət prinsipləri çərçivəsində onun əsərlərində müasirlik və zaman kateqoriyası nəzərəçarpan və duyulandır. Odur ki, rəssamın özünəməxsus təfsirində həm məkanın gözəlliyi, həm də insan əli ilə dəyişən müasir görkəmi daha ecazkar görünür. Adama bəzən elə gəlir ki, rəssamda haradasa naturaya qarşı inamsızlıq yaranıb və o, naturanın təbii rənglərindən daha çox, təxəyyülün nəticəsi kimi təqdim olunan rəng həllinə etibar edir. Onun sənaye mövzusunda işlədiyi "Abşeronun tacı", "Bakı-neft paytaxtıdır", "Polad meşə", "Neftayırma zavodu", "Bakı krujevası", "Neft məbədi" və s. lövhələr bu qəbildəndir. Həmin əsərlərdə neft mövzusu özünün obrazlı bədii həllini tapıb. Mürəkkəb kompozisiyalı "Abşeron nefti" lövhəsində bu qədim torpağın sərvətindən söz aşılır. Rəssam buradakı lirik ovqatı və milli koloriti memarlıq elementləri ilə mavi ənginliklərə söykənən neftayırma qurğusunun, buruqların və çənlərin xüsusi görkəmdə təqdim olunan vəhdətindən yaradıb. Mərkəzdə iki tağın arasında neftayırma qurğusu, kənarlarında isə kiçik tağların əhatəsində səf-səf düzülmüş neft buruqları təsvir olunub. Azərbaycan təsviri sənətində neft mövzusuna aid yüzlərlə əsər çəkilsə də, Cəmil Müfidzadənin çoxsaylı lövhələri onların arasında bədii şərhinə görə duyulası dərəcədə fərqli və yaddaqalandır.
Rəssam çox vaxt həyat hadisələrinin təsvirində bilərəkdən reallıqla qeyri-reallıq arasında duyulası bir məsafə saxlayır. Onun bədii şərhi, ifadə tərzi də elə bu "məsafənin" mövcudluğunda aşkarlanır. Belə ki, o, çox vaxt təsvir obyektini əsərlərinə özünün qavradığı, duyduğu, bəzən də arzuladığı, görmək istədiyi biçimdə gətirir.Belə təfsir təsvir motivlərini adilikdən çıxarmağa imkan verir. Rəssamın işlətdiyi ümumiləşdirmələrə, güclü improvizələrə baxmayaraq, onu da demək lazımdır ki, bizə təqdim olunan hər bir poetik-romantik sənaye mənzərəsinin real prototipi var.
C.Müfidzadənin əsərləri işləmə manerasına, kompozisiya biçiminə görə orijinal olub, heç kimi xatırlatmır. Onlara diqqət yetirdikdə rəssamın dəst-xəttinin tədricən dəyişildiyi açıq duyulur. Əvvəlki əsərlərə xas olan lakonik biçim, təzadlı işıq-kölgə həlli yavaş-yavaş zərgər naxışlarını andıran cizgilərlə əvəz olunub. Ksiloqrafiya texnikasında işlənmiş əsərlərinə forma bütövlüyü, xətlərin dinamikliyi, ofort texnikasında işlədiyi lövhələrə isə cizgilərin labirintsayağı görümünü andıran bənzərsiz düzülüşü səciyyəvidir. Rəssamın qarışıq texnikada çəkdiyi əsərlər də maraq doğurur. Burada təsvirin ifadəli şərhində puantilist, yəni xırda nöqtələrdən yaranan rəng qatına üstünlük verilmişdir. Rənglərin məhz belə sərbəst ahəngi və təzadı obrazlı-poetik düşüncənin aydın ifadəçisi olmuşdur.
Rəssamın məşhur "İçərişəhər" silsiləsi onun yeni bədii tapıntılarının başlanğıcı olub. Orijinal ifadə vasitələri, emosionallığı ilə seçilən cizgilər əsrlərin sərt sınağına dəyanətlə duruş gətirən möhtəşəm tikililərin özünəməxsusluğunu göstərməyə imkan verib. Onun "Türbə", "Şirvanşahlar sarayı", "Köhnə Bakı", "Qız qalası" və digər əsərlərində rəssamın obrazlı görümü xüsusilə güclüdür.
C.Müfidzadənin yaradıcılığında əvvəllər işlədiyi mövzulara yenidən qayıtmaq meyili hiss olunur. Bu heç də təkrarçılıq kimi qəbul olunmur. Əksinə, tamaşaçıya həmin mövzunun yeni yozumunu, daha emosional, yaddaqalan həllini təqdim edir. Onun vaxtaşırı İçərişəhər mövzusuna qayıtması buna misaldır. Rəssam illər uzunu tez-tez yaradıcılıq səfərlərində olub. Xınalığa həsr olunmuş lövhələrdə enerjili təsvir dili və mürəkkəb rakurslar əsl mənada daş evləri donuq vəziyyətdən çıxarıb. Dağlar qoynunda qərar tutan bu qəribə məkanın bənzərsizliyini göstərməyə imkan verib. "Əsrlərin görüşü", "Axırıncı tıkan", "Naməlum səs" və s. əsərlərində bözumtul rəngli, haradasa bir qədər cansıxıcı görünən Qobi səhrasının yeknəsəkliyində rəssam fəlsəfi məna arayıb. "Axırıncı tikan" bu baxımdan diqqəti xüsusilə cəlb edir. Demək lazımdır ki, rəssam bəlkə də yeganə qrafiklərimizdəndir ki, təhsil illərində qazandığı bədii-texniki vərdişləri praktiki olaraq davam etdirməkdədir. Onun ofort, akvatinta, litoqrafiya texnikalarında işlədiyi əsərlər də bunu təsdiqləyir. Yaxşı haldır ki, sənətdə əldə etdiyi bədii təcrübəni və dünya praktikasında ofort texnikasının tətbiqini əhatə edən "Ofort" adlı metodik vəsait yazmaqla o, bu işin gənclər tərəfindən davam etdirilməsi üçün mənbə yaradıb.
Cəmil Müfidzadə müasirliyi,
bizim günlərin dinamikasını duyan sənətkardır. Onun özündə ənənəni
və novatorluğu birləşdirən
yaradıcılıq yolu da
buna yaxşı nümunədir. Əgər
rəssamın hazırda nümayiş olunan sərgisinə gəlsəniz, görkəmli
qrafika ustasının özündə zəngin
bədii məziyyətləri hifz edən
əsərləri ilə tanış olmaq
imkanı əldə etmiş
olarsınız.
Nigar Abdullayeva
Palitra.-2014.-15 mart.-S.11.